Мəhərrəm Мəmmədov
Qarabağ dialekti mənbələrdə
Azərbaycan dili dialekt və şivələrinin öyrənilməsi dilçiliyimizin ən önəmli məsələlərindəndir. Hər bir dialektin və ya şivənin materiallarının toplanması, tədqiqi xalqımızın dilinin və tarixinin araşdırılmasında mühüm rol oynayır.
Qarabağ dialekti həmişə tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Dialektoloji monoqrafiyalarda, dissertasiyalarda qarabağlıların nitqindən müqayisə məqsədi ilə istifadə edilmişdir. Həmin ərazidə yerləşən şivələr fərdi və monoqrafik yolla tədqiq olunmuşdur. Bu baxımdan C.Hacıbəylinin görkəmli türkoloq A.N.Samoyloviçin məsləhəti və köməyi ilə yazdığı və 1933-cü ildə Fransada çap olunmuş «Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı)» əsəri təqdirəlayiqdir.
Kitab əsasən Qarabağ ərazisindən toplanmış folklor nümunələrindən ibarət olsa da, «Giriş»də dialektin fonetik xüsusiyyətləri barədə qısa məlumat verilmişdir. Yerli əhalinin tələffüzünə yaxından bələd olan müəllif Qarabağ dialektini Fransanın cənub dialekti ilə müqayisə etmişdir. Məsələn, C.Hacıbəyli Qarabağ dialektinin Azərbaycan ədəbi dilindən və başqa dialekt və şivələrindən fərqini göstərmək üçün «gəlibdir» fe’linin ədəbi dildə «gəlibdir», Qarabağda «gəlifdi», Bakıda və Şamaxıda «gəlibdü», Şəkidə «gəlitdi», Quba və Dərbənddə «gələtdi» şəklində işləndiyini, «gedibdir» fe’linin də həmin qaydada tələffüz olunduğunu qeyd etmişdir.
Dialektoloji müşahidə zamanı tədqiqatçıların diqqətini ilk öncə yerli əhalinin danışığındakı səslər, onların uzun, qısa və burun variantları, sözlərin tərkibindəki səslərin yerdəyişməsi cəlb edir. Müxtəlif növlü folklor nümunələrində yerli tələffüz formaları saxlanmışdır ki, bu da dialektin bə’zi morfoloji xüsusiyyətləri barədə aydın təsəvvür yaradır.
Qarabağ dialekti həm də zəngin lüğət tərkibinə malikdir. Burada xalqımızın qədim adət-ən’ənələri, keçmiş ictimai quruluş, həyat, məişət, ailə və təsərrüfatla bağlı saysız-hesabsız sözlər işlənir. C.Hacıbəyli dialektin leksikasına aid toplandığı sözləri belə qruplaşdırmışdır: Müraciət formaları: əmi, dayı, əmioğlu, dayıoğlu, xala, xalaoğlu, bəy, ağa. Ailə üzvlərinin adları: ata, dədə, ağa, ana, nənə, məmə, oğul, qız, qardaş, baxsı, dayı, mama (bibi), nəvə, nəticə, kötükcə, ulubaba və s. Uşaq sözləri: hoppadannan, ə-ə, bəci, cicə, məmə, dədə. At adları: Şahmar, Yelmar, Çafqın, Toxmax, Meymun, Qaşqa, Köhlən. İt adları: Alabaş, Qarabaş, Bozdar, Topuş, Xallı, Axdar, Ambır, Sambır, Qaflan və s.
C.Hacıbəylinin fransız dilində çap olunmuş «Qarabağ dialekti və folkloru» kitabı filologiya elmləri namizədi B.Ağayevin tərcüməsində Bakıda nəşr olunmuşdur.
Qarabağ dialektində ədəbi dilə, digər dialekt və şivələrə oxşar xüsusiyyətlərlə yanaşı, dilimizin tarixi inkişaf mərhələlərində işlək olmuş bir sıra qədim xüsusiyyətlər də qorunub saxlanmışdır. Bu gün dialekt və şivələrimizdə, o cümlədən, Qarabağ dialektində mövcud olan bir çox əlamətlər Türkiyə türkcəsində ədəbi dil səviyyəsindədir. Azərbaycan və Türkiyə şivələrinin tarixi-müqayisəli şəkildə tədqiqi bu dillərin mənşəyinin araşdırılmasında mühüm əhəmiyyətə malikdir. Bu məqsədlə S.Talıbxanbəylinin Türkiyədə nəşr olunan «Azərbaycan yurd bilgisi» jurnalında 1933-cü ildə çap olunmuş silsilə məqalələrində Qarabağ və İstanbul şivələrinin özünəməxsus üsusiyyətləri qarşılaşdırılmışdır.
Qarabağ dialektinə daxil olan Ağcabədi və Füzuli şivələri ayrılıqda tədqiqatçılar tərəfindən öyrənilmişdir. İ.Məmmədov «Azərbaycan dilinin Qaryagin (Füzuli) rayonu şivələri», İ.Quliyev isə «Azərbaycan dilinin Ağcabədi rayonu şivələri» mövzusunda namizədlik dissertasiyaları müdafiə etmişlər. Hər iki dissertasiyada şivələrin ədəbi dilə oxşar və fərqli cəhətləri, spesifik xüsusiyyətləri qədim yazılı abidələrin materialları ilə müqayisəli şəkildə araşdırılmışdır.
Qarabağ şivələri ilk dəfə mükəmməl formada Azərbaycan Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun dialektoloqları tərəfindən tədqiq olunmuşdur. 1966-68-ci illərdə həmin əraziyə dəfələrlə elmi ekspedisiyalar təşkil olunmuş, şivələrin hər birinin fonetik, qrammatik və leksik xüsusiyyətləri aşkara çıxarılmışdır. Tədqiqatları ümumiləşdirən monoqrafiyadan aydın olur ki, dialektdə Orxon-Yenisey abidələri, «Kitabi-Dədə Qorqud», eləcə də digər qədim türk yazılı abidələrinin dili ilə səsləşən leksik vahidlər geniş yayılmışdır. Müəlliflər hər bir maraqlı faktın işlənmə tarixini və yayılma arealını müəyyənləşdirmişlər. Monoqrafiyanın «Əlavə» bölməsində tədqiqatçıların fikirlərini təsdiqləyən dialektoloji mətnlər və ən çox işlənən sözlərin lüğəti öz əksini tapmışdır.
Təəsssüf ki, bu monoqrafiya indiyə qədər çap olunmamışdır. Lakin alimlər ruhdan düşməmiş, «Azərbaycan dilinin Dağlıq Qarabağ şivələri» monoqrafiyası üzərində işi də başa çatdırmışlar. Dialektologiya mövzusunda yazılmış monoqrafiyaların, dissertasiyaların illərlə arxivdə yatıb qalması dialektoloji əsərlərin nəşrinə biganəlikdən irəli gəlir.