Qabil Hüseynli
Müsavatın Qarabağ konsepsiyası
Bu hakimiyyət uzun illərdir ki, Qarabağ problemini siyasi istismar alətinə çevirib, həm daxili-ictimai rəyin tənzimlənməsində, həm də şəxsi hakimiyyətin möhkəmləndirilməsində bu problemdən gen-bol bəhrələnib. Illər boyu siyasi dividentlər naminə Qarabağla bağlí gurultulu vədlər verilməklə, ictimai rəy sakitləşdirilib. Amma üstündən bir az keçdikdən sonra hər şey unudulub. Heydər Əliyev hələ Naxçıvanda olarkən deyirdi ki, Qarabağ problemini həll etmək onun üçün su içmək kimi bir şeydir. Hakimiyyətə gəlsə, pencəyini çiyninə atacaq, oğlunu da yanına salaraq Qarabağı azad etmək üçün cəbhəyə gedəcək. Hakimiyyətə gəldi, amma o vədlərin heç biri yada düşmədi. Ya da düşən ermənilərlə tələm-tələsik atəşkəs sazişinin imzalanması və bunun ardınca neft kontraktlarının imzalanmasına girişmək oldu. Indi o dövrdən 10 ilə yaxın bir vaxt keçir. Bu müddət ərzində Qarabağ məsələsinin həllində istər siyasi-diplomatik, istərsə də hərbi sahədə irəli bir addım da atılmayıb. Əksinə, problem bir az da dərinləşib. Bu işlə məşğul olan beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Minsk qrupu uzun müddətdir ki, Azərbaycana təslimçi sülh şərtlərini qəbul etdirməyə çalışır. Məğzini ümumi dövlət ideyası təşkil edən bu üzdəniraq nizamlama prosesi, faktik olaraq, Dağlıq Qarabğı de-yure müstəqilləşdirməyi və bu ərazilər üzərində Azərbaycanın suverenliyinə son qoymağı hədəfləyir. Ən qəribəsi odur ki, hakimiyyət ölkəmiz üçün təhqiramiz olan bu sülh şərtlərinə ən azı iki dəfə razılıq verib imza atmağa da hazır idi. Sadəcə olaraq, siyasi müxalifətin barışmaz mövqeyi və xalqın etiraz dalğası ona bu addımı atmağa imkan vermədi. Keçən illərin acı təcrübəsi göstərir ki, bu hakimiyyət Qarabağ problemini həll etmək iqtidarında deyil. Bununla bağlı vaxtilə Qarabağ probleminin həllində Rusiya tərəfindən təmsilçi olan Kazimirovun etirafları da maraqlıdır. O, bildirir ki, həm Ermənistan, həm də Azərbaycan prezidentləri həmişə Qarabağ problemindən öz hakimiyyətlərini qoruyub saxlamaq üçün istifadə ediblər. Kazimirov ona da eyham vurub ki, indiki şəraitdə Heydər Əliyev Qarabağ məsələsindən həm də hakimiyyəti varisinə ötürmək üçün istifadə etməyə çalışır. Yəni məsələnin siyasi alver mənbəyinə çevrildiyi göz önündədir. Elə bu səbəbdən də bu hakimiyyətdən gedişi ilə Qarabağ probleminin ədalətli həllində yeni perspektivlər açılacaq. Hakimiyyətə ən iddialı siyasi partiya kimi, Müsavat Qarabağ probleminin həlliylə bağlı bitkin konsepsiyaya malikdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması və itirilmiş torpaqlar üzərində suverenliyinin bərpa edilməsini ehtiva edən bu konsepsiya ciddi elmi-nəzəri əsaslandırmalara söykənir. Müsavat Partiyası belə hesab edir ki, Qarabağ torpaqlarının erməni işğalından azad edilməsi birinci ümumilli vəzifə sayılmalı, cəmiyyətin bütün ehtiyatları həmin vəzifənin qısa bir müddətə yerinə yetirilməsinə yönəldilməlidir. Bu isə cəmiyyət həyatının bütün sahələrində köklü dəyişikliklərə aparılmasını nəzərdə tutur.
Ilk növbədə ölkənin əsaslandırılmış xarici siyasət strategiyası işlənib-hazırlanmalı, onun əsas prioritetləri müəyyənləşdirilməlidir. Bugünkü Heydər Əliyev xarici siyasətinin ən mühüm qüsuru odur ki, bu siyasətin nə yönümü, nə də üstün istiqamətləri bəllidir. Formal olaraq “tarazlaşdırılmış xarici siyasət kursu”“ adlandırılan bu siyasət, əslində, müxtəlif super güclər və dövlətlər arasında davamlı olaraq uğursuz manevrlərlə mövcud rejimin siyasi məqsədlərini qoruyub saxlamaqdan ibarətdir. Müsavat Partiyası belə hesab edir ki, xarici siyasətin bütün potensialı Azərbaycanın beynəlxalq birlikdə öz layiqli yerini tutmasına, Ermənistanın Azərbaycana qarşı elan edilməmiş işğalçı siyasətinin mahiyyətinin açılmasına və Qarabağ probleminin həlli üçün əlverişli siyasi diplomatik mühit yaratmaqla ölkənin milli təhlükəsizliyinin bütün parametrlər üzrə təmin olunmasına xidmət etməlidir. Bu kontekstdə ölkənin beynəlxalq qurumlara BMT, ATƏT, AŞ, NATO, AB və s. təşkilatlara inteqrasiyası sürətləndirməli, bunun üçün insan haqları, mətbuat azadlığı, demokratik siyasi mühitin formalaşdırılmasını təmin edən dəyişikliklər də ardıcıl və dönmədən həyata keçirilməlidir. Bir anlıq mövcud iqtidarın davranışlarına diqqət yetirək. Iki il öncə bəh-bəhlə Avropa Şurasına qəbulu bayram edən iqtidar mənsubları bu birliyin irəli sürdüyü demokratik öhdəlikləri yerinə yetirmək zamanı gələndə isə həmin birliyi tənqid atəşinə tutur, bəzi iqtidar məddahları isə hətta Avropa Şurasından çıxmağı təklif etmək dərəcəsinə belə gedib çatırlar. Halbuki, demokratik, dünyəvi və hüquqi dövlət prinsiplərinin sözdə deyil, işdə həyata keçirildiyi, insan haqları və azadlıqlarının dönmədən təmin edildiyi Azərbaycan, Müsavat Partiyasının qənaətinə görə, qısa müddətdə dünya xalqları ailəsində öz layiqli yerini tutmaq və dünya siyasətinə məqsədyönlü təsir etmək imkanları qazana bilər. Beynəlxalq birlik və təşkilatlar qarşısında götürülmüş öhdəliklər isə vaxtında və sözsüz yerinə yetirilməlidir. Demokratik seçkilər və siyasi məhbuslar məsələsində isə bu məsələ daha kəskin şəkildə gündəliyə gəlməlidir.
Bu kontekstdə Azərbaycan-ABŞ, Azərbaycan-Türkiyə, Azərbaycan-Avropa münasibətləri tamamilə yeni bir keyfiyyət mərhələsinə qaldırılmalıdır. Bu dövlətlərdən bəziləri ilə, xüsusən Türkiyə və ABŞ-la iki tərəf münasibətlərin strateji müttəffiqlik səviyyəsinə qalxmasına xüsusi qayğı göstərilməlidir. Gürcüstan və Ukrayna ilə münasibətlərin daha da yüksək səviyyəyə qaldırılması gündəlik diqqət mərkəzində olmalıdır. Rusiya ilə bərabərhüquqlu, qarşılıqlı faydaya əsaslanan ikitərəfli qonşuluq münasibətlərinin inkişaf etdirilməsi üçün maksimum səy göstərilməlidir. Qonşu Iranla münasibətlərdə oradakı türk faktorunun tədricən ictimai-siyasi amilə çevrilməsinə çalışılmalıdır ki, bu dövlətin Azərbaycanla bağlı siyasətində mühüm rol oynaya bilsin. Ətrafımızdakı türkdilli respublikalar amilini də xeyrimizə olan amilə çevirmək üçün sistemli diplomatik-siyasi cəhdlərin bünövrəsi qoyulmalıdır. Bunun ən kəsə yolu isə həmin ölkələrdə qısa müddətdə diplomatik elçiliklərimizin yaradılmasıdır.
