Rəna Mirzəzadə

Qarabağ münaqişəsi gender güzgüsündə  

1998-ci il mayın 18-dən 20-dək Bakıda «Qadın hüquqları - İnsan hüquqlarıdır. Qadınlar və hərbi münaqişə» mövzusunda Beynəlxalq Konfrans keçirilmişdir. Konfransı BMT İP, YUNİFEM, UNHCR və Azərbaycan hökuməti birgə təşkil etmişdilər. Tədbirə  dünyanın 13 ölkəsindən nümayəndə dəvət olunmuşdu. Qarabağ münaqişəsinin əsas tərəflərindən biri olan Ermənistan Respublikası nümayəndələri də iştirakçılar arasında idi. Konfrans iştirakçıları Pekin Fəaliyyət Platformasının 3 prinsipinin nəzərdən keçirilməsinin vacibliyi haqda razılığa gəlmişdilər:

·   dinc quruculuqda və hərbi münaqişələrin həll olunmasında qadınların rolu;

·   qadınlara qarşı zorakılıq;

·   qadınların, o cümlədən, qaçqınların və məcburi köçkünlərin hüquqları insan hüquqları kimi, onların yaşadıqları yerlərə qaytarılması və digər həlli uzun müddət tələb edən məsələlər.

Bu məsələlər, konfrans iştirakçıları olan 13 ölkədə yaranmış vəziyyətlə əlaqədar olaraq, müvafiq və aktual hesab edilmişdir. İştirakçılar bu məsələləri öz milli hökumətlərinin və ictimaiyyətlərinin nəzərlərinə çatdıracaqlarına söz verdilər. İştirakçılar həmçinin BMT-nin köməkliyi ilə subregional və regional əlaqə sisteminin yaradılması məsələsində konsensusa nail oldular. Subregional konfransın məqsədləri:

·   ailədə, cəmiyyətdə, milli və beynəlxalq səviyyədə qadınlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi işində əldə olunmuş effektiv təcrübə mübadiləsi;

·   əməkdaşlıq məqsədi ilə və regional dialoqların aparılması üçün forumun yaradılması;

·   gələcək fəaliyyətdə konsensusa nail olmaq.

Konfransın yekun nəticəsi Bakı Bəyannaməsinin strategiya və mexanizmini müəyyən edən konkret fəaliyyət proqramının qəbul edilməsi oldu. Bu sənədlər milli və regional səviyyələrdə hazırlanmışdı. BMT «Zorakılıqla mübarizə və sabit sülh quruculuğu üçün qadınların rolunun gücləndirilməsi üzrə əməkdaşlıq sistemi» adlı uzunmüddətli proqramın həyata keçirilməsinə köməklik göstərəcəyinə razılıq verdi. Göstərilən əməkdaşlıq proqramının məqsədləri bunlardır:

1. Hərbi konfliktlərin qarşısının alınmasında və regionda sülhün bərqərar olması prosesində qadınların rolunun möhkəmləndirilməsi.

2. Qadınlara qarşı zorakılığın qarşısının alınması və ləğv olunması üçün tədbirlərin hazırlanması.

3. Qadınların, o cümlədən, qaçqınların və məcburi köçk­ünlərin hüquqlarının qorunması.             

Girovlar haqda məsələ Bakıda keçirilən bu konfransda da qaldırılmış, 330-dək qadının və 60-dək uşağın taleyi diqqət mərkəzində olmuşdur. «Azərbaycan qadınlarının Bakı Assosiasiyası» qeyri-dövlət təşkilatı BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığının Cenevrə ofisində bu məsələ ilə əlaqədar olaraq çıxış etmişdir. Qeyd olunan problemlə əlaqədar olaraq münaqişə dövrü ərzində qaçqınların və məcburi köçkünlərin məsələləri  ilə bağlı 100 dən çox  hüquqi sənəd qəbul edilibdi.                                      

1994-cü ilin mayından indiyədək (2002 il) olan dövr atəşkəs dövrüdür, sülh müqaviləsinə dəfələrlə cəhd edilsə də, konkret nəticə yoxdur. Münaqişə tərəflərinin, beynəlxalq təşkilatların da müdaxiləsi olmaqla, həm hökumət, həm də qeyri-hökumət strukturları səviyyəsində keçirtdikləri saysız görüşlərdən hələ ki heç bir irəliləyişə hasil olunmamışdır. 

Torpaqların işğalı ilə bütün insani hüquqları pozulmuş əhalinin əsas həssas qrupu olan qadınların münaqişədə zorlama, cinsi təzyiq, məcburi hamiləlik, döymə, təhqiretmə hallarını xüsusi qeyd etməliyik. Məhz Pekin Platformasının 116-cı maddəsi bu kimi hallara qarşı çıxış edir. 1995-ci ildə BMT-nin 39-cu sessiyasında BMT Baş Katibinin üzərinə qoyulan qadınların azad edilməsi məsələsini IV Ümumdünya Konfransında öhdəlik kimi götürən Qətnamə hələ də icra olunmayıb və  Post-Pekin dövründə onun müddəti dörd dəfə uzadılıb (40, 41, 42, 43-cü sessiyalarda ).

