İsmayıl Musayev
Azərbaycan Xalq Cümhuriyyəti parlamentində
Qarabağa dair müzakirələr: problemlər və nəticələr
Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) parlamentinin də böyük rolu olmuşdur. Bu işdə parlamentdəki müvafiq müzakirələr xüsusi önəmə malikdir. Həmin müzakirələrdə isə, əsasən, aşağıdakı məsələlər başlıca yeri tutmuşdur:
Birincisi, ermənilərin Cənub-Qərbi Azərbaycana (Naxçıvan, Qarabağ, Zəngəzur və s. bölgələrə) əsassız ərazi iddialarının dəf olunması və bu kontekstdə də Dağlıq Qarabağla bağlı yaradılan problemlərin aradan qaldırılması.
İkincisi, bəzi böyük və qonşu dövlətlər tərəfindən hərtərəfli dəstəklənən ermənilərin Azərbaycanda yürütdükləri türk-müsəlman soyqırımı («yandırılmış torpaq»-«etnik təmizləmə») siyasətinin əngəllənməsi.
Üçüncüsü, adı çəkilən və digər bölgələrimizdən olan qaçqınların problemlərinin həlli.
AXC parlamentinin bu istiqamətlərdəki müzakirələrində fövqəladə iclasların, hökumətin müvafiq hesabat-izahatlarının, fraksiyalardakı fikir mübadiləsinin, millət vəkillərinin sorğu və bəyanatlarının əhəmiyyəti özəlliklə vurğulanmalıdır. Bu baxımdan aşağıdakı məqamlar üzərində tezisvarı şəkildə dayanmağa ehtiyac vardır:
1. Parlamentin fövqəladə iclasında (20.XII.1918) ermənilərin ərazi iddiaları və quldur Andranikin silahlı dəstəsinin Qarabağda–Zəngəzurda törətdiyi özbaşınalıqlar (qanlı hadislər) barədə məsələnin ayrıca müzakirəsi.
a) Mövqelər və təkliflər:
· sosialist fraksiyasından Ə.Pepinov: «Andranikin məqsədlərinin nədən ibarət olduğunu bilmək üçün «Daşnaksütyun»un həmişəki kələklərini xatırlamaq məsləhətdir... Andranik bu əraziləri (Qarabağ, Naxçıvan, Zəngəzur və s.-İ.M.) Ermənistana birləşdirməyə çalışır. Ararat hökuməti isə bu generalı quldur hesab edərək tanımadığını və onunla əlaqə saxlamadığını bildirir» (Ermənistan indiki münaqişədə də Azərbaycanla «problemi olmadığını» bəyan edir, bunu Dağlıq Qarabağın «işi» sayır İ.M.);
· müsavatçı M.Mahmudov: «Əgər Andranikin Ermənistan respublikasının hökuməti ilə heç bir əlaqəsi yoxdursa,...o, sadəcə bir quldurdur. Beləsinin yanına nümayəndə heyəti göndərmək nə dərəcədə məqsədəuyğundur, müttəfiq qoşunları başçısı nümayəndəsinin bu cür şəxslə danışıqlar aparması nə dərəcədə münasibdir?» (Burada hazırkı münaqişədə qondarma «Dağlıq Qarabağ respublikası»nın tərəf kimi tanınması və qəbul edilməsinə dair tələbləri-tövsiyələri-mübahisələri xatırlamamaq mümkünsüzdür. Habelə Ermənistanın o vaxt olduğu kimi, indi də özünü münaqişədən «kənar tutması və sayması» ilə bağlı baxışlara da mütləq diqqət yetirmək lazımdır İ.M.);
· «Slavyan-rus cəmiyyəti»nin təmsilçisi M.Vinoqradov: «Əgər lazımdırsa, general Tomsona müraciət edək, komissiya- nümayəndə heyəti göndərək» (Burada isə son vaxtlarda çoxlu beynəlxalq qurumlara və dövlətlərə edilən müraciətlər yada düşür İ.M.);
· hümmətçi Ə.Şeyxülislamov: «Ararat respublikası ilə əlaqələr yaradaraq, bütün mübahisələri danışıqlar yolu ilə həll edək» (Burada yenə də indiki müharibəyə dinc yolla - danışıqlarla son verilməsinə dair baxış və mülahizələr diqqət önünə çəkilməlidir İ.M.);
· ittihadçı Q.Qarabəyov: «Parlament daha ciddi hərbi qüvvə yaratmağı hökumətə təklif etməlidir. Çünki özbaşınalıqlar dayanmamışdır (neçə ki, indi işğal olunan torpaqlarımız geri qaytarılmayıbdır-İ.M.), hökumət başçısı isə bunun nə vaxt qurtaracığını demədi» (Hazırki durumumuzla səsləşən bir fikir –İ.M.).
b) Parlamentin iclasında Zəngəzur-Qarabağ-Naxçıvan bölgələrindəki vəziyyətlə əlaqədar
AXC-nin hökumətinin mövqeyi. Baş nazir:
· F.Xoyski adıçəkilən bölgələrin Azərbaycanın tərkib hissələri olduğunu təkrarlamışdı;
·ermənilərin (Andranikin quldur dəstəsinin) planlarının Zəngəzur və Şuşanı türk-müsəlmanlardan «təmizləməkdən» və həmin bölgələri Azərbaycandan qoparıb Ermənistana birləşdirməkdən ibarət olduğunu bir daha açıqlamışdı;
·AXC hökumətinin bunlara imkan verməyəcəyini müvafiq tədbirlər gördüyünü və görəcəyini bildirmişdi.
c) Müzakirələrin nəticələri - iki qərar layihəsi:
1. müsavatçılar: «Hökumət başçısının izahatı və gördüyü tədbirlər kafi hesab edilsin»; 2. sosialistlər: «F.Xoyskinin hesabatı və hökumətin bu sahədəki işi qeyri-kafi qiymətləndirilsin». Yekun qərar: «Hökumətin torpaqlarımızın toxunulmazlığı, Azərbaycan Respublikasının şərəf və ləyaqətinin müdafiəsi, onun vətəndaşlarının təhlükəsizliyi və azadlığının təminatı məsələlərinə dair diplomatik və siyasihərbi tədbirləri parlament tərəfindən müdafiə ediləcəkdir».
ç) parlamentin xüsusi iclaslarında (VII. 1919, 1.1920) Qarabağ, Zəngəzur və s. bölgələrimizdən olan qaçqınların problemləri və onların həlli məsələləri başlıca müzakirə obyekti olmuşdu.
2. Millət vəkilləri o dövrdə Qarabağda və digər bölgələrimizdəki siyasi-hərbi durumla bağlı çoxsaylı sorğular vermişdilər. Onlara misal olaraq aşağıdakıları qeyd etmək olar:
·Şuşadan seçilən Q.Əliverdiyev parlamentə 1918-ci il 15 dekabr tarixli sorğu vermişdi;
·o, parlamentə teleqram (19.XII.1918)- sorğu göndərmişdi;
·Qarabağdan seçilən deputatlar və sosialist fraksiyasının üzvləri parlamentin fövqəladə iclasında (20.XII.1918) sorğu vermişdilər.
3. Parlamentarilərin müvafiq bəyanatları: irəvanlı millət vəkillərinin parlamentin sədr əvəzi H.Ağayevə ünvanladığı bəyanat onun iclasında (8.I.1919) ayrıca müzakirə olunmuşdu. «Müsavat»çıların lideri M.Ə.Rəsulzadə parlamentin iclaslarından birində (25.I.1919) növbədənkənar bəyanatla çıxış etmişdi. Əsasən, İrəvan və Naxçıvan mahallarının türk-müsəlman əhalisinin ermənilərin mənfur hərəkətləri üzündən qarşılaşdıqları problemlərlə əlaqədar verilən həmin bəyanatlarda Qarabağla bağlı məsələlər də bu və ya digər dərəcədə əhatə olunmuşdu. Parlamentin 1919-cu il yanvarın 8-də keçirilən iclasında S.Qəniyev, M.Vinoqradov və başqaları fəal iştirakı ilə aparılan müzakirələr müsavatçıların təklif etdiyi qətnamənin qəbulu ilə yekunlaşmışdı. «Azerbaydjan» qəzetinin (26.I.1919) M.Ə. Rəsulzadənin bəyanatı ilə bağlı şərhində də bir sıra müvafiq məqamlara aydınlıq gətirilirdi.
Parlamentin və habelə AXC-nin digər dövlət strukturlarının birgə səyləri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə və Qarabağla bağlı aşağıdakı konkret nəticələrə nail olunmasına imkan verdi:
· AXC parlamenti ilə hökumətinin ardıcıl səyləri və Qarabağın general-qubernatoru X.Sultanovun qətiyyətli mövqeyi sayəsində Andranikin quldur dəstəsi 1919-cu ilin aprelində Azərbaycanı tərk etməyə məcbur oldu;
· AXC hökuməti Dağlıq Qarabağ ermənilərinin Şuşada keçirilən VII qurultayı (VIII.1919) tərəfindən (Paris Sülh konfransının qərarınadək) rəsmən tanındı;
· Paris Sülh konfransı AXC-nin Qarabağ üzərində hakimiyyətini 1920-ci ilin əvvəlində tanıdı və rəsmən təsdiqlədi;
· Azərbaycan Ordusunun tarixi Əsgəran qələbəsi ilə Rusiya və ermənilərin dövlətçiliyimizə qarşı növbəti qəsdi – Qarabağ qiyamı (III.1920) yatırıldı.