Nazir Əsədov
Atəşkəs dövründə problemin həlli yollarının axtarılması (1994-1997-ci illər)
1994-cü ilin martın 1-də ATƏM-in Minski qrupunda etibarlı atəşkəsə nail olmağın yolları müzakirə edilmişdir. Avropa dövlətlərinin münaqişəni danışıqlar yolu ilə həll etmək istiqamətində fəallaşmasını duyan Rusiya martın 2-də Moskvada Ermənistan və Azərbaycan nümayəndələrinin atəşi dayandırmaq danışıqlarını təşkil etdi.1994-cü ilin martın 6-da Çin xalq respublikası ilə aparılan danışıqlar zamanı da Qarabağ problemi müzakirə edilmişdi.
Bu zaman həm erməni, həm də Azərbaycan tərəfdə gizli qüvvələr vardı ki, onlar müharibənin dayandırılmasını istəmirdilər. Rusiya danışıqlarda Azərbaycanı daha ciddi güzəştlərə məcbur etmək, erməniləri silahlandırmaqda davam etməklə Fizuli istiqamətində yeni ərazilər ələ keçirməyə kömək etdilər. Azərbaycanın təkidi ilə 1994-cü il 15 apreldə Moskvada Müstəqil Dövlətlər Birliyi başçılarının görüşü keçirildi. Qarabağ problemi, atəşin dayandırılması məsələsi müzakirəyə çıxarıldı. Müzakirədən sonra bəyanat qəbul edildi. Bəyanatda deyilirdi: Azərbaycan və Ermənistan respublikaları dövlət başçıları bəyanatını qəbul edir ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan xalqlarına, Zaqafqaziyada geniş region iqtisadiyyatına və ekologiyasına əvəzsiz zərər vurur. MDB-nin digər iştirakçılarının bütövlükdə mühüm mənafeyinə toxunur…Birliyin dövlət başçıları şurası ATƏM və BMT-yə müraciət edərək münaqişənin aradan qaldırılması üçün Müstəqil Dövlətlər Birliyinin gördüyü tədbirləri dəstəkləməyə çağırır.
1994-cü ilin mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə Müstəqil Dövlətlər Birliyi dövlətləri parlamentlər arası məclisi işçi qruplarının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərə həsir olunmuş görüş keçirilmişdir. Müzakirələrdə tərəflər arası atəşin dayandırılması və danışıqlara başlamaq məsələsi müzakirə edilmişdir. İştirakçıların əksəriyyətinin imzası ilə təsdiqlənən yekun protokolunda atəşin bütün cəbhələrdə mayın 8-dən 9-a keçən gecədən dayandırılacağı təsdiqlənmişdir. Bişkek protokoluna əsasən, ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından çıxmalı, əhali həmin yerlərə qaytarılmalı idi.
Bişkek protokolunun imzalanması Azərbaycanda birmənalı qarşılanmışdır. Müxalifət bu razılaşmanı Azərbaycanın təslimi kimi qeyd etmişdir. 28 mayda Azərbaycan Demokratik Respublikasının yaranma günü münasibətilə keçirilən təntənəli yığıncaqda H.Əliyev müxalifətin əksinə olaraq demişdir: ''Mayın 10-dan atəş kəsilmişdir. Sülh danışıqları gedir, biz bu danışıqları respublikanın mənafelərini müdafiə etmək prinsipləri əsasında aparırıq və bundan sonra da aparacayıq. Ancaq eyni zamanda Azərbaycan xalqı, Azərbaycan ordusu torpaqlarımızı müdafiə etmək üçün həmişə ayıq-sayıq olmalıdır”.
Azərbaycan dövləti atəşkəsdən istifadə edib sülhə nail olmağa çalışırdı. Bu səbəbdən 1994-cü ilin 18 iyunda H.Əliyev Türkiyəyə rəsmi səfərə getmişdir. Danışıqlarda Dağlıq Qarabağ problemi başlıca müzakirə məsələsi olmuşdur. Bundan sonra Azərbaycan prezidenti İran İslam Respublikasına, Səudiyyə Ərəbistanına rəsmi səfərlərə getmişdir. Bu səfərlərdə də Qarabağ məsələsi müzakirə edilmişdir. Hər üç dövlətin rəhbərləri Azərbaycanın haqlı mübarizəsini müdafiə edəcəklərini bəyan etmişlər. Azərbaycanın Qarabağ məsələsində qəti mövqeyi dünya ictimaiyyətinə bəlli olandan sonra Azərbaycana dünya dövlətlərinin marağı artmışdır. Bunun nəticəsi idi ki, Ermənistana dəstək verən Fransa Azərbaycana qarşı münasibətlərini dəyişdirmişdir. 1994-cü il 10 avqustda Fransanın xarici işlər idarəsinin yüksək vəzifəli şəxsləri Azərbaycana gəldilər.
