Həcər Qasımova

 qarabağ münaqişəsi hazırkı mərhələdə

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona son səfərləri də nəticəsiz ötüşdü. «Bağlı qapılar» arxasında aparılan danışıqlar, həmsədrlərin natamam, bəzən də uğursuz mülahizələri problemə aydınlıq gətirmədi. Hər halda ilk mümkün mülahizəni söyləmək vacibdir. Birinci nəzəri cəlb edən fenomen budur ki, Ki-Uest danışıqlarından sonra, Minsk Qrupu həmsədrlərinin konfliktin tənzimlənməsi sahəsində fəallığı xeyli artmış, xüsusilə Birləşmiş Ştatların KİV-nin Qarabağ probleminin həllinə diqqəti daha intensiv xarakter kəsb etmişdir. Ən önəmli cəhət budur ki, Jorc Buş hökuməti Qarabağ konfliktinin tənzimlənməsində vasitəçiliyə həvəslə qoşulmuş və vaxtilə Florida danışıqlarında nümayiş etdirdiyi fəallığı davam etdirməkdədir. Saziş əldə olunmasa da, Birləşmiş Ştatların konfliktin həllində maraqlı olması Azərbaycanın siyasi dairələrində müəyyən nikbinliyə təkan vermişdir. Lakin realizm belə bir cəhəti də nəzərə almağı zəruri edir: şübhəsiz konfliktin arzu edilən məcrada həll ediləcəyi təqdirdə, regiona ABŞ-ın kapitalı axacaqdır ki, bu da təkcə Azərbaycanın işğal olunmuş ərazilərinin bərpası baxımından deyil, habelə ABŞ-Azərbaycan ticarət əlaqələrinin inkişafı baxımından hər iki ölkə üçün faydalıdır. Bu, Birləşmiş Ştatlarla müqayisədə regiona kapital qoyuluşu çox zəif olan Rusiyanı qıcıqlandırmaya bilməz. Ona görə də, konfliktin tənzimlənməsinə ziyan vurmamaq məqsədilə, bu iki super dövlət regionda öz mənafelərini rasional əlaqələndirmək yolunu seçməlidirlər. Nikbinlik əhval-ruhiyyəsini artıran amillərdən biri də Nümayəndələr Palatasının Respublikaçılar partiyasından olan üzvlərinin təşəbbüsü ilə ABŞ konqresində Amerika-Türkiyə münasibətləri və türk mənşəli amerikalıların məsələləri ilə məşğul olan İşçi Qrupunun yaranmasıdır.

Lakin bu realizmi erməni diplomatiyasında görmək çətindir. Bunu həmsədrlərin problemə yanaşdıqları nikbinliklə erməni tərəfinin verdiyi bəyanatlar arasındakı tam əkslik sübut edir. Ermə­nistanın son zamanlar uydurma «DQR» kartından bilərəkdən, yaxud yerli-yersiz istifadə etməsi göstərir ki, bu ölkənin separatist qüvvələrinin sərt, barışmaz mövqeyində pozitiv irəliləyiş yoxdur. Etiraf edək ki, konfliktin tənzimlənməsinə belə münasibət ümumi nikbinlik hissinə neqativ sirayət edir və hər şeydən əvvəl Ermənistanın ciddi danışıqlara hazır olmasından xəbər verir. Başqa sözlə, bu ölkənin separatist liderləri güzəştlərə hazır deyillər, onlar dərk etmək istəmirlər ki, böhranın davam etməsi gələcəkdə Ermənistan üçün mənfi nəticələr verəcək, üstəlik də bu ölkə getdikcə kasıblaşır, onsuz da çox olmayan əhalisinin böyük əksəriyyəti ölkəni tərk edir. Fransa Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı xanım Anita Tripolskayanın dediyinə görə, indi şərait elədir ki, erməni diasporu Ermənistana investisiya qoymur. Bundan ötrü isə sabitlik olmalı, başqa sözlə, Cənubi Qafqazda konflikt ocaqları söndürülməli, o cümlədən Qarabağ konflikti tezliklə həll edilməlidir. Lakin hər iki konflikt tərəfi bunu da bilir ki, bu gün məcburiyyət vasitəsilə barışığa nail olmaq mümkün deyildir. Necə deyərlər, bu «klassik» barışıq forması artıq müasir sivilizasiyalı dünyada işləmir. Görünür erməni separatistləri hələ də dərk etmirlər ki, nə Azərbaycan xalqı, nə də onun dövləti tarixi torpaqlarının işğalı ilə heç zaman barışmayacaqdır. Ona görə də yaxşı olardı ki, həmsədrlər öz nikbin proqnozlarının gələcəkdə doğrulması naminə erməni tərəfini bu həqiqətə inandırsınlar. Hər halda, lap bu yaxınlarda Qarabağ bölgəsində olan həmsədrlərin «Qarabağın mövqeyini və mənafelərini nəzərə almadan real tənzimlənməyə nail olmaq mümkün deyil» deməsi hər şeydən əvvəl bi il danışıqların tezliklə baş tutmayacağından xəbər verir. Xatırlayırsınızsa rusiyalı həmsədr Qribkov açıqca bildirib ki, «hətta formal baxımdan Dağlıq Qarabağ konflikt tərəfidir, çünki hələ 1992-ci il ATƏT-in üzvü olan dövlətlərin Xarici İşlər Nazirləri Şurası öz qərarı ilə Qarabağı maraqlı tərəf adlandırmışdır. Buna görə də, başqalarının bunu istəyib-istəməməsindən asılı olmayaraq, Dağlıq Qarabağ konflikt tərəfidir və ciddi amildir».

Əgər belədirsə, birmənalı şəkildə deyilməlidir ki, Azərbaycan Respublikası onun tarixi torpaqlarını zəbt etmiş və özünü müstəqil dövlət elan etmiş bir qurumu tanımadığı üçün, təbii ki, onunla danışıqlar masasında əyləşməyəcəkdir. Vaxtilə amerikalı həmsədr K.Kavanovo da sonuncu səfərində bildirmişdir ki, vasitəçilərin üzərində işlədikləri təklif «dəqiq müəyyənləşdirilməli və tənzimlənməlidir».

Mətbuata sızan məlumata görə, hətta amerikalı həmsədr demişdir ki, «Ermənistan və Azərbaycan prezidentləri öz cəmiyyətlərini hazırlamayınca Cenevrədə toplaşmaq mümkün olmayacaqdır». Deməli, əhalinin mentalitetindən tutmuş, cəmiyyətin siyasi mədəniyyəti səviyyəsinədək hər cür dəyərlərimiz konfliktin həllində iştirak edə bilər.

Beləliklə, Qarabağ konfliktinin tənzimlənməsi ilə bağlı reallıqlar belədir. Elə buna görə də, bu gün milli həmrəylik amili real tarixi şansı - Qarabağ konfliktinin Amerika-Azərbaycan beynəlxalq dialoqu vasitəsilə həll olunacağı fürsətini itirməməsi son dərəcə vacibdir. Bir də unudulmamalıdır ki, zaman Azərbaycan diplomatiyasına işləyir.