1998-ci ildə Respublika Nazirlər Kabinetinin qaçqınlar, məcburi köçkünlər və əhalinin miqrasiya şöbəsi tərəfindən respublikanın bütün rayonlarını əhatə edən xüsusi sorğu keçirilmişdir. Bu sorğu nəticəsində  qaçqın və məcburi köçkün qadınların təhsili, məşğulluğu, sağlamlığı və yaş göstəriciləri təhlil olunmuşdur. Bu məlumatlara görə qaçqın və məcburi köçkün qadınların məşğulluğu müxtəlif rayonlar üzrə müxtəlif şəkildə paylanmaqla 30% olmuşdur və onların arasında kənd yerləri çoxluq təşkil edir. Bu qadınların 16,4%-i müəllim, 12,35-i tibb işçisi, 7,6%-i mədəniyyət işçisi, 41,1%-i kənd təsərrüfat işçiləri, 15,6%-i isə digərləridir.

Ümumilikdə götürdükdə isə qaçqın və məcburi köçkünlərin 419171 nəfəri qadındır ki, bunun da 120265 nəfəri qaçqın, 298906 nəfəri məcburi köçkündür .

 

Sayı

Faizlə

  CƏMI

Qaçqınlar

Köçkünlər

Qaçqınlar

Köçkünlər

419171

120265

298906

28,7

71,3

1998-ci ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət proqramı qəbul edilmişdir. Lakin proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsini beynəlxalq humanitar təşkilatların, dünya dövlətlərinin köməyi və iştirakı olmadan həyata keçirmək mümkün deyildir. Eyni zamanda UNHCR, WFP, UNİCEF, OXFAM, UNDP kimi beynəlxalq qurumların qaçqın və məcburi köçkün ailələrinə yardım və köməklik sahəsində respublikadakı geniş fəaliyyətlərini qeyd etmək lazımdır.

Qaçqın və məcburi köçkün qadınların milli tərkibi belədir: 399058 azərbaycanlı, 375 rus, 1902 kürd, 17677 türk, 159 nəfər isə digər millətin nümayəndəsi.

Qaçqın və məcburi köçkün qadınların 15878-i ali, 19384-ü orta ixtisas, 85123-ü orta, 45397-i natamam orta, 75065-i ibtidai, 58059 nəfəri isə digər təhsilə malikdir. Statistika da göstərir ki, onların inkişaf potensialı yüksəkdir. 

Yaş tərkibinə görə:  6 yaşına qədər 40597;  7-17 yaş arası 73632; 18-49 yaş arası 121619;  50 və ondan yuxarı 63060 nəfərdir. 

Ailə tərkibinə görə: 29484-ü çoxuşaqlı ana;  4253-ü şəhid anası; 16948-i ailə başçısı olan qadın;  3595-i  tənha qadın;  114229-u qız uşağıdır.

Rəqəmlər açıq aydın göstərir ki, müharibə şəraitində hərbi münaqişə ilə zorakılığa məruz qalma bu qadınların həyat tərzini köklü dəyişmişdir. Pekin Platformasının 210-233-ci maddələrində qeyd olunan «Qadınların insan hüquqları» onları əsas hüquqlarından – yaşayış yerindən, iş yerlərindən, təhsil almaqdan, dinc ailə münasibəti qurmaqdan, ən əsası, insan kimi inkişafdan məhrum etmişdir. Əhalinin bu hissəsinin daha çox qayğı və müdafiəyə ehtiyacı vardır.

Bu qadınların ümumi sayının böyük hissəsi özü ailə başçısı olan və tənha, kimsəsiz şəxslərdir. Reallıq göstərir ki, qaçqın və məcburi köçkün qadınların böyük bir hissəsi  yoxsulluq və işsizliklə mübarizə apararaq normal həyat tərzini, çətinliklə də olsa yaşamaq uğrunda mübarizədə öz əsl peşəsini, sənətini, savadını, qadına uyğun ustalıq qabiliyyətini itirmiş xəstə, cavan ikən qocalmış, gücsüz və ağır psixoloji gərginlik vəziyyətindədirlər. Onların içərisində olan gənc qızlar isə xüsusən firavan həyat tərzindən məhrum olub sosial bəlalar və məhrumiyyətlərlə üzləşirlər və Pekin Platformasının 259-285-ci maddələrində göstərilən «Qız uşaqları»nın vəzifə və hüquqlarından məhrumdurlar. Onların əksəriyyətinin təhsilə, tibbi xidmətə, qidaya, geyimə və informasiyaya ehtiyacı vardır. Lakin buradaca qeyd edək ki, bu qadın və qızlar dövlətin sülh məramlı gedişlərinə böyük ümidlə yanaşaraq, öz doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər.