Mehdi Şərifov

Ermənistan tərəfindən Qafqazda

ətraf mühitin qəsdən çirkləndirilməsi

Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq insan fəaliyyətinin kəmiyyət və keyfiyyət göstəricilərinin artması ətraf mühitə antropoloji təsirin çoxalması ilə nəticələnmişdir. Nəticədə ətraf mühitin qorunması bəşəriyyətin qlobal probleminə çevrilmiş və özünün həlli üçün beynəlxalq səviyyədə əməkdaşlığın həyata keçirilməsi zəruriliyini doğurmuşdur. Qeyd etmək lazımdır ki, ekoloji problemin həlli yollarının araşdırılmasında dönüş anı hesab olunan Rio-de-Janeyro konfransının yekunları məhz bu səciyyədə olmuşdur.

Cənubi Qafqaz bölgəsində ətraf mühitin qorunması regiona daxil olan dövlətlərin əməkdaşlıq etməsini tələb edir. Qafqazda mövcud ekoloji sistemlərin bir-biriləri ilə sıx əlaqədə olması, həmin sistemin sabitliyini təmin edilməsini gündəlikdə olan ən mühüm məsələyə çevirir. Lakin bölgədə yaranmış milli-etnik qarşıdurmalar Qafqaz dövlətləri arasında əməkdaşlığın genişlənməsini ləngitmiş və regionun ekoloji durumuna mənfi təsir göstərmişdir. Qafqazda dövlətlərarası əməkdaşlığın inkişafına maneçilik törədən əsas amillərdən biri bu məsələyə erməni etnosunun «özünəməxsus» yanaşmasıdır. Belə ki, müasir dövrümüzdə ermənilər Cənubi Qafqazda vahid bir siyasi sistemin yaradılmasına dəfələrlə etiraz etmişlər. Bütün Qafqaza iddia edən ermənilər bu ərazidə digər millətlərin yaşamasını müvəqqəti bir amil kimi qiymətləndirir və bununla əlaqədar olaraq azərbaycanlıların, gürcülərin, acarların və digər millətlərin nümayəndələrinin Qafqazdan köçürülməsi iddiası ilə yaşayırlar. Ermənilərin bu yanaşma metodu XX əsrin sonunda Azərbaycanın təcavüzə məruz qalması və Gürcüstanın Samtsxeti-Cavaxetiya bölgəsində separtçılığın güclənməsində öz əksini tapmışdır. Ermənilərin «özünəməxsusluğu» Qafqazın ətraf mühitinin qorunması probleminə təsir göstərməyə bilməzdir.

Elmi-texniki tərəqqidən sonra Ermənistanda ekoloji durum kəskin sürətdə geriləməyə başlamışdır. Belə ki, artıq 80-ci illərin sonlarında Ermənistanda ekoloji gərginlik böhrana çevrilməsi təhlükəsi ilə üzləşmişdir. Ermənistanın kimya, metallurgiya və energetika sənayesi obyektlərinin istismarı nəticəsində ətraf mühit kəskin şəkildə çirklənməyə başlanmışdır.

Kənd təsərrüfatının düzgün təşkil edilməməsi ölkənin torpaq sahələrinin erroziyaya uğramasına səbəb olmuşdur. Nəticədə keçən əsrin sonunda Ermənistanda erroziya prosesləri kütləvi xarakter almışdır. Dağ-mədən və tikinti materialları sənayesinin fəaliyyəti nəticəsində ölkənin 4,3 min hektar ərazisi yararsız vəziyyətə salınmışdır. Bununla yanaşı, ölkənin kənd təsərrüfatında yeraltı suların üzə çıxarılması üçün istifadə edilən bulaqlar vasitəsilə torpaq suvarmasının kütləvi xarakter alması yeraltı suların balansının kəskin xarakterdə dəyişmiş və torpaqların bataqlaşması ilə nəticələnmişdir.

Sovet imperiyasının dağılması Ermənistanda ekoloji durumun nisbi olaraq yaxşılaşması ilə sona yetmişdir. Böhran nəticəsində Ermənistanda sənaye obyektlərinin əksəriyyətinin dayanması ətraf mühitə antropoloji təsirin həcmini azaltmışdır. Qeyd etmək lazımdır ki, sabitləşmə müvəqqəti xarakter daşımış və ölkə iqtisadiyyatının böhrana düçar olması ilə nəticələnmişdir.

 Hal-hazırda Ermənistan rəhbərliyi ölkənin istehsal sahələrini genişləndirmək üçün müəyyən tədbirlər həyata keçirir və ölkəyə kütləvi şəkildə xarici investisiyaların cəlb edilməsi istiqamətində ad­dımlar atır. İstehsal göstəricilərinin aşağı düşməsinə baxmayaraq, Ermənistanın ətraf mühitin qorunması sahəsində əsaslı dəyişikliklər müşahidə olunmamışdır.

 Maraqlıdır ki, ölkənin mənzil-təsərrüfat xidmətlərinin fəaliyyəti ekoloji baxımdan bərbad səviyyədə təşkil edilmişdir. Nəticədə, 90-cı illərin ortalarından başlayaraq Ermənistanda ekoloji çirklənmənin 80%-i mənzil-təsərrüfat xidmətlərinin fəaliyyəti ilə əlaqədardır. Sonuncu göstərici ermənilərin əslində ətraf mühitə yanaşmasının nə dərəcədə mənfi olması ilə bağlıdır.

Xüsusi vurğulamaq lazmdır ki, ermənilərin ətraf mühitin qorunmasına biganə yanaşması təsadüfi hadisə deyildir. Ermənilər hazırkı Ermənistan Respublikasının ərazilərini öz tarixi vətəni kimi dünya ictimaiyyətinə tanıtmağa cəhd göstərirlər. Həmin ərazilərin isə ermənilərin yurdu olmadığı mühüm mədəni amillərlə səciyyələnir. Belə ki, ermənilərin Ermənistan Respublikasının hazırkı sərhədlərində torpaq­ları arasında tarixi-mədəni əlaqələr zəifdir. Sonuncu amil ətraf mühitin qorunmasında ermənilərin biganə qalması ilə özünü büruzə verir. Belə ki, həmin torpaqlar tarixi vətən olmadığı səbəbindən ermənilər öz daxilində məsuliyyət hissi keçirmirlər.

Bu baxımdan, Göyçə gölü (Sevan gölü) ətrafında yaranmış qalmaqal xüsusi maraq doğurur. Faktiki olaraq Göyçə gölündə ekoloji fəlakət müşahidə edilir. Belə ki, XX əsrin ortalarının göstəriciləri ilə müqayisə etdikdə 90-cı illərin əvvəllərində Göyçə gölünün dərinliyi 18,5 metr, ərazisi 12% azalmışdır. Göyçə gölünün su ehtiyatları 40% enmiş və gölün ekosistemi böhran vəziyyətə düşmüşdür. Bu dəyişikliklər Göyçə gölü ekosisteminin məhv olması təhlükəsini özündə cəmləşdirir. Buna baxmayaraq, 1991-ci ildə yerli alimlərin qəti etirazını nəzərə almayaraq, Ermənistan rəhbərliyi Göyçə gölündə elektrostansiyasının tam işə salınması qərarını qəbul edilməsindən çəkinməmişdir.

Qeyd olunmalıdır ki, Ermənistanın ekoloji problemlərə biganə yanaşması dövlətin daxili səviyyəsi ilə məhdudlaşmır. Ermənilər nəinki öz dövlətinin daxilində ətraf mühiti təmin etməyə can atmırlar, hətta öz addımları ilə Cənubi Qafqazın diqər ölkələrinin ətraf mühitinə təhlükə yaradırlar.

Ermənistanın seysmik zonada yerləşməsi və ərazinin dağlıq landşaftının təşkil etməsi mühüm əhəmiyyət kəsb edir. Ötən əsrin 70-ci illərinin sonlarında Ermənistanda Metsamor nüvə elektrik stansiyasi işə salınmışdır. Elektrik stansiyasının inşası ilə Ermənistanın elektrik tələbatları tam təmin edilmişdir. Lakin elektrik stansiyasının quruluşunda mövcud nöqsanlar və Ermənistanın seysmik regionda yerləşməsi ilə əlaqədar ölkənin «yaşılları» obyektin fəaliyyətinin 1989-cu ildə dayandırılmasına nail olmuşdular. Xüsusi qeyd olunmalıdır ki, Metsamor nüvə elektrik stansiyasının quruluşu yerləşdiyi zonanın seysmik təhlükəsizlik göstəricilərinə uyğun gəlmir. Lakin 1994-cü ildə ölkə rəhbərliyi nüvə elektrik stansiyasının bərpa edilməsi üzrə bir sıra qərarlar qəbul etmişdir. Ermənistan Respublikası rəhbərliyinin səyləri nəticəsində 1995-ci ilin oktyabr ayında Metsamor nüvə elektrik stansiyası yenidən işə salınmışdır. Beləliklə, Ermənistan bölgənin digər dövlətlərinin əhalisinin təhlükəsizliyini sual altına qoyaraq şəxsi maddi maraqlarını önə çəkmişlər. Bununla yanaşı, Metsamor nüvə elektrik stansiyasının yenidən işə salınması ilə əlaqədar olaraq nüvə tullantılarının basdırılması problemi yaranmışdır. Rəsmi olaraq xususi tullantıların basdırılması üçün konteynerin inşa edilməsi istiqamətində tədbirlərin görülməsi bəyan edilmişdir. Lakin, nüvə tullantılarının basdırılmasını Azərbaycanın zəbt eilmiş ərazilərində həyata keçirilməsini istisna etmək olmaz. Müxtəlif dövlətlərin kütləvi informasiya vasitələrində artıq bu mövzu üzrə ayrı-ayrı dövrlərdə dəfələrlə məlumat verilmişdir. Beləliklə, Ermənistan rəhbərliyi şüurlu şəkildə beynəlxalq ekoloji qanun pozuntularına yol verir.

Ermənistanın qonşularının ekoloji tələbləri ilə hesablaşmaması Metsamor nüvə elektrik stansiyasının yenidən işə salınması ilə məhdudlaşmır. Bu baxımdan Ermənistanın su resurslarının çirkləndirilməsi istiqamətində əldə etdiyi «nailiyyətləri» xüsusi maraq doğurur. Erməni tərəfi su resurslarının təmizlənməsinə dair lazımı tədbirlərin görülməsindən boyun qaçırır. Çirklənmiş suların əksər hissəsi Araz və Kürə axıdılır. Nəticədə, son illər ərzində Araz və Kürün suları qəsddən, şüurlu şəkildə çirkləndirilmişdir. Statistik nəticələrin təhlili bu addımın Ermənistan rəhbərliyinin göstərişləri ilə yerinə yetirilməsi barədə ehtimal irəli sürməyə əsas verir. Sadalananları ümumiləşdirərək belə nə­ticə çıxarırıq ki, Azərbaycana axan su arteriyalarının çirkləndirməklə ermənilər «ekoloji müharibə» aparır. Əslində, Ermənistan rəhbərliyinin bu istiqamətdə addımları tədricən keçirilən ekoloji soyqırım kimi qiymətləndirilməlidir. Təəssüf ki, hazırda günahkar olan şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi məsələsi ictimaiyyətdə aktuallaşmamışdır. Buna baxmayaraq, müvafiq ictimai rəyin və hüquqi əsasların yaradılması istiqamətində tədbirlərin görülməsinə artıq zərurət yaranmışdır. Təqdim edilmiş tezislər nəzərdən keçirilmiş problemin geniş ictimaiyyətə çatdırılması məqsədini güdür. Fikrimizcə, bu istiqamətdə səylərin artırılması məqsədəuyğundur. Beynəlxalq, o cümlədən regional səviyyədə Ermənistanın müvafiq dairələrini ekoloji məsuliyyətə (hüquqi, mənəvi və sair) cəlb edilməsi məsələsinin gündəmə gətirilməsi anı yetişmişdir.