Səbirə İsgəndərova

Qarabağ müharibəsi, məcburi miqrasiya və urbanizasiyanın bəzi məsələləri

Ermənistan tərəfindən Azərbaycana aparılan təcavüz siyasəti minlərlə insanın ölümü ilə bərabər, onun xalq təssərüfatına və təbiətinə güclü zərbə vurmuşdur. Bu baxımdan “ekosid” anlayışı - təbiətin məhvinə yönəldilmiş ekoloji müharibə anlayışı xüsusilə diqqəti cəlb edir. Çünkü Qarabağın misilsiz təbiətinə qarşı xüsusi amansızlıq, bu işğalçı müharibəni, eyni zamanda ekoloji müharibə adlandırmağa tam əsas verir. Bu barədə Azərbaycan Respublikası ətraf mühiti və təbiəti mühafizə komitəsinin dünya birliyi təşkilatlarına, qabaqcıl elm xadimlərinin, ziyalıların dünya ictimaiyyətinə müraciəti çox aktualdır. Azərbaycan BMT-nin tamhüquqlu üzvü olduğu üçün onun təbiətini dağıdan, ekoloji fəlakətə sürükləyən bu müharibəyə qarşı dünya ölkələri, beynəlxalq təşkilatlar öz sözünü deməlidir. Belə müharibə yalnız Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı cinayət hesab edilməlidir. Çünkü Azərbaycana qarşı aparılan ekoloji müharibənin əks-sədası dünyanın istənilən nöqtəsində öz acı nəticələrini göstərə bilər.

Hazırda Ermənistan-Azərbaycan müharibəsindən məğlub çıxmış Azərbaycan ərazisinin 20 faizindən çoxu (17min kv.m) işğal altında, bir milyon Azərbaycan vətəndaşı öz torpaqlarında qaçqın vəziyyətindədir.

Məlumdur ki, qaçqın və məcburi köçkünlərin məcburiyyət qarşısında tərk etdikləri daimi yaşayış yerləri onların formalaşmasında, təşəkkül tapmasında bilavasitə həlledici təsirə malik olmuşdur. Bu təsir özünü əmək alətlərində, məişət predmetlərində, özünəməxsus adət və ənənələrində göstərmişdi. Təbii mühit geyimin və mənzilin xüsusiyyətlərini müəyyənləşdirmiş, bu və ya digər məhsulların istehsalını şərtləndirmişdi. Yaşadıqları torpaqların əsasın daşlıq zonalarından ibarət olması onların əmək fəaliyyətində əks olunmuşdur. Yaşadıqları dədə-baba torpaqlarının coğrafi mühiti onların mənəvi mədəniyyətlərində, düşüncə tərzlərində silinməyən dərin, xarakterik iz buraxmış, müəyyən vərdiş, adət və ənənələri qərarlaşdırmışdır. Eyni zamanda bu təbii mühit formalaşmış sosial davranış üsullarını inkişaf etdirmişdir.

Bu xüsusda qaçqınların əsas məşğuliyyəti üçün kənd təsərrüfatı, əkinçilik, maldarlıq səciyyəvi olmuşdur. Son dövrlərdə onların həyat tərzi istər forma, istərsə də məzmunca dəyişməlidir. Təbii mühitə, torpağa bağlı insanlar, əsasən, şəhərlərdə, şəhər tipli qəsəbələrdə yerləşdikləri üçün kənd təsərrüfatından uzaqlaşmışlar.

Şəhər yerlərində məskunlaşmış müvəqqəti məcburi köçkünlər yuxarıda göstərdiyimiz çoxlu sayda faktorların təzyiqinə məruz qalaraq sosial-ictimai həyat tərzini dəyişməli oldular. C.Dorstun sözlərilə desək: “İnsan təbii kompleksin ayrılmaz hissəsi olmaqla mühitə qarşı münasibətdə müəyyən mənada rəqib rolunu oynasa da, o, mühitin tələblərinə tabe olaraq məskunlaşdığı ərazinin iqliminə və şəraitinə uyğun şəkildə öz həyat tərzini dəyişir”.

Qaçqınların böyük hissəsinin iri şəhərlərdə mərkəzləşməsi ilə bağlı urbanizasiya problemləri, elmi texniki tərəqqinin doğurduğu sosial-mənəvi nəticələr ictimai həyatın bütün sahələrində kəskin şəkildə özünü büruzə verdi. Bu proseslə bağlı mənzil, işsizlik, xidmət, ekologiya və s. sahələrdə həlli çox mürəkkəb problemlər yarandı. Bu problemlər isə öz növbəsində əhalinin demoqrafik vəziyyətinin əsas göstəriciləri kimi doğum təbii artım səviyyəsinin tədricən aşağı düşməsinə, bir yaşınadək və bir yaşından yuxarı uşaqlar arasında ölüm səviyyəsinin artmasına səbəb olmuşdur.

Əhalinin sağlamlığı sahəsində, milli genefondumuz sahəsində narahatçılıq doğuran digər səbəb 1990-1996-cı illərdə hər 1000 min nəfərdən diri doğulan uşağa düşən ana ölümünün 9 nəfərdən 44 nəfərə və  ya 4,9 faizə qədər artması tendensiyasıdır.

