Rəna Mirzəzadə

Qarabağın gender tarixi: ictimai-siyasi mənzərə

Qarabağın tarixi keçmişinə ekskurs edəndə aydın olur ki, əzəli Azərbaycan ərazisi olan bu diyarın da ensiklopedik bir gender tarixi var. Qarabağın tarixi açıq-aşkar göstərir ki, kişi-qadın münasibətlərinin identifikasiyasının köklü fərqində, nə qədər paradoksal olsa da, xüsusilə seçilən qadınlar olmuşdur. Bu qadınlar öz xeyriyyəçilik, maarifçilik missiyası ilə hətta kişilərin də birliyinə nail olmağa cəhd etmiş, praktik olaraq öz əməlləri ilə öz dövrünün fədakar şəxsləri kimi hörmət və nüfuz qazanmışlar.

Bu prosesdə bir sıra amillər də təsiredici şərt idi. Əvvəla, Qarabağda ən qədim dövrdən bəri formalaşan Azərbaycan-Türk mədəni-ədəbi mühitinin mövcudluğu idi. İkincisi, Qarabağın kişi ziyallıları arasında Avropada təhsil alanların da dünyagörüşündə Qərb mədəniyyətinə inteqrasiyanın baş verməsi də önəm daşıyırdı. Nəhayət, həm də Qarabağ Azərbaycanın mədəniyyət Mərkəzi kimi tanınırdı.

Kimdir bu qadınlar? Tarix nə yazır? Tarix yazır və göstərir ki, məhz bu qadınlar hesabına bəzən müharibə, savaş dayanmışdır. Tarixdə bu günə kimi qalan «nigah diplomatiyası» məhz ən əsas səbəblərdən biri kimi xüsu-si vurğulanmalıdır. Hər tərəfdən separatçı məliklərlə əhatələnmiş İbrahim xan, Qarabağda hökranlığı tam ələ almaq və atası Pənah xanın işini davam etdirmək üçün özünə müttəfiqlər aramağa çalışırdı. O, ilk addım kimi, Car-Balakən camaatının başçısı Ümmə xanın bacısı ilə evləndi. Bu «nigah diplomatiyası» sonralar da onun çox işinə yaradı. Pənah xandan sonra güclənən çəkişmələrin, mərkəzdənqaçma qüvvələrinin qarşısı alındı. Əhməd bəy Cavanşir yazır: «Nadir şahın sərdarlarından biri olan Urmiyalı Fətəlixan Afşar Azərbaycan, Urmiya və başqa vilayətlərin əhalisindən çoxlu qoşun toplayıb Qarabağı ələ keçirmək və Pənah xanı aradan götürmək məqsədilə Şuşa qalasına gəlib qalanın bir ağaclığında düşərgə qurdu… Bu hücumda Fətəli xan Afşar qoşunundan təxminən iki min nəfər piyada və su-vari qırıldı, əsir düşdü… Bu hadisədən sonra Fətəli xan Afşar qoşunun məğlub olmasına görə sülh və barışıq təklif etdi ki, əgər Pənah xan əsirlərimi geri qaytarsa, qızımın kəbinini onun böyük oğlu İbrahimxəlil ağaya kəsdirəcəyəm və biz əbədi qohum və dost olacayıq. Bir şərtlə ki, oğlunu mənim yanıma göndəsin. O isə orduda şirni içilib kəbin kəsildikdən və iki-üç gün burada(qonaq) qaldıqdan sonra geri qayıtsın» (bax: Azərbaycan tarixi, 1996, s.515). Burada diqqəti çəkən məqam nədir? Əsrlərdən gələn adət-ənənəyə görə, adətən oğlan tərəf qız tərəfə elçi düşər. Burada isə paradoksal olsa da, hadisə tamam əks bir mövqe göstərir. Hər halda yaranan situasiya, münasibətlər bəzən əsrlərin yazdığı «qayda»ları pozub yenisini diqtə edir.

Digər bir tarixi fakta nəzər yetirək. Ağa Məhəmməd şah Qacar 1797-ci ildə Şuşada qətlə yetiriləndən sonra taxta onun yerinə Fətəli şah çıxır. Fətəli şah «hər iki tərəfin xatircəmliyi üçün» İbrahim xana öz qızı Ağabəyim ağanı (Xurşud Banu Natəvanın bibisi) hərəmxanasına göndərməsini söyləyir. İbrahim xan bu nigaha qol qoyur və razı olur. Ağabəyim Ağa qabiliyyətli, bacarıqlı və gözəl olmaqla bərabər, həm də çox vətənpərvər bir qadın olmuşdur. Ağabəyim Ağa dustaqların zindandan azad olunması, əsirlərin buraxılması, ölüm hökmü ilə məhkum edilmişlərin əfv olunmasına nail olurdu. Maraqlı olan bu faktdan çıxış etsək və bu günün prizmasından dövrü gender müstəvisində təhlil etsək, Ağabəyim Ağa insan hüquqçusu qismində çıxış etməyibmi?! Bu, Azərbaycanın qadın tarixidir.

Mənbələr göstərir ki, Ağabəyim Ağa atasının vəziri Molla Pənah Vaqifin yetirməsi idi və sonradan fransız dilini öyrəqərək, avropalılarla sərbəst danışmış, dövrün bir sıra şəxsiyyətləri ilə məktublaşmışdır. 1811-ci ildə o, Fransız imperatorunun arvadı ilə görüşmüş, onun vasitəsilə Napaleon Bonaparta məktub göndərmişdi. Rusiya – İran münasibətlərinin barışıqla nəticələnməsi işində də Ağabəyim Ağanın rolu az olmamışdır. Rus çariçası Ağabəyim Ağaya göndərdiyi məktubunda yazırdı: «Ey Bəyim, Siz öz müdrikliyinizlə mərhəmətli şahın ikinci Zöhrəsi, tale ulduzu olmuşsunuz» (bax: «Qadın, gözəllik və ülviyyət, B., 2001, s.46). Ağabəyim Ağaya Qarabağı çox sevən, öz torpağının həsrəti ilə yaşayan, ermənilərin xəyanətinə nifrət edən bir ictimaiyyətçi də demək olar. Digər bir mənbənin yazdığı kimi, İrəvan xanı «Sarı Aslan» ləqəbli Həsən xanı rus əsirliyindən qurtarmaqda da köməkçi olmuş, onu əsirlikdən qurtarmışdı.

Qarabağın gender tarixindən danışarkən müxtəlif isimlər içərisində XIX əsr Azərbaycan ictimai mühitində Xan qızı adı ilə tanınmış Xurşud Banu Natəvanın müstəsna yerini unutmamalıyıq. Kim olub Natəvan? Dövrünün ziyalısı, əsilzadə, çox məşhur, ictimai fəallığı ilə seçilən bir qadın. Rza Əlləddin İbn Fəxrəddinin 1904-cü ildə çapdan çıxmış qızı Zeynəbə həsr etdiyi «Məşhur xatunlar» əsərində Natəvan haqqında yazır: «Zirək, aqilə olub, türki və farsı, həm ərəbi bilir və əksər ömrünü mütailə ilə keçirirdi. Füqarəyə mərhəmətli olub, ümum faidəsi üçün mal sərf etməkdən ləzzətlənir olmuşdur. Yüz bin rüblə rus ağcası fəda edərək Şuşa (Qarabağ) şəhərinə çeşmə, şirin su gətirmişdi» (İfadələr eyni ilə verilmişdir… R.M.)

Azərbaycanlı tarixçi alim S. Gəncəli yazır: «Ömrünü xeyirxah işlərə, mədəniyyət və maarifin yayılmasına sərf edən bu həssas qəlbli şairə, rəssam qadın 1867-ci il Paris Dünya sərgisinin, 1869-cu il Moskva və 1882-ci il Tiflis bədii kənd təsərrüfatı sərgisinin iştirakçısı olmuşdur. Sərgidə Natəvanın saxladığı məhşur Qarabağ atları, əl işləri, Qarabağda yetişdirilən taxıl növləri nümayiş etdirilmişdir. O, birinci yeri qazanmış, qızıl medala layiq görülmüşdür. Bu haqda Rusiyada çap olunan «Konnozavodstva» curnalının 2 və 11-ci saylarında məlumatlara rast gəlirik.

Gender tarixindən bəhs edərəkən niyə məhz Natəvanın adını qeyd etməyi zəruri hesab etdik? Professor Əzizə Cəfərzadə göstərdiyi kimi Natəvan Şuşa şəhərində ədəbi qüvvələri birləşdirmək məqsədilə 1872-ci ildə «Məclisi-üns» adlı bir ədəbi məclis təşkil edir və uzun müddət onun rəhbəri olur. O zamankı Azərbaycanda heç bir nəşriyyatın olmadığınıa baxmayaraq, Natəvanın əsərləri tezliklə yayılır, müzakirə edilir. «Nə gah olaydı, nə zindan, nə karivan güzari» söyləyən Natəvan «Ərəstu ilə həm Loğman, Fəlatuni – zaman ağlar» - ifadəsində bir loğman – dahi alim kimi Aristotelə müraciətində zəmanəsinin ağlar vəziyyətinə etiraz etmiş, «bəla sərmənzilində gör nə qəfil aşiyan eylər?» - sorğusuna özü cavab verir. «Çünki bu gülşəndə sərgərdən gəzənlər çoxdu, çox» - və yaxud da «dövrü dönmüş dövr dövran etmədi kamımca ah!» - söyləyir. Natəvan haqqında fransız yazıçısı ata A.Düma da yaxşı fikirlər söyləmişdir. Adətən cəhalət, gerilik, mövhumat məkanı kimi təsvir edilən Şərq mühüti haqqında A.Düma yazır: «Mənim dəvət olunduğum evdə iki knyaz qadını məclisdə iştirak edirdi». Bu şairə, abadlıq və mədəniyyət yayan, ictimai və mədəni fəaliyyəti nəinki Şərq, həm də Qərb üçün örnək olan, Qarabağ mahalından Xan qızı Natəvan idi. Azad fikirli, cəsarətli bir qadın olan Natəvan üçün, təbii ki, hüquq tələb etmək gərək deyildi. O, qadın olaraq vətəndaş, ziyalı, ictimaiyyətçi kimi, cəmiyyətdə fəaliyyət göstərmişdir.

XX əsrin Azərbaycan şairəsi Nigar Rəfibəyli haqlı olaraq göstərir ki, «Azərbaycanlı şairələr xalqın ümumi müsibətlərinə – zəlzələlərə, talanlara, müharibə qırğınlarına, ölənlərə, itənlərə yas tuturlar. Şairələr Şərq qadının ümumi acı taleyinə – hüquqsuzluğa, bərabərsizliyə, mütiliyə ağlayırlar. Bir də hər şairənin, hər qadının öz şəxsi yaraları, şəxsi dərdi, itkisi var». Şərq şairəsinin islam ölkələrində yaşayıb yaradan qadın sənətkarın işi isə liberal feministlərin təbirincə, ikiqat zəhmətdən başqa, həm də beşqat, onqat cəsarət, hünər idi. Onlar qadının hüquqsuzluğuna şerlə, bayatı ilə, Qərbdə M.Uolstounkraft esse ilə, Natəvan ictimai-mədəni fəaliyyəti ilə, Olimpiya da Quc edam olunması ilə cavab verirdilər. Bu paralellikdə bir maraqlı cəhət diqqət çəkir. Bir-birindən xəbərsiz olan, hətta ayrı-ayrı dövrlərdə yaşayan, müxtəlif millətlərin, dinlərin nümayəndəsi olmuş bu qadınların mövzu, fikir və baxışlarının uyğunluğu, bir-biri ilə səsləşməsini görürük. Müəyyən mənada bu eyni olan qadın taleyinin real əksi idi. Yaxud, XVII əsrin I-ci yarısında yaşamış «Təsnifi-Gülşad» adlı yeganə əsərindən başqa əldə heç bir yazısı mövcud olmayan Gülşad Xanımın «Bizi apardılar Tatar xanına, fitva verdilər yesirin qanına, bir namə göndərdim Məşhəd Kanına» - kəlmələri qadın cəsarətinin, qadın kamilliyinin, cəmiyyətin haqsızlığına qarşı şerlə üsyanında da ədalətə bir çağırış var.

Qarabağın məşhur gender tarixini işıqlandırarkən Şuşanın digər bir məşhur xanımı, Fatma xanım Kəminənin də adını qeyd etməliyik. Bu qadın 500-ə yaxın şer və qəzəlin müəllifidir. Firudin bəy Köçərli onun haqqında «Azərbaycan ədəbiyyatı tarixi materialları» adlı kitabında geniş məlumat verir. Fatma xanım Kəminə Qarabağın ədəbi-mədəni tarixində öz ictimai dəyəri ilə seçilmiş, Şuşada təşkil olunan «Məclisi-Fərəmuşan»da fəaliyyət göstərmişdir.

Bu dövrdə qadın tarixini şərəfləndirənlər içərisində İbrahim xanın digər qızı Gövhər ağanın da adı xüsusi qeyd olunmalıdır. Öz xeyriyyə işləri ilə xüsusi fərqlənən bu kübar xanım, atasının Şuşada inşa etdirdiyi Cümə məscidini əsaslı surətdə yenidən düzəltdirmiş, öz şəxsi əmlakını da buraya vermişdi. Məhz bu var-dövlət sayəsində də Şuşada «Darrüs-Şəfa» və mədrəsə açılmış, bütün əhaliyə ərməğan edilmişdi. Ağdama gedən yolda, «Ağa körpüsü» adlanan bir körpü də saldıran bu xanım, öz geniş xeyriyyəçilik missiyası ilə tanınırdı. Belə ki, o iki məktəb, iki hamam, iki körpü, xəstəxananı da yoxsulların istifadəsinə vermişdi.

XIX əsrin tərəqqiyə meylli olanlardan Qarabağın tarixini yazanlardan biri də Həmidə xanım Cavanşir (Cəlil Məmmədquluzadənin həyat yoldaşı) idi. O öz yaşadığı kənddə qız məktəbi açmış, Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin təsisində yaxından iştirak etmişdi. Qeyd edək ki, Həmidə Cavanşir Azərbaycan qadın hərəkatı tarixinin aparıcı simalarından biri hesab olunur. Onun ictimai-siyasi, ədəbi-mədəni mühitdə fəaliyyəti özü öyrənilməli bir məktəbdir. Belə demək olarsa, Qarabağın bu səviyyəli və bacarıqlı qadının Cəlil Məmmədquluzadənin də həyat və yaradıcılığında önəmli yeri olmuşdu. Həmidə xanım 1912-ci ildə Zaqafqaziyada keçirilən pambıqçıların 13-cü qurultayında məruzə ilə çıxış etmişdi. Onu da nəzərə alaq ki, belə yüksək tribunadan çıxış edən ilk azərbaycanlı qadındır.  

Qeyd etmək lazımdır ki, Azərbaycan elmi ədəbiyyatında fenimizmi adlanmasa da, qadın məsələsi – qadın probleminə həmişə mütərəqqi nöqteyi-nəzərdən yanaşılmış, qadın azadlığı, onun təlim-tərbiyədəki rolu müsbət qiymətləndirilmişdir. Düzdür, cəmiyyət mənfiliklərdən də xali deyildi. Döyülən, söyülən, haqqı tapdanan, istismar olunan həm qadın idi, həm də kişi. Buna baxmayaraq, ədəbi publisistik əsərlərin çoxu məhz qadın məsələsinə həsr edilmişdi. 

Fikrimizi yekunlaşdıraraq belə nəticə ilə çıxış edək: mübariz, xeyriyyəçi, maarifpərvər, icmaiyyətçi, mədəniyyət xadimi, ziyallılığın ali rütbəsində yetişən Qarabağ tarixinin Qadınlarından öyrənmək, bəhrələnmək və onları təbliğ etmək çox əhəmiyyətlidir. Hər bir həyat məktəbi olan bu qadınlar bərabərhüquqluluq məsələsini öz işlərində həyata keçirmiş, kişilərlə cəmiyyətdə birgə fəaliyyətdən qaçmamışlar.

  Bu, Qarabağın Qadını, Azərbaycanın Gender tarixidir.