Nümayəndə heyətinin əsas məqsədi Qarabağ problemi ilə yerində tanış olmaq idi. Səfər Yekunlaşdırılarkən Fransa nümayəndəsi bildirmişdir ki, bizim Azərbaycanın iqtisadi və siyasi həyatından aldığımız təəsüratlar və Qarabağ probleminə dair ilk mənbələrdən topladığımız materiallar Fransa kimi böyük bir dövlətlə Azərbaycan arasında yaranan əlaqələrin daha möhkəmlənməsinə və genişlənməsinə kömək edəcək.
1994-cü ilin 4 sentyabrında Qahirədə keçirilən ''Dünya əhalisi və inkişaf'' mövzusunda ümumdünya konfransında Azərbaycan prezidenti H.Əliyev BMT-nin Baş katibi ilə, Misir respublikasının prezidenti Hüsn Mübarəklə, Pakistanın baş naziri Bənəzir Buhtto ilə görüşərək Azərbaycanın bir hissəsini Ermənistan tərəfindən işğal edilməsini onlara çatdırmışdır. Azərbaycanda atəşkəs şəraitində daxili sabitlik gündən-günə möhkəmlənirdi. Bu səbəbdən dünyanın iri dövlətlərindən Amerika Birləşmiş Ştatlarının, İngiltərənin, Fransanın, Almaniyanın, Türkiyənin, Çinin, Yaponiyanın Azərbaycana marağı daha da artmışdır. Xüsusilə Azərbaycan neftinə maraq daha da güclənmişdi. Buna görə onlar Azərbaycanda sabitliyin yaranmasında maraqlı idilər. Xarici dövlətlərlə aparılan danışıqlar 20 sentyabr 1994-cü ildə Böyük Britaniya, Norveç, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyə dövlətlərinin təmsil olunduqları ilk böyük neft müqaviləsi ''Əsrin müqaviləsi''nin imzalanması ilə yekunlaşmışdı. ''Əsrin müqaviləsi'' kimi tarixə daxil olan bu müqavilə Azərbaycanın böyük dövlətlərlə başladığı ilk böyük müqavilə idi. Bundan sonra iri dövlətlərin Azərbaycan maraqları daha da artdı. Müqavilədə təmsil olunan dövlətlər Azərbaycanın daxili sabitliyinə hər vasitə ilə yardım etməyə başladılar. Bu istiqamətdə həyata keçirilən tədbirlər içərisində Azərbaycan prezidentinin 25 sentyabr 1994-cü ildə BMT-nin Baş məclisində iştirak etməsi olmuşdur. ABŞ prezidenti Dağlıq Qarabağ problemi ilə məlumatlandırılmış, Ermənistanın hərbi təcavüzünü təsdiq edən xəritə və sənədlər nümayiş etdirilmişdi. Laçın və Şuşa rayonlarının erməni silahlı qüvvələrindən təmizlənməsinin prinsipial məsələ olduğu qeyd edilmişdi. Azərbaycan prezidenti BMT-nin tribunasında Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı.
Həmin vaxtdan Amerikanın Qarabağ probleminə münasibəti xeyli dəyişmişdir. Qarabağ probleminin danışıqlar yolu ilə həll edilməsi 1994-cü ilin oktyabrında türk dövlətləri başçılarının İstambulda keçirilən zirvə toplantısında da əsas müzakirə obyekti olmuşdur. Toplantıda çıxış edən Türkiyə prezidenti S.Dəmrəl demişdir: ''Ermənilər Azərbaycanın torpaqlarının 20 fazini işğal etmişlər, Azərbaycanın bir milyon dinc əhalisi qaçqın düşmüşdür. Münaqişənin sülh yolu ilə sahmana salınması bizim arzumuzdur.
Qarabağ problemi Budapeşt və Lissabon zirvə toplantısında da müzakirə obyektinə çevrilməsi Ermənistanın təklənməsinə səbəb olmuşdu. Ona görə ki, iştirak edən dövlətlər Azərbaycanın ərazi bütövlüyünü bir daha tanımış, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasını qeyd etmişlər. ATƏT-in Lissabon zirvə toplantısı Dağlıq Qarabağ probleminin həllində iki mühüm məqamı ilə əhəmiyyətlidir. Birincisi, ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatında Azərbaycanın təklif etdiyi və dövlət mənafeyinə uyğun gələn üç prinsip öz əksini tapdı. Həmin prinsiplər dünyanın 53 dövləti tərəfindən bəyənildi. İkincisi, Ermənistan özünü dünyanın 53 dövlətinə qarşı qoydu, özünü təcrid etdi.