İntizar Hüseynova

 qarabağ problemi, azərbaycan qadını və beynəlxalq aləm

Ailədə olduğu kimi, cəmiyyətdə də qadınlar dünya təbliğatçıları rolunda olaraq, çox vaxt təsdiq edilməmiş, lakin vacib məsələləri irəli sürürlər. Qadının bu vəzifəsi, onun münaqişələrin sülh yolu ilə həll edilməsinə cəhd göstərməsi ilə müəyyən edilir. Məhz buna görə də BMT Təhlükəsizlik Şurasının 31 oktyabr 2000-ci ildə qəbul edilmiş 1325 saylı qətnaməsi Azərbaycan qadınlarının diqqətini cəlb etdi.

10 mart 1995-ci ildə qəbul edilmiş bəyannaməyə əsasən, qadın hüquqları üzrə Beynəlxalq Komissiya silahlı munaqişə rayonlarında olan qadın və uşaqların tez bir zamanda azad olunmasını tələb edirdi. Yaddan çıxarmaq lazım deyil ki, əsir götürülmüş qadın zorakılığa məruz qalmış qadın hesab olunur.

Fakt kimi qeyd etmək olar ki, 1985-ci ildə keçirilən Noyabr Ümumdünya konfransında qadınlara qarşı olan zorakılıqlara aid 2 paraqrafdan ibarət qətnamə qəbul edilmişdir. Lakin bu problem yalnız qadınların səhhəti ilə xarakterizə olunurdu. Pekin platforması konfransdan fərqli olaraq, qadınlara qarşı zorakılıq edənlərin tutulması və faktın araşdırılması tədbirlərini həyata keçirir. Həm­çinin qeyd etmək lazımdır ki, Azərbaycan qadın diplomatlarının təhriki ilə BMT İqtisadi və Sosial Şurası qadın və uşaqların əsirlikdən qaytarılması üzrə bəyannamə qəbul etmişdir.

1995-ci ildə Pekində keçirilmiş IV Beynəlxalq Qadınlar Konfransında Azərbaycanın ziyalı qadınlarından Zəkirə Quliyeva, Gülşən Paşayeva, Validə İsmayılova öz maraqlı və tutarlı mövzuları ilə çıxış etdilər.

Azərbaycan on beş ildən artıqdır ki,Qarabağ problemini yaşayır və onun ağır nəticələrinin ağrı-acısını çəkir. Minlərlə həlak olanlar və yüz minlərlə qaçqın, işğal edilmiş torpaqlar... Bunun hamısı, əlbəttə sülh prosesinin inkişafına imkan yaratmır. Hazırda sülh prosesinin inkişafında qadının rolu mühümdür. Regionda münaqişələrin həlli və qarşısının alınması ilə birlikdə, munaqişəli sülhün qurulmasında da qadının rolu vacibdir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrdə erməni hərbi qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və s. kimi məsələlər öz əksini tap­mış­dır. 1992-ci ilin fevralından münaqişənin həll olunmasını ATƏT-in Minsk Qrupu öz üzərinə götürmüşdür. Azərbaycan qadınları bu munaqişənin yalnız sülh danışıqları ilə həll edilməsinin tərəfdarıdır.

1996-cı il 2-3 dekabrda Lissabon konfransında iştirak edən ATƏT üzvləri və dövlət başçıları erməni-Azərbaycan münaqişəsini həll etmək üçün 3 əsas prinsip qəbul etdilər, lakin bu prinsiplər Ermənistanın maraqlarına zidd gəldi.

Azərbaycan qadınlarının təşəbbüsü ilə 1994-cü ildə əsirlərin əks tərəflə dəyişdirilməsi məsələsində müəyyən addımlar atıldı. Həm­çinin qadınlar, uşaqlar və 60 yaşından yuxarı olanlar əsirlik­dən qurtarıldı. Dövlət komissiyasının gücləndirilməsi nəticəsində erməni əsirliyindən 40 uşaq, 126 qadın və 115 qoca qaytarılmışdır.

Hal-hazırda 60 uşaq, 316 qadın və 254 qoca daxil olmaqla itkin düşmüş azərbaycanlıların sayı 4858 nəfərdir. Əsirlərin azad olunması üzrə danışıqlar davam etdirilir.