Müsavat Partiyası belə hesab edir ki, konfliktin həllli ilə bağlı BMT və ATƏT-lə iş birliyinə xüsusi önəm verilməlidir. BMT-nin 822, 853, 874, 884 saylı qətnamələrinin həyata keçirilməsi üçün bu təşkilatın qarşısında müəyyən tələblərin qoyulması da zəruridir. ATƏT-in Minsk qrupunun səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətində də diplomatik səylər artırılmalıdır. Burada danışıqların ideya-siyasi məzmununun dəyişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bu günə qədər bu beynəlxalq qurum danışıqlar prsesində beynəlxalq hüquq normaları və prinsiplərindən deyil, təcavüz nəticəsində yaranmış reallıqla məntiqindən çıxış edir. Iş o yerə çatıb ki, Dağlıq Qarabağ münaqişəsinə Abxaz, Dnestryanı, Cənubi Osetiya regional münaqiləşlərindən fərqli yanaşmağı tələb edən fikirlər ortaya atılmağa başlayıb. Elə bu zəmində də nizamlama prosesində ikili standartlar və digər subyektiv yanaşmalar açıqca özünü büruzə verir; səmərəsiz kollektiv vasitəçilik özünü doğrultmur, hətta təcavüzkar şirniklənməsinə şərait yaradır, elə bu səbəbdən də fərqli diplomatik axtarışlar aparılıb, sınaqdan keçirilməsi zərurəti ortaya çıxır. Məsələn, Minsk Qrupu həmsədrləri arasına Türkiyənin nümayəndəsinin daxil edilməsi danışıqlar prosesinə tarazlayıcı təsir göstərə bilərdi. Bu isə Qarabağ problemini səmərəsiz digər variantların danışıqların, mənasız get-gəllərin əsirinə çevrilməsinin qarışısını almaqda təsirli rol oynaya bilərdi.
Müsavat Partiyası belə hesab edir ki, bu məsələ əsaslı dönüş yaratmaq üçün mütləq yeni iqtisadi siyasət də işlənib həyata keçirilməlidir. Bu iqtisadi siyasətin mahiyyətini ölkənin bütün resurslarının Qarabağ probleminin həllinə yönəldilməsi təşkil edəcək. Bu gün ölkə iqtisadiyyatı faktiki olaraq ailəklan maraqlarına tabe etdirilib və o nə uğurlu ordu quruculuğu üçün, nə də cəbhə ehtiyaclarının ödənilməsi üçün yönəldilib. Əvvəla çox ədalətsiz bir özəlləşdirmə siyasəti həyata keçirilib. Və bunun nəticəsində iqtisadiyyat və mili sərvətlərin böyük bir hissəsi bir ovuc adamın əlinə keçib. Həmin adamlar isə iqtisadiyyatı qısa müddətli mənfəət əldə etmək meydanına çeviriblər. Nəticədə ölkənin məhsuldar qüvvələrinin əhəmiyyətli hissəsi ya məhv edilib, ya da fəaliyyətsiz hala gətirilib. Ölkə iqtisadiyyatı bu gün iflic vəziyyətinə salınıb. Cəmiyyətin monolitliyi və bütövlüyü üçün şərt olan orta təbəqə demək olar ki, tamamilə sıradan çıxarılıb. Sahibkarlıq və biznes fəaliyyəti hakim ailənin və onunla bağlı olan məmur təbəqəsinin, nəzarətinə keçib, ölkə əhalisinin bütün təbəqələrinin maraqlarını nəzərdə tutan iqtisadi siyasət aparılması isə büsbütün unudulub. Belə bir şəraitdə meydan sulayan kəskin təbəqələşmə və hədsiz sosial-ədalətsizlik cəmiyyətin birliyini, onun ruhi-psixoloji bütövlüyünü tamamilə sarsıdaraq çilikləyib. Ölkənin təhlükəsizliyini təhdid səviyyəsinə çatmış rüşvətxorluq və korrupsiya isə cəmiyyətin bütün yaradıcı imkanlarını, insanların bu günə və sabaha inamlarını, ümumiyyətlə, müstəqil dövlət quruculuğu səylərini süstləşdirib. Bu dalğada insanların istiqlal eşqi, vətən, millət, torpaq təəssübü bir xeyli öləziyib. Müsavat