qar Abbasov

«Dağlıq Qarabağ» münaqişəsinin sülh yolu ilə həllinə dair

Dünyada qloballaşmanın davam etdiyi, milli və regional münaqişələrin həllinin mühüm rol oynadığı bir dövrdə benəlxalq əlaqələrin inkişaf etdirilməsi və ölkələr arasında dostluq və yaxınlaşma prinsiplərinin həyata keçirilməsinə böyük ehtiyac vardır. Ancaq birmənalı şəkildə demək olar ki, dünyanın bir çox nöqtələrində yüğılıb qalmış neqativ halları aradan qaldırmadan xalqların və millətlərin yaxınlaşmasına, siyasi, iqtisadi və mədəni əlaqələri genişləndirilməsinə nail olmaq qeyri-mümkündür.

Müasir dünyanın ən narahat nöqtələrindən biri olan, teror və narkotik vasitələrin yuvasına çevrilmiş Dağlıq Qarabağın xilası məsələsinə dünya ölkələri və beynəlxalq təşkilatlar birmənalı yanaşmaması böük narahatlıq doğurur. Azərbaycanın ərazi bütövlüyünə, dünya ölkələrinə hərtərəfli inteqrasiyasına, eləcə də beynəlxalq əlaqələrin inkişafı, ölkələr arasında yaxınlaşmanın həyata keçirilməsinə mane olan bü problemin həll edilməsinə həmin dövlətlərin bir çoxu laqeyid yanaşırsa, bəzi dövlətlər isə aşkar qərəzli mövqe tutur. Azərbaycan xalqı və dövlətinin ərazi işğalı ilə barışmayacağı və bunun üçün tez-gec müharibə dalğasının yenidən qalxacağı istisna edilmir. Bu halda işğal olunmuş ərazilər boşaldılmalı, terrora son qoyulmalı, bundan sonra milli ədavətlərin, millətlərarası çəkişmələrin, ölkələr arası münaqişələrin davam etməsi dayandırılmalıdır. Nəzərə alınmalıdır ki, bu məsələnin həlli üçün bir çox beynəlxalq təşkilatların fəaliyyət göstərməsinə baxmayaraq, hələ heç bir nəticə əldə edilməmişdir.

Bu bir tarixi həqiqətdir ki, siyasət tarixə, tarixi faklara əsaslanırsa, daha səmərəli nəticəlrə nail olunur. Bunun üçün tarixi keçmişə nəzər salınmalı, xalqların və millətlərin müştərək tarixi, müsbət ənənələri, mədəniyyəti eləcə də keçmişin digər dərsləri unudulmamalıdır. Hər bir bəşər övladı bütün xalqlara və millətlərə, onların tarixinə və mədəniyyətinə  hörmətlə yanaşmalıdır. 

Məlumdur ki, Yer kürəsinin çox yerində ərazi münaqişələri mövcuddur. Dağlıq Qarabağ probleminin digərlərindən əsas fərqi odur ki, bu əslində müəyyən siyasi kampaniyaların yaratdığı süni problemdir. Bu problem Ermənistanın özündə, ondan kənarlarda fəaliyyət göstərən erməni təşkilatları, eləcə də Azərbaycanda sabitliyi pozmaq istəyən bir sıra böyük dövlətlərin siyasətində əsas yer tutduğu üçün dərinləşir və onun həlli çox çətindir. Məlumdur ki, bölgənin strateci mövqeyinin və regionda söz sahibi olmaq istəyən xarici dövlətlərin aktiv rol oynamalarının burada ciddi təsiri vardır. Bu siyasətə xidmət edən ermənilər və ermənipərəst qüvvələr regionda baş verənləri müxtəlif ad altında, həqiqətdən uzaq şəkildə göstərməyə çalışırlar. Belə ki, Cənubi Qafqazda olduqca mürəkkəb görünən siyasi vəziyyəti regionda xüsusi etnik münaqişələr zəminində baş verən hadisələrlə eyniləşdirməyə cəhd edirlər. Bu dövlətlər gizli niyyətlərini ört-basdır etmək üçün Dağlıq Qarabağda baş verənləri öz məqsədlərinə uyğun şəkildə şərh etməyə- bəzən bütünlüklə regionda mövcud olan problemlərlə eyniləşdirməyə, bəzən isə onu xüsusləşmiş şəkildə göstərməyə  çalışırlar.

Rusiyanın hərtərəfli köməkliyi ilə Azərbaycan torpaqlarının 20%-ni işğal altında saxlamaqda davam edən, Bakı-Tbilisi-Ceyhan magistralı, Beynəlxalq İpək yolu, Bakı-Ərzrum-Qars qaz kəməri və s. kimi beynəlxalq əhəmiyyətli işlərdə, habelə Cənubi Qafqazın həyatında mühüm rol oynayan yeni birliklərdə Ermənistan iştirak etmir. Əksinə havadarlarının təhriki ilə regionda gedən beynəlxalq və iqtisadi proseslərə mane olmağa çalışır. Bu məqsədlə erməni lobbisi eləcə də ermənipərəst qüvvələrin maddi və mənəvi dəstəyi ilə saxta uydurma əsərlər yazaraq, dünya ictimaiyyətini aldadırlar. Özlərini Qarabağda oborugen xalq kimi qələmə verərək Azərbaycan xalqının qədim mədəniyyət irsinə sahib çıxmağa çalışıplar. 

Sağlam təfəkkürə malik olanlar bilirlər ki, ən qədim insan məskənlərindən olan Azıx, Quruçay, Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyətləri Azgrbaycana məxsus maddi irslərdir. Bu torpaqda yaranmış qədim Manna, İskit, Atropatena, Albaniya dövlətləri, eləcə də orta əsrlər Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər, Eldənizlər, Hülakülər, Teymurilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Osmanlılar, Əfşarlar, Qacarlar və digər türk-islam sülalərəinin idarə etdikləri dövlətlər təkcə Azərbaycanın, həmçinin Cənubi Qafqazın deyil, eyni zamanda Yaxın və Orta Şərqin dövlətçilik tarixində dərin iz qoymuşlar. Azərbaycan və onun mərkəzi bölgəsi olmuş Qarabağ uzun müddət bu dövlətlərin əksəriyyətinin mərkəzi vilayəti olmuşdur.

Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları və böyük dövlətçilik arzularından doğan məqsədləri dünyanın bugünkü durumu və beynəlxalq hüququn prinsipləri müstəvisində  ədalət prinsipi ilə tənzimlənməmişdir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində başlanan bu prosesin əsas səbəblərindən biri SSRİ dağıldıqdan sonra inteqrasiya əlaqələrinin pozulması yeni müstəqil dövlətlərin dünya səhnəsində təcrübəsiz olmaları ilə əlaqədar olaraq ciddi problemlər yaratdı. Beynəlxalq aləmdə yeni partnyorlar ilə xarici siyasi və iqtisadi əlaqədərin inkişaf istiqamətlərinin modellərini seçməkdə əldə etdikləri müstəqillik və azadlığın ilk illərinin eyforiyası regionun yeni dövlətlər kimi onlara göstərilən fəal təzyiqlə əlaqədar problemlərlə əvəz olunduğu üçün həlli çətin olan münaqişələrin qabarmasına şərait yarandı. Yaranmış şəraitdən istifadə edərək, ermənilər illərlə məxvi saxladıqları planlarını həyata keçirməyə başladılar.

Vaxt keçdikcə zamanın tələbləri problemlərin həllini qabaqlayır. Qloballaşma hökumətləri qonşu dövlətlərin, həmçinin potensial rəqiblərin tələb və təkliflərinə uyğun milli iqtisadiyyatı nizamlamağa məcbur etdiyi bir zamanda ümumdünya qloballəşma proseslərinə qoşulan yeni dövlətlər üçün dəyişən dünyada suverenliyin əsaslarını saxlamağın yollarını tapmaq, onu qoruyub saxlamaq haqqında düşünmək məcburiyyəti yarandı. Hər bir dövlət öz növbəsində bu prosesi qabaqlamaq üçün müəyyən tədbirlərə əl atdı.

Tədqiqat göstərir ki, insan fəaliyyətinin heç bir sferası bu və ya digər dərəcədə qloballaşmadan praktiki olaraq yayına bilməyəcəkdir. Qlobal səviyyədə rəqabətin əmək məhsuldarlığını artıracağı, elmi tədqiqatlara həvəsləndiriləcəyi, sosial sabitliyin mövcud olduğu zonalara investisiya cəlb ediləcəyi halda illərlə davam edən mübahisələrin həllinə yaxınlaşmaq mümkün olacağı düşünülməkdədir. Xalqların inteqrasiya əlaqələrinin genişlənməsinin və yüksək intelektual səviyyənin əldə edilməsinin yeni mərhələnin nailiyyəti kimi sürət götürməsinin bu günün reallığında iri görünən problemləri kölgədə qoyacağı qaçılmazdır.

Bu zaman hər bir xalqın keçmiş olduğu tarixi yol siyasətdən kənar tarixə çevriləcəkdir.

Ümumdünya tarixi səhnəsində müxtəlif zamanlarda baş vermiş müxtəlif tipli hadisələrlə müqayisə edilə bilinəcək nadir hadisələrdən biri də milli-psixoloji təfəkkürlərin  heç bir müsbət təfəkkür tərzi ilə uyğunlaşmamasıdır. Reallıqdan kənar siyasi, fəlsəfi fikir altında tarixə özünəməxsus şəkildə ekskurs edərək onu saxtakarcasına təhrif etməklə yeni fikir söyləmək cəhdi çox acınacaqlıdır. Əgər ermənilərin alimləri də (A.Abramyan, X.Badalyan, M.Mnatsakanyan A.Ayvazyan, S.Qarapetyan, Ş.Mkrtçyan ) şovinist mövqe tutub digər xalqların tarixinə, mədəniyyətinə məkrli niyyətlə yanaşırsa, ədavətin güclənməsinə sövq edirsə, bu problemin tezliklə həll edilməsi şübhə altında qalır.

Beləliklə, münaqişənin sülh yolu ilə həll edilməsini dəyərləndirərək, işğal altında olan Azərbaycan torpaqları azad edilməsə, Azərbaycan xalqı böyük türk dünyasının birliyi və dünya xalqlarının sağlam qüvvələrinin beynəlmililçilik dəstəyi ilə Qarabağı işğaldan azad edəcək və müstəqil Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edəcəkdir.