Əhməd Qəşəmoğlu

Qarabağ probleminin həllinə sistemli yanaşma zərurəti

Sistemli düşüncə tərzi indiki dövrün ən zəruri tələbidir. Sürətlə gedən qloballaşma prosesində Yer üzünün özü bir qlobal idarə olunan sistemə çevrilməkdədir. Belə bir tarixi şəraitdə Yer üzündəki proseslərin hər biri yalnız sistemli yanaşma prinsipləri ilə daha uğurla araşdırıla, problemlər sistemli araşdırma yolu ilə daha tez həll edilə bilər.

Müasir elm təsdiq edir ki, istənilən bir proses, problem, hadisə müəyyən bir sistem kimi götürülüb təhlil edilə bilər. Həyatda mövcud olan hər bir şey müəyyən amillərin qarşılıqlı əlaqələrinin təzahürüdür. Təbii ki, Qarabağ problemi (qısa olaraq QP – kimi işarə edək) də istisna deyildir.

Təqdim olunan mövzunun kontekstində sistem dedikdə bir neçə amilin konkret bir funksiyanı yerinə yetirmək üçün qarşılıqlı əlaqədəki fəaliyyət mexanizmi nəzərdə tutulur. İndilikdə movcud olan sistem nəzəriyyəsi, sistemli təhlil, sistemli yanaşma metodları belə bir mexanizmi dərindən təhlil edib, həmin sistemlərin xarakterizə etdikləri problemlərin daha uğurlu həlli yollarını göstərmək imkanlarına malikdir.

Qarabağ problemi bir sistemdir. Müəyyən bir münaqişəni əks etdirən sistem. Bu münaqişənin həll edilməsi – həmin sistemin ləğv olunması üçün bu sistemə xas olan bir neçə parametrlər aydın təsəvvür olunub təhlil olunmalıdır:

Ən əvvəl bu sistemin konkret olaraq yaranma səbəbləri aydın təsəvvür edilməlidir;

QP sisteminin funksiyasının nədən ibarət olduğu və onun hansı konkret struktura malik olduğu müəyyənləşməlidir;

Bu sistem üçün mühit sayılan, bu sistemin fəaliyyətinə yardımçı olan sistemlər aydın müəyyənləşməlidir;

QP sisteminin fəaliyyəti üçün enerci mənbəyi sayılan amillər müəyyənləşməlidir.

Bu enercinin xarakteri və QP sisteminin tamlıq, möhkəmlik dərəcəsi, gücü müəyyənləşməlidir;

Bu sistemin strukturlarının qarşılıqlı əlaqə prinsipi və həmin strukturların tərkibi, yəni sistem üçün mühüm olan bütün amillər müəyyənləşməlidir. Strukturlaşmanın prinsipləri müəyyənləşməlidir;

Bu problemin həlli, yəni QP sisteminin funksiyasının dayandırıl­ması imkanları və yolları müəyyənləşməlidir və s.

Ümumiyyətlə, sistemli təhlil üçün vacib olan bütün informasiyalar əldə edilməlidir.

Eyni zamanda, QP sisteminin Azərbaycan üçün mövcud variantı - QP_Az, Ermənistan üçün mövcud variantı – QP_Ar, Beynəlxalq təşkilatlar üçün variantı – QP_BT və bir sıra xarici qüvvələr üçün mövcud variantlar barədə bilgi əldə edilməlidir. Qarabağ probleminin həllində maraqlı olanlar məhz bu sistemləri müqayisədə daha müfəssəl nəticəyə gələ bilərlər.

Problemin həlli ilk əvvəl qarşıya qoyulmuş məqsədin konkretləşməsindən başlamalıdır. Bu məqsəd müəyyənləşməmiş olanda araşdırmanın qarşısında duran vəzifələr, idarəetmənin konkret hədəfi və istiqamətləri də aydınlaşa bilməz. Təəssüflə qeyd etmək lazımdır ki, bu günə qədər Qarabağ problemi ilə məşğul olanların heç biri bizə bu problemin tezliklə həll olunacağını dedikdə konkret olaraq nəyi nəzərdə tutduqlarını aydın deməyiblər. Hamı deyir ki, problem həll olunmalıdır. Lakin necə? Azərbaycan xalqı həll dedikdə bir şey nəzərdə tutur, siyasətçilər bir şey, beynəlxalq təşkilatlar başqa bir şey, ermənilərsə tamamilə başqa bir şey, problemə maraqlı olan müəyyən qüvvə­lərsə ayrı bir şey. Hər bir xarici dövlət Qarabağ probleminin həllinə maraqlı olduqlarını dedikdə, bu marağın içərisində ən əvvəl öz ölkələrinin marağını nəzərdə tutur. Bizim siyasətçilər arasında Qarabağ probleminin həllində qarşıya qoyulan məqsəd dedikdə isə ən yaxşı halda – «ərazi bütövlüyümüzün qorunması» prinsipi irəli sürülür. Lakin gəlin baxaq görək, bu Qarabağ problemi təkcə «ərazi bütövlüyümüzün qorunması» ilə bitirmi? Hətta bu gün biz ərazi bütövlüyümüzün qorunmasına nail olsaq belə, bundan sonra Qarabağ münaqişəsinin saysız-hesabsız problemləri ilə qarşı-qarşıya duracağıq. Əgər biz ərazi bütövlüyümüzü bu gün bərpa etsək, sabah nə edəcəyimizi aydın təsəvvür edirikmi? Biz o sabahkı işlərimiz üçün zəmin yaratmaq üçün nə edirik? Elmi təhlillər aparmadan bu sahədə kim müəyyən effektli bir proqram hazırlaya bilər? Tibb elmində belə bir vəziyyət var - xəstəliyin müalicə olunması əvəzinə, onu bədənin bir yerindən başqa yerinə qovmaq. Biz bu gün Qarabağ probleminin həlli sahəsində elə özüllər yaratmağa borcluyuq ki, bu özüllər gələcəkdə problemin daha eybəcər fəsadlar verməsinin qarşısını alsın. Bu sahədə hansı işlərin görülməsini müəyyən etməkdə sistemli yanaşma metodlarından daha effektli heç bir vasitə yoxdur.

