Əbülhəsən Fərhadoğlu

Qarabağ problemi: millətləşmə və dünyaya çıxış

Qarabağ savaşı başlayandan indiyə qədər bu problem barədə çox yazılıb, çox da deyilib. Ancaq bir mühüm məsələ, bəlkə də, ən vacib amil, ümumiyyətlə, diqqət mərkəzindən kənarda qalıb. Nə problemin səbəblərinin araşdırılmasında, nə də münaqişənin doğurduğu nəticələrin aradan qaldırılması yollarının müəyyənləşməsində bu məsələyə toxunulmayıb. Şübhəsiz ki, belə vəziyyətin alınması bütövlükdə problemin pozitiv həllinə öz mənfi təsirini göstərməyə bilməz. Bəs söhbət hansı məsələdən, vacib amildən gedir?

Fikrimcə, Qarabağ münaqişəsinin, Azərbaycanla Ermənistan arasında baş verən kəskin qarşıdurmanın başlıca səbəbi bütövlükdə bizim regionda, Cənubi Qafqazda millətləşmə prosesinin başa çatmamasından və bu amildən başqa dövlətlərin, dünyanın ayrı-ayrı güc mərkəzlərinin öz məqsədləri üçün istifadə etməsindədir. Qafqaz regionuna nəzərən millətləşmə prosesinin ləngiməsi, lazımi səviyyədə həyata keçirilməməsinin, şübhəsiz, öz səbəbləri vardır. Bu səbəblər regionun tarixi, coğrafi yerləşməsi, geosiyasi əhəmiyyətliliyi, ərazidə yaşayan xalqların mədəni-irsi, mental, etnopsixoloji xüsusiyyətləri ilə mütəmadi olaraq, yadelli qüvvələrin, işğalçı dövlətlərin təcavüzünə məruz qalması ilə bağlıdır ki, biz burada onların üzərində dayanmayacağıq. Sadəcə olaraq, qeyd etməliyik ki, səbəblər həm daxili, həm də xarici səciyyə daşımışdır.

Millətləşmə dedikdə, biz nəyi nəzərdə tuturuq, bu prosesə nələr daxildir, onun məzmun-mahiyyəti nədən ibarətdir?

Öncə onu xatırladaq ki, «millət» məfhumu Qərbi Avropa anlayışıdır və tarixən millətləşmə prosesi məhz Avropada ilk dəfə təşəkkül tapmış və reallaşmağa başlamışdır. Dünyanın digər ölkələri ilə müqayisədə Qərbi Avropa dövlətlərinin ümumi inkişaf baxımından önə keçməsi və istərsə ictimai həyatın təşkili və idarə olunması, istərsə də elm, texnika və texnologiya sahəsində böyük uğurlar qazanması məhz əsaslı millətləşmə ilə bağlıdır.

Millətləşmə milli dövlətin və dövlətçilik ənənələrinin bərqərar olub, davamlı fəaliyyət göstərməsini, siyasi və hüquqi cəhətdən xalqların, etnik qrupların ümumi səviyyədə vahidləşməsini, xalq və milli süverenliyin təyinatına uyğun məzmun-mahiyyət daşımasını, cəmiyyətin təşkilində və idarə olunmasında effektli, bilavasitə subyektiv amillərdən asılı olmayan norma və prinsiplərin, forma və moddellərin rəhbər tutulmasını, milli mənlik və milli qürur hissinin nizamlı tərzdə ifadəsini, fərdi istək və arzuların ümumxalq maraqları çərçivəsində reallaşmasını, ümumi mənafelərin tənzimləyici və istiqamətverici status daşımasını, ictimai və fərdi həyatın bütün istiqamətləri üzrə hüquqi müəyyənləşmənin mövcudluğunu ehtiva edir. O, insanların milli ideya zəminində nizamlı birliyini, millətin bugününə və gələcəyinə birgə məsuliyyəti nəzərdə tutur. Millətləşmə-etnik müəyyənləşməni siyasi və hüquqi müəyyənləşmə səviyyəsinə, milli bütövlük dərəcəsinə yüksəldən prosesdir. Millətləşmə-xalqların əqlintellektual, ruhi və fiziki gümrahlaşma, intibaha qovuşma yoludur. Bu intibah isə M.Ə. Rəsulzadəyə görə, millətin hüquq və şərəfini müdafiə etməyə qadir gücdür, dünyaya məhəbbətdir.

