Asif Abdullayev
Qarabağ və Azərbaycan Diasporu
01. Erməni işğalının nəticələrinin aradan qaldırılmasını şərtləndirən amillər iki mühüm qrup kimi nəzərdə tutulmalıdır: daxili və xarici. Daxili amillər həlledici olsa da, xarici amilləri nəzərə almamaq və lazımınca qiymətləndirməmək yanlışlıq olardı.
02. Azərbaycan Respublikası öz ərazi bütövlüyünü bərpa və suverneliyini təmin etmək üçün güc tətbiq edərkən regionun və dünyanın aparıcı dövlətlərinin, beynəlxalq təşkilatların (ATƏT, BMT, AB və s.) heç olmasa etiraz etməməsinə nail olunmalıdır. Müttəfiq hesab olunan dövlətlərin (Gürcüstan, Türkiyə, Pakistan, Ukrayna və s.) siyasi və hərbi-iqtisadi dəstəyi əldə edilməlidir. Bu vəzifələrin yerinə yetirilməsində Azərbaycan türklərinin (azərbaycanlıların) dünyanın müxtəlif ölkələrində formalaşmaqda olan Diasporası müstəsna rol oynamalıdır.
03. Azərbaycan Diasporası kifayət qədər güclü intellektual və maddi potensiala malikdir. Bu potenasialı aktivləşdirmək və tələb olunan istiqamətdə yönəltmək üçün effektiv iş sistemi qurulmalıdır.
04. Güney Azərbaycanda, təxmini hesablamalara görə, 25-30 mln. azərbaycanlı yaşayır. Rusiya Federasiyasında sayı 3-4 mln.-a çatan diasporamız mövcuddur. Eləcə də Şimali Amerika və Kanadada, Avropada böyük azərbaycanlı icmaları var. Bir neçə ildir ki, dünya azərbaycanlılarını əhatə edən Dünya Azərbaycanlıları Konqresi (DAK), Avropa Azərbaycan Təşkilatları, Almaniya Azərbaycan Təşkilatları, MDB ölkələri Azərbaycan Təşkilatları İttifaqı, AZERROS- Milli Mədəni Muxtariyyət, Ümumrusiya Azərbaycanlıları Konqresi, Moskva Milli-Mədəni Muxtariyyəti, “Ocaq” Cəmiyyəti və bir çox başqa regional Azərbaycan təşkilatları fəaliyyət göstərir. Son dövrlərdə bu təşkilatların fəaliyyətinin aktivləşməsi diqqəti cəlb edir.
05. İndiki mərhələdə azərbaycan diaspora təşkilatlarının formalaşması üçün vahid əlaqələndirmə mərkəzinin yaradılması olduqca vacibdir. Əfsuslar olsun ki, Azərbaycan Respublikasında yaradılmış Xaricdə Yaşayan Azərbaycanlılarla İş Komitəsi belə bir mərkəzə çevrilə bilmədi. Əsas məqsədi ümummillli problemlərin (Qarabağ, Güney Azərbaycan və s.) həlli ətrafında dünya azərbaycanlılarını birləşdirməli olan komitə, bütün işini H.Əliyev hakimiyyətinin möhkəmləndirilməsinə, xalqın etimadını itirmiş hakimiyyətin diaspora təşkilatları tərəfindən dəstəklənməsinə həsr etdi. Bir tərəfdən diaspor təşkilatlarının Azərbaycan Respublikasının “daxili işlərinə qatılmamaq”(?!) şərtini irəli sürən komitə rəhbərləri, digər tərəfdən Ümumrusiya AK, Belorusiya AK, Ukrayna AK, Özbəkistan AK və s. diaspor təşkilatlarından kiminsə prezidentliyə namizədliyini irəli sürməyi, ayrı-ayrı vəzifəli şəxslərin, dövlət məmurlarının təbliğ olunmasını tələb edir.
06. Eyni zamanda xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfrilikləri, konsulluqları, beynəlxalq təşkilatlardakı nümayəndəliklər Qarabağın azad olunması ilə bağlı geniş iş aparmalıdırlar. Azərbaycanlıların diaspora təşkilatları çox vaxt məlumatların olmamasından, təbliğat materiallarının (audio, video, çap) ingilis, rus, fransız, alman, ispan və s. dillərə tərcüməsinin qıtlığından şikayətlənirlər. Məhz bu orqanlar həmin materialları yerli təşkilatlara çatdırmalıdırlar.
