İsmayıl Vəliyev
Qarabağ probleminin həllində tərəflər
və onların maraqları
Dağlıq Qarabağla bağlı münaqişənin meydana gəlməsinin tarixi təhlili göstərir ki, bu məsələnin milli-etnik xarakteri o qədər də əsaslı deyil və hadisə daha çox böyük dövlətlərin siyasi və iqtisadi təsir vasitələrinin təzahür formalarından biridir. Dağlıq Qarabağ münaqişəsi əslində tarixi erməni məsələnin tərkib hissəsidir və təxminən 200 illik siyasi tarixə malikdir. Əgər əvvəllər bu, Osmanlı imperiyasının zəiflədilməsi və içəridən dağıdılması məqsədilə həyata keçirilirdisə, tarixin sonrakı dönəmlərində yeni ərazilərə sahib olmaq, Qafqazın təbii qaynaqlarının yenidən bölüşdürülməsində təsir vasitələrindən biri kimi böyük dövlətlərin həyata keçirdikləri açıq və gizli dövlət tədbirlərinə çevrilmişdir. Separatçı və terrorçu erməni təşkilatlarının Rusiya və Avropa dövlətləri tərəfindən qurulması, maliyyələşdirilməsi və gizli yolla istifadə olunması da buna əyani sübutdur. Mövcud tarixi sənədlər, hətta erməni təşkilatları liderlərinin xatirələri, kitab və məqalələr şəklində çap olunmuş faktlar da bunu sübut etməkdədir. Qarabağ hadisələrinin meydana gətirilməsi, ona etnik münaqişə xarakteri verilməsi də əvvəlcədən düşünülmüşdür və ciddi senzuralı Sovet mətbuatında erməni təbliğatına geniş yer verilməsi, Sovet hakimiyyət dairələrinin münaqişəni yaratmaq barədə qərarları və rəhbər işçilərin regioana göndərliməsi, Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan edilməsi, birbaşa Moskvanın təyin etdiyi adamlardan ibarət A.Volski komitəsinin yaradılması da hadisələrin dayanadırılmasına deyil, daha incə metodlarla “idarə olunmasına” və son nəticədə hadisənin ən yüksək səviyyəyə çatdırılaraq azərbaycanlılarla erməniləri üzə qoyub Rusiyanın geri çəkilməsi də buna sübutdur. ABŞ-da 907 düzəlişə əlavə qanunun verilməsilə bağlı Azərbaycanın əl-qolunun bağlanması, BMT-nin Azərbaycan ərazisinin işğalı ilə bağlı qərarlarının yerinə yetirilməməsi, müharibə edən Ermənistana Rusiyadan böyük miqdarda silah gətirilməsi, uydurma DQR yaradılması və Qarabağ ərazisindəki quldur erməni dəstələrinin Rusiya tərəfindən silahla təchiz edilməsi problemin həllində iştirakı və marağı olan tərəflər barədə Minsk qrupu üzvlərinin tendensiyalı çıxışları, problemin həlli ilə bağlı hazırlanmış sənədlər qeyri-obyektivlik də göstərir ki, “Tərəflər” məsələsi ciddi amildir və bu barədə təhlilərin aparılması vacibdir. Aparılan söhbətlər və səmərəsiz görüşlər, hər dəfə “münaqişənin həlli” məsələsinin münaqişənin iştirakçı tərəfləri rəhbərlərinin öhdəsinə buraxılması da tərəflərin məsələnin həllində gözləmə mövqeyi tutduqlarını və məsələnin qeyri-müəyyən dövrədək uzadılacağını göstərir. Təmsilçilərin çıxışları və sənədlərin təhlili də tərəflərin aktiv maraq güddüklərini göstərir. Məruzədə mövcud materiallar əsasında aşağıdakı qənaətlərə diqqət yetirilir:
1. DQ hadisələrinin yalnız milli-etnik münaqişənin nəticəsi kimi qələmə verilməsi əsaslı deyildir.
2. DQ hadisələrinin həllini öhdəsinə götürən təşkilatların fəaliyyəti yetərli deyil və onlar bu məsələlərin həllində sərbəst deyillər.
3. DQ hadisələrinin həllinin və Ermənistan-Azərbaycan müharibəsinin həll edilməsində və müharibənin “de fakto” davam etdirilməsinə tərəflərin passivlik göstərmələri bu sahədə siyasi və iqtisadi maraqlarla bağlıdır.
4. Qarabağ məsələsinə münasibətin bu şəkildə davam etdirilməsi Ermənistan və Azərbaycan xalqlarının mənafelərinə uyğun deyildir.
5. Qarabağ torpaqlarının işğal altında saxlanılması yalnız məcburi köçkünlərin yox, bütövlükdə region əhalsinin maraqlarına ziddir.