«Millət» mərhələsi və statusu yalnız milli dirçəliş və vahid mədəniyyətə mənsubluq vasitəsilə mümkündür ki, bu da hər şeydən öncə milli müstəqillik zəminində gerçəkləşə bilər. Qafqaz regionu isə, bildiyimiz kimi, uzunmüddətli bir dövr ərzində həqiqi müstəqillikdən məhrum edilmiş, Rusiyanın əsarəti altında yaşamışdır və bu müstəmləkəçiliyin həyata keçirilməsində rus imperiyasının əsas «yerli köləsi» məhz ermənilər olmuşlar. Azərbaycanlıların da millətləşmə yolunda cəhdlərinin qarşısını Rusiya elə həmin ermənilər vasitəsilə almışdır. Ermənilərin Azərbaycana qarşı ərazi-torpaq iddiası, əslində, Rusiyanın azərbaycanlıların tarixən böyük enerciyə malik arzusunun qarşısını almaq cəhdinin konkretləşmiş bir formasıdır.

Elə bu səbəbdən də Dağlıq Qarabağ probleminin, zənnimcə, yalnız Azərbaycana qarşı yönəlmiş torpaq iddiası, ərazi işğalı prizmasından işıqlandırmaq düzgün olmazdı. Bəli, ermənilər zaman-zaman bizim torpaqları mənimsəyiblər və yenə də bu istəkdədirlər. Lakin başlıca səbəb ondadır ki, bu mənfur, xəstə istəyin arxasında daha da məkrli, qəddar bir imperiyapərəst siyasət dayanıb: necə olur-olsun, Azərbaycanda millətləşmənin qarşısını almaq! Və bu siyasətin müntəzəm həyata keçirilməsində Rusiya ilə yanaşı, İranın da rolu az olmayıb, çünki Vahid Azərbaycan idealı bu dövlət üçün həmişə təhlükə mənbəyi sayılıb. İran dövləti üçün Vahid Azərbaycan idealının, azərbaycanlıların milli bütünləşmə arzusunun reallaşması qəbul edilməz olaraq qalmaqdadır.

Azərbaycan, beləliklə, iki hissəyə (Şimali və Cənubi Azərbaycana) bölündüyü andan faktiki olaraq mühasirə vəziyyətinə düşmüş, Rusiya, İran və Ermənistanın arası kəsilməyən təzyiqləri ilə üzləşmişdir. Bu təzyiqlər qarşısında bir çox güzəştlərə də getməyə məcbur olmuşdur və yenə də edilir. Zaman-zaman qonşuların xeyrinə itirilmiş ərazilər, daşınmış təbii sərvətlər, Ermənistan Respublikasından azərbaycanlıların deportasiyası və s. bu güzəştlərə aid edilə bilər. Ona görə, N. Nəsibzadənin haqlı olaraq göstərdiyi kimi, «Azərbaycan məsələsi bölünmüş xalqlar problemi olmaqdan əlavə və daha çox bu gün məzlum xalqlar qrupuna aiddir».

Deyilənləri nəzərə alsaq, bu həqiqəti qəbul etmək zorundayıq: son 16 ildə Azərbaycanın başına gətirilən fəlakətlər, Dağlıq Qarabağ faciəsi elə bu üçlüyün (Rusiya, Ermənistan və İranın) birgə həyata keçirdiyi məkrli siyasətin nəticəsidir və burada, ermənilərin ərazi iddiaları ilə yanaşı, Rusiya və İranını bizim millətləşmə və bütövləşmə istəyimizə, haqqımıza qarşı yeritdikləri fəaliyyət müstəsna rol oynayıb. Bu səbəbdən də Qarabağ probleminin həllindən danışarkən, biz bu mühüm faktoru nəzərdən qaçırmamalıyıq, məsələyə münasibətdə təhriflərə, birtərəfliliyə yol verməməliyik. Təəssüflər olsun ki, təhriflərə, səhv yanaşmalara bu gün də rast gəlirik. Ən vacibi: anlamalıyıq ki, problem elə əvvəldən (bəziləri düşündüyü kimi, sonradan yox!) mahiyyəti etibarilə lokal, iki ölkə (Azərbaycan və Ermənistan) arasındakı münasibətlərdən doğan səciyyə daşımayıb–nə yaranma səbəbləri, nə də gediş xarakteri baxımından. Problem, hər şeydən öncə, beynəlxalq, dövlətlərarası məsələdir və onun həlli də bütün digər vasitə və üsullarla yanaşı, bu kontekstdə axtarılıb həyata keçirilməlidir.

Göstərilən istiqamətdə nə etməli? Başlıca vəzifə nədən ibarətdir?

Düşünürəm ki, bir mühüm, ümdə vəzifə olaraq beynəlxalq aləmdə, dünya xalqları və dövlətlərində məsələyə həssas və obyektiv münasibət formalaşdırmalıyıq, nəyin bahasına olursa, olsun! Düzdür, müasir dünyanın mövcud davranış kodeksi, əxlaq normaları bizi heç də qane etmir və bu mənada təkcə biz gileyli deyilik. «Soyuq müharibə» qurtarsa da ikili standartlar, xüsusən müsəlman aləminə qarşı ədalətsizliklər, qəddarlıq qalmaqdadır. Ola bilsin ki, bu ədalətsizliklər bir qədər də artıb. Ancaq nə etməli, belə dünyada yaşayırıq, hesablaşmalıyıq! Lakin bu, heç də passiv müşahidəçi, yaxud başqa ölkələrə yarınmaq yolunu tutmaqdan ibarət olmamalıdır. Xalqımıza, milli-mədəni irsimizə məxsus yüksək, alicənab dəyərlər səviyyəsindən beynəlxalq münasibətlər sisteminə varmalı, müdaxilə etməli, öz haqq sözümüzü deməli və hüquqlarımızı tələb etməliyik. Anlayıb həssaslıq göstərənin sinəsindən itələməməli, başa düşməyəni düz yola çəkməliyik. Dövlət də, hər bir Azərbaycan vətəndaşı da bu yolda çalışmalı, səlis və məqsədyönlü fəaliyyətin həyata keçməsində maraqlı olmalıdır. Milli mənafe üstün tutulmalı, eqoistik mahiyyətli şəxsi və qrup maraqlarının rəvac tapmasına imkan verməməliyik. Necə deyərlər, qonşuları özümüzə güldürməməliyik. Dünya qarşısında sağlam və rasional düşüncəmizi nümayiş etdirə, milli mənliyimizi və milli qürurumuzu saxlayıb möhkəmləndirə biləcəyiksə, Qarabağ probleminin ədalətli həllinə nail olacayıq.

Unutmamalıyıq ki, sivil dünyaya yol öz içimizdən keçir. Bəşəriyyətə təsir ölkədaxili vəziyyətin səliqə-sahmanından, ahəngdarlığından asılıdır. Özümüz bir-birimizi necə eşidiriksə, dünya da bizi o qədər eşidəcək!

 Dünyaya ağıllı və sanballı çıxış məqamıdır, milli səfərbərlik anıdır. Və bu səfərbərlik direktiv, yaxud subyektiv hökmdən doğan «irəli!» şüarı ilə əvəzlənə bilməz. Azad vətəndaşların maraq və ehtiyaclarının sərbəst, rasional uzlaşması əsasında sistemli fəallıq və konkret fəaliyyət gərəklidir. O fəaliyyət ki, cəmiyyətin prioritet maraqlarına qarşı çıxmır, əksinə, onların təmin olunmasının ən optimal və təbii forması kimi həyata keçirilir.