2002-ci il iyulun 1-3-də ilk dəfə olaraq BMT-nin Qadınlar üçün İnkişaf Fondu Mərdəkan qəsəbəsində məskunlaşmış məcburi köçkün qadınların ilk treninqini keçirdi. İlk dəfə idi ki, məcburi köçkün qadınlar nə qədər ağır və əzablı şəraitdə yaşasalar da, sülhə daha çox üstünlük verdiklərini etiraf etdilər. Və ilk dəfə olaraq, seminarın sonunda məcburi köçkün qadınları birləşdirən bir şəbəkənin yaradılması təşəbbüsünü irəli sürdülər. 2003-cü il iyulun 11-12-də Respublika Qaçqınlar Komitəsi, BMT-nin Qadınlar üçün İnkişaf Fondu, Qadın problemləri üzrə Dövlət Komitəsi Bakı, Gəncə, Sabirabad, Ağdam bölgələrini əhatə edən mərkəzlərdə - Şəbəkədə birləşərək, öz işgüzar fəaliyyətlərinin davam etdirilməsi üçün qərar qəbul etdilər. Məcburi köçkün qadınlar hesab edirlər ki, bu şəbəkədə sülhyaratma prosesində ümumi bir məqsəd ətrafında birləşəcəklər.

Artıq 12 ildir ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazın iki dövlətini - Azərbaycan və Ermənistanı «nə müharibə, nə də sülh» şəraitində saxlamaqdadır. Bu illər ərzində danışıqların aparılmasına və 1994-cü ildən əldə edilmiş atəşkəs rejiminin qorunub-saxlanılmasına baxmayaraq, bu münaqişə öz siyasi həllini tapa bilməmişdir.

Bu məqsədlə 2002-ci ildə Azərbaycan üzrə «Qadınlar münaqişələrin qarşısının alınması və sülh yaradılması uğrunda» mövzusunda keçirilən 60 treninqdən məhz məcburi köçkün qadın bu treninqin sertifikatına layiq görülmüşdür.

2003-cü ilin aprel ayında isə onların arasından seçilmiş 45 nəfər ən fəal qadın üçün «Kaspian Psixi Sağlamlıq Assosiasiyası»nın köməyi ilə «Qadınların danışıqlar aparılması və sülhyaratmada rolu, şəbəkələrin yaradılması» başlığı altında Sabirabad, Gəncə və Bərdə şəhərlərində 4 günlük seminar məşğələlər keçirilmiş və qadınların yerli şəbəkələri yaradılmışdır.

Bəlkə də, bir çox beynəlxalq münaqişələrin həllinin uzanma­sına səbəb qadınların qərar qəbul etmə prosesindən uzaqlaşdırılmasıdır. BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsində də münaqişələrin dinc yolla tənzimlənməsində qadınların rolunu fəallaşdırmaq və bunun üçün qərarların qəbulunda onların iştirak etməsi tövsiyyə edilir.

Sülh daha çox nailiyyətləri əhatə edir. Pekin konfransının müraciətində deyilir: «Biz aşağıda imza atanlar, müxtəlif mədəniyyətə, dini baxışlara, etnik və sosial qruplara aid olan bütün qadın və kişiləri bizimlə həmrəy olmağa çağırırıq. Ancaq bəra­bərlik, tərəf müqabilliyi əsasında maneələrə, çarəsizliyə və süstlüyə qarşı mübarizə apara biləcəyik. Biz bir yerdə problemlərin mahiy­yətini anlayıb, sülh mədəniyyətinə konkret addımlar ata bilərik.

Dünya qadınları şurasında öz milli xüsusiyyətləri, özünəməxsus mənəvi dünyası, daxili və zahiri gözəllikləri, fədakarlıqları ilə seçilən, hər zaman sülh, firavanlıq carçısı olmuş Azərbaycan qadını bu gün şərəflə milli dövlətimizin keşiyindədir.

BMT Baş Assambleyasının qərarı ilə yaradılmış Qadın fondu – UNİFEM-in həyata keçirdiyi «Qadınlar Qafqazda Münaqişə­lərin Alınması və Sülh Yaradılması uğrunda» regional layihəsinin Bakı ofisi 2002-ci ildə Azərbaycanda «Sülh yaratmaqda qadınların rolu» treninqlər keçirmişdir. «Sevil» Azərbaycan qadınlar məclisi, «Azəri-Türk» qadınlar cəmiyyəti, Respublika Qadınlar cəmiyyəti də digər qeyri hökumət təşkilatları bu cür seminarlar təşkil etmişdir.

Yeni əsr Azərbaycan qadını dünya arenasında fəal iştirakı ilə millətin haqq səsini beynəlxalq ictimaiyyətə çatdıra bilər. Bu hər şeydən öncə, Azərbaycan qadınının keçdiyi zəngin və şərəfli tarixi ənənələri ilə, eləcə də XX əsrdə dünyada və Azərbaycanda baş verən «çağdaşlaşma», «avropalaşma» uğrunda ictimai-siyasi və mədəni hərəkatla bağlıdır.