Faiq Ismayılov

Azərbaycan abidələrinə qarşı erməni vandalizmi

Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı yüz illər boyu düşünülmüş şəkildə həyata keçirilən uzun bir prosesdir.

Həmişə özlərinin böyük və güclü dövlətlərini yaratmaq arzusuyla yaşayan ermənilər Hindistan, Suriya, Iran, Fransa, Yunanıstan, Rusiya, Türkiyə ərazilərindən keçib, böyük bir məsafə qət edərək, Azərbaycan torpaqlarına qədər gəlib çıxmışlar. Onlar Azərbaycana gələnə qədər demək olar ki, bütün dünyanı dolaşmışdılar.

XVIII əsrin sonları və XIX əsrin əvvəllərində Rusiya-Türkiyə və Rusiya-Iran dövlətləri arasındakı ziddiyyətlərdən yararlanmaq istəyən ermənilər rusların himayədarlığını qəbul edərək, yaşadıqları dövlətlərin daxilində qarışıqlıq yaratmaqla ruslara yardımçı olacaqları öhdəliyini qəbul etdilər. Ermənilər Iranda, xüsusilə Türkiyə ərazilərində böyük insan təlafatı ilə müşayiət olunan təxribatlar törətməklə Rusiyanın rəğbətini qazandılar. Bu da onunla nəticələndi ki, 1828-ci ilin fevralında Rusiya və Iran arasında bağlanan Türkmənçay müqaviləsindən sonra, rusların təhriki ilə Iran, Türkiyə və Rusiya ərazilərindən ermənilər kütləvi surətdə Irəvan və Qarabağ xanlıqlarının torpaqlarına köçürülməyə başladılar. Onlar köçürüldükləri ərazilərdə sıx-sıx məskunlaşaraq, Rusiya və digər dövlətlərin himayədarlıqları ilə özlərinin dinlərini, sonralar isə dövlətlərini yaratdılar.

Rusiyanın 178 il davam edən bu məskunlaşdırma siyasəti illər boyu hər bir azərbaycanlı ailəsinə fəlakətlər gətirmişdir. Milyonlarla insan bu siyasətin əsirinə çevrilmiş, yüz minlərlə günahsız adamlar bu gün də hüquqi qiymətini almayan müxtəlif terror və separatizmin qurbanı olmuşdur.

Ermənilər azərbaycanlıların sadəlövhlüyündən istifadə edərək, sıx məskunlaşdıqları ərazilərdə yer adlarını dəyişdirir, özlərinə inanc yerləri və dini mərasimləri keçirmək üçün klassik üslubda məbədlər, kilsələr inşa edirdilər.

Ermənilər yaşadıqları, işlədikləri yerlərdə erməni millətindən olanların sayı artdıqca, onlar digər millətlərdən olanları tədricən sıxışdırıb aralarından çıxarırdılar. Ermənilərin etnik təmizləmə siyasəti uzunmüddətli bir konsepsiyaya arxalandığından, onlar bu siyasəti əvvəllər çox ləng və hissolunmaz dərəcədə ehtiyatla aparırdılar. Əvəzində isə məskunlaşdıqları ərazilərdə daha çox yayılmaq, böyük millətlərə daha tez qaynayıb-qarışmaq, yerləri, əraziləri erməniləşdirmək, hətta yerli sözü keçən adamlara öz qızlarını hədiyyə etmək, tələb olunduqda isə qətllər törətməklə öz planlarını həyata keçirirdilər.

Musıqı

Ermənilər təzəcə məskunlaşdıqları Azərbaycan torpaqlarında yerli əhali ilə tez qaynayıb-qarışdılar. Onlar azərbaycanlıların toy şənliklərində, bayramlarında iştirak edirdilər. Ozləri ilə gətirdikləri hind, ərəb, fransız musiqiləri burada işə yaramadığından, onlar Azərbaycan xalq musiqisini və dilini tez mənimsədilər. Ermənilər dünyada köçəri həyat sürdüklərindən, özlərinin milli mədəniyyətləri və musiqiləri olmayıb. Ermənilərin Sayat-Nova ilə başlanan poeziya və incəsənəti çox da uzaq olmayan tarixi keçmişi əks etdirir. Hətta erməni klassiki sayılan Sayat-Nova öz yaradıcılığında istifadə etdiyi çox şeyləri türk mədəniyyətindən əxz etdiyini etiraf edir.

 Ermənilər özlərinin toy və digər şənliklərində yalnız Azərbaycan musiqisindən istifadə edirdilər. Bununla yanaşı, artıq onlar Azərbaycan ifaçılıq sənətini mənimsəməyə başladılar. Onlar tar, kamança, dəf, zərb, nağara kimi alətlərdə çalmağı nəinki mənimsədilər, hətta onu azərbaycanlı uşaqlara tədris etməyə başladılar. XVIII- XIX əsrlərdə Azərbaycanda bir çox adlı-sanlı muğam üçlüyünün kamança çalanı erməni idi. Ermənilər bir çox musiqi kollektivlərində çalışır, özlərinin ifaçılıq sənətlərini inkişaf etdirirdilər.

Artıq XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın xalq musiqisini, sonralar isə bəstəkar mahnılarını açıq-aşkar erməni musiqisi kimi təqdim etməyə başladılar. Günü bu gün də Azərbaycan musiqisi ilə yaşayan, özlərini türk xalqlarının əzəli və əbədi düşməni elan etməklə Azərbaycan incəsənətini mənimsəyəcəklərini zənn edən ermənilər, bir zaman bu hərəkətlərinin beynəlxalq konvensiya və qanunlara zidd olduğunu anlayacaqlar, Azərbaycan musiqisindən aldıqları həzzə görə Azərbaycan xalqına minnətdar olacaqlar.

Daş heykəltəraşlıq abidələri

XX əsrin əvvəllərində ruslar Azərbaycan torpaqları üzərində erməni dövləti yaratdıqdan sonra ermənilər etnik təmizləmə hissləri daşa da qızışdı. Onlar təkcə sovetlər dönəmində 500 mindən çox azərbaycanlını Qərbi Azərbaycandan deportasiya etdilər. Sonra yaşayış məskənlərini mənimsəyərək, azərbaycanlılara məxsus inanc yerlərini və qəbiristanlıqları məhv etdilər. Əksər hallarda onlar qəbir daşlarını çıxardaraq, yondurub təkrar istifadə edirlər. Lakin bu qəbiristanlıqlarda qalan at, qoç fiqurları - totemlər isə xüsusi əhəmiyyət kəsb edirdi. Ermənilər bu hərəkətləri ilə vandallıq edərək, Azərbaycan xalqının tarixinin böyük bir hissəsinin üstündən xətt çəkmək istədilər. Bununla onlar azərbaycanlıların izlərini itirdiklərini düşünsələr də, dünyanın bir çox arxivlərində bu ərazilər haqqında məlumatlar hələ də qalmaqdadır.

Irəvan, Dərələyəz, Zəngəzur, Naxçıvan, Qarabağ bölgə­lərin­də at, qoç fiqurları, daş üzərində süjet xarakterli və ornamental oymaları xüsusi qeyd etmək lazımdır. Çünki onlar həm say, həm də üslub xüsusiyyətlərinin müxtəlifliyi ilə daşdan düzəldilmiş plastik sənət tariximizin inkişaf yolları haqqında ətraflı məlumat verirdi.

Həmin ərazidə olan daş qoç fiqurları ölçü etibarı ilə çox müxtəlif idi. Onların ən böyüyünün uzunluğu 150 sm, hündürlüyü 110 sm, ən kiçiyinin uzunluğu 45 sm, hündürlüyü 30 sm idi.

Sisyan rayonunun Urud kənd qəbiristanlığında yerləşən 1577-ci il tarixli qoç fiquru və XVI əsrə aid süjet xarakterli oy­malar daş üzərində oyma sənətimizin çox nadir nümunələrindən idi.

Daş qoç fiqurlarımız haqda, 1834-cü ildə fransız səyyahı Lyubua-de Monpere Qarabağda çoxlu daş heyvan fiqurları gördüyünü və yerli əhalinin onlara xüsusi hörmət bəslədiklərini qeyd edirdi. Burada söhbət ermənilərdən getmir. Çünki bu abidələr yeganə abidələrdir ki, ermənilər bunları erməniləşdirə bilmirlər. O dövrdə Azərbaycana gələn səyyahlar, ermənilərin indi iddia etdik­ləri kimi Qarabağda erməni millətinin kütləvi şəkildə yaşadıqlarını təsdiq etmirlər.

Ermənilər qəbiristanlıqlardan bu fiqurları və oyma nümunə­lərini doğrayaraq, başqa ərazilərə daşıyıb, müxtəlif məqsədlər üçün istifadə edirlər. Qərbi Azərbaycanda və işğal edilmiş digər ərazilərimizdə 100 minlərlə sənət nümunələrimizi və qəbirlərimizi insanlığa yaraşmayan qəddarlıqla dağıdıblar. Işğal olunmuş ərazilərdə bir dənə də salamat qəbiristanlıq qalmamışdır.

Memarlıq Abidələri

Ermənilərin etnik təmizləmə siyasəti işğal olunmuş ərazilər­dəki tarix və memarlıq abidələrimizdən də yan keçməmişdir. Təkcə Qarabağ və ətraf rayonların ərazilərində mindən çox tarixi, memarlıq və mədəniyyət abidələri mövcud idi ki, onların da böyük əksəriyyəti ermənilər tərəfindən ya tamamilə, ya da qismən dağıdılaraq yararsız hala salınıb. Qərbi Azərbaycan torpaqlarında isə bir dənə də olsun azərbaycanlılara məxsus salamat qalmış tarix və mədəniyyət, nə də qəbirüstü abidələrə rast gəlmək mümkündür.

Ermənilər istər Qarabağ, istərsə də Azərbaycanın digər ərazilərində vandalizm siyasətini düşünülmüş, planlı şəkildə həyata keçirirlər. Onlar guya tarixi abidələrin izini itirməklə azərbaycanlıların bir zamanlar bu ərazilərdə yaşamadıqlarını sübut edəcəklərini düşünürlər. Lakin onlar çox işlərdə olduğu kimi, bu işlərdə də yanılırlar ki, Azəri türklərini bu tarixi qaynaqlardan silmək sadəcə mümkün deyil.

Neolit dövründən XX yüzilliyədək insanların bizim ərazilərimizdə oyma, cızma üsulu ilə daş üzərində həkk olunmuş təsvirlərinin ən qədim nümunələrinə Kəlbəcər və Laçın ərazilərində rast gəlinir. Bu ərazilərdə daş üzərində bəzəkləri əsasən nəbati, həndəsi, quş, heyvan rəsmləri təşkil edir.

XIII əsrdən başlayaraq, memarlıq abidələrinin bəzəkləri arasında da fərdi xüsusiyyət daşıyan quş, heyvan, insan təsvirlərinə rast gəlmək olur. Lakin bunlar qabartma səpkisində yox, xeyli səthi, daha çox cızma üsulunda icra edilirdi. Belə bəzəkli abidələr sırasına ilk növbədə Ağdam rayonunun Xaçın Türbətli kəndindəki və Laçın rayonunun Cicimli kəndi yaxınlığındakı Məlik Əjdər türbələrinin rəsmlərini aid etmək olar.

Lakin çox təəssüf hissilə qeyd etmək istəyirəm ki, işğal olunmuş ərazilərdə qalan bu kimi abidələrimiz erməni vandaliz­minin qurbanlarına çevrildilər. Bu sıradan Laçın rayonu ərazisində Kərbalayı Behbudalı bulağı, Həmzə Soltan sarayı, Dəmirovlu piri, Soltanbaba, Şeyxəhməd Məlikəjdər, Xəlifə, Xanoğlu, Pənah xan türbələri və qaraçı qəbiristanlığında iki türbə, 12 körpü, 126 qəbiris­tanlıq, yüzlərlə qəbirüstü abidə, Şuşa tarix memarlıq qoruğu, o cümlədən Hacı Abbas, Hacı Yusifli, Yol-qala, Xoca Mərcanlı, Köçərli, Seyidli, Mamay, Gövhərağa, Aşağı Gövhərağa, Malıbəyli kənd məscidləri, yüzlərlə tarixi memarlıq abidəsi olan yaşayış evləri, Şahbulaq kəndindəki karvansara və bir çox bu kimi abidələr ermənilər tərəfindən darmadağın edilmişdir.

Ümumiyyətlə, son münaqişə zamanı Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərdən 1200 tarixi memarlıq abidəsi tamamilə məhv edilmiş, ya da qismən dağıdılmış, 27 muzey və Şəkil Qalereyası qarət edilib, 100 mindən çox eksponat Ermənistana daşınmışdır.

Budur XXI əsrdə Azərbaycan torpaqlarında erməni vandalizminin reallığı. Dünyada elə bir xalq yoxdur ki, onun həm musiqisinə, həm tarixinə, həm kulinariyasına, həm mədəniyyət və incəsənət nümunələrinə bizimki qədər təcavüz olunmuş olsun.