Akif Nağı

 Azərbaycanın milli maraqları və Qarabağ məsələsi

Azərbaycanın 14 min kv. kilometrlik ərazisinin, o cümlədən Yuxarı Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi beynəlxalq aləmdə daha çox “Qarabağ məsələsi” kimi tanınır, beynəlxalq təşkilatların nümayəndələri bu ifadəni işlətməyə üstünlük verirlər. Işğal və təcavüz faktını görmək, təsdiq etmək istəməyən beynəlxalq təşkilatlar bu termini işlədirlər. Bu terminin işlədilməsi ermənilərin maraqlarına uyğun gəlir və erməni istəyinin nəticəsi olaraq ortaya çıxmışdır. Erməni tərəfi “Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin də tez–tez işlədilməsinə nail olubdur. Hər iki halda məqsəd baş vermiş işğal faktının gizlədilməsi, Ermənistanın məsuliyyətdən kənarlaşdırılmasından ibarətdir. Istənilən halda beynəlxalq təşkilatların daha çox işlətdikləri terminə biz də üstünlük verməklə, bu terminin birinci növbədə “Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan əraziləri” məzmununu ehtiva etdiyini nəzərə çatdırırıq. Bu kiçik girişi verməkdə məqsədimiz, Azərbaycan tərəfinin münaqişənin nizama salınması prosesində, hətta terminlərin seçilməsində də milli maraqlardan deyil, daha çox konyuktur, təzyiqlərə uyğunlaşma mövqeyindən çıxış etdiyini göstərməkdir. Tarixə qısa nəzər salsaq, görərik ki, Azərbaycan XX yüzillikdə 2 dəfə ərazilərimizin taleyi ilə bağlı prinsipial məsələ ortaya çıxanda milli maraqlar mövqeyindən deyil, “ümumbəşəri dəyərlər” prizmasından çıxