Şubay Nuruzadə
Erməni separatizminin obyektiv və subyektiv səbəbləri
Qarabağda erməni seperatizminin son dövrünün ilkin mərhələsi hələ 38 il bundan əvvələ, yəni 1965-ci ilə gedib çıxır. Belə ki, Ermənistanda gizli də olsa hər il aprelin 24-ü ermənilərin «genosid» günü kimi qeyd edilirdi. 1965-ci ilin aprelində isə S.Kalputyan, Z.Balayan başda olmaqla Xankəndində qondarma «genosid» gününü qeyd edərkən onlar ayaqlarını yerə döyərək «bu qədim erməni torpağı əsirlikdədir» deyirmişdilər. Məhz həmin dövrdən etibarən təkcə Qarabağda yox, Azərbaycanın Bakı, Sumqayıt, Gəncə , Naxçıvan kimi digər sənaye mərkəzlərində kök salmış erməni daşnaklar «Krunk», «Arsax» və digər gizli erməni təşkilatlarına vəsait toplayır, gizli vərəqələr yaymaqla məşğul olurdular.
Qarabağda erməni seperatizminin baş qaldırmasında Sovet siyasi sisteminin deformasiyaya uğraması da başlıca amillərdən idi. Çünki siyasi rejimin bilavasitə mərkəzdən zəiflədilməsi və tədricən dövlətin müvazinətini itirməsi öncədən hazırlanmış ssenari üzrə həyata keçirilirdi. Bu siyasətin müəllifi M. Qorbaçov, sponsoru xarici və daxili milyonçular, icraçılar isə fanatik ermənilər və yeni daşnakçılar idi.
1988-ci ildə Ermənistanda etnik təmizləmə siyasəti «Dağlıq Qarabağı ilhaq etmək» siyasətinə istiqamətləndirildiyi hamıya məlum idi. Azərbaycanın hakimiyyət orqanlarına o da məlum idi ki, Qarabağda başlamış erməni seperatizmi görünməmiş məhrumiyyətlər və bədbəxtliklər ilə nəticələnə bilər. Əfsuslar olsun ki, Qarabağın taleyi ilə həm Ermənistanda, həm də Azərbaycanda siyasi oyunlar gedir, hakimlər dəstəsi isə gah Şimaldan, gah da okeanın o tayından olurdu.
Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Qarabağda erməni seperatizminin tuğyan etdiyi bir dövrdə, əsasən, ziyalılar ayağa qalxdı. 1988-ci il 17 noyabrda Azərbaycanın qəhrəman oğlu akademik Ziya Bünyadovun rəhbərliyi ilə xalq həyəcanının ifadəsi olan ilk mitinqlər başlandı. Doqquz gün davam edən bu mitinqlər zamanı iqtidar 20-yə yaxın vətənpərvəri həbs etdi. Siyasi irticanın baş qaldırdığı, vətənpərvər qüvvələrin döyüldüyünü və əzildiyini görən ermənilər Qarabağda seperatçı «fəaliyyəti» daha da genişləndirdilər. 1988-ci il 13 mart tarixdən fəaliyyətə başlamış AXC-nin daxilində siyasi qütbləşmə prosesi sürətləndi. AXC-də şərti olaraq «Demokratlar» və «Radikallar» adlanan qanad formalaşdı. Sonradan baş verən hadisələr sübut etdi ki, Azərbaycanın mövcudluğunun təhlükə qarşısında qaldığı bir dövrdə üç əsas qüvvə formalaşmışdı. Bunlardan biri müxalifət və onun ətrafında toplananlar, digərləri hakimiyyətdə olan qüvvələr və hakimiyyətə gəlmək istəyən qüvvələr idi. Deməli, Qarabağ problemi həm daxildən, həm də Ermənistan tərəfindən süni şəkildə yaradılmaqda idi. Əgər 1988-1989-cu illərdə yuxarıda adları qeyd olunan qüvvələr birləşsəydi Qarabağ işğal oluna bilməzdi.
Qarabağda erməni separatizminin baş qaldırmasında digər bir amil önə çəkilir. Bu, Moskva amilidir. Belə ki, XX əsrin əvvəllərindən Moskvada, mərkəzi hökumətdə möhkəmlənmiş erməni mafiyası daima planlı şəkildə iş görmüşdülər. Onlar aşağı təbəqələrlə, yəni yerlərdə hazırlıq işlərini başa çatdırdıqdan sonra yuxarıdakı hakim ağalarından çıxarılacaq hökmü gözləmişdilər.
Süquta uırayan bütün cəmiyyətlərdə olduğu kimi, Sovet siyasi cəmiyyətində də XX əsrin 70-ci illərindən başlanan deformasiyanı M.Qorbaçov 80-ci illərdə daha da sürətləndirmişdi. Qarabağda ermənilərin silahlanması, Azərbaycanlıların isə tərksilah edilməsi prosesi sürətləndirildi.
«Böyük Ermənistan» yaratmaq kimi təcavüzkar siyasətini aramla həyata keçirən daşnaklar əslində «Qarabağ hərəkatı» adlanan hərəkata XX əsrin 40-cı illərindən başlamışlar. Bu mürtəce siyasətin mahiyyəti üç mühüm tərkib hissədən ibarətdir. Birinci, indiki Ermənistan adlanan ərazidən buranın qədim sakini olan Azərbaycan türklərinin qovulması, ikinci, Daılıq Qarabağın hansı yolla olursa-olsun Ermənistana birləşdirilməsi, üçüncü, Şərqi Anadolunu ələ keçirmək Aralıq dənizi sahillərinə birbaşa koridor açmaq. Etiraf etməliyik ki, erməni təcavüzkarları planlarının iki hissəsini, müvəqqəti olsa da, həyata keçiriblər. Məhəmməd Peyıəmbər deyirdi ki, «millətimin içində xəyanət olmasa, düşmən tab gətirə bilməz». Bu gün, sabah və sonrakı dövrlərdə də bu kəlam qüdrətlidir və qüvvədədir. Çünki Qarabağda başlanan uıursuzluqlarımızın bir səbəbi də xəyanət idi. İndi Azərbaycan xaqını daha ciddi sınaqlar gözləyir. Qarabağ «boynu bökük körpə» kimi bizdən imdad diləyir. Müzəffər yürüşə hazırlaşan bir ordu isə günəşin nə vaxt doğacağını gözləməməli, o, günəşi öz yaylım atəşləri ilə qarşılamalıdır.