Əvvəla, Qarabağ probleminin yaranma səbəbləri ilə bağlı su­allar üzərində dayanaq. Son on altı ildə baş verənlər Qarabağ probleminin yaranmasının səbəblərini bir daha dəqiqləşdirməyə imkan verir. Siyasətdən xəbəri olan hər bir kəsə aydındır ki, bu səbəblər təkcə Dağlıq Qarabağ erməniləri liderlərinin, Ermənistan siyasətçilərinin, beynəlxalq təşkilat nümayəndələrinin dediklərindən ibarət deyildir. Bu münaqişənin yaranma səbəbləri dəqiq ay­dınlaşdırılmalıdır. Aydındır ki, bu səbəblər içərisində aşağıdakı kimi amillər də vardır: «Dünyadakı bir sıra xalqların, xüsusi ilə Avropa ölkələrinin Türkçülüyə münasibətindəki xof meyli», «Qərbin və bir sıra başqa ölkələrin islam dünyasına olan münasibəti», «Bu münaqişədə müəyyən beynəlxalq təşkilatların marağı», «Beynəlxalq ictimai fikir», «Bu münaqişədə qonşu dövlətlərin hər birinin ayrılıqda marağı», «Ermənistan dövlətinin marağı», «Dağlıq Qa­rabağ ermənilərinin marağı», «Azərbaycan tərəfindən atılan müəyyən addımlar» və s. və i.a. Bu amilləri yekun olaraq ek­spertlər müəyyənləşdirə bilərlər. Bütün bu amillər bir-biri ilə qarşılıqlı əlaqədə müəyyən bir sistem şəklində QP-nin yaranmasına səbəb olmuş, indi də onun enerci mənbəyi rolunu oynamaqdadırlar. İndi görək bu sadalanan və sadalanmayan gizli və aşkar amillərin zəifləməsi, aradan çıxması – ümumilikdə QP sisteminin ləğvi üçün hansı istiqamətdə hansı işlər gedir? Bu amillərin hər biri barədə danışdıqda hökmən sistemli təhlil əsasında danışmaq lazımdır. Yoxsa əksər hallarda, həm biz, həm də qarşı tərəflər bu amilləri birtərəfli izah edirlər: məsələn, ermənilər «türkçülüyü» faşizmdən də qorxunc bir şey kimi, biz isə dünyada ən ədalətli, yüksək mədəniyyət nümunəsi kimi təqdim eləməyə üstünlük veririk. Sistemli təhlilsə bizim özümüzə də olan potensialımızı indiki şəraitdə hansı şəkildə təqdim edəcəyimizin daha uğurlu olacağını müəyyənləşdirməkdə kömək edər. O zaman biz «İyirminci əsr türkün əsridir!», «Türkün türkdən başqa dostu yoxdur!» çağırışlarının nə qədər yerli-yerində olduğunu aydınlaşdıra bilərik.

Ən əvvəl sistemli yanaşma prinsipi zəruri hesab edir ki, bu amillərin özü bir sistem kimi araşdırılsın. Əgər təhlilləri bu istiqamətdə aparsaq, o zaman hansı işlərin daha əvvəl görülməsi zəru­rəti aydın ola bilər.

Biz isə dərin təhlillər aparmadan məsələni orta əsrlərə məxsus «qəhrəmanlıq» ladında həll etməyə çalışırıq. Qarabağ problemini həll etməkdə indi bizim ən gözəçarpan tədbirlərimiz aşağıdakılardır:

1) Ermənistanı Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə olan iqtisadi layihələrə yaxın buraxmamaq; 2) Türkiyənin Ermənistanla qarşılıqlı əlaqələr qurmaması; 3) Erməniləri qatil, təcavüzkar elan edərək onlarla bir stol arxasında oturmamaq; 4) Ermənilərin Azərbaycana gəlişini bir sensasiyaya çevirmək və b.k. başqa tədbirlər. Sistemli təhlil bu amillərin, əsasən, yarımçıq uğurlar əldə etməsinə kömək edə biləcəyini, ümumilikdə problemin həllinə kömək edə bilməyəcəyini göstərir. Misal üçün, bu gün bizimlə ermənilər arasındakı dialoq məsələsi müzakirə olunan məsələlərdən biridir. Məlum olduğu kimi, siyasətsçilərimiz, əhalinin böyük əksəriyyəti dialoqun tərəfdarı deyil. Lakin bunun nə dərəcədə işin xeyrinə olduğunu kəsinliklə demək mümkün deyil. Bu da sistemli təhlil olunmalıdır. Məsələn, mən bir hipotez olaraq deyirəm ki, əgər biz öz cəmiyyətimizdən 20-30 intellektli, milli təəssüblü, hadisələri dərindən bilən, nüfuzlu adam seçib hazırlasaydıq və bu dialoqu onlara tapşırsaydıq, QP-nin həlli istiqamətində daha ciddi addımlar ata bilərdik. Yoxsa indi oturub gözləyirik ki, hansısa beynəlxalq təşkilatlar bizim üçün məqbul təkliflər paketi hazırlayacaqdır.

Əgər biz bu gün dünyaya inteqrasiya prosesindəyiksə, bu səpkili problemlərimiz yalnız dünyanın aparıcı dövlətlərinin köməyi ilə həll edilə bilərsə, bizim özümüzün bu problemlərin həlli üçün atdığımız addımlar beynəlxalq, xarici qüvvələrin əmələ gətirdiyi sistemin tələblərinə uyğun olmalıdır. Yalnız «qəhrəmanlıq», təzyiq metodları sistemlilik prinsipindən uzaq olan birtərəfli metodlardır.

Yuxarıdı deyildiyi kimi, sistemli yanaşma metodu isə konkret olaraq tələb edir ki, Qarabağ probleminin həlli dedikdə konkret olaraq hansı məqsədin nəzərdə tututlduğu tamamilə aydın şəkildə ifadə edilsin. Bu problemin həlli ilə məşğul olan qüvvələr çox olduqca və onların məqsədləri arasında fərqlər də çox olduqca, problemin həlli də bir o qədər çətinləşmiş olacaq.

Bizim Azərbaycan tərəfi olaraq problemin həlli üçün həm uzun, orta müddətli, həm də cari məqsədlərimiz müəyyənləşməlidir.

Qarabağ probleminin həlli məsələsində uzunmüddətli məqsəd təbii ki, ədalətin bərpa olunması, ərazi bütövlüyümüzün lazımi şəkildə qorunması, Azərbaycanın ən gözəl guşələrindən biri, musiqiçilər məkanı olan Qarabağın respublikamıza harmonik şəkildə inteqrasiya olunmasıdır. Bunun üçün orta müddətli məqsədimiz ilk növbədə problemə təsiri olan qüvvələrin məqsədlərinin bir-birinə yaxınlaşmasından, bu məqsədlərin razılaşdırılmasından başlamalıdır. Biz diqqəti məqsədləri bizim məqsədlərdən fərqli olanları inandırmağa, öz məqsədləri yolunda korrektələr etmək yolunda fəaliyyət göstərməliyik. Buna sistemli yanaşmada «məqsədlərin razılaşdırılması» deyilir. Həm də bu inandırma təkcə təbliğat, lobbiçilik kimi işlərlə yerinə yetirilə bilməz. Eyni zamanda ciddi əməli işlər görülməlidir. Bizim bu fəaliyyətlə bağlı bir fəaliyyət proqramımız olmalıdır. Doğrudur, deyilə bilər ki, bu sahədə dövlət, prezident səviyyəsində fəaliyyət göstərilir. Lakin sistemli yanaşma prinsipi ilə təhlil etsək, bu fəaliyyətin kifayət olmadığı aydın olar. Bu fəaliyyət də sistemli şəkildə göstərilməlidir. Bizim Qarabağ problemi ilə məşğul olacaq fəaliyyət sistemimizdə bir sıra komponentlər bir-biri ilə qarşılıqlı əlaqədə –effektli, güclü bir sistem əmələ gətirərək fəaliyyət göstərməlidir. Bu komponentlər əsasən aşağıdakılardır (rəqəmlər mühümlük dərəcələrini göstərmir):

respublika prezidenti; 2) parlament; 3) güc strukturları; 4) siyasi partiyalar; 5) elmi araşdırma mərkəzləri; 6) müxtəlif hökumət strukturları; 7) QHT–lər, ictimai təşkilatlar; 8) müxtəlif maddi imkanlı şəxslər; 9) əhali arasında böyük nüfuza malik ziyalılar; 10) elm adamları; 11) incəsənət xadimləri; 12) əhalinin müxtəlif təbəqələri; 13) KİV; 14) lobbi; 15) Türkiyə; 16) müsəlman ölkələri və s.

Bu komponentlərin sayını və məzmununu müəyyənləşdirmək yenə də ekspertlərin işidir.

Bu amilləri əlaqələndirib güclü bir sistem halına gətirmək Qarabağ probleminin həlli sahəsində ən vacib məsələlərdən biridir.