Mərziyyə Nəcəfova

müasir poeziyada milli azadlıq ideyaları

Bəşər sivilizasiyasının bütün xalqlarının ümumi xüsusiyyətlərindən ən başlıcası müstəqillik, azadlıq ideyalarıdır.

«Müstəqillik insan təfəkkürü, iradəsi və xarakterində təzahür edir. Müstəqil təfəkkürə malik olanlar başqalarını kor-koranə təqlid etmir, bu və ya digər məsələyə dair öz rəyini bildirir, mürəkkəb məsələlər həllində belə onları müstəqil yerinə yetirməyə qabil olurlar».(1)

Müstəqillik və azadlıq uğrunda mübarizədə cənublu qardaşlarımız hələ 26-27 il əvvəl böyük fəlakətlə üzləşməli olmuşdur. 1979-cu il İran inqilabına böyük ümidlə baxan Söhrab Tahir hələ o vaxt ilk «Şəhid» şeirlərini yazmışdır. Şair 1979-cu il İran inqilabından çox şey gözləyirdi, nəhayət, istiqlal və azadlıq arzularının çiçək açacağını güman edirdi. Lakin əliyalın, yumruqla döyüşən xalqın üzərinə yeridilən zirehli tanklar 70 min şəhid məzarının yaranmasına səbəb oldu:

Hər məzar üstündə ağlayan ana,

Şəhid oğulların baş daşlarıdır.

Söhrab Tahirin 1979-cu ildə poeziyaya gətirdiyi şəhid məzarlarını illər sonra Bakıda - Şəhidlər Xiyabanında gördük. (2)

Azərbaycan ədəbiyyatına nəzər saldıqda, tarix boyu xalqı­mızın azadlıq, müstəqillik və bütöv Azərbaycan dövləti qurmaq uğrunda mübarizə apardığını və bu mübarizənin ədəbiyyatda öz əksini tapdığını görürük. Zaman-zaman bir az gizli də olsa ədəbiyyatımızda milli-tarixi taleyimizlə bağlı tələblər ifadə olunub. Hər zaman kəsiyində azadlığı təbliğ edən yazarlarımızı susdurmağa çalışsalar da, buna nail ola bilməyiblər, ədəbiyyatda azadlıq, müstəqillik ideyaları öz əksini tapıb. Ədəbiyyatımızdan, tariximizdən bizə məlumdur ki, azadlığa qovuşmağın ancaq bir yolu var, o da mübarizə yoludur. Ancaq XX əsrin 60-80-cı illər poeziyasında əvvəlki illərə nisbətən azadlıq, müstəqillik ideyaları fərqləndi.

60-cı illərdə - çətin, mürəkkəb zəmanədə yaşamağı poeziya fədakarlıq kimi mənalandırırdı. B.Vahabzadənin hələ xeyli qabaq yazdığı «Ömür» şeirindəki misralar çağdaş lirikanın axtarışları üçün simvolik başlanğıc idi:

 

Yaşamaq yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır,

Şam, əgər yanmırsa, yaşamır demək

Onun yaşamağı-yanmağındadır.

 

Azadlıq uğrunda mübarizə millətin özünüdərkinə gətirib çıxardı. Totalitarizmə, imperiya köləliyinə milli etiraz həmin mübarizənin ümumxalq forması kimi milyonları meydanlarda toplara və tanklara qarşı sipərə çevirdi. (3).

Xəlil Rzanın poeziyası isə başdan ayağa ədalətə, haqqa, milli qürura, sarsılmazlığa, cəsarətə çağırışdır. Onun 1992-ci ildə qələmə aldığı «Ayağa dur Azərbaycan» şeiri xüsusilə seçilir və demək olar ki, Azərbaycan poeziyasında ən yadda qalan, xalqın dilinin əzbəri olan bir şeirdir. Bu şeir Azərbaycan poeziyasını azadlıq, mübarizə ruhunda kökləyir:

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qürur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm!

 

Ya bilmərrə yatırt bizi,

Ya bilmərrə oyat bizi,

Ya yenidən yarat bizi,

Ya yaradan səninləyəm,

Səninləyəm, yatmış vulkan, səninləyəm,

Ayağa dur, Azərbaycan səninləyəm!

Azadlıq şairi kimi təqdim etdiyimiz Xəlil Rza Ulutürk poeziyası ədəbiyyatımızda yeni bir cığır açdı. Xəlil Rza poeziyası deyəndə, yadımıza ilk düşən bu misralar olur:

Azadlığı istəmirəm zərrə-zərrə,

qram-qram

Qolumdakı zəncirləri qıram gərək!

