Qorxmaz Mustafayev

XIX əsrin əvvəllərində Qarabağ və Gəncə xanlıqlarının

inzibati vahidləri və əhalisi

Şimali Azərbaycan ərazisində yaranmış xanlıqlar arasında Qarabağ və Gəncə xanlıqları özünəməxsus yer tuturdu. Bu xanlıqlar uzun müddət Səfəvi imperatorluğunun mühüm inzibati-ərazi vahidlərindən biri olan Qarabağ (və ya Gəncə) bəylərbəyiliyi ərazisində meydana çıxmışdı.

Xanlıqlar dövrü Azərbaycan tarixinin son dərəcə maraqlı və mühüm mərhələlərindən biridir. Azərbaycan xanlıqlarının tarixinin müxtəlif aspektləri tədqiqatçıların araşdırma obyektinə çevrilsə də, xanlıqlarda demoqrafik proseslərin öyrənilməsi Azərbaycan tarixşünaslığının yeni istiqamətlərindən biridir. Əhalinin demoqrafiyası çoxşaxəli, geniş spektrli problemləri-əhalinin say dinamikası, etnik və dini tərkibi, yerləşməsi, miqrasiyası, emiqrasiyası və s. əhatə edir. Bütün bu problemlərin Qarabağ və Gəncə xanlıqlarında hərtərəfli araşdırılması, Azərbaycanın xanlıqlar dövrü tarixinin bir çox qaranlıq səhifələrinin işıqlanıdırılması nöqteyi-nəzərindən də böyük əhəmiyyətə malikdir.

XIX əsrin başlanğıcında I Aleksandr hakimiyyət başına gəldikdən sonra Rusiyanın Cənubi Qafqaz siyasətində köklü dəyişiklik yarandı. Rusiya imperiyası Azərbaycan xanlıqlarına qarşı açıq işğal yoluna qədəm qoydu. 1803-cü ildə P.D.Sisiyanovun Qafqazın baş komandanı təyin edilməsi ilə Qafqaz xalqlarına qarşı ən qaba hərbi-sümürgəc siyasəti yeridilməyə başlandı.

I Rusiya-İran müharibəsinin bütün döyüşlərinin Azərbaycan ərazisində getməsi xanlıqların əhalisinin say dinamikasında və digər demoqrafik proseslərində dərin iz buraxmışdı. Müharibənin başlanmasından az sonra Rusiya Azərbaycan xanlıqlarına, o cümlədən Qarabağ xanlığına təzyiqi gücləndirdi. Yaranmış hərbi-siyasi vəziy­yətdən yeganə çıxış yolu kimi, İbrahimxəlil xan 1805-ci il mayın 14-də Kürəkçay sülh müqaviləsini imzalayaraq, Rusiya himayəsini qəbul etməyə məcbur oldu. Traktatın bağlanması ilə Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator zəmanəti verilirdi. Beləliklə, Qarabağ xanlığı öz müstəqilliyindən məhrum oldu, rus qoşunları Şuşada yerləşdirildi. Qarabağ əhalisinin “qorumağa” gələn rus qoşunu 1806-cı ildə mayor Lisaneviçin başçılığı altında İbrahimxəlil xanı bir neçə nəfər əhləyalı və yaxın adamı ilə (17 nəfər) qətlə yetirdi. 13 sentyabr 1806-cı il tarixli I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa Qarabağ xanı təyin edildi.

Azərbaycanın Şimal xanlıqlarının ərazilərinin işğalından sonra, 1813-cü ildə müsəlman əyalətlərini idarə etmək üçün iqamətgahı Qarabağın mərkəzi Şuşada yerləşməklə xüsusi orqan - “Müsəlman əyalətləri hakimi” təsis edildi. Bu orqanın yaradılması Azərbaycan xanlıq­larının, xüsusilə də Qarabağ xanlığının tamamilə ləğvi istiqamətində atılan mühüm addım hesab edilməlidir. Maraqlısı budur ki, “Müsəlman əyalətləri hakimi»” vəzifəsinə qatı xristian təəsübkeşi olan knyaz Mədətov təyin edildi. Yermolovun “sağ əli»” olan Mədətov Qarabağda “ən birinci mülkədara»” çevrilmişdi.

Məlumdur ki, Azərbaycan xanlıqları inzibati baxımdan mahallara, mahallar isə şəhər və kəndlərə bölünürdü. Qarabağ xanlığının ləğv edilməsindən bir il sonra 1823-cü ildə çar məmur­ları Mogilevski və Yermolovun keçirdiyi kameral təsvir materiallarında Qarabağ əyalətində 21 mahal-Sisiyan, Dəmirçihəsənli, Küpara, Bərgüşad, Vahabyurd, Kəbirli, Tativ, Cavanşir, Talış, Xaçın, Kolanı, Çələbiyurd, Xırdapara, Dizax, Püsiyan, Dizaq Cavanşiri, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərəndə, Dizax və Acanan-türk – qeydə alınmışdır. 1727-ci və 1823-cü  il sənədləri göstərir ki, Qarabağın inzibati-ərazi vahidləri zaman keçdikcə bəzi dəyişikliklərə məruz qalmışdır. 1823-cü il kameral təsvirinə əsasən Qarabağ xanlığı ərazisində yalnız Şuşa şəhərinin olması göstərilir. Görünür, 1727-ci il sənədlərində qeydə alınmış Bərdə şəhəri artıq şəhər yaşayış məskəni kimi öz əhəmiyyətini itirmişdi. 1823-cü il kameral təsvir materiallarını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi səhvləri üzə çıxararaq,  1823-cü il kameral təsvirinin yekun cədvəlinə əsasən Qarabağ əyalətində 18563 ailənin yaşadığı məlum olur. Bu rəqəmin üzərinə sonradan qeydə alınmış cəbrayıllıların 139 ailəsini də əlavə etsək 18.702 ailə alınır. 1823-cü il kameral təsvir materiallarının araşdırılmasından sonra Qarabağ əyalətində faktiki olaraq 18.769 ailənin yaşadığı məlum olur.

Lakin ən mükəmməl sayımlar və kameral təsvirlər belə Qarabağ xanlığının əhalisinin dəqiq sayını müəyyən etməyə imkan vermir. Bu faktı sayımları keçirən çar məmurları özləri də etiraf edirdilər. Mogilyovski və Yermolov göndərdikləri 2 may 1823-cü il tarixli 22 №-li raportda yazırdılar: “Nə qədər çalışsaq da Qarabağın əhalisinin dəqiq sayını müəyyən etmək mümkün deyildir....Bir mahala məxsus olan əhali tamamilə başqa mahallara səpələnmişlər». Göründüyü kimi, Qarabağ əhalisinin real sayı göstərilən rəqəmlərdən daha çox olmuşdur.

Araşdırmalar nəticəsində “Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri”ndə Gəncə xanlığının sərhədləri çərçivəsinə düşən təx­mini ərazilərdə 1727-ci ildə 12 mahal- Gəncəbasar, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan, Danqı, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan, Xılxına mahalları qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, göstərilən mahallardan Gəncəbasan, Sunqurabad, Böyük Kürəkbasan, Kiçik Kürəkbasan, Kürəkbasan və Danqı mahalları bütövlükdə, Qaraqaya, Türkənlər, Yuxarı Zəyəm, Aşağı Zəyəm, Şəmkürbasan və Xılxına mahalları ərazisinin isə bir hissəsi Gəncə xanlığının tərkibinə düşürdü.

Gəncə xanlığının Rusiya tərəfindən işğal edilməsindən sonra aparılmış kameral təsvir sənədləri XIX əsrin əvvəllərində xanlığın inzibatı bölgüsü haqqında daha dəqiq təsəvvür yaradır. 1807-ci ilin fevralında çar məmurlarının Yelizavetpolda keçirdiyi kameral təsvir dairədə Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarını qeydə almışdır.

1817-ci ildə Yelizavetpol dairəsində keçirilmiş müfəssəl kameral təsvir sənədlərində də bu dairədə 5 mahalın: Gəncə, Kürəkbasan, Şamxor, Samux və Ayrım mahallarının olması göstərilmişdir.

1831-ci ildə dairədə keçirilmiş kameral təsvir sənədləri Yelizavetpolun 6 mahaldan ibarət olmasını qeyd edir: 1) Dağlıq mahalı-dairənin cənub-qərbində, Gəncə dağlarında yerləşir; 2) Şəmşədil distansiyası ilə sərhədd olub Şamxor çayın hər iki sahilində yerləşən Şamxor mahalı; 3) Qarabağ əyaləti ilə həmsərhəd olub Kürəkçayın əsasən sol və bir az da sağ sahilini əhatə edən Kürəkbasan mahalı; 4) Şamxor və Kürəkbasan arasında yerləşən Gəncəbasar mahalı; 5) Kür çayının sağ sahili boyu Samux dağ silsiləsini əhatə edən Samux  mahalı; 6) Bütün dairəyə səpələnmiş köçəriliklə məşğul olan Ayrumlar mahalı. Görünür, Gəncə xanlığı ləğv edildikdən sonra, çox ehtimal ki, XIX əsrin 20-ci illərinin II yarısında, çar məmurları – Yelizavetpol dairəsinin inzibati quruluşunda bəzi dəyişikliklər etmiş və nəticədə yeni bir  mahal Dağlıq mahalı yaradılmışdı.

Yuxarıda qeyd etdiyimiz kimi, “Müfəssəl dəftər”də göstərilmiş Gəncəbasar,  Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan, Dan­qı nahiyələrinin bütün ərazisi, Şəmkürbasan, Aşağı Zəyəm, Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına nahiyələrinin ərazisinin bir hissəsi Gəncə xanlığının ərazisi çərçivəsinə düşür. Şəmkürbasan, Aşağı və Yuxarı Zəyəm, Türkənlər, Qaraqaya və Xılxına nahiyələrindəki toponimik vahidlərin hansının Gəncə xanlığı ərazisinə, hansının xanlığın ərazisi çərçivəsindən kənara düşməsini müəyyənləşdirmək mümkün olmadığına görə, biz bu nahiyələri bütünlüklə, şərti olaraq, Gəncə xanlığı ərazisinə şamil etmişik. Hesablamalarımıza görə, 1727-ci ildə həmin nahiyələrdə 7.450 nəfər vergi mükəlləfiyyəti daşıyan şəxs qeydiyyatdan keçmişdir. Əgər yalnız ərazisi bütünlüklə Gəncə xanlığının tərkibinə düşən nahiyələri götürsək, onda, “Müfəssəl dəftər”in statistik məlumatına görə, Gəncəbasar, Sunqurabad, Kiçik Kürəkbasan, Böyük Kürəkbasan, Kürəkbasan və Danqı nahiyələrində 1727-ci ildə 4.285 ailənin yaşadığı məlum olur. XVIII əsrin 30-80-ci illərində baş vermiş siyasi çəkişmələr, hərbi yürüşlər və ara müharibələri Gəncə xanlığı əhalisinin böyük təlafata uğramasına gətirib çıxarmışdı. 1734-1735-ci illərdə Nadirin yürüşü, 1750-1751- ci illərdə  Pənahəli xanın Gəncə şəhərinin bir hissəsini qarət etməsi, 1780-ci ildə İbrahimxəlil xan və II İraklı qoşunlarının Gəncəni işğal etməsi, 1795-ci ildə İbrahimxəlil xanın Gəncəyə ikinci yürüşü zamanı baş vermiş qırğınlar nəticəsində Gəncə xanlığının əhalisi kəskin şəkildə azalmışdı.

Apardığımız araşdırmalar göstərir ki, çar məmurları burada da hesablamalarda səhvə yol vermişlər. Belə ki, 2 mart 1804-cü il sayımı Yelizavetpolda hər iki cinsdən olan 7.303 nəfər, Gəncədən Şəmşədilə köçənlərin 2033 nəfər olduğunu göstərir. Bura Şuşadan Yelizavetpola köçən 1.119 nəfəri də əlavə etsək, 10.455 nəfər alınır.

Azərbaycan Respublikası Mərkəzi Tarix arxivi fondunun materiallarında da Gəncə xanlığı və Yelizavetpol dairəsi əhalisinin say dinamikası ilə bağlı qiymətli materiallar vardır. Arxiv materiallarına görə, 1804-cü il 2 mart tarixli kameral təsviri nəticəsində Gəncə xanlığı ərazisində 2.517 ailə qeydə alınmışdır.

1807-ci ilin fevralında keçirilmiş Yelizavetpol dairəsinin kameral təsviri zamanı dairədə 2.025 ailənin yaşadığı müəyyən edilmişdir. 1808-ci ilin dekabrında Yelizavetpol dairəsində keçirilmiş sayım materialları dairədə 8.913 nəfərin yaşadığını qeydə almışdır. 1817-ci ildə Yelizavetpol qəzasında keçirilmiş ən mükəmməl kameral təsvir materiallarının araşdırılması nəticəsində qəzada 17.901 nəfərin yaşadığı müəyyən edilmişdir.

1804-cü ilə nisbətən 1807 və 1808-ci illərdə Yelizavetpol əhalisinin sayını kəskin şəkildə azalması birinci Rusiya-İran müharibəsinin başlanması ilə bağlı olmuşdur. Gülüstan sülh müqaviləsinin bağlanmasından sonra dağılmış əhalinin geri qayıtmasının nəticəsində Yelizavetpol qəzasında əhalinin sayı 1817-ci il siyahıyaalınması zamanı, demək olar ki, iki dəfə artmışdı.

1833-cü ildə Yenizavetpol qəzasında keçirilmiş kameral təsvir materialları qəzada 5.424 ailənin (12.149 k.c) yaşadığını qeydiyyatdan keçirmişdir. 1817-ci ilə nisbətən baş vermiş bu artım ermənilərin Yelizavetpol qəzasına köçürülməsi nəticəsində mümkün olmuşdu.