Kərim Şükürov

Azərbaycan ermənişünaslığı:
xüsusiyyətləri, tarixi və dövrün tələblərinə dair

Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək xüsusi araşdırılmamış, müzakirə edilməmiş, bir sözlə, lazımi diqqətdən kənarda qalmışdır. Buna müvafiq olaraq, Azərbaycan ermənişünaslığı sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranmışdır. Ona görə də ilk dəfə bu problemi ayrıca tədqiqat predmeti kimi irəli sürməyə, onun ən vacib məsələləri və zəruri ehtiyacları üzərində dayanmağa çalışmışıq.

Ermənişünaslıq anlayışının ümumi məzmununu müəyyən etmək üçün, onu bu səpgili digər bilik sahələri ilə tutuşdurmaq zəruridir. Belə bir tutuşdurmadan sonra demək olar ki, ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur. Lakin hər hansı konkret ölkədə (Rusiya, Fransa, Almaniya və b.) ermənişünaslıq ümumi cəhətlərilə birgə, müəyyən spesifikaya malik olur.

Azərbaycan ermənişünaslığı bu baxımdan daha çox fərqlənir. Ermənistan adlandırılan torpaqların böyük bir hissəsinin tarixi Azərbaycan torpaqları (Qərbi Azərbaycan – K.Ş.) olması, həmin torpaqlarda yaşayan azərbaycanlıların taleyi, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində (tarixi Arsax) albanların deetnizasiyası, ermənilərin Azərbaycan torpaqlarına kütləvi şəkildə köçürülməsi, onların azərbaycanlılara qarşı genosidi və b. məsələlər Azərbaycan ermənişünaslığının hüdudlarını genişləndirir və tədqiqat prosesində nəzərə alınmasını tələb edir.

Azərbaycan ermənişünaslığının elmi tarixinin araşdırılması və elmi-metrik xarakteristikası aşağıdakı vəzifələrin irəli sürülməsini zəruri edir: 1) Azərbaycan ermənişünaslığının müəyyən edilmiş anlayışına uyğun gələn əsərlərin biblioqrafiyasının hazırlanması; 2) həmin əsərlərin xronologiya üzrə say dinamikası (informasiya axını); 3) institutlaşması (tədqiqat mərkəzlərinin formalaşması); 4) əsas tədqiqat istiqamətləri və müvafiq əsərlərin təhlili; 5) dünya ermənişünaslığında Azərbaycan ermənişünaslığına istinad vəziyyəti və ya sitatçəkmə indeksi (citation index).

Azərbaycan ermənişünaslığının tədqiqi üçün həlledici yeri bu problem üzrə mükəmməl biblioqrafiyanın hazırlanması tutmuşdur. Bu işin çətinlikləri üzərində dayanmadan qeyd edək ki, onun yerinə yetirilməsi digər vəzifələrin həllinə əlverişli şərait yaratmışdır. Biblioqrafiyaya daxil edilmiş ədəbiyyatın illər və dövrlər üzrə (Rusiya impe­riyası, Azərbaycan Xalq Cümhuriyyəti, sovet dövrü və Azərbaycan Respublikası) təsnifatı aparılmışdır. Məlum olmuşdur ki, üç yüzdən çox kitab, sənədlər toplusu, elmi-publisistik məqalə və s.-dən böyük əksəriyyəti 1988-ci il fevral hadisələrindən sonraya aiddir. Azərbaycan ermənişünaslığına dair infor­masiya axınının güclənməsinə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, Azərbaycan Respublikası prezidentinin «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi şəkildə deportasiyası haqqında» 1997-ci il 18 dekabr və «Azərbaycanlıların soyqırımı haqqında» 27 mart 1998-ci il tarixli fərmanları mühüm təsir göstərmişdir.

