Sevda Süleymanova

XX əsrin əvvəllərində Qarabağ bölgəsində milli oyanış

XX əsr milliyyət və hürriyyət əsridir. Azərbaycan da XX əsrə yetkin bir xalq olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoymuşdur. Bu dövrdə inkişaf etməkdə olan sənaye, ticarət, bank sahəsində çalışan milli burcuaziya və görkəmli ictimai-siyasi xadimlər, ziyalılar öz həyat və fəaliyyətlərini Azərbaycan xalqının savadlanması, milli şüurunun oyanması, milli istiqlal və demokratiya uğrunda mübarizəyə sərf etmişlər.

Milli istiqlal ideyasının banisi M.Ə.Rəsulzadə ilk milli mətbuat olan “Əkinçi” qəzetinin 50-ci ildönümü münasibətilə yazdığı “Azəri mətbuatının şanlı xatirəsi” adlı məqaləsində göstərirdi ki: “Milli şüur bir ünsiyyət içərisindən çıxan rəhbər zümrənin digər zümrə və fərdlərlə daim və üzvi bir münasibət və ixtilat təmin etməsilə doğar. Qəzetlərin bu xüsusdakı rolu aşkardır” (“Yeni Qafqazya”, №9, 1926, İstanbul.). Həqiqətən də “Əkinçi” qəzeti Azərbaycanda milli oyanışın başlanğıcını qoymuşdur. Bu ilk türk qəzetinin işıq üzü görməsi ilə əlaqədar böyük mütəfəkkir Həsən bəy Zərdabiyə göndərilən təbrik teleqramlarının arasında Şuşa sakini Y.Tahirovun da teleqramı vardır. O, yazırdı: “Möhtərəm Həsən bəy!

Vətənpərvərlik və maarifə məhəbbət hissi ilə geridə qalmış millətimizi artıq, hamının bəhrələndiyi mədəniyyət və mənəviyyat xəzinəsinə qovuşdurmaq üçün gördüyünüz bütün işlərə görə sizə ürəyin dərinliklərindən gələn səmimi minnətdarlığımı bildirirəm…” (Məlikova H. Həsənbəy Məlikov –Zərdabinin bioqrafiyası. Bax: “Xəzər”, №2, 1990, s.170). İxtisarla verilmiş bu tarixi sənəd Azərbaycanın dilbər guşəsi olan Qarabağda da milli şüurun oyanmasından xəbər verir.

1900-1915-ci illərdə Qarabağın incisi olan Şuşa şəhərinin əhalisi 25,6 min nəfərdən 43,8 minə çatmış və o, Qafqazda ən böyük xalça istehsalı mərkəzinə çevrilmişdi (Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001, s.87, 89). Azərbaycanın böyük şəhərlərindən olan Bakı və Gəncə ilə yanaşı Şuşada da 1898-ci ildən özünüidarə orqanları mövcud idi. Qarabağ bölgəsinin sosial-iqtisadi və mədəni inkişafında bu orqanların mühüm rolu olmuşdur. Bu orqanların üzvləri arasında Azərbaycanın görkəmli ziyalıları – dramaturq Əbdürrəhim bəy Haqverdiyev, jurnalist Haşım bəy Vəzirov, həkim Əbdülkərim bəy Mehman­darov da var idi. 1904-1907-ci illərdə Cavad bəy Səfərəlibəyov Şuşa şəhərinin başçısı olmuşdur (Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001, s.92).

Bütün Rusiyanı bürüməkdə olan inqilabi hərəkatın Azərbay­cana da yayılması çar hökumətini məcbur etdi ki, 1881-ci ildə qəbul etdiyi azadlıq hərəkatını boğmağa yönəldilmiş “Müvəqqəti əsasnamə”ni Azərbaycanın şəhər və qəzalarına da şamil etsin. Beləliklə, 1903-cü ilin sentyabrından bu əsasnamə Qarabağa da tətbiq edildi. Bu, o demək idi ki, Bakı və Yelizavetpol quberniyaları “ictimai qaydalara və asayişə zidd olan yığıncaq və toplantıların iştirakçılarını, gücləndirilmiş mühafizə haqqında əsasnaməni “pozan” digər şəxsləri 500 rubladək cərimələyə və ya 3 aylıq müddətədək həbs etdirə bilərdilər” (Azərbaycan tarixi. cc. V, (1900 – 27 aprel 1920), Bakı, 2001, s.98) Belə ki, həqiqətən də ötən əsrin əvvəllərində milli oyanışın və ictimai-siyasi hərəkatın başlıca mərkəzləri həmin quberniyaların Bakı, Gəncə və Şuşa qəzaları idi.

Bakıda yaradılmış,demək olar ki, bütün siyasi partiya və ictimai təşkilatların özəkləri Şuşada da fəaliyyət göstərirdi. 1904-cü ilin fevralında Şuşa real təhsil məktəbində eser dərnəyi yaradılmışdı (ARDTA, f.62, s.1, iş 39, s, s.9). Həmin ildə yaradılmış “Müsəlman sosial demokrat fraksiyası “Hümmət”in də Şuşa bölməsi fəaliyyət göstərirdi. Bu partiyanın yaradıcılarından olan Əhməd bəy Ağaynv Şuşada doğulub ilk təhsilini burada almış, sonra isə Tiflis, Peterburq və Parisin Sorbonna universitetində davam etdirmişdir. Şərq və Avropa xalqları­nın dillərini öyrənərək yüksək təhsil və bacarığa malik olan görkəmli ictimai-siyasi xadim Ə.Ağayev Azərbaycanın, o cümlədən Qarabağın ictimai-siyasi həyatında mühüm rol oynamışdır. Ensiklopedik biliyə malik olan bu adam Avropa, rus və erməni mətbuatında islam dininə qarşı edilən hücumların qarşısını dərin məzmunlu elmi məqalələri ilə alırdı. Sovet tarix elmi bu fəaliyyətinə görə Ə.Ağayevi “panislamist” adlandırsa da, əslində o, sözün əsl mənasında Azərbaycanda islamın ideoloqu idi.

1904-cü ildə bir sosialist kimi çıxış edən Ə.Ağayev bir çox Azərbaycanlı ziyalılar kimi 1905-ci ildən liberal cərəyana qoşulmuşdu. Sosializmdən liberalizmə dönüşün başlıca səbəbi 1905-ci ilin fevral ayında Bakıda alovlanan erməni-Azərbaycanlı münaqişəsi zamanı sosialist partiyalarının ermənipərəst mövqe tutmaları və Azərbaycanlıları meydanda tək qoymaları idi.

Millətlərarası münaqişə tezliklə bütün Qafqazı bürüdü. Daha qanlı toqquşmalar Qarabağda baş verdi. Ermənilər Azərbaycanlılara divan tutaraq onları Şuşadan sıxışdırıb çıxarmağa çox ciddi hazırlaşmışdılar. Bu məqsədilə onlar çox baha qiymətə tüfəng, tapança alaraq yaxşı silahlanmışdılar.

1905-ci ilin yayında daşnaklar Şuşada şayiə yaydılar ki, müsəlmanlar Zarıslı kəndində dörd ermənini qətlə yetirmişlər. Bunu bəhanə edən ermənilər şəhərdə qarət və qətllərə başlayaraq şəhərin Azərbaycanlılar yaşayan Köçərli və Xəlfəli məhəllələrində 20-yə yaxın ailəni qətlə yetirdilər (Bax: Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, 1997, s.110). Yalnız dörd gündən sonra yaxın kəndlərdən köməyə gələn Azərbaycanlılar erməni silahlılarını tamamilə məğlub etdilər. Avqustun 21-də erməni arximandriti və qubernatorun iştirakı ilə sülh bağlandı. Lakin az sonra ermənilər yenə də sülhü pozub Şuşa real məktəbini təmir edən 17 iranlı fəhləni işgəncə ilə öldürdülər. Şəhərdə çoxlu ev və dükan talan edilib yandırıldı.

1905-ci ilin axırlarında Cavanşir qəzasının Azərbaycanlılar yaşayan kəndləri də erməni talanlarına məruz qaldı. Sağ qalanlar Umudlu kəndinə qaçmağa məcbur oldular. Lakin erməni yaraqlıları onları mühasirəyə alaraq qırdılar.

Qarabağın ermənilər tərəfindən qarət edilən müsəlman kəndlərinin əhalisi bərk aclıq içində idi. Azərbaycanın müxtəlif bölgələrindən, həmçinin Qazan, Aşqabad və Cənubi Azərbaycandan Şuşaya ərzaq, pul göndərilirdi. Təkcə H.Z.Tağıyev 750 pud un, 105 pud qənd və çay, 600 pud neft, iki yeşik şam, M.Muxtarov 600 manat pul vermişdilər (Bax: Əzizov T. Azərbaycan XX əsrin əvvəllərində. Bakı, 1997, s.112).

1905-1906-cı illərin erməni-müsəlman münaqişəsi zamanı ev-eşiyindən didərgin düşən Şuşa, Zəngəzur, Cavanşir qəzalarının qadın, uşaq və qocalarına, aclıq çəkənlərə “Müsəlman xeyriyyə cəmiyyətləri” və hətta Azərbaycan qadınları da əllərindən gələn yardımı edirdilər. Bu cəhətdən Əhməd bəy Cavanşirin qızı Həmidə xanım ürək açıqlığı, yüksək mədəniyyəti, savadı və xeyriyyəçiliyi ilə bütün Qarabağda məşhur idi.

Mir Mövhsün Nəvvab “1905-1906-cı illərdə erməni-müsəlman davası” adlı kitabında Həmidə xanımın bir dəstə atlı və sürsatla birlikdə Ağdamın köməyinə gəldiyini yazır. O, Ağdamın xeyriyyə məclisinə 200 manat pul, 200 pud un və arpa vermişdi (Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsəlman davası. Bakı, 1993, s.83).

Qarabağın nüfuzlu ictimai-siyasi xadimləri milli qırğının tezliklə dayandırılması məqsədilə yaradılmış barışdırıcı komissiyalarda da fəal iştirak edirdilər. Hər iki xalqın qabaqcıl nümayəndələrindən təşkil edilmiş bu komissiyanın xalqa müraciətnamələr tərtib etmək üçün yaratdığı redaksiya heyətinə Əhməd bəy Ağayev, Yengibarov, Zaxaryan, M.H.Hacınski və Bıkov daxil idi. Müraciətnamələrdən birində deyilirdi ki: “… Siz Allahın və vicdanın qanunlarına İncilin və Quranın kəlamlarına zidd gedirsiniz!!… Nə ermənilər bütün müsəlmanları qıracaq, nə də müsəlmanlar bütün erməniləri … qarşılıqlı inamla siz bir-birinizə daha yaxşı qalib gələrsiniz, nəinki nifrətlə, çünki məğlub olmuş düşmən ayağa qalxar, bağışlanılmış düşmən isə həqiqətən məğlub olar…” (“Baku”, 28 iyun 1905 №66. Bax: Süleymanova S.Y. Azərbaycanda ictimai-siyasi hərəkat (XIX yüzilliyin sonu-XX əsrin əvvəlləri), Bakı, 1999, s.294-295)Lakin nə barışdırıcı komissiyalar və onların müraciətləri, nə də 1906-cı ilin fevral-mart aylarında Tiflisdə Qafqaz canişini qraf Vorontsov-Daşkovun çağırdığı sülh məclisi bu qanlı münaqişəni dayandıra bilmədi. Sülh məclisində fəal iştirak edən Ə.Ağayev əsəbi halda demişdi ki, “… cənab Xatisov … aşkar dedi ki, bu Daşnaksütyun Rusiyanın böyük şəhərlərinin, generallarının və hətta Qafqaz canişini həzrətlərinin fikir və əqidələrinə qulluq edir və on beş ildir ki, təşkil olunub və onun qoşunu, xəzinəsi, saldatı da vardır. İndi ki, belədir, … bizim istər hökumətdən, istər ermənilərdən belə partiyanın götürülməyini tə­mənna etməyimiz faydasızdır. Biz ancaq özümüz öz əlacımızı edək. Bizim də gərək mükəmməl və müsəlləh partiyalarımız olsun…” (Ordubadi M.S. Qanlı illər. Bakı, 1991, s.115)

Həqiqətən də Qafqazda, o cümlədən Qarabağda sülh, əmin-amanlıq, asayiş bir çox cəhətdən erməni terrorunun aradan qaldırılmasından çox asılı idi. Məclis bununla əlaqədar qətnamə qəbul etdi. Bütün bunlara baxmayaraq, 1906-cı ilin yayında Şuşada Azərbaycanlıların kütləvi şəkildə qırılması geniş miqyas aldı. Azərbaycanlıların Qarabağda vəhşicəsinə güllə-boran edilməsindən hiddətlənən M.A.Şahtaxtanski, O.F.Nemanzadə, H.Həsənzadə, X.Hüseynov, M.B.Mirheydərzadə, İ.Hüseynov və b. Tiflisdən Peterburqa, baş nazirə teleqram vuraraq Yelizavetpol quberniyasının general-qubernatoru cəllad V.N.Qoloşapovun dərhal Şuşadan geri çağırılmasını xahiş etmişdilər. Şuşalıların Ağdamdan Nazirlər Şurasının sədri P.A.Stolıpinə göndərdikləri 16 iyul tarixli teleqramda baş verən hadisələr haqqında məlumatda bildirilirdi ki, kazak yüzliyinin komandiri erməni Qazarov general-qubernator Qoloşapovun Azərbaycanlılar yaşayan hissəni güllə-boran etməsindən ruhlanaraq onları başdantutma qırır. Nəticədə minlərlə Azərbaycanlı qətlə yetirilmiş, sağ qalanları isə Şuşanı tərk etməyə məcbur olmuşdular. 1905-ci ilin avqust münaqişəsindən sonra Şuşada müvəqqəti erməni hökuməti yaradan “qatı inqilabçılar” Baqaturov, Şahnazarov və b. Əsgəran qalasından gedən yolu bağlayaraq Şuşanı mühasirə vəziyyətində saxlamışdılar (RFDA, DP-00, 796, f.102, siy.233, sax.vah.1350, h.68, 32 (Bax: Süleymanova S.Y. Göstərilən əsəri, s.297).

Faktlardan göründüyü kimi, o zaman da indiki kimi milli münaqişənin əsas ağırlıq mərkəzi Qarabağ bölgəsinə və onun qəlbi Şuşanın üzərinə düşdüyündən Şuşa və Gəncənin ziyalıları və digər nüfuzlu adamları MK-si Bakıda yerləşən “Qafqaz Ümummüsəlman “Difai” partiyası”nı, “Qarabağ birlik məclisi” və “Hidayət” müsəlman xeyriyyə cəmiyyətini yaratdılar.

1906-cı ilin avqust ayının əvvəllərində son qırğın zamanı Şuşaya gələn Ə.Ağayev Qarabağın nüfuzlu adamlarının yığıncağını keçirtdi. Doktor Ə.K.Mehmandarov və b. çıxışlarında general Qoloşapovun erməni xumbaları ilə birləşərək şəhərin Azərbaycanlılar yaşayan hissəsini darmadağın etdiyini bildirdilər. İclasda onun geri çağırılmasının hökümətdən xahiş edilməsi və müraciətnamə buraxılması qərara alındı (ARDTA, f.524, siy.1, iş 59, v.164 (Bax: Süleymanova S.Y. Əhməd bəy Ağayev və onun “Dİfai” partiyasının fəaliyyəti proqramı. Сборник статей по общественным наукам. Баку, 1996, с.52)

Müraciətnamədə deyilirdi: “Bu dəhşətli fəlakətdən qurtarmaq üçün hökumətə və özünü xalqın rəhbəri adlandıranlara ümid bağlamaq mənasızdır. Hökumət adamları qorxaqcasına “Daşnaksütyun”un bomba və güllələri qarşısında boyun əyərək onların Qafqazda alətinə çevrilmişlər… Nəticədə is “Daşnaksütyun”un planı həyata keçirilmişdir. Qoloşapov, Kleşşinski, Mitskeviç, Smoradski və b. yaramazların rəhbərliyi ilə Zəngəzur, Şuşa, Cəbrayıl və Cavad qəzaları darmadağın edilmiş, faktiki olaraq ermənilərin əlinə keçmişdir. Külə dönmüş ocaqlarından didərgin düşmüş minlərlə müsəlman kəndli ailəsi heç yerdə özünə nə sığınacaq, nə müdafiə, nə yemək, nə də ev tapmayaraq Yelizavetpol quberniyasında səfil-sərgərdana dönüblər…” (ARDTA, f.524, siy.1, iş 59, v.164 (Bax: Süleymanova S.Y. Əhməd bəy Ağayev və onun “Dİfai” partiyasının fəaliyyəti proqramı. Сборник статей по общественным наукам. Баку, 1996, s.53)

Yaranmış vəziyyəti nəzərə alaraq İclas, erməni yaraqlılarının hücumlarını dəf etmək üçün “Difai” partiyasının yaradılması haqqında qərar qəbul etdi. Partiyanın, nəinki Qarabağın hər yerində, hətta bütün Qafqazda özəkləri var idi.

1907-ci ilin mart ayında Gəncədə partiyanın bəzi taktiki və proqram məsələlərini işləyib hazırlamaq üçün Cənubi və Şimali Qafqaz, eləcə də Krımın müsəlman əhalisinin nümayəndələrinin qurultayı keçirildi. Qurultay partiyanın “Qafqaz ümummüsəlman “Difai” partiyası” adlandırılmasını qərara aldı. Görünür buna görə partiyanın Şuşa komitəsi “Qarabağ birlik məclisi” kimi fəaliyyət göstərirdi. Belə ki, hər ikisinin üzvləri Ə.K.Mehmandarov (sədr), Cahangir xan Nurubəyov (müavin), Xuduş Quliyev (katib) və b. idi. Məhz bu təşkilatların yaranması ilə erməni hücumlarının qarşısı alındı. Bu hadisələr Qarabağda, eləcə də bütün Azərbaycanda milli oyanışa və milli hərəkata təkan verdi. M.B.Məmmədzadənin təbirincə desək, 1905-1906-cı illərin erməni-Azərbaycanlı münaqişəsi Azərbaycanda milli-mədəni hərəkatın div addımlarla irəliləməsinə səbəb oldu (Bax: Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı, Bakı, 1991, s.17).