Zərdüşt Əlizadə
Məğlubiyyət modelinin qələbəsi: xoruzlanmadan küskün uşaq mövqeyinə
Millətlərin torpaq uğrunda çarpışmalarına tarixdə minlərlə nümunə tapmaq mümkündür. Qalibin nə üçün qalib gəldiyi, məğlubun nə üçün basıldığı da təhlil edilmiş, aşkar qələbə və məğlubiyyət psixologiyası, davranışı və modeli ortaya qoyulmuşdur. İstəyən, ağlı çatan bu modelləri öyrənir və özünə lazım olanı seçir. Bəzi millətlər isə tarixdən heç nə öyrənmir, heç nə bilmir və tarixdə digərlərinin aləti olaraq qalır.
Azərbaycanın Qarabağ uğrunda çarpışmasının mərhələ və cəhətlərini təsvir və təhlil etdikdə gəldiyimiz acı, lakin gerçək nəticə odur ki, şüursuz da olsa, lakin biz məğlubiyyət modelini seçmişik. Biz xarici düşmən qarşısında vahid cəbhə yarada bilməmişik, vahid milli rəhbərliyimiz olmayıb, imkanlarımızı səfərbər etməmişik. Tarixdə məğlubiyyətlərin səbəbləri çox təsvir edilib və qiymətləndirilib. Bu səbəblərin hamısını Azərbaycanda son 15 ildə görə bilərik.
Filan ölkə nə üçün basıldı? Düşmən onun ərazisinə qədəm qoyduqda paytaxtda müxtəlif qüvvələr hakimiyyət uğrunda çəkişirdi. Bu, bizdə olubmu? Olub.
Filan ordu nə üçün basıldı? Təcrübəli peşəkarı kənarlaşdırıb onun yerinə boğazdan yuxarı danışan və əsassız vədlər verən naşını orduya rəhbər təyin etdilər. Bu, bizdə olubmu? Olub.
Cəmiyyəti səfərbər etmədən müharibə tonqalını qalamışıqmı? Bəli! Hakimiyyət naminə rəhbərimiz torpaq verib xaricdən xeyir-dua alıbmı? Bəli!
Düşməni içəridən parçalamaq əvəzinə mənasız hədələrlə onu daha sıx birləşdirmişikmi? Bəli.
Əli silah tuta bilən kişiləri qürbətə qaçırmışıqmı? Bəli! Qaçqınların nifrət və qəzəbini bir loğma çörək diləyinə çevirmişikmi? Bəli!
Daha nədən inciyirik?
Ən əsas səbəb odur ki, Azərbaycanın yürütdüyü siyasət məğlubiyyət modelinə uyğundur, bu modelin mənbəyi isə təfəkkürdə gerçəkliyin deyil, keçmişlə bağlı əsatirin üstünlük təşkil etməsidir. Nə öz cəmiyyətimiz və onun imkanları, nə düşmən ölkə və onun imkanları, nə xarici dövlətlərin münaqişəyə və onun tərəflərinə münasibəti və təsir imkanları düzgün və hərtərəfli qiymətləndirilməmişdir. Milli şüurda münaqişənin keçmiş mərhələlərində baş vermiş qırğınlar və matəmlər çağdaş mərhələnin özəlliklərinin qiymətləndirilməsindən daha mühüm yer tutur. Qarabağın müdafiəsi üçün zəruri olan ümummilli səfərbərlik və birlik münaqişənin heç bir mərhələsində gerçəkləşməmişdir. Ölkədə münaqişəni öyrənən və qələbəni təmin edə biləcək dövlət siyasətini müəyyənləşdirən heç bir intellektual və inzibati mərkəz olmamışdır.
İkinci mühüm səbəb bütövlükdə cəmiyyətin, istərsə iqtidarlı-müxalifətli siyasi elitanın, istərsə də geniş əhali kütləsinin münaqişəyə hazır olmamasıdır. Münaqişənin sovet dövrü mərhələsində AKP MK-da 1-ci katib və ya Prezident məqamı uğrunda mübarizə əsas məsələ sayılırdı və kompartiya rəhbərliyi respublikanın siyasi və iqtisadi imkanlarını Qarabağ naminə səfərbər etmək üçün əməli addımlar atmaq əvəzinə Moskvaya nökərçilik uğrunda yarışa girmişik. Məhz bu siyasi korluq və milli məsələdə mənəviyyatsızlıq nəticəsində bu elita SSRİ-də gedən yeniləşmə prosesinə düşmən olan mühafizəkar cinaha sığınmışdı. Eyni zamanda 1989-cu ilin 2 yarısında Qarabağ mövzusu sayəsində ölkənin həlledici siyasi və mənəvi qüvvəsinə çevrilmiş AXC liderləri bu milli vəzifənin tələb etdiyi məsuliyyət səviyyəsinə qalxa bilməmiş və özünün müxtəlif elitadaxili siyasi çəkişmələrdə alət kimi istifadə olunmasına imkan vermişdir. Məhz o zamandan bəri müxalifət hərəkatının geniş sosial bazasının mütəmadi olaraq daralması prosesi gedir. Hakimiyyətə gəldikləri zaman azlıqda olan fəal qrupun istək və iradələrini ifadə edən milli-demokratlar kor-koranə xarici qüvvələrin münaqişəni dərinləşdirmək və genişləndirmək xəttinə tabe oldular, idarə və itaət etdikləri kütlənin səviyyəsində siyasət yürütdülər. Azadlıq meydanında mitinq zamanı səslənən şüarlar kütlənin psixologiyasının sərrast ifadəsi olaraq həm də məğlubiyyət modelinin üzərində asılan gerçək lövhə idi. «Bakıda hava soyuqdur, ermənilər toyuqdur.» Təbii ki, rəqib tərəfi toyuq sayan kütlə bizim tərəfi toyuğun müqabili olan xoruz sifətində görürdü və buna müvafiq siyasət yeridən lider-qəhrəmanların ardınca yürüyürdü. Eyni zamanda xarici qüvvələrdən asılılıq həm sovet dövründə, həm də müstəqillik illərində dövlət siyasətinə çox böyük təsir göstərmişdir və göstərməkdədir.
Məğlubiyyət modelinin ən aşkar mərhələsi hakimiyyətinin mənasını sərvət toplamaqda, neft, vəzifə və torpaq satmaqda görən Heydər Əliyevin prezidentliyə gəlməsi ilə başlanmış və indi də davam etməkdədir.
Azərbaycanın intellektual elitası münaqişəni gerçək tarixi-siyasi aspektdə əhaliyə çatdıra bilməmişdir. Münaqişənin həqiqi dərki dar çərçivədə qovrulan ziyalı dərnəyindən kənara çıxa bilməmişdir. Azərbaycanın xeyrinə hər hansı bir konstruktiv addım münaqişənin davamında maraqlı olan hakimiyyət və xarici qüvvələr tərəfindən etnik ədavət silahı ilə vurulur və zərərsizləşdirilir. Mövcud icra, qanunverici və məhkəmə hakimiyyətləri Qarabağa tam ögey münasibət bəsləyən ünsürlərdən ibarətdir. Eyni zamanda məğlubiyyətə köklənmiş, insanların vətən və torpaq sevgisini özlərinin vəzifə davasında alətə çevirmiş iqtidarlı-müxalifətli siyasi elitanın yalanlarından bezmiş əhali münaqişədən çiyrinmiş, özünün son sığınacağı olan fərdi həyatına qısılmışdır. Məhz buna görə möhtəşəm vətən həsrətli mitinqləri siyasi fəalların azsaylı toplantıları əvəz etmişdir.
Azərbaycan məğlubiyyət modelindən qurtula biləcəkmi? Bunun üçün nə qədər vaxt tələb olunur? Qələbənin təminatının zaman, maddi, bəşəri və intellektual resursları varmı? Bu sualın cavabı nəzəriyyədə mövcuddur, zira gerçəklikdə çox mühüm, lakin hələlik olmayan amillərlə şərtlənir.