Dünyanın bir sıra ermənişünaslıq mərkəzləri, o cümlədən qonşu Gürcüstandan fərqli olaraq Azərbaycanda ermənişünaslığın institutlaşmasının demək olar ki, diqqətdən kənarda qalması, ən azı təəccüb doğurur. Azərbaycanda demək olar ki, bir dənə də ermənişünaslıq mərkəzi yoxdur. Azərbaycan ermənişünaslığına aid edilən əsərlər isə müxtəlif elmi idarə, mərkəz, ali məktəb, mətbuat və başqa sahələrdə çalışan şəxslər tərəfindən yazılmışdır. Müqayisə üçün qeyd edək ki, Tbilisi universitetində 1922-ci ildə armenistika kafedrası (rəhbəri L.M.Meliksetbek) açılmışdı. Həmin universitetdə 1945-ci ildə şərqşünaslıq fakültəsi təşkil edildikdə armenistika kafedrası əsas kafedralardan olmuşdu. 1960-cı ildə yaradılmış Gürcüstan EA Şərqşünaslıq İnstitutunun fəaliyyətində də ermənişünaslıq əsas istiqamətlərdən idi. Ermənistanda isə türkologiya, qafqaz­şünaslıq, xüsusilə gürcüşünaslıq və albanistikanın, kürdşünaslığın institutlaşması səviyyəsi qeyd edilə bilər (Востоковедные центры, 1988).

İndi isə Azərbaycan ermənişünaslığının əhatə dairəsinə daxil etdiyimiz başlıca tədqiqat süjetlərini tarixi ardıcıllıqla nəzərdən keçirib, əsas istiqamətlər üzrə ümumiləşdirək:

Erməni qaynaq və tarixi ədəbiyyatından Azərbaycan tarixinin tədqiqində istifadə olunması. Bu sahədə yeni dövrdə ilk addımları A.A.Bakıxanov atmışdır. O, «Gülüstani-İrəm» əsərində (1841) erməni tarixçilərinə (Хоренский М., 1893; Чамчиан М., 1784) istinad etmişdir. Bu süjet sonralar Azərbaycan ermənişünaslığında əsas yerlərdən birini tutmuşdur. 1939-cu ildə Azərbaycan tarixi üzrə qay­naqların icmalı (вып. II. Армянские источники ) çap edilmişdi (Меликсет-Бек Л., 1939). Azərbaycan tarixinin dövrləri üzrə monoqrafik tədqiqatlarda digər qaynaqlarla vəhdətdə erməni qaynaqlarından da tənqidi istifadə olunmuşdur. (Мамедова Ф., 1986; Буниятов З., 1965; Шярифли М., 1978; Ализаде А., 1965 və b.). T.Məmmədov IV-VII əsrlərdə Albaniya və Atropatena tarixini, S.Məm­mədov isə Azərbaycanın XV-XVIII əsrin I yarısı tarixini, əsasən erməni qaynaqları üzrə araşdırmışdır (Mamedov T., 1977, 1993; Mamedov S., 1993 və s.) Erməni qaynaqlarının tərcümə olunaraq Bakıda nəşri də həyata keçirilmişdir (Метцопский Ф., 1957 (rus və azərbaycan dillərində); Армянская анонимная хроника, 1988 və b.).

Ermənilərin Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı düşmən münasibətin təbliğinə münasibət. Azərbaycan ermənişünaslığının ümumi tarixində bu süjet mühüm yer tutur. Lakin Azərbaycanda bu məsələni qeyd edən və ona sərt münasibəti ilə H.B.Zərdabinin fərqləndiyini xüsusi qeyd etmək lazımdır. O, «Əkinçi» qəzetində (1877, 17 fevral, №4) yazmışdır: «Bizim qəzetin 2-ci nömrəsində Qurban bayramının əsil mətləbi barəsində yazılan daxiliyyəni Tiflis şəhərində erməni dilində çap olunan «Mşak» qəzeti erməni dilinə tərcümə etdirib, basdırıbdır… Xülasə, bu tövr çox danışıb axırda deyir: neçə yüz ildir ki, islam ətrafda olan erməni, gürcü və qeyri tayfaları güc ilə islam edib və indi siz bu qədər tayfaları ittihadi-islam ilə birləşdirmək istəyirsiniz… Yox qaytarın bizə… bizim qardaşlarımızı ki, keçmişdə onları cəbrən islam etmisiniz. Verin bizə, bizim yerləri ki, keçmişdə onları güc ilə zəbt etmişsiniz (burada və sonra seçmə mənimdir – K.Ş.) və ondan sonra gedib ittihadi-islamı o səhralarda eyləyin ki, orada islam bina olub və monqol tayfasını (bu tayfanı Avropa əhalisi biqabiliyyət hesab edir) birləşdirməyə səy edin…». Zərdabi bundan sonra, həmin qəzetin redaktoruna müraciətən bildirmişdir: «Ey cənab Arsuruni, … əgərçi cənabınız doğru buyurursunuz ki, zamanımız elm zamanıdır və bu halda ermənilər bizdən artıq elm təhsil etməyə rağibdirlər, amma neçə yüz ildir ki, biz ermənilər ilə qonşuluq edirik. İndi cənabınıza eyb deyilmi ki, bizim aramıza ədavət salırsınız…» (Zərdabi H.B., 1960, 111). Təəssüf ki, Zərdabinin bu xətti sonrakı tarixi dövrdə, xüsusilə sovet dönəmində kəsərini itirdi. Yalnız Arsurini tərzində çıxış edən Z.Balayanın «Ocaq» kitabının nəşrindən sonra (1984) vəziyyətdə qismən dəyişiklik yarandı. Azərbaycanda kövrək etirazlar müqabilində erməni iddiaları daha kəskin və döyüşkən şəkil alaraq, Ermənistanın Azərbaycana qarşı müharibəsinin ideoloji cəhətdən hazırlanmasında əsas rol oynadı. 1988-ci illərin sonlarından bu sahədə müəyyən dönüş yaransa da, əslində yeni meydana gəlmiş tarixi situasiyaya tam cavab verə bilmir.

