Akif Nağı
Erməni işğalı: yanaşma və təməl prinsipləri
Erməni təcavüzünün nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycan cəmiyyəti üçün ümumi yanaşma və təməl prinsiplərinin müəyyən edilməsinə ehtiyac vardır. Bu prinsiplər bir-biri ilə üzvü surətdə bağlıdır, bir-birini tamamlayır. Onların bir tam şəklində və ardıcıl olaraq reallaşdırılması, onlara əməl olunması bütövlükdə Azərbaycan millətinin, bütün soydaşlarımızın maraqlarına, hər sahədə təhlükəsizliyimizin təmin olunmasına xidmət edir. Bu təməl prinsiplərinə aşağıdakılar daxildir.
Qarabağ məsələsinin aliliyi. Ümummilli problem olan Qarabağ məsələsinin həlli, erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, bütün vətəndaşlar, zümrələr, ictimai, siyasi qurumlar, dövlətimiz və yaşadığı yerdən, ölkədən asılı olmayaraq bütün soydaşlarımız üçün ən ali məqsəddir. Azərbaycan dövlətinin, millətinin gələcəyi, uğurlu inkişafı, çiçəklənməsi hər şeydən əvvəl torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ məsələsinin tezliklə və ədalətlə həllindən asılıdır. Qarabağ məsələsi bu gün hər bir vətəndaş, dövlət, siyasi, ictimai qurum üçün məhək daşıdır. Hakimiyyətdə olan, yaxud hakimiyyətə gəlmək istəyən hər hansı siyasi qüvvənin fəaliyyət göstəricisi yalnız bir meyarla – Qarabağ məsələsinə münasibətlə ölçülür. Qarabağı azad edə bilməyən iqtidarın hakmiyyətdə qalmağa haqqı yoxdur. Hakimiyyətə gəlmək istəyən qüvvə bilməlidir ki, iqtidara Qarabağı azad etmək üçün gəlir.
Simmetrik status. “Ermənistan Respublikası”nın bu gün yerləşdiyi bütün ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənistan son dövrdə işğal etdiyi ərazilərdən dərhal, digər ərazilərdən, o cümlədən, İrəvan, Zəngəzur, Göyçə torpaqlarından tədricən çıxmalıdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan və Azərbaycan vətəndaşı olan erməni əhalisinin statusu ilə bağlı məsələyə Ermənistan işğalçı qüvvələri ərazilərimizdən çıxarıldıqdan sonra baxıla bilər. Bu halda Ermənistandan son dövrdə zorla deportasiya edilmiş azərbaycanlılar öz yurdlarına qaytarılır, Ermənistanın azərbaycanlı əhalisi ilə Dağlıq Qarabağın erməni əhalisi üçün simmetrik status verilir, hər iki məkanda eyni idarəetmə, asılılıq, münasibət formaları yaradılır.
Ərazi toxunulmazlığı. Azərbaycanın ərazi bütövlüyünə, suveren hüquqlarına hər hansı qəsd yolverilməzdir. Hər bir vətəndaş və soydaşımız bu hallara qarşı dözülməzlik və barışmazlıq nümayiş etdirməlidir. Hər kəs ərazimizə, dövlətin suveren hüquqlarına qəsdi özünə, ailəsinə qəsd kimi qiymətləndirməlidir. Ərazisinin bir hissəsi qəsb olunmuş ölkədə müstəqillik, demokratiya, insan haqları, azadlıq kimi dəyərlər öz əhəmiyyətini itirir. Azad, demokratik, müstəqil, iqtisadi cəhətdən güclü dövlət bütöv Azərbaycanda qurula bilər.
Vahid Vətən. Azərbaycan Respublikası bütün dünyada yaşayan azərbaycanlıların vahid dövlətidir. Əllimilyonluq Azərbaycan xalqının hər bir üzvü öz fəaliyyətində Azərbaycan Respublikasının inkişafına, çiçəklənməsinə xüsusi önəm verməlidir. Azərbaycan Respublikası dünya azərbaycanlılarının mədəni, mənəvi, siyasi, iqtisadi baxımdan bir araya gəldikləri vahid məkana çevrilməlidir. Bütün yollar Ana Vətənə aparır. Hər bir azərbaycanlının şəxsi uğuru birbaşa Ana Vətənin ümumi inkişafına, gücünə, yüksəlişinə bağlıdır. Ana Vətəndən əlaqəsini üzmüş hər bir azərbaycanlı özünü bədbəxtliyə düçar etmişdir. Bədbəxt ölkənin, zəif, parçalanmış dövlətin xöşbəxt övladı da ola bilməz. Vahid Azərbaycan Vətəni bütün dünyada hər bir azərbaycanlının hüquqlarının keşiyində dayanır. Dünyanın hər hansı yerində haqsızlıqla üzləşmiş hər bir azərbaycanlının pənah yeri Ana Vətən, Azərbaycan dövlətidir.
Unitar dövlətçilik. Azərbaycan Respublikasının unitar quruluşunun dəyişdirilməsi yolverilməzdir, Azərbaycan tarixən vahid, mərkəzləşmiş, unitar dövlət olmuş, ərazisində yaşayan və yaxud kənardan gələn milli azlıqlarla xoş davranmış, onların hərtərəfli inkişafı üçün şərait yaratmışdır. Azərbaycan, burada yaşayan milli azlıqların da Vətənidir. Azərbaycanda müxtəlif xalqların nümayəndələri tarix boyu birgə çalışmış, tarixən birgə yaşayış normaları formalaşmışdır. Yalnız ermənilər Azərbaycan xalqının xoş münasibətini düzgün başa düşməmiş, onlara öz torpaqlarında yer vermiş, onların yerləşməsi üçün şərait yaratmış bir xalqa qarşı həmişə naxələflik etmiş, ölkədə birgə yaşayış qaydalarını pozmağa, daim nifaq salmağa çalışmışlar. Yerdə qalan xalqlar isə bir-birinə qaynayıb-qarşımış, birlikdə mehriban yaşamış və bu gün də yaşamaqdadırlar. Unitar Azərbaycan dövləti öz ərazisindəki bütün xalqların maraqlarına uyğundur və milliyyətindən, dinindən asılı olmayaraq, bütün vətəndaşlarının hüquqlarını qoruyur.
Xarici təhlükəyə və təcavüzə müqavimət. İctimai rəydə belə bir fikir ciddi şəkildə özünə yer almalıdır ki, Azərbaycan xaricdən təhlükə və təcavüzün qarşısını bütün vasitələrlə, o cümlədən hərbi yolla ala bilər və dövlətin, xalqın bu hüququ heç bir beynəlxalq müqavilə, beynəlxalq təşkilat tərəfindən məhdudlaşdırıla bilməz. Azərbaycan dövləti bu günə qədər təcavüzə və işğala məruz qalmış tərəf kimi öz torpaqlarını hərb yolu ilə azad etmək hüququndan istifadə edə bilərdi, lakin hələ də bu hüquqdan istifadə olunmamışdır. Azərbaycan cəmiyyəti hərb yolunun labüdlüyü və zəruriliyi fikrinə hazır olmalıdır. Ermənistan işğal etdiyi torpaqlardan çıxmaq istəmir, əksinə müxtəlif vasitələrlə orada işğalçı rejimi möhkəmləndirməyə çalışır. Beynəlxalq təşkilatlar təcavüzkar Ermənistanı yerində oturtmaq üçün gücsüz olduğunu nümayiş etdirir. İri dövlətlər münaqişəni nizama salmağa çalışmır, əksinə, münaqişədə maraqlı tərəf kimi çıxış edir və münaqişənin uzanmasında maraqlı olduqlarını göstərirlər. Bütün bunlarla yanaşı, hətta ideal variant yaransa da və erməni işğalçıları torpaqları tərk edib getsələr də, Azərbaycan xalqının belə nəticə ilə razılaşmağa haqqı yoxdur. İşğalçı və terrorçu Ermənistan Azərbaycanın torpaqlarını zəbt etmiş, on minlərlə insanı qətlə yetirmiş, yüz minlərlə insanı öz yurdlarından çıxarmış, Azərbaycan xalqının var-dövlətini talan etmiş, Azərbaycan xalqına, bütün insanlığa qarşı görünməmiş cinayət törətmiş, azərbaycanlıların milli, mənəvi ruhunu təhqir etmişdir. Buna görə ermənilər ya dünyanın haqq-ədalət məhkəməsində cəzalanmalı, ya da hərb meydanında cavab verməlidirlər. Xalq təcavüzkar və cinayətkar ermənilərin cəzalandırılması üçün Allahın ona verdiyi təbii hüququndan istifadə etməlidir. Azərbaycanın maraqlarına zidd olaraq bağlanacaq hər hansı beynəlxalq müqavilə də xalqın öz hüququnu reallaşdırması üçün maneə olmamalıdır.
Xaricdən daimi təhlükə mənbəyi. Erməni terrorizmi, təcavüzkarlığı və ərazi iddiaları Azərbaycan üçün xaricdən daimi təhlükədir. Erməni millətçi və terrorçu təşkilatları, Ermənistan Respublikası dəfələrlə Azərbaycan xalqına qarşı terrorçu, işğalçı hərəkətlər törətmişlər. Azərbaycan xalqı dəfələrlə ermənilərin məkrli niyyətlərinin qurbanına çevrilmiş, külli miqdarda zərər çəkmiş, məhrumiyyətlərə məruz qalmışdır. Azərbaycan xalqı ermənilərdən həmişə düşmənçilik görmüşdür. Məhz buna görə də Azərbaycan xalqı hər an ermənilərin növbəti hücumunun qarşısını almağa hazır olmalı və onların məkrli niyyətlərinin həyata keçirilməsinə imkan verməməlidir. Düşmənlə düşmən kimi rəftar edilməlidir. Azərbaycan xalqına, bütün Türk və İslam dünyasına qarşı öz düşmənçiliyini dəfələrlə nümayiş etdirmiş Ermənistanla başqa cür rəftar etmək mümkün deyil. Biz düşməni deyil, düşmən bizi seçibdir.
Erməni təcavüzü və terrorizminin beynəlxalq səviyyədə tanınması. Ermənistanı təcavüzkar və terrorçu dövlət kimi tanımayan beynəlxalq təşkilat və ya xarici dövlət Azərbaycan üçün xoşməramlı sayılmamalıdır. Təcavüzkar Ermənistana qarşı ədalətli mübarizədə haqq işimizi müdafiə edən ciddi müttəfiqlər qazanmalı, beynəlxalq və regional təşkilatların prinsipial mövqedən çıxış etməsinə nail olmalıyıq. Xarici və beynəlxalq təşkilatlara onların münasibət və onlarla əlaqə Azərbaycanın haqlı mövqeyinə və işğalçı Ermənistanın hərəkətlərinə münasibətlərinə uyğun şəkildə qurulmalıdır. Yəni təcavüzkar Ermənistanla müxtəlif sahələrdə, o cümlədən, hərbi sahədə əməkdaşlıq edən, onun işğalçı hərəkətlərinə uyğun qiymət verməyən və bununla da təcavüzkarı şirnikləndirən dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələrə ciddi məhdudiyyətlər qoyulmalı, müəyyən konkret hallarda isə bu əlaqələrə ümumiyyətlə yol verilməməlidir. Və, əksinə, Azərbaycanın haqq işini dəstəkləyən dövlət və beynəlxalq təşkilatlara bütün sahələrdə üstünlük verilməlidir.
İctimai rəyin yad təsirlərdən müdafiəsi. Azərbaycan və Ermənistanın hökumət və qeyri-hökumət qurumları səviyyəsində əməkdaşlıq üçün müxtəlif görüşlərin, Bakı ilə İrəvan arasında gediş-gəliş təşkil etmək cəhdləri, ikitərəfli danışıqlar, “sülhpərvərlik” və “xalq diplomatiyası” kimi adlar altında atılan addımlar Azərbaycan cəmiyyətinə təslimçilik, unutqanlıq əhval-ruhiyyəsi aşılamağa Azərbaycan xalqının təcavüz faktı ilə razılaşıb barışmasına, xalqın müqavimət gücünü neytrallaşdırmağa xidmət edir. Ermənistanla hər hansı əlaqə yalnız torpaqlarımız işğaldan azad olunduqdan sonra mümkündür. Əks halda göstərilən fəaliyyət Azərbaycan Respublikası və onun xalqının səriştəsizliyə sürüklənməsi faktı kimi qiymətləndirilməlidir. Xalq diplomatiyasından Azərbaycanla Ermənistan arasında müharibə vəziyyətinə son qoyulduqdan sonra istifadə olunmalıdır. İndiki reallıq şəraitində Ermənistandakı qeyri-hökumət qurumlarından yalnız Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Ermənistanın təcavüzkar hərəkətlərini pisləyən təşkilatlarla əgər belə təşkilat və qurum varsa müəyyən hədd daxilində əlaqələr qurmaq olar. Bu əlaqələr Ermənistan cəmiyyətində Azərbaycanın haqq işinə rəğbətin formalaşdırılmasına yönəldilməlidir. Hər bir erməni başa düşməlidir ki, əgər regionda rahat və firavan yaşamaq istəyirsə, Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, utopik fikirlərindən əl çəkməli, işğal olunmuş torpaqlardan çıxıb getməlidir.