Məhərrəm Zülfüqarlı

Azərbaycanda erməni təxribatlarına qarşı

mübarizənin tarixşünaslığı (XX əsrin 40-50-ci illəri)

Azərbaycanın ərazi bütövlüyünə qarşı bütün dövrlərdə olduğu kimi, XX əsrin 40-50-ci illərində də erməni təxribatları baş vermişdi. Bu təxribatlara qarşı Azərbaycan vətəndaşlarının mübarizəsinə bir sıra kitab və məqalələr həsr olunmuşdur.

E.İsmayılovun 2003-cü ildə rus dilində nəşr olunmuş «Hakimiyyət və xalq. Azərbaycanda müharibədən sonrakı stalinizm (1945-1953)» kitabında buna aid bir sıra faktlar var.

1945-ci ilin noyabrında Ermənistan Kommunist Partiyasının rəhbərliyi Stalinə məktubla müraciət edib yenidən Dağlıq Qarabağ məsələsini qaldıraraq bu ərazinin Ermənistana verilməsini tələb etmişdir. Stalin həmin məktubu G.M.Malenkova, o da M.C.Bağırova göndərmişdir. M.C.Bağırov cavab məktubunda aşağıdakıları bildirmişdir: «... ÜİKP(b)P MK-nın nəzərinə çatdırmağı zəruri hesab edirik ki, DQMV-nin Etmənistan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə baxılarkən, Ermənistan SSR-in Azərbaycan Respublikasına bitişik olan və əsasən azərbaycanlıların məskunlaşdığı Əzizbəyov, Vedi və Qarabağlar rayonlarının Azərbaycan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır... Gürcüstanlı yoldaşlar Azərbaycan SSRİ-in Baləkən, Zaqatala və Qax rayonlarının Gürcüstan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsini qoyurlar. Göstərilən rayonlarda əhalinin ümumi sayı 79 min nəfərdir ki, bunlardan cəmi 9 min nəfəri gürcü-ingiloylardan ibarətdir. Gürcüstan SSRİ-nin demək olar ki, yalnız azərbaycanlıların yaşadığı və Azərbaycan SSRİ-yə bitişik olan Borçalı ray­onunun Azərbaycan SSRİ-nin tərkibinə daxil edilməsi məsələsinə də baxılmalıdır. Nəhayət biz Dağıstan SSRİ-nin keçmişdə Azərbaycanın bir hissəsi olan, Bakı quberniyasının tərkibinə daxil olan və hazırda Azərbaycan SSRİ-yə bitişik Dərbənd və Qasımkənd rayonları ərazilərinin Azərbaycan SSR-nin tərkibinə daxil edilməsi məsələsinə baxmağınızı xahiş edirik.»

1947-ci ildə yenidən Azərbaycanın gürcü və ingiloy əhalisi arasında separatçı təbliğatın aparılması haqqında xəbərlər daxil olan kimi təcili həmin rayonlara Azərbaycan rəhbərliyinin göstərişi ilə səlahiyyətli komissiya göndərilmişdir. Komissiya Azərbaycan və gürcü xalqları arasında düşmənçilik ideyalarını yayan Gürcü Patriarxının nümayəndəsi və Gürcüstan Nazirlər Sovetinin provoslav kilsə şurasının səlahiyyətli nümayəndəsi Aleksey Natadzeni təcili olaraq Azərbaycan ərazisindən çıxarmağa nail olmuşdu. Stalin və Beriyanın gürcü olmasından çəkinməyərək, o zaman məsələyə bu cür kəskin reaksiya vermək asan məsələ deyildi. M.C.Bağırov diplomatik manevr edərək, Gürcüstan K(b)P MK-nın birinci katibi Q.Çarkivaniyə məktubla müraciət etmişdir. Məktubda xahiş olunurdu ki, gələcəkdə antisovet təbliğat üstündə məhkum olunmuş və indi də antisovet təbliğatla məşğul olan şəxsləri həmin rayonların məktəblərinə işləmək üçün göndərilməsin.

M.C.Bağırov müharibə dövründə bütövlükdə Azərbaycan xalqını sürgün olunmaqdan qurtara bilsə də, 1948-1953-cü illərdə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya olunmasının qarşısını ala bilmədi. Lakin buna baxmayaraq, müharibədən sonrakı illərdə o, erməni saxtalaşdırıcılarının xalqımıza qarşı irəli sürdükləri ideoloji təxribatların dəf edilməsi sahəsində mühüm işlər görmüşdür. Bu dövrdə ermənilər M.C.Bağırova xoş gəlmək üçün ona şerlər qoşmuş, Qafan seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa onun namizədliyini irəli sürürdülər. M.C.Bağırov bütün bu erməni hiyləgərliyinin arxasında nələrin gizləndiyi dəqiq bilir və onların məkirli niyyətlərinə qarşı barışmaz mübarizə aparırdı. Məsələn, M.C.Bağırov 1946-cı ildə Marietta Şaqinyanın 20-ci illərdə yazdığı «Sovet Zaqafqaziyası» kitabının yeni­dən nəşr olunmasına etiraz etmiş və bu barədə ÜİK(b)P MK-nın katibi A.Cdanova məktub yazaraq, bu kitabın yığışdırılmasını tələb etmişdi. Bundan sonra kitab yığışdırılmış və erməni yazıçısından izahat tələb edilmişdi. O, da Azərbaycan SSRİ Nazirlər Soveti sədrinin müavini Mirzə İbrahimova məktub göndərərək səhvlərini etiraf etmiş və Azərbaycan xalqına dost münasibəti bəslədiyini bildirməyə məcbur olmuşdur. Bundan başqa 1947-ci ildə Xolopovun 1947-ci ildə Moskvada nəşr olunmuş «Buxtada alov» kitabına da etiraz edilmişdir. Kirovun Azərbaycandakı fəaliyyətinə həsr olunmuş bu kitabda bir nəfər də azərbaycanlı müsbət qəhramanın olmaması, əsas mərkəzi fiqurun er­məni olması və azərbaycanlıların ermənilərin qaniçəni kimi ittiham olunması M.C.Bağırovu hiddətləndirmiş və bu barədə ÜİK(b)P MK-nın katibi G.Malenkova məktub göndərilmişdi. Digər məsələ 1951-ci ildə Azərbaycan KP MK Ermənistan KP MK-ya göndərdiyi məktubla bağlıdır. Məktubda Mortirosov adlı şəxsin «Bakıda 1918-1919-cu illərdə ingilis işğalı» mövzusunda yazdığı dissertasiyada böyük elmi və siyasi səhvlər olduğu üçün müdafiəyə buraxılmasına etiraz etmişdi. Məktubda bildirilmişdi ki, bu iş Azərbaycan Dövlət Universiteti tərəfindən rədd edildikdən sonra Yerevan universitetində müdafiə üçün qəbul edilməsi yolverilməzdir. Ermənistan KP Azərbaycan tərəfinin etirazını qəbul etməyə məcbur olmuş və bu barədə Ali Atestasiya Komissiyasına xəbər vermişdir.

C.Bəhramovun «Tarix və onun problemləri» jurnalının 1998-ci il tarixli 1-ci sayında dərc olunmuş «Azərbaycan dəniz neftçıxarma sənayesinin yaranmasının naməlum səhifələri (1949-1960-cı illər)» adlı məqaləsində erməni təxribatlarına aid sovet tarixşünaslığında işıqlandırılmamış faktlar öz əksini tapmışdır.

Məqalədə göstərilmişdir ki, dünya təcrübəsində ilk dəfə olaraq 1949-cu il noyabrın 7-də uzun illər ərzində Azərbaycan alim və mühəndislərinin apardıqları elmi-praktik axtarışların nəticəsində Xəzər dənizinin «Neft daşları» rayonunda gündəlik debiti 100 ton olan 1 saylı quyu fontan vurmuşdu. Bu uğurlu nəticədən sonra 1949-cu il dekabrın 11-də SSRİ Nazirlər Soveti «Azərbaycan SSRİ-də dəniz neft yataqlarının kəşf edilməsi və istifadəyə verilməsi tədbirlərinin yaxşılaşdırılması haqqında» qərar qəbul etmişdir. Müəllif Xəzər neftinin fəth edilməsi prosesinə yaradılan maneələri faktlarla işıqlandırmışdır. O qeyd etmişdir ki, SSRİ Neft Sənayesi Nazirinin referenti, 1948-ci ilədək «Azərneftin» baş geoloqu işləmiş Helkvistin Azərbaycana düşmən olan qüvvələrin köməyi ilə nazir N.K.Baybakovu əsas neft yataqlarının dənizdə deyil, Gəncə və Şamaxı ərazilərində yerləşdiyinə inandırmışdır. 1954-cü il iyulun 29-da Bakıda keçirilmiş müşavirədə nazir çıxış edərək 1948-1953-cü illərdə Azərbaycan neft sənayesində əsaslı tikinti üçün ayrılmış 10,2 milyard manatın lüzumsuz olduğunu, bu qədər maliyyə vəsaitinin M.C.Bağırovun İ.V.Stalinlə dostluğu nəticəsində Azərbaycana ayrıldığını sübut etməyə çalışmışdır. Azərbaycan neftçilərinin gə­tirdikləri əsaslı dəlillərə baxmayaraq, nazir müşavirədəki çıxışında 1955-ci il üçün nəzərdə tutulan əsaslı vəsaiti 2,2 dəfədən çox azaldılaraq 700 milyon manata endirildiyini və Azərbaycanı iqtisadi cəhətdən perspektivsiz neft rayonları qrupuna aid edildiyini bildirmişdir. Bunun da nəticəsində Azərbaycanda 1955-ci ildə 1954-cü ilə nisbətən neftçıxarmanın səviyyəsi 2,2 dəfə, kəşfiyyat qazma işlərinin səviyyəsi 4,4 dəfə azalmışdır. Müəllif qeyd etmişdir ki, Azərbaycanda neft sənayesinin inkişafına düşmən olan qüvvələr əsas vəsaitin SSRİ-nin şərq ray­onlarına qoyulmasına çalışırdılar. 1956-cı ildə SSRİ Dövlət Plan Komitəsinin sədr müavini Mkırtıçyan Partiya Nəzarəti Komitəsinin sədri N.Şvernikə məktub göndərərək Azərbaycan neft sənayesinə və ilk növbədə Xəzərdə neft çıxarılmasına vəsait ayırmağın mənasız olduğunu bildirmişdir. Lakin Azərbaycan KP MK-nın 1-ci katibi İ. D.Mustafayevin 1957-ci ilin fevralında Azərbaycan neft sənayesinin, o cümlədən Xəzər neft yataqlarının iqtisadi cəhətdən perspektivliyini sübut edən 13 səhifəlik sənədlə Moskvaya gedərək, SSRİ rəhbərliyini inandırması Azərbaycana qarşı irəli sürülən təxribatın baş tutmasına imkan verməmişdi.

Bütün bu faktlar göstərir ki, hətta SSRİ daxilində Azərbaycan sərvətlərinin istismar edilməsi ilə onun şöhrət qazanmasına düşmən münasibət bəsləyən qüvvələr də var idi ki, bu cür qüvvələrin təsiri ilə sovet rejimi daxilində Azərbaycana qarşı yeridilən ayrı-seçkilik siyasəti bəzən daha kəskin şəkil alırdı.

B.Nəcəfovun 1998-ci ildə nəşr olunmuş «Deportasiya» kitabının əvvəlində Azərbaycan Respublikası Prezidentinin «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında» 18 dekabr 1997-ci il tarixli fərmanının tam mətni verilmişdir. Fərmanda göstərilmişdir ki, SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948 ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSRİ ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olun­muşdur... Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin də öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamış­dır.

Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir”.

Kitabın «Giriş sözü əvəzi» başlıqlı hissəsində müəllif yazır: «... 1947-1953-cü illər deportasiyası heç də fərdi akt, Stalin rejiminin iradi qərarı deyildir, bu deportasiya - Ermənistan «sovet» (oxu «daşnak») rəhbərliyi ilə «Daşnaksütyun» partiyasının xaricdəki mərkəzlərinin birgə şəkildə həyata keçirdikləri təcavüzlər, provokasiyalar, böhtanlar və siyasi şantajlar silsiləsindəki növbəti qanunauyğun halqası idi. Bu fikrin ... həqiqət olduğunu bilmək üçün sənədləri, - «Daşnaksütyun»-un X1V konqresinin Direktivini (iyun, 1947-ci il) və bundan az sonra azərbaycanlıların Ermənistandan köçürülməsi haqqındakı sovet direktiv orqanlarının qərarlarını xronoloji baxımdan müqayisə etmək kifayətdir”.

Kitabın birinci fəsli «Avanturist niyyətləri həyata keçirmək üçün geniş meydan», ikinci fəsli «Köçürmə-erməni şovinizminin təzahürü kimi», üçüncü fəsli «Pambıqla kəsilən başlar». Deportasiyanın başa çatması», nəticə isə «Faciənin qanlı dərsləri» adlanır.

Kitabın əlavələr hissəsində SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli 4083 nömrəli və 10 mart 1948-ci il tarixli 754 nömrəli qərarlarının tam mətni , 1948-1956-cı illərdə Ermənistan SSRİ-dən Azərbaycan SSRİ-nin Kür-Araz ovalığına və digər ərazilərə köçürülənlərin sayı haqqında arayış verilmişdir.

Y.Pompeyevin 1992-ci ildə Bakıda rus dilində nəşr olunmuş «Qarabağ qan girdabında» kitabında Dağlıq Qarabağ probleminin yaranma səbəbləri göstərilmiş və erməni terrorçuluğu tarixi faktlarla ifşa edilmişdir.

Kitabda göstərilir ki, ermənilər A.Mikoyanın köməkliyi ilə 50-ci illərin axırlarında da Dağlıq Qarabağ məsələsini qaldırmağa cəhd etmişlər. Onların müracətinə N.S.Xuruşov belə cavab vermişdir: «Mən Dağlıq Qarabağ ermənilərinin Ermənistana bir sutka ərzində köçürülməsini təmin etmək üçün 12 min hərbi yük maşını ayrılmasını təklif etməyə hazıram». N.S.Xuruşovun bu sözləri onları geri çəkilməyə məcbur etmişdir.

Bu cür faktlar onu göstərir ki, başqa dövrlərdən fərqli olaraq, 1985-ci ilin aprelindən irəli sürülmüş yenidənqurma siyasəti ermənilərə öz məkrli məqsədlərini həyata keçirmək üçün əlverişli şərait yaratmışdır.

Fikrimizcə, müasir dövrdə erməni təxribatlarına qarşı müvəffəqiyyətlə mübarizə aparmaq üçün Azərbaycan tarixinin bütün dövrləri, o cümlədən XX əsrin 40-50-ci illəri də yenidən tədqiq olunmalıdır.