1905-1906-cı illər «erməni-müsəlman davası», əslində ermənilərin azərbaycanlılara qarşı genosidinə münasibət. Bu məsələyə o zamankı hakimiyyət orqanları və siyasi qüvvələrin münasibəti tendensiyalı xarakter daşımışdır (Kuzminskiy, 1906 və b.) Azərbaycanlılara gəldikdə, M.Ə.Sabirin münasibəti daha çox maraq doğurur.

Qeyd olunan məsələ üzrə ən başlıca əsər M.S.Ordubadinin «Qanlı illər. 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman davasının tarixi. Bakı, 1911» (təkrar nəşri, 1991) hesab olunmalıdır. Ordubadi «Məqsədin ərzi»ndə əsərin ərsəyə gəlmə­sindən bəhs edərkən yazmışdır: «… O bir olan allahın köməkliyi ilə iki il müddətində toplanması və yazıya alınması başında çalışdığım bu qiymətli əsərin tamamlanmasına nail oldum… Hər tərəfdən müxbirlər vasitəsilə mənə yetişmiş 245 məktubun hamısı saf-çürük edilmiş, məzmununa xələl yetirmədən, yalnız tarixin və yazıçının üslubuna müvafiq bir dilə çevrilmişdir» (Ordubadi M.S., 1991, 6). Ordubadinin kitab üçün material toplaması üsulu oricinallığı və obyektivliyi ilə diqqəti cəlb edir. Yeri gəlmişkən qeyd edək ki, sonralar məşhur tarixçi A.Toynbi (1889-1975) «Göy kitab» üçün materialı bu üsul ilə toplamışdı. Lakin o, bilavasitə erməni və ermənipərəst mənbələrə müraciət etmiş, əldə etdiyi materialları tənqidi təhlil etmədən çap etdirmişdi. Uydurma erməni genosidini «əsaslandırmağa» çalışan bu kitab (1916) geniş yayılmış, 1975-ci ildə ermənilər tərəfindən Nyu-Yorkda yenidən nəşr edilmişdir.

Ordubadinin ermənilərin 1905-1906-ci illərdə azərbaycan­lılara qarşı soyqırımını təsdiq edən əsərisə, ingilis dili bir yana, öz vətənində ikinci dəfə yalnız 80 ildən sonra çap edildi. Mir Möhsün Nəvvabın qaynaq xarakteri daşıyan «1905-1906-cı illərdə erməni-müsəlman davası» kitabı isə 1993-cü ildə işıq üzü gördü. 1905-1906-cı illərdə ermənilərin azərbaycanlılara qarşı soyqırımına başqa əsərlərdə toxunulsa da, etiraf etmək lazımdır ki, Ordubadinin əsəri bu baxımdan müqayisəolunmazdır. Fikrimizcə, Ordubadinin bəhs etdiyi 245 məktub aşkar edilməli və onların üzərində iş davam etdirilməlidir.

Ermənilərin 1917-1920-ci illərdə, xüsusilə 1918-ci ilin martında törətdikləri türk-müsəlman soyqırımı haqqında. Bu problemə dair ədəbiyyat xronologiya üzrə sistemləşdirilmiş və tarixşünaslıq tədqiqatı aparılmışdır (İsgəndərov A., 1997, 2006). Bu Soyqırıma ilk münasibətlər dövrün özündə, əsasən Azərbaycan Xalq Cümhuriyyəti zamanında yazılmış əsərlərdə əks olunmuşdur. Sovet dövründə məsələ sosialist inqilabına dair ümumi əsərlərdə nəzərdən keçirilmiş və mahiyyəti təhrif edilmişdir. Onun yenidən dərininə öyrənilməsi və genosid kimi araşdırılması 1990-cı illərin əvvəllərində ortaya çıxmışdır. Burada A.Paşayevin məqaləsini (Что это было: геноцид или депортация?, 1992) qeyd etmək olar (həmçinin baxın: 2001, 133-147). C.Həsənov da məqaləsində (1918-ci ilin martı: vətəndaş müharibəsi, yoxsa türk-müsəlman soyqırımı, 1994) məsələyə bu şəkildə yanaşmışdır. Bununla da ermənilərin fəaliyyəti genosid kimi təsdiq edilmiş, Azərbaycan Respublikası prezidentinin 1997-ci il 18 dekabr fərmanından sonra araşdırmalar və sənədlər nəşri genişlənmişdir.

Ermənilər və İran mövzusu da Azərbaycan ermənişünaslığında özünəməxsus yer tutmuşdur. M.Məmmədzadə 1927-ci ildə «Ermənilər və İran» adlı əsərini çap etdirmişdir (Məmmədzadə M., 1927; təkrar nəşri, 1993). Bu tematika S.Onullahinin tədqiqat­larında davam etdirilmişdir (Onullahi S., 2002).

Erməni dilində olan Azərbaycan qaynaqlarının öyrənilməsi. Məlum olduğu kimi, müəyyən tarixi şərait üzündən bəzi alban qaynaqları (M.Kalankatuklu, K.Qandzaketsi, Mxitar Qoş və b.) müasir dövrə erməni dilində gəlib çatmışdır. Erməni tarixşünaslığında olduğu kimi ilk vaxtlar Azərbaycanda da bu işi ermənilər həyata keçirmişdir (Т.Тер-Григорйан). Lakin sonra bu sahədə dəyişiklik baş vermişdir (Ямпольский З., 1957; Буниятов З., 1961., Ворошил Г., 1968, 1970; Мамедова Ф. 1971, 1977). Kirakos Qandzaketsinin əsəri 1946-cı ildə Bakıda rus dilində çap edilmişdir (Гандзакеци К., 1946). Z.Bünyadov M.Kalankatuklu və Mxitar Qoşun əsərlərini tərcümə (ingilis dilindən) etmişdir (Мхитар Гош, 1960; Каланкатуклу М.; Мхитар Гош, 1993).

Albanların (Dağlıq Qarabağda) deetnizasiyası (erməni­ləşməsi) məsələsi Z.Bünyadovun monoqrafiyasında əsaslı şəkildə qoyulmuşdur (Буниятов, 1965). Ü.Hacıyeva Qafqaz albanlarının deetnizasiyasına (XIX əsr) xüsusi tədqiqat həsr etmişdir (Гаджиева У., 2004). Y.Mahmudov və K.Şükürov Qarabağa dair tədqiqatında bu məsələyə toxunmuşdur (Mahmudov Y., Şükürov K., 2005).

Erməni tarixçilərinin əsərlərinin resenziyalaşdırılması. Bu tipli resenziyalar tarixi tədqiqat növü hesab olunur. Burada V.İşxaniyanın 1919-cu ildə Tiflisdə nəşr olunan kitabına resenziya ilk yeri tutur (газ. Азербайджан, 1920, №62). Sonralar Q.Voroşil, M.Heydərov, Z.Bünyadov, M.Nemətova, V.Qiliyeva və b. resenziyalarını qeyd etmək olar. (Гукасян В., 1969; Гейдаров М., 1975; Буниятов З., 1977; Буниятов З., Нейматова М., 1988, Кулиева В., 2002).

Azərbaycan və ermənilərin əlaqələri (ədəbi, tarixi və b.) haqqında. Bu mövzu əsasən sovet dövründə üstünlük təşkil etmişdir. M.Seyidov (ədəbi əlaqələr), Q.Voroşil və Z.Budaqovanın (dil əlaqələri) və S.Məmmədovun (tarixi əlaqələr) monoqrafiya və məqalələri qeyd oluna bilər (Сеидов М., 1969; yenə onun, 1976; Мамедов С., 1977; Гукасян В., Будагова З., 1979).

Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinə dair. Ermənilərin İran və Osmanlı imperiyasından Cənubi Qafqaza köçürülməsi erməni tarixşünaslığında kifayət qədər öyrənildiyi halda, Azərbaycan tarixşünaslığı uzun zaman susmuşdur. D.İsma­yıl­zadə 1982-ci ildə Moskvada nəşr olunan kitabında bu məsələ üzərində dayanmışdır (Исмаилзаде Д., 1982, 28-32). Bakıda isə K.Şükürov Cənubi Azərbaycan tarixilə əlaqədar bu süjeti nəzərdən keçirmişdir. (Шукюров К., 1984). 1980-ci illərin sonlarından bu məsələyə diqqət artmış, H.Verdiyeva və M.Muradov tərəfindən çarizmin köçürmə siyasətinin tərkib hissəsi kimi araşdırılmışdır (Вердиева Х., 1999; Мурадов М., 1999).

Ermənilərin 1980-ci illərin sonlarında yeni ərazi iddiaları və bunun reallaşdırılması üçün siyasi-hərbi fəallığı Azərbaycan ermənişünaslığının demək olar ki, həyati əhəmiyyətli suallara cavab verə bilmədiyini aşkar etdi. Belə bir şəraitdə Ermənistan və ermənilər haqqında qeyri-Azərbaycan müəlliflərin əsərlərinin reprint nəşrləri, xarici ədəbiyyatın tərcüməsi (rus və Azərbaycan dillərində) və çapı həyata keçirilməyə başladı (Kaçaznuni Ов., (1927), 1990; Величко В., (1904), 1990; Глинка С., (1831), 1990; Шавров Н., (1911), 1990; Чавчавадзе И., (1902), 1990; Канадеев И., (1902), 1990; Малевил Ж., 1990; Дашнаки, 1990; Гурко-Кряжин, 1990; щямчинин бахын: История Азербайджана по документам, 1990; Майкл Э., 1991; «Армянская геноцид», 1992; Гюрюн К, 1993; Маевский В., (1915), 1993; Дж. и К.Маккарти, 1996; Файгл Э., 2000; Сямйуел А., 2004 вя б.).

Ermənistanın öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı siyasəti, toponimləri dəyişdirməsi, maddi mədəniyyət abidələrini məhv etməsi və azərbaycanlıların deportasiyası haqqında. Demək olar ki, uzun müddət üzərindən sükutla keçilən bu məsələlər də 1980-cı illərin sonlarından öyrənilməyə başlayır. «Didərginlər» adlı toplu (1990) ilk belə nəşrlərdən biri hesab oluna bilər.

1948-1953-cü illərdə köçürülməsinə dair əsaslı sənədli tədqiqatların başlanması və onun deportasiya kimi nəzərdən keçirilməsində A.Paşayevin rolu böyükdür (Paşayev A., 1991, 1992, 1995 və b.) Azərbaycan Respublikası prezidentinin 1997-ci il 18 dekabr fərmanından sonra deportasiyanın öyrənilməsi geniş hal almışdır. (Deportasiya, 1998; Veliev İ., 1998; Deportasiya (Elmi konfransın materialları), 1998; Nəcəfov B., 1998; Arzumanlı V., Mustafa N., 1998 və b.) Ermənistanın azərbaycanlılara qarşı siyasətinin araşdırılmasında İ.Məmmədov, S.Əsədov, H.Rəhimoğlu və başqalarının tədqiqatları xüsusi qeyd oluna bilər. (Məmmədov İ., Əsədov S., 1992; Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, 1995; Həbib Rəhimoğlu, 1997 və b.)

Ermənistanın Azərbaycan yer adlarını dəyişdirməsi siyasəti və onun nəticələri B.Budaqov, Q.Qeybullayev, İ.Bayramov və b. tərəfindən öyrənilmişdir (Budaqov B., Qeybullayev Q., 1998; Bayramov İ., 2002).

Ermənilərin Azərbaycandakı fitnəkar rolu, cinayətkar fəaliy­yətinin öyrənilməsi də son dövrə aiddir.Bu məsələ üzrə B.Nəcəfov, Q.Sadıxov, R.Məmmədov, L.Məmmədova, V.Quliyevin tədqiqat­la­rını, MTN, Azərb. MEA Tarix və İnsan Hüquqları İnstitutlarının nəşrləri diqqəti жялб едир (Nadcafov B., 1993, 1994, Sadıqov Q., Mamedov R., 1994; Mamedova L., 1996; Quliyev V., 1999; Pre­stupleniə armənskix., 2002; Erməni cinayətkarlığı, 2004 və b.).

Uydurma erməni genosidi, erməni lobbisi, erməni şovinizmi, erməni terrorizmi, ermənilərin mənşəyi və tarixi haqqında araşdırmalar Azərbaycan ermənişünaslığında yeni süjetlərdir (Musayev İ., 2001; Kəngərli Q., 1992; Rzayev A., 1997; Mustafayev R., 2002; Verdiyeva X., Hüseynzadə R., 2003; Əsədov S., 1999; Məmmədli A., 2005 və b.)

«Qarabağ dünən, bu gün və sabah» elmi-əməli konfransları respublikada ermənişünaslığın inkişafına da müəyyən təsir göstərmişdir (baxın: Konfransın materialları, (I) 2002, (II) 2003, (III) 2004, (IV) 2005).

Nəzərdən keçirdiyimiz süjetləri uyğun istiqamətlər üzrə aşağıdakı kimi ümumiləşdirmək olar: 1) erməni qaynaqlarının Azərbaycan tarixinin mənbələrindən biri kimi araşdırılması; erməni müəlliflərinin əsərlərinin resenziyalaşdırılması; Azərbaycan müəlliflərinin bizə erməni dilində çatmış əsərlərinin öyrənilməsi və s.; 2) ermənilərin Azərbaycana köçürülməsi, azərbaycanlılara qarşı genosidi; 3) Ermənistanın öz tarixi torpaqlarında yaşayan azərbaycanlılara qarşı siyasəti; azərbaycanlıların deportasiyası, Azərbaycana qarşı ərazi iddiaları, müharibəsi və onun ağır nəticələri; 4) dünya ermənişünaslığından seçmə yolu ilə nəşrlər və tərcümələr; 5) ermənilərin İran və Türkiyədə fəaliyyəti; 6) ermənilərin mənşəyi, tarixi, terrorçuluğu və s. Bu istiqamətlərdən daha çox Azərbaycanla bağlı olanlar nisbətən geniş ədəbiyyat yaratmışdır. Ermənişünaslığın mərkəzi məsələlərinə az diqqət yetirilmiş və ya ümumiyyətlə bu məsələlər qoyulmamışdır. Azərbaycan ermənişünaslığına beynəlxalq aləmdə istinad olunması faktları isə nadir hadisədir.

Beləliklə, qarşıya qoyulan vəzifələr üzrə aparılan araşdırmalardan aydın olur ki, sözün əsl mənasında Azərbaycan ermənişünaslığının formalaşmasından danışmaq mümkün deyildir. Ermənistanın Azərbaycana qarşı müharibəsi, ölkə ərazisinin müəyyən hissəsinin işğalı, ideya-siyasi, hərbi, bir sözlə, həyatın bütün sahələrində Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirdiyi dövrdə Azərbaycan ermənişünaslığının belə bir vəziyyəti qənaətbəxş hesab oluna bilməz və burada köklü dəyişikliklər edilməlidir. Azərbaycanın bütün zəruri tələblərini nəzərə alan Azərbaycan ermənişünaslığı modeli hazırlanmalı (erməni dilinin tədrisi, ermənişünaslıq mərkəzlərinin təşkili və s. əsas götürülməklə) və həyata keçirilməlidir.

Qısa müddətdə Azərbaycan ermənişünaslığının dünyanın qabaqcıl ermənişünaslıq mərkəzləri səviyyəsinə çatdırılması təmin edilməlidir. Azərbaycan ermənişünaslığının dünya ermənişü­naslığına inteqrasiyası dövlətin strateji maraqlarına uyğun elmi-idraki və əməli informasiya əldə etməsini yeni səviyyəyə yüksəldə bilər.