Demoqrafik vəziyyətin inkişaf meyllərini səciyyələndirən ən mühüm göstəricilərdən digəri əhalinin nikah və boşanma səviyyəsindən asılıdır. Bu sahədə mövcud olan problemlərin, belə demək mümkündürsə, ən yenisi Azərbaycan mentalitetinə xas olmayan belə bir haldır ki, hazırda 25-29 yaşlı gənclərin arasında subayların sayına görə respublikamız MDB ölkələri arasında ilk yerlərdən birini tutur.

Bütün bunlar erməni təcavüzünün demoqrafik duruma göstərdiyi acınacaqlı nəticələrdir, hazırda demoqrafik vəziyyətin göstəriciləri sayıla bilən ən mühüm amillərdən biri də əhalinin miqrasiyasıdır. Bu qaçqınlar və kənd əhalisinin miqrasiyası, yəni urbanizasiyanın ekstensiv inkişafı prosesi hesabına baş vermişdir. Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində hər şeyi sıfırdan başlamağa məcbur olan, psixoloji sarsıntı keçirən insan axını miqrasiya prosesini tənzimləməyə imkan vermədi. Nəticədə bu prosesin kortəbii inkişaf şəklində davam etməsi təbiətimizi və iqtisadiyyatımızı acınacaqlı hala saldı. Vəziyyət elə bir dərəcəyə çatmışdır ki, son illərdə miqrasiya edən əhalinin miqdarı, respublikamızdakı artımın miqdarından çox olmuşdur. Hazırda respublikanın sosial-mədəni fondunun 70 faizinin və iqtisadi imkanlarının yarıdan çoxunun Abşeron iqtisadi rayonunda yerləşməsi vəziyyəti daha da çətinləşdirmişdir. Bu prosesə təsir edən başlıca səbəb urbanizasiya səviyyəsinin yüksəlməsidir. Məsələn: Bakı, Sumqayıt və Abşeron rayonunda xidmət sahələri bu gün təqribən iki milyon adama xidmət etmək gücünə malikdir. Hazırda isə bu regionlarda dörd milyona yaxın adam cəmləşmişdir. Bu isə istər demoqrafik, istərsə də ekoloji cəhətdən qətiyyən məqsədə müvafiq deyil. Bu cür intensiv axınlar həmin rayonlarda onsuz da dözülməz olan ekoloji şəraiti son həddə çatdırmaqla, bu rayonları yeni sosial münaqişə və partlayışı mənbəyinə çevirir. Bunun da əsas amilləri çox yüksək əhali sıxlığı fonunda, əmək ehtiyatlarının və iş yerlərinin qıtlığı, dünya görüşü və psixoloji fərqlər və s. problemlərdir. Bütün bunlar insanların mənəvi-psixoloji həyatını zəhərləyir, onların ağır sosial, iqtisadi və ekoloji stresslər şəraitində yaşamasını şərtləndirir.

Məcburi köçkünlərin müəyyən bir hissəsi respublikamızın bəzi rayonlarında xarici ölkə və beynəlxalq təşkilatların köməyi ilə salınmış çadır şəhərciklərində məskunlaşmışdılar. Onlar Beyləqan, İmişli, Biləsuvar, Bərdə, Saatlı, Sabirabad, Ağcabədi rayonlarında yerləşən bu çadır şəhərciklərində insanlar yayın qızmarında, qışın şaxtasında normal insan həyatından çox uzaq bir vəziyyətdə yaşamağa məcburdurlar. Elementar məişət şəraitinin minimum həddi, sanitar-gigiyena şəraiti, içməli suyun və ərzağın aşağı keyfiyyəti və eyni zamanda qıtlığı bəzi yaşayış məskənlərində nəfəs yollarının yoluxucu xəstəlikləri, kəskin bağırsaq infeksiyaları, difteriya, vəba, malyariya, vərəm və sair xəstəliklərin yayılması və daha da böyük zonaları əhatə etməsinə səbəb olmuşdur. Əhali sıxlığının artması ilə epidemioloji nəzarətin zəifləməsi, hər sahədə olduğu kimi, bu sahədə də özünün gücsüzlüyünü göstərmiş oldu.

Bütün bunlar erməni təcavüzünün cəmiyyətimizə və təbiətimizə vurduğu ağır yaraların nəticəsidir. Erməni işğalı bir milyona qədər soydaşımızı həyatın dəhşətləri qarşısında gücsüzlüklərini dərk etmələrinə, həyatları boyu qazandıqları hər şeyi bir anın içərisində itirib, xilas olmaq üçün dərbədər olmağa vadar etdi. Öz xəstə millətçiliyinin əsiri olan Ermənistan Azərbaycana olan torpaq iddiası ilə milyondan artıq insanın həyatını cəhənnəmə çevirdi.

Doğrudur, həyatın bu problemləri aradan qaldırmaq üçün respublikamızda Qaçqınlar və Məcburu Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Bundan başqa, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının respublikamızdakı nümayəndəliyi də müəyyən işlər görür. Beynəlxalq təşkilatların digər nümayəndələri, xarici ölkələrin müxtəlif firma və assosiasiyaları, ayrı-ayrı xeyriyyəçilər qaçqın və məcburi köçkünlərə müəyyən humanitar yardımlar göstərirlər. Lakin problemin həlli uzandıqca bu təşkilatlar donorluq funksiyasını olduqca könülsüz yerinə yetirirlər. Nəticədə, həyatın çətinliklərindən doğan sadə bir məntiq problemdən çıxış yolunu yalnız və yalnız torpaqlarımızın geri qaytarılmasında tapır.