Qıram! Qıram!

Azadlığı istəmirəm bir həb kimi, dərman kimi,

İstəyirəm səma kimi

Günəş kimi!

Cahan kimi!

Hələ keçən əsrin 60-cı illərində Xəlil Rza bu misraları yazmağa cəsarət edirdi. Və müəllif çox yaxşı bilirdi ki, bu misralar Afrikanın dilindən səslənsə də, illərlə müstəqillik arzularının içərisində boğulan bir xalqı tərpədəcək.

Çox haqlı olaraq, Elçin Mehrəliyev bu şeir haqqında yazır: Doğrudur, bu sözlər Afrikanın dili ilə səslənirdi. Lakin X.Rzanın şeirində Afrika şərti obraz idi, əslində bu, şairin öz səsi, öz mövqeyi idi. Məhz bu keyfiyyətlərinə görə xalq hərəkatının vüsət aldığı dövrdə, Sovet imperiyasının dağıldığı vaxtlarda X.Rza şeirlərində azadlıq istəyən xalq artıq rəmz şəklində deyil, öz real obrazında, xalq obrazında çıxış edirdi. Təsadüfi deyildir ki, bu illərdə qələmə aldığı şeirlərində X.Rza öz oxucusunun təsəvvüründə milli istiqlal şairi kimi yüksəlir. Bu illərdə nəşr olunmuş «Hara gedir bu dünya» (1988), «Davam edir 37» (1992) kitablarında X.Rza sadəcə istedadlı şair deyil, həm də alovlu istiqlal nəğməkarıdır. Maraqlıdır ki, X.Rzanın bütün bu dövrkü lirikasında xalqımızın istiqlaliyyət arzusu və düşüncəsi əsas motiv kimi çıxış edir» (4).

Azadlıq ideyası şairin poeziyasından qızıl bir xətt kimi keçirdi. Mövzuları rəngarəng idi. Ancaq hər şeirinin ana xəttini azadlıq, müstəqillik, vətənsevərlik hissləri təşkil edir. 1961-ci ildə yazdığı «İki qardaşın söhbəti» poemasında da şair azadlıq ideyasının üzərində dayanırdı:

Səsimə, ünümə - azadlıq!

Elimə, günümə - azadlıq!

Yaradan əlimə – azadlıq!

Qıfıllı dilimə – azadlıq!

Şair yəqin ki, «qıfıllı dilimə» dedikdə, özünü nəzərdə tutmurdu. Çünki müstəmləkəyə çevrilmiş Azərbaycanın «qıfıllı dili» şairə aid deyildi. Daha doğrusu, onun dilini, əlini heç nə buxovlaya bilmirdi. Onun yaradıcılığı göstərir ki, şair bütün gücünü, cəsarətini azadlıq, köləliyi ifşa istiqamətinə yönəltmişdi. Bu gün Azərbaycan ədəbiyyatında istiqlal, azadlıq müstəqillik şairi kimi qalması buna canlı sübutdur. Mürşid Məmmədli «Xəlil Rza Ulutürk fenomeni» məqaləsində çox haqlı olaraq, şairin 60-cı illərin əvvəllərində yazdığı şeirləri, xüsusilə «Afrikanın səsi» («Azərbaycanın səsi») şeirini bütövlükdə milli istiqlal hərəkatımızın poetik uverturası hesab edir (5).

Ədəbiyyatımıza nəzər salarkən görürük ki, müstəqil dövlətimizin qurulmasında müasir poeziyamızın rolu böyükdür. Çağdaş ədəbiyyatımız ümidvarıq ki, Qarabağ uğrunda mübarizədə, torpaqlarımızın azad və bütöv olmasında da böyük rol oynayacaq.

Xalq əlində qılınc oldu çəkdiyim ah,

… Mən xalqımın sağ əliyəm

Köləliyi alt-üst edən bir azadlıq məşəliyəm.

Göz yaşımı boğa-boğa,

Fərəhliyəm, nəşəliyəm

Yaşa, var ol!

Bəxtiyar ol!

Ehkamlara, meydanlara sığınmayan, mənim xalqım!

Rəzalətə, əsarətə, hər zillətə qənim xalqım.

Cəsarətlə demək olar ki, Xəlil Rza Ulutürk poeziyası müstəqillik uğrunda apardığımız mübarizədə, qələbəmizdə böyük rol oynadı. Yəni, qazandığımız müstəqillik cəsarətini milli poeziyamızdan da almışdı, artıq ədəbiyyatımızda olan azadlıq arzuları arzu olaraq qalmadı, reallığa qovuşdu.

Mən qalmışdım məlul-müşgül, əlim

qoynumda, qoynumda.

Lapdan gördüm: dağlar gəlir elin boynunda,

boynunda.

Düşdü yada qədim məsəl:

Yelin gucu, selin gücü, elin gücü.

Yelin gücü – qasırğaymış,

Selin gücü – qaynar ümman,

Elin gücü – daha zormuş qasırğadan, okeandan…

Xalqın əli ildırımdan, raketdən də güclü silah

Xalq əlində qılınc oldu çəkdiyim ah.

Zəlimxan Yaqub poeziyası, sözdə Nəsimi cəsarətli, Babək qeyrətli Azərbaycan oğullarını meydana - azadlığımız uğrunda mübarizəyə, qalibiyyətə səsləyirdi. Şair əmin idi ki, yurdun hər qarışını göz bəbəyi sanan insan bu xalqı zülmdən qurtaracaq:

Bu torpağın odunu yer üzünə yayanlar

Yurdun hər qarısını göz-bəbəyi saydılar,

Nə məsləkdə Nəsimiyə, Babəkə oxşayanlar,

Meydan sizindir bu gün.

Bəxtiyarın «Gülüstan» poeması isə ədəbiyyatımızda, milli təfəkkürümüzdə azadlıq duyğularımızın çırpıntılarını daha da çoxaldırdı. Almaz Ülvi yazır: «Yeni təfəkkür işığında B.Vahabzadənin 60-cı illərdə ədəbiyyatımıza gətirdiyi dəsti-xətti, milli ruhu araşdırarkən bugünkü milli müstəqillik və milli azadlıq mübarizəsində onun dəyərli, milli mənəviyyatlı poeziyasının təsirini görürük».

Bəxtiyar Vahabzadə poeziyasındakı vətənə, xalqa bağlılıq müəllifin içində bir vulkana dönür. Onun azadlıq istəyi poeziyamızda fərqlənir. Bu fərq eyni zamanda ilkinliyi ilə də diqqəti çəkir:

Yaşamaq istəmirəm sürünüb dizin-dizin,

İstəyirəm ən uca zirvələrə mən qonam.

Xəfif sakitliyini neyləyirəm dənizin,

Onun qasırğasına, qovğasına vurğunam.

Qoy döysün yağış məni, boran məni, qar məni,

Həyatın boranları daim yaşadar məni,

İstəmirəm həyatım sakitcə bir otaqda

Gəlib keçsin lal kimi…

İstəyirəm döyüşəm qayaların başında

Düşmənlə qartal kimi.

Sabir Rüstəmxanlı poeziyasında da birliyə, azadlığa, müstəqilliyə çağırış arzuları güclüdür. Şair müstəqilliyin nə qədər bənzərsiz olduğunu vurğulayır, azad olmaq üçün müstəqilliyi qiymətləndirir və əsas sayırdı:

Müstəqillik! İlk inamım, ilk həsrətim!

Müstəqillik! Xalqın məslək bayrağıdır,

Müstəqillik! Yarışlarda inanmaqdır

Öz südünlə, çörəyinlə dolanmaqdır.

Və 20 yanvar qırğını şairin sözünü təsdiqlədi. Ədəbiy­yatımızda «Şəhid» obrazı yenidən canlandı. «Şəhidlər» mövzusu analarımızın şəhid məzarları önündə dedikləri bayatılardan, ağılardan yaranmağa başladı. Əzizə Cəfərzadə, Məmməd Aslan qələmindən ağılar deyildi, laylalar çalındı:

Qərənfil – şəhid qanı,

Ağla, qərənfil, ağla

Ağla, inlət meydanı,

Ağla, qərənfil ağla. (Məmməd Aslan)

Qərənfillər şəhid qanına bələndi. Şəhərlərin küçələri qərənfilə qərq oldu. Xalq bir tərəfdən qəmginləşdi, yas saxladı, digər tərəfdən neçə illik azadlıq, müstəqillik arzuları reallaşdı. Həmin gecənin hadisələri poeziyaya köçdü. 20 yanvar hadisələrindən söz düşəndə ilk öncə xalq şairi Qabilin «Mərsiyyə»si yada düşür. Şair 20 yanvar gecəsində yaşadığımız, şahidi olduğumuz müsibətləri, Kərbəla müsibətinə bənzədir, o dəhşətdən qeyzlənir, üsyan edir:

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız,

Ölmədi, canlı şəhid oldu neçə yüzlərimiz,

Bu Kərbəla düzləridir, düzlərimiz,

Necə qan ağlamasın üzlərimiz, gözlərimiz?!

