Valeh Baxşəliyev
Mənəvi dəyərlərimizin bərpası tarixi zərurətdir
Son illər «çalxalanan zaman» xalqımızın həyatında dərin iz buraxmışdır. Düçar olduğumuz müharibə, Qarabağın düşmən tapdağı altında qalması, iqtisadi və siyasi sıxıntılar bərpa etdiyimiz dövlət müstəqilliyimizin və bundan irəli gələn bütün mənəvi və psixoloji proseslərin sevincini, qürurunu dadmağa, tam və dolğun hiss etməyə imkan vermir.
1992-ci ildə Milli Məclisdə dilimizin adını bərpa edən, onun müstəqil ölkəmizdə şəriksiz dövlət dili olduğunu təsbit edən qanun qəbul edilməsi böyük tarixi hadisə idi. Millətimizin türk adının özünə qaytarılması bir sıra tarixi anlaşılmazlıqların aradan götürülməsinə imkan verir və bir neçə minillik tariximizin obyektiv bərpasına şərait yaradırdı. Lakin bu məsələdə zorakılığa yol vermək olmaz. «azərbaycanlı» qalmaq istəyənlərə də şərait yaratmaq lazımdır. Fikrimizcə, bu gün Azərbaycanda türk, ləzgi, talış, tat, avar və s. kimi hiss edənlərlə bərabər, özünü azərbaycanlı kimi hiss edənlər də var və onlar bir milləti kimi birgə yaşamaqdadır. XX əsrin son 70 ilində Sovet rejimi və ideologiyası tərəfindən formalaşdırılmış bu azərbaycanlıları inkar etmək, onları qınamaq doğru deyil. Bəzi ziyalılar son zamanlar xarici bədxahlarımızın dəyirmanına su tökərək, mətbuat səhifələrində və televiziya ekranlarında «gənc və təcrübəsiz azərbaycanlı milləti» haqqında dəfələrlə fikir söyləmişlər. Odur ki, həmin ziyalıların təmsil etdikləri əhalinin bir hissəsinin həqiqətən gənc azərbaycanlı «millətinə» aid olmalarını təbii qəbul etmək olar.
Digər tərəfdən bizim üçün qınaq mənbələrindən biridə əlifba problemidir. Əlifbanın son 100 ildə üç dəfə dəyişdirilməsini çoxları obyektiv olaraq ağrılı və faciəli qəbul edirlər. Əlifbanın dəyişdirilməsinin xalqın taleyinə mənfi təsiri inkarolunmazdır. Lakin mən bu prorblemə başqa aspektdə və bir qədər geniş planda toxunmaq istəyirəm. Bədxah qonşularımız bəzən bizim özəl əlifbamızın olmamasını başımıza qaxırlar, özlərinin qədim əlifbaları və «sivilizasiyalı» xalq olmaları ilə fəxr edirlər. Lakin araşdırdıqda görürük ki, ermənilərin əlifbalarının indiyədək istifadə olunması onların mədəni xalq olmalarına dəlalət etmir. Əksinə biz türklərin özümüzün özəl əlifbamızın olmaması bizim daha mədəni və inkişaf etmiş millət olmağımıza sübutdur. Əvvəla qədim türk əlifbasının olduğu tarixdən məlumdur (Orxon-Yenisey abidələri 1400 il bundan əvvəl türk dilinin öz əlifbasının, bədii və elmi deyim üslublarının fonetik qaydalarının olduğunu göstərən və o çağadək uzun inkişaf yolu keçdiyini təsdiqləyən inkaredilməz dəlillərdir – Ə.Rəcəbov, Y.Məmmədov. Orxon-Yenisey abidələri, Bakı, 1993). Digər tərəfdən 20-ci əsrin əvvəllərinədək Azərbaycanda (sözün geniş mənasında Böyük Türküstanda) yüz illərlə ərəb əlifbasından istifadə edilmişdir. Sual olunur: ərəb əlifbasından istifadə etmək millətə başucalığı gətirir, yoxsa onun naqisliyinə dəlalət edir? Məgər ingilis, alman, ispan və ya fransız xalqlarını latın əlifbasından istifadə etdiklərinə görə qınamaq olarmı? Bəs bu xalqların həmin əlifbalara keçmələrinin səbəbi nə idi?
Məlumdur ki, orta əsrlərdə dünyada iki sivilizasiya mərkəzi var idi: şərti olaraq Qərb və Şərq adlandırılan mərkəzlər. Bu sivilizasiya məkanlarının birində latın əlifbası, digərində isə ərəb əlifbası ortaq yazışmaq, ünsiyyət vasitəsi kimi qəbul edilmişdi. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, o dövrdə bu iki mədəniyyət mərkəzi müəyyən qədər bir-birindən təcrid olunmuş şəraitdə inkişaf edirdi. Bunu bir sıra elmi nəticələrin Qərb alimlərinin müsəlman alimlərindən xəbərsiz olaraq 200-300 il sonra yenidən kəşf etmələri sübut edir. Odur ki, bu dövrdə müəyyən dərəcədə dövlətçilik atributları olan və özünü mədəni sayan, böyük ədəbi və elmi əsərlər yaradan xalqlar istər-istəməz həmin mədəniyyət məkanlarının birinə daxil olmalı və bu əlifbalardan birini seçməli idilər. Yüksək mədəniyyətə malik Azərbaycan türk xalqı da təbii olaraq ərəb əlifbasına keçməli idi. Dövlətlərarası yazışmalara ehtiyacı olmayan, yalnız bir kənddən digərinə məktub göndərməklə öz problemlərini «həll» edən, heç vaxt dövlətçilik ənənələri olmayan erməni əhalisinin bu böyük mədəniyyətlərdən kənarda qalmalarının və onların lokal xarakterli əlifbalarının bugünədək gəlib çıxmalarının səbəbini mən bunda görürəm.
Keçən əsrin 20-ci illərində bizim latın qrafikasına, sonra kiril əlifbasına və bu gün yenidən latın qrafikalı əlifbaya keçməyimizin mənfi cəhətləri ilə yanaşı müsbət tərəfləri də varmı? Fikrimizcə, var. Yuxarıda qeyd etdik ki, özünü mədəni sayan bu və ya digər dərəcədə dövlətçilik ənənələri olan xalqlar istər-istəməz ya Qərb, ya da Şərq mədəni mühitinə girmək zorunda idilər. Lakin tarixin gedişi nəticəsində Qərb mədəniyyəti (elm və texnikası) Şərq mədəniyyətini üstələdi və 20-ci əsrin əvvəllərində dünyada artıq Qərb mədəniyyəti sözün müsbət mənasında hegemonluq edirdi. Belə şəraitdə qeyd etdiyimiz məntiqə əsasən özünü ağıllı sayan millətlərin latın qrafikasına keçmələri düşünülmüş və düzgün addım sayılmalıdır. Məsələn, Türkiyə türkləri kimi. Bizdə isə şərait bir qədər başqa cür inkişaf etməyə başladı. SSRİ deyilən imperiya qapalı və totalitar bir recim idi. 70 il müddətində bu imperiyanın daxilində xüsusi özünəməxsus elmi, mədəni, texniki və iqtisadi yüksəliş baş verdi. Kiril əlifbasına keçməyimiz həmin lokal, qapalı mədəni məkandan kənarda qalmamağımızın başlıca stimulu oldu. Bu gün artıq SSRİ yoxdur və bütün dünya biz istəsək də, istəməsək də yalnız bir istiqamətdə – Qərb mədəniyyəti, elmi, texnikası və iqtisadiyyatı istiqamətində inkişafdadır. Ağıllı millətlərin, o cümlədən biz türklərin bu mədəniyyətdən – latın əlifbasından kənarda qalmağımız mümkün deyildir. Yaxın dövrlərdə digər xalqların da, o cümlədən rusların, yaponların və s. bu əlifbaya keçmələri labüddür. Burada bir məsələyə də diqqət yetirmək vacibdir. Savadlı cəmiyyətin əlifba dəyişməsi daha çətin və ağrılı olur. Ancaq bu çətinliklər bizim cəmiyyətimiz üçün müvəqqətidir və tez bir zamanda həll olunandır.
Torpaqlarımızın müvəqqəti işğal altında olması bu gün yaşadığımız tarixi proseslərin dəyərini aşağı salır və bütün bu yenilikləri və hadisələri düzgün qiymətləndirməyə imkan vermir. Lakin problemlərimiz bir-biri ilə qarşılıqlı zəncirvari əlaqədar olduqlarından həmin problemləri yaradan səbəblərin aradan qaldırılması üçün onların nəticələrinin ləğv olunmasına çalışmalıyıq.