Ariz Gözəlov

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ ətrafında

ideoloji qarşıdurmasının bəzi məqamları barəsində

Dağlıq Qarabağ ətrafında aparılan ideoloji müharibə ermənilər tərəfindən hələ xeyli əvvəl başlanmışdır. Ermənilər üçün Dağlıq Qarabağ problemi keçid mərhələ kimi qiymətləndirilir. Belə ki, Dağlıq Qarabağın «erməniləşdirilməsi» «Böyük Ermənistan» dövlətinin yaradılmasının bir mərhələsi kimi qəbul edilir. Bununla yanaşı, ermənilər artıq Azərbaycanın digər bölgələrinin «erməniləşdirilmə»sinin ideoloji əsaslarının yaradılması istiqamətində öz fəaliyyətlərini cəmləşdirmişlər. Bu baxımdan Dağlıq Qarabağ ətrafında davam etdirilən ideoloji müharibənin əsas amillərinin təhlil edilməsi böyük əhəmiyyət kəsb edir.

Ermənilərin Qarabağa aid iddiaları XX əsrin əvvəllərindən özünü açıq şəkildə büruzə verməyə başlamışdır. Belə ki, keçən əsrin əvvəllərində Ermənistanın Dağlıq Qarabağa aid iddiaları Azərbaycan Demokratik Cümhuriyyəti arasında müharibə ilə nəticələnmişdi. Sovetlər imperiyasında isə bu qarşıdurma daxili siyasi səviyyəyə çatdırılmış və mübahisəli ərazilərin gələcəkdə ayrılması üçün muvafiq əsasların yaradılmasına yönəldilmişdir. Bu fəaliyyətin nəticəsi kimi gənc ermənilərin şüuruna müvafiq təsirin göstərilməsi önəmli tədbirlərdən olmuşdur.

Qeyd olunmalıdır ki, erməni millətinin türklərə yanaşması, digər millət və etnoslara yanaşmasından fərqlənmir. Belə ki, tarix boyu ermənilərin gürcülərlə torpaq iddiaları üzərində qarşıdurmanın yaranması müşahidə edilmişdir. Ermənilərin bu cür yanaşması Gürcüstanün Samtsxeti-Cavaxetiyada separatçılığın inkişaf etməsinə və regionda gərginliyin artmasına səbəb olmuşdur. Maraqlıdır ki, XX əsrin əvvəllərində ermənilər tərəfindən zorakarlıq həm də kürd və ruslara qarşı da törədilmişdir. Sonuncu faktların ermənilər tərəfindən gizlədilməsinə müəyyən cəhdlər göstərilmişdir. Lakin bir sıra əcnəbi alimlərin tədqiqatlarında bu tarixi həqiqət öz əksini tapmışdır.

Qeyd olunmalıdır ki, ermənilərin ekspansiyasi ilkin mərhələlərdə mədəniyyət sahələrində aparılmışdır. Lakin azərbaycanlılar buna əhəmiyyət verməmişdilər. Bu baxımdan ermənilərin ən uğurlu qələbələrindən biri kimi Alban xristian kilsəsinin ləğv edilməsi və erməni kilsəsinə birləşdirilməsi olmuşdur. Nəticədə ermənilər üçün Azərbaycanda xristian dini abidələrinin mənimsəlinməsinə əlverişli şərait yaradılmışdı.

Praktik tədbirlər sistemində, ermənilər ilk növbədə Ermənistan daxilində azərbaycanlıların sıxışdırılıb çıxarılması siyasətinə üstünlük vermişlər. Ermənistandan azərbaycanlıların qovulması dalğavarı şəkildə baş vermişdir. Belə ki, azərbaycanlıların öz torpaqlarından qovulması 1848-1953-cü illərdə, 90-cı illərin əvvəllərində müşahidə edilmişdir. Kənar müşahidəçiyə bu bir qədər qeyri-təbii görünsə belə, erməni millətinin azərbaycanlıların qovma prosesi öz daxilində müəyyən qanunauyğunluqlara tabedir. Belə ki, Ermənistan adı ilə ictimaiyyətə tanınan ərazilər tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər azərbaycanlıları həmin torpaqlardan qovduqdan sonra özlərini həmin ərazinin tam sahibi hiss etməyə başlamışdılar. Eyni zamanda, ermənilər bizim millətə tarixən aid olan mədəni dəyərləri özününküləşdirməyə cəhd göstərmişlər. Ermənilərin millətimizə qarşı qəddarlığının əsas səbəblərindən biri məzh mədəniyyət üstündə yaranmış «rəqabət» ilə əlaqədardır. Məsələn, ermənilərin Azərbaycan musiqisinin dəfələrlə mənimsənilməsi faktları qeydə alınmışdır.

Xüsusi qeyd etmək lazımdır ki, ermənilərin güclü ideoloji təbliğat qurumlarına malik olması böyük əhəmiyyət kəsb etmişdir. Bu baxımdan Erməni Kilsəsinin rolu danılmazdır. Erməni Kilsəsi erməni millətinin milli şüurunun inkişaf prosesində təkanverici və aparıcı qüvvələrdən biri olmuşdur. Belə ki, Erməni kilsəsi Ermənistan ərazisi ilə öz fəaliyyətini məhdudlaşdırmr. Erməni kilsəsi müxtəlif ölkələrdə məskunlaşmış ermənilərin vahid dini qurumudur. Erməni kilsəsi milli prinsip əsasında formalaşmış və öz növbəsində millətçilik prinsipinin genişlənməsinə təsir göstərmişdir.

Bununla yanaşı, bir qrup erməni siyasi və ictimai təşkilatları keçmiş əsrlərdən fəaliyyət göstərmişdilər. Belə ki, bu qrup qurumlardan ən mühümü Daşnaksütundur. Bu kimi təşkilatlar geniş təbliğatçılıq təcrübəsinə malikdi. Ermənistan və Azərbaycan arasında konfliktin ilk mərhələlərində beynəlxalq millətçi erməni təşkilatlarının olması münaqişənin durumu və hərbi döyüşlərin nəticələrinə öz təsirini göstərməyə bilməzdi.

Erməni təbliğat kampaniyasında istifadə edilən üsullara diqqət yetirmək istəyirik. İlk növbədə, dünya ictimaiyyəti qarşısında azərbaycanlılar «vəhşi» tayfa kimi tanıdılır. Ermənilər isə əksinə qədim tarixə malik, o cümlədən dövlətçilik tarixinə, bir etnos kimi gələmə verilir.

Erməni təbliğatının ikinci ən işlək olduğu üsullardan biri ermə­nilərin xristian mədəniyyəti və xristian millətləri qrupuna daxil olması amilinin qabardırılmasıdır. Türklər Qərb sivilizasiyasına ögey bir amil kimi qələmə verilir. Ermənilərin istifadə etdiyi bu üsulun effektivliyi yüksəkdir. Belə ki, Avropa millətlərinin genetik yaddaşından türk ordularının yürüşləri hələ silinməmişdir. Bu baxımdan Qərb sivilizasiyasının nümayəndəsi türk amilini təcavüzkar bir element kimi qiymətləndirir.

İdeoloji mübarizədə istifadə edilən üsullardan biri də Azərbaycan Respublikasının müvəqqəti və şərti qurum olması barəsində tezisin yayılmasıdır. Ermənilər ölkədaxili təbliğatında Azərbaycana qarşı istənilən vaxtı müharibəyə yenidən başlamasına hazır olması şüarı geniş təbliğ edir. Maraqlıdır ki, acınacaqlı iqtisadi böhran keçirən Ermənistan öz ərazisində və Dağlıq Qarabağda yüksək döyüş qabiliyyətində hərbi hissələrinin formalaşdırdığını bəyan edir. Kifayət qədər kadr və iqtisadi potensiala malik olmayan Ermənistanın bu addımı azərbaycanlıların psixoloji durumuna təsir etmək üçün istifadə edilən taktiki bir vasitədir.

İdeoloji müharibə çərçivəsində Azərbaycanın tarixi abidələri dağıdılır və ya mənimsənilir. Maraqlıdır ki, Ermənistanda bir sıra Azərbaycan tarixi abidələri dağıdılmamış, lakin onların türkmən millətinə aid olmasını elan etmişdir. Bu addımla erməni tərəfi ideoloji müharibədə özünə müttəfiq əldə etməyə cəhd göstərmişdir. Təəssüf ki, Türkmənistan rəhbərliyi ermənilərin bu tezisini qəbul etmiş və Ermənistana səfər etdikləri zamanı həmin adibədələrə türkmənlərin tarixi irsi kimi baş çəkmişlər.

Xüsusi qeyd etmək istəyirəm ki, Ermənistan-Azərbaycan hərbi döyüşlərinin nəticələri tərəflərin ictimai psixologiyasına önəmli təsir göstərmişdir. Belə ki, ermənilərdə təcavüzkar psixologiyası formalaşmışdır. Azərbaycanlılarda isə «müdafiə olunma» amili üstünlük təşkil etmişdir. Tarixin gedişatında müəyyən bir etnik qrup döyüşlər zamanı məğlubiyyətə düçar qalanda ictimai şüurda revanşist ideyalara üstünlük verilir. Bu addımla etnik qrup sosial bir sistem kimi öz fəaliyyətinin davamlılığını və sabitliyini təmin edir. Revanşist ideologiyası etnik qrupun daxili potensialını cəmləşdirmək və xarici təcavüzün qarşısını almaq üçün zəruridir. Təəssüf ki, Azərbaycan Respublikasının 20% ərazilərinin zəbt olunması əhali arasında revanşist ideologiyasının yayılmasına təkan verməmişdir. Belə bir şəraitdə millətin öz torpaqlarını qeri qaytarmaq məsələsində nə dərəcədə qətiyyətli olması sual al­tına alınır.

Ermənistanda yaranmış təcavüzkar ictimai şüur Azərbaycanı maraqlandırmaya bilməz. Ermənistanda gənc nəsillərə müharibə vasitəsilə Azərbaycan torpaqlarının zəbt edilməsinin məqsədəuyğun olması barəsində dünyagörüşün formalaşdırılması regionda gələcəkdə yeni hərbi konfliktlərin yaranması üçün şərait yaradır. Belə bir şəraitdə, rəqibin niyyətlərinin qarşısını almağa hazır olmaq üçün müəyyən tədbirlər sistemi hazırlanmalı və həyata keçirilməlidir. Müharibəyə başlamaq çağırışlarının səslənməsi əvəzinə, gənclərdə müvafiq mənəvi prinsiplərin aşılanması və vətənpərvərlik şüurunun formalaşdırılması istiqamətində tədricən keçirilən məqsədyönlü fəaliyyət təşkil olunmaldır. Belə bir yanaşmanın nəticəsində, təcavüzkar ilə hər an müharibəyə hazır olan nəslin yaradılması mümkündür. Fikrimizcə, ermənilər tərəfindən aparılan ideoloji müharibədə qələbə əldə etmək üçün belə bir taktiki üsula üstünlük verilməlidir.