Qorxmaz Mustafayev
Xanlığın ləğvi dövründə Qarabağın yaşayış məskənləri
və əhalisinin etnik tərkibinə dair (1823-cü il «Təsviri» əsasında)
XIX əsrin əvvəllərində Rusiyanın Şimali Azərbaycan torpaqlarını ilhaq etməsi faktik olaraq Rusiya – Azərbaycan müharibəsinə səbəb oldu. 1803-cü ilin yazında Car–Balakən, 1804-cü ilin yanvarında Gəncə işğal olundu. 1804-cü ildə Rusiya ilə İran arasında müharibə başlandı.
Belə bir şəraitdə Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalandı (1805-ci il 14 may). Bu müqavilə 11 maddədədən ibarət idi. Müqavilə ilə Qarabağ xanı İbrahim xan özü və varisləri üzərində Rusiyanın ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımadığını vəd edirdi (I maddə). Rusiya isə öz üzərinə aşağıdakı öhdəliyi götürürdü: «İ.Ə.Zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə (bütün kursivlər mənimdir – Q.M.) vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən, öz sadiq təbəələri kimi, mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İ.Ə. zati-alilərinin və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir». (AKAK, t. II, s.705).
Lakin çar hakimiyyəti qısa bir müddətdən sonra üzərinə götürdükləri öhdəlikləri pozmağa başladı. 1806-cı ilin yayında İbrahim xan ailəsi ilə birlikdə vəhşicəsinə qətlə yetirildi (İbraqimbeyli X.M. Rossiə i Azerbaydjan v pervoy treti XIX v. M.1969, s.79). I Aleksandrın fərmanı ilə xanlıq taxtına onun oğlu Mehdiqulu xan gəldi. Lakin, Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolov (1816-1827) Şimali Azərbaycan xanlıqlarının muxtariyyətini ləğv etməyə, beləliklə, «andlı öhdəliklərlə» üzərinə götürdüyü təəhhüdlərə tamamilə son qoymağa başladı. 1819-cu ildə Şəki, 1820-ci ildə Şirvan xanlığı ləğv edildi. Yermolov Qarabağ xanlığını da ləğv etmək üçün müvafiq şərait axtarırdı. Nəhayət, o, 1822-ci ildə Qarabağ xanlığını ləğv etməyə nail oldu. Bunun üçün əsas bəhanə Mehdiqulu xanın xanlığı tərk edərək İrana getməsi bəhanə gətirildi.
Yermolov yazırdı ki, mən Qarabağa gələrək burada şəhər məhkəməsi (divan) təsis etdim, bütün əyalətlərdə olan xalq imperator təbəəliyinə sədaqətə anda gətirildi, məmurlara tapşırıldı ki, torpaqları təsvir edərək, xəzinəyə məxsus olan mülkiyyətə aydınlıq gətirsinlər (Записки А.П.Ермолова, 1798-1826.М.,1991,с.381-383). Beləliklə, Yermolovun sərəncamı ilə 1823-cü ildə həqiqi mülki müşavir Moqilyevski və polkovnik Yermolov (ikinci) tərəfindən Qarabağ əyalətinin (xanlıq ləğv edildikdən sonra belə adlandırılmışdı) təsviri aparıldı. Bu təsvirin materialları 1866-cı ildə Tiflisdə Qafqaz canişinliyi Baş idarəsinin mətbəəsində çap edilmişdir (Описание Карабахской провинции, составленное в 1823 году, по распоряжению Главноуправлявщего в Грузии Ермолова, действительным статским советником Могилевским и полковником Ермоловым 2-м, Тифлис, 1866).
Həmin dövrə dair Qarabağ əhalisindən, xanlığın sosial–iqtisadi həyatından bəhs edən müəlliflər həmin təsvirin materiallarına müraciət etmişlər (Xəlilov X.D. Qarabağın elat dünyası, Bakı, 1992, s.17; Köçərli T. Qarabağ, Bakı, 2002, s.229-230 və b.). Buna baxmayaraq, göstərilən təsvir xüsusi tədqiqat obyekti olmamış, əsasən, yekun rəqəmlərə müraciət edilmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Qarabağ əyalətinin təsviri hərtərəfli araşdırma obyektinə çevrilmişdir. Bu məqsədlə Azərbaycan Dövlət Tarix arxivində təsviri və onunla əlaqədar sənəd və materiallar aşkar edilmiş və tədqiqata cəlb olunmuşdur (ГИААР, ф.24, Оп.1, дд.141,142,143,144). Təsvirin materiallarından maksimum istifadə etmək üçün onları kompleks şəkildə araşdırmağa imkan verən xüsusi metodika tətbiq edilmişdir. Burada Qarabağ xanlığının ləğvi dövründə onun yaşayış məskənləri və əhalisinin tərkibinə dair məsələ üzərində dayanmaq istəyirik. Bu məqsədlə Qarabağ əyalətinin təsvirində adları çəkilən bütün yaşayış məskənlərinin əlifba sırası, mahallar və mülklərə aid materiallar üzrə fundamental kotaloqu yaradılmışdır.
Həmin kataloq əsasında Qarabağ əyalətindəki (və ya xanlığın son dövründəki) yaşayış məskənlərinin əhalisi sayca üstün etnosa görə təsnif edilmiş, həmin yaşayış məskənlərindəki həyətlərin sayı qeydə alınaraq hesablanmışdır. Bu hesablamalar 143-cü işin materialları üzrə aparılmışdı. Hesablamalar zamanı 620-dən çox yaşayış məskəni tədqiq edilmişdir. Onlardan yalnız 162-də ermənilərin üstün olması aydınlaşdırılmışdır və bu kəndlərin çoxunda 3-8 ev olmuşdur. Hətta 1 ev olan yer də erməni kəndi kimi qeyd edilmişdir. Qalan 460-dan çox kənddə türk - müsəlman əhalisi mütləq çoxluğa malik olmuşdur. Əgər 1805-1822-ci illərdə Qarabağ xanlığına köçürülən ermənilər nəzərə alınsa, burada ermənilərin və onların yaşadıqları məskənlərin sayının daha az olması bəlli olardı və olaraq, qeyd etmək lazımdır ki, həmin qarışıq dövrdə Qarabağ xanlığının bir çox türk-müsəlman kəndinin əhalisi zorla qonşu vilayətlərə köçürülmüş və gəlmə ermənilər, əsasən, onların kəndlərində yerləşdirmik siyasəti yeridilmişdir.