Partiyası bu böhranlı durumdan çıxış yolunu ədalətli, şəffaf və demokratik seçkilər yolu ilə milli vətənpərvər qüvvələrin hakimiyyətə gəlməsində görür. Yalnız bundan sonra iqtisadiyyatın coşğun inkişafına, ölkəyə xarici sərmayənin vüsətli gəlişinə, insanlarda ölkəsi, dövləti və bayrağı üçün milli qürur hissi formalaşacağına, geniş meydan açılacağına əmindir. Partiya bu cür iqtisadi siyasəti elmi cəhətdən ciddi əsaslandırılmış iri iqtisadi proqramlarla həyata keçirmək fikrindədir. Əsas hədəflər isə iqtisadi inkişafın dönmədən artırılması, işsizliyin tamamilə aradan qaldırılması, ölkəni tərk etmiş çoxsaylı vətəndaşlarımızın geriyə dönüşünün təmin edilməsidir. Bu kontekstdə dünya azərbaycanlıları ilə həmrəylik əlaqələrinin möhkəmləndirilməsi işi də mühüm əhəmiyyət kəsb edəcək. Müsavat Partiyası hesab edir ki, güclü iqtisadiyyat olmadan güclü ordu quruculuğu da mümkün deyildir. Arxasında güclü iqtisadiyyat və hərbi güc dayanan diplomatiya vasitəsilə danışıqlarda səmərəli nəticələrə mümkündür. Bu səbəbdən də Azərbaycanda yeni ordu quruculuğu Müsavatın başlıca diqqət yetirdiyi sahələrdən olacaq. Ordu quruculuğu həm də cəmiyyətdə aparılan demokratik islahatların mühüm bir sahəsi olacaqdır. Bu sarıdan Müsavat peşəkar ordu quruculuğuna birinci dərəcəli əhəmiyyət verəcək. Biz problemin yalnız müharibə variantında ilə həll ediləcəyi qənaətində deyilik. Əgər belə bir seçim qarşısında qalacağıqsa, bu ilk növbədə Ermənistanın seçimi olacaqdır. Amma onu da bilirik ki, Azərbaycanın maraqlarına cavab verən uzunmüddətli və ədalətli sülh yalnız beynəlxalq və hərbi təzyiqlərlə möhkəmləndirilən danışıqlar prosesində mümkün ola bilər. Müsavat Partiyası hesab edir ki, ölkədə milli-mənəvi durumun kökündən dəyişməsinə, milli birlik və vətnəprvərlik təbliğatının dərinləşdirilməsinə, ölkədəki bütün milli azlıqların hüquqlarının konstitusiya yolu ilə təsbit edilməsinə ciddi ehtiyac var. Partiya Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının da beynəlxalq hüquq normaları və prinsipləri əsasında Azərbaycan Respublikasının əsas qanununda təsbit edilməsinə zəmanət verir. Amma bütün bunlar dövlətimizin ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. Biz Qarabağa dair danışıqlarda Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünü əsas götürməklə milli (etnik) azlıqların hüquqlarının qorunmasına, yerli özünüidarəyə, iqtisadi sərbəstliyə, beynəlxalq öhdəliklərlə möhkəmləndirilən təhlükəsizliyə təminat verməyə hazırıq.
Müsavat Partiyası hesab edir ki, Qarabağ probleminin həll edilməsi həm də ölkə daxilində dərin demokratik islahatların həyata keçirilməsi və insan hüquqlarına ardıcıl hörmət edilməsi ilə bağlıdır. Bu, seçkilərin azad və ədalətli keçirilməsini, siyasi partiyalar, ictimai və qeyri-hökumət təşkilatlarının həmçinin, azad mətbuatın sərbəst fəaliyyət göstərmələri üçün normal şərait yaradılmasını, vətəndaşların sərbəst toplaşma hüquqlarının təmin edilməsini və digər demokratik azadlıqları tələb edir. Yalnız demokratik hüquqi dövlət quruculuğu sayəsində Azərbaycanın bütün problemlərini, o cümlədən də Qarabağ problemini həll etmək olar.