07. Azərbaycanlıların diaspora təşkilatları, ermənilər tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasında həm Azərbaycan hökumətinin, həm Azərbaycan xalqının qətiyyətliliyini və heç bir zaman ərazi güzəştlərinə gedilməyəcəyini dünya ictimaiyyətinin diqqətinə çatdırmalı və yaşadıqları ölkənin rəsmi və mülki buna inandırmağa çalışmalıdır. Ərazisində fəaliyyət göstərilən dövlətlərin icraedici və qanunverici orqanları ilə iş aparılmalı, Ermənistanın işğalçı siyasəti haqqında həqiqətləri onlara çatdırmalı, ictimaiyyət arasında məlumatlar yayılmalıdır.
Nümunə kimi İsveçdə fəaliyyət göstərən (“Azəri”) təşkilatının fəaliyyətini göstərmək olar. İsveç parlamentinə “Azərbaycan dostları” qrupu mövcuddur və onlarla iş nəticəsində Xocalı faciəsinin ildönümü ərəfəsində bu il Manaf Səbabinin təşəbbüsü ilə İsveç parlamentinin üç nəfər üzvü Azərbaycanda səfərdə olmuşdu. Onlar işğalın, Xocalı faciəsinin nəticələri ilə, yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin qeyri-insani yaşayış şəraitləri ilə tanış olmuş, bütün bunlar haqqında İsveç ve Avropa parlamentlərində məsələ qaldıracaqlarını bildirmişlər.
08. Diaspora təşkilatlarının beynəlxalq hüquqdan, ölkə qanunlarından istifadə edərək, Ermənistan Respublikasının fəaliyyətinə hüquqi qiymət verilməsinə nail olması önəmli vəzifələrdəndir.
09. Ermənilərin işğalçı, terrorist siyasətini pisləyən və onların əməllərinə etiraz bildirən mitinqlərin, piketlərin, yürüşlərin, elmi-əməli konfransların, seminarların, müxtəlif aksiyaların bütün dünyada eyni zamanda keçirilməsinin təşkili vacibdir. 2003-cü il 22 fevralda Qarabağ Azadlıq Təşkilatı (sədr Akif Nağı), Dünya Azərbaycanlıları Konqresi (sədr Cavad Deraxti) və MDB Azərbaycan Təşkilatları İttifaqının (sədr İlqar Qasımov) birgə səyləri nəticəsində dünyanın 40-a yaxın ölkəsinin, 70-dən çox şəhərində Xocalı soyqırımı anıldı, müxtəlif tədbirlər keçirildi.
10. Azərbaycanlıların diaspora təşkilatlarının mühüm bir vəzifəsi də digər türk diasporası təşkilatları ilə sıx əlaqə quraraq, erməni diasporası təşkilatlarının fəaliyyətinin nəticələrini neytrallaşdırmağa, təsirsizləşdirmyə çalışmaq olmalıdır. Eyni zamanda Yəhudi, Ukrayna və digər diaspora təşkilatları ılə qarşılıqlı bəhrələnməyə əsaslanan işbirliyi qurulmalıdır.
11. Azərbaycan Respublikası öz coğrafi mövqeyinə, iqtisadi və intellektual potensilına görə bölgədə aparıcı, lider ölkəyə çevirilməlidir. Düzgün siyasət aparılarsa, Azərbaycan Respublikası Qafqazda sülhün, əmin-amanlığın, stabilliyin, inkişafın təminatçısına çevrilə bilər. Bu gün Cənubi Qafqazda tərəqqinin qarşısını alan, pozucu elementə çevirilən, böyük dövlətlərin alətinə çevirilmiş, qonşu dövlətlərə ərazi, təzminat iddiaları ilə çıxış edən Ermənistandır. Ermənistanın mövqeyi onun özünün təcrid olunmasına, böyük iqtisadi layihələrdən (Bakı-Ceyhan neft, Şahdəniz-Ərzurum qaz boru kəmərləri, “İpək Yolu”, TRASEKA nəqliyyat və s.) kənarda qalmasına səbəb olmuşdur. Bu reallıq azərbaycanlıların diaspora təşkilatları tərəfindən dünyanın hər yerində izah olunmalı, ictimai rəyə yeridilməlidir.
12. Azərbaycanlıların diaspora təşkilatları saxta “erməni genosidi” kompaniyasını dünya birliyində yanlış təsəvvür yaratdığı üçün qəti şəkildə pisləməli, ayrı-ayrı dövlətlərdən “erməni genosidini” tanımaqdan imtina etmələrini, beynəlxalq təşkilatlardan bu əsassız iddiaların qarşısının alınmasını tələb etməli, əksinə yaxın keçmişdə ermənilərin Ermənistan və Azərbaycan ərazilərində azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verilməsinə, sanksiyaların tətbiq edilməsinə nail olunmağa çalışmalıdırlar.