Gecəni atəş ilə qırmızı qan eylədilər,

Xalqımı, millətimi gülləbaran eylədilər.

«Mərsiyyə»də hirsindən, hikkəsindən od püskürən, hiddətindən partlamaq dərəcəsinə çatan bir şairin ürək naləsi duyulurdu. Bunu da qeyd edək ki, şəhidlərimizin cənazəsi dəfn olunmadan belə bir «Mərsiyyə» yazmaq və onu üzə çıxarmaq dəhşət doğurası qədər çətin və ağır bir iş idi. O ağır gündə Qabillə bahəm B.Vahabzadə, N.Xəzri, C.Novruz, X.Rza Ulutürk, M.Araz, S.Rüstəmxanlı, F.Qoca, Z.Yaqub və başqaları hadisələrə, müsibətlərə öz münasibətlərini poeziya dili ilə bildirdilər. Şübhəsiz ki, bu poeziya nümunələrində məqsəd, məram bir idi - xalqın çətin və ağır günündə onlara dayaq olmaq, bu xalqın günahsız övladlarının gülləbaran edilməsinə qarşı etiraz səslərini ucaltmaq və onları ədalətlə müdafiə etmək. Poeziyada haqsızlığa, nanko­rluğa, qaniçənliyə, vəhşiliyə nifrət hissləri daha güclü idi. Zəlimxan Yaqub yazırdı:

Həyatımda heç zaman belə dərd

görməmişdim,

Dərdi belə amansız, belə sərt

görməmişdim,

Mənim düşmənim qədər, mən namərd

görməmişdim,

Namərdlərin başında çaxırdı şəhid qanı.

Zəlimxanın poeziyasında bir tərəfdən hakimiyyət uğrunda vuruşa-vuruşa vətəni satan, vətən sərhədlərindən geri çəkilən xainlərin tənqidi vardısa, digər tərəfdən bu qədər günahsız tökülən qanların alınacağına, qalibiyyətimizə inam, ümid var idi:

Sınar dağların beli, bu qədər ah götürməz,

Adi insan olan kəs belə günah götürməz,

Yerdə bəndə götürsə, göydə Allah götürməz,

Qəm yemə, dəli könlüm, nahaq qan yerdə qalmaz.

Şair «Sınar dağların beli, bu qədər ah götürməz» misrasını işlətməklə xalqın iztirablarının böyüklüyünü poetik şəkildə ifadə edib.

Məmməd Araz poeziyası onun xarakterindən qidalanırdı. Onun şeirlərinin çoxu Murovdağ döyüş bölgələrində ərsəyə gəlirdi. Murovdağın döyüşçü şairi Abdulla Qurbaninin «Məmməd Araz üç gün döyüş bölgəsində» kitabında Məmməd Arazın müharibə başlanan gündən hər ay cəbhə bölgəsində olmasından, döyüşçü oğullara qol-qanad verməsindən bəhs edir. Hətta Məmməd Araz ömrünün son günlərində belə, xəstə olarkən min bir əzabla Murovdağ Qartallarına qonaq olmuşdur. Əsərdə Məmməd Arazın əsgərlərə verdiyi mənəvi güc xalqımıza, ziyalılarımıza nümunə göstərilmişdir. Müəllifin «Murova qar yağırdı» şeiri də Murovdağ cəhbə bölgəsindən xəbər verir.

Məmməd Araz poeziyasında isə Azərbaycan vahid, bitkin bir varlıq kimi öz suverenliyi, haqları, milli dəyərləri uğrunda çıxış edir, mübarizə aparırdı. Bu mübarizə müstəqil bir ölkənin, azad bir xalqın yaşamaq, yaratmaq haqqı uğrunda mübarizəsi olduğundan, bəşəridir.

 Ədəbiyyat

1. Azərbaycan Sovet Ensiklopediyası. 10 cilddə, III cild – Bakı – ASE nəşriyyatı, 1979, s. 133

2. Kazımov Q. Sənət düşüncələri. Kitab Palatası, Bakı, 1997

3. Nicran Nəsibova «Müasir Azərbaycan poeziyasında milli Azadlıq hərəkatı», «Şuşa» nəşriyyatı, Bakı, 2001

4. E.Mehrəliyev. «Müharibə və ədəbiyyat». 2000

5. Mürşüd Məmmədli. «Xəlil Rza Ulutürk fenomeni». X.Rza. Seçilmiş əsərləri, 2001

6. Almaz Ülvi Bünnətova. «Poeziyada milli azadlıq duyğuları». «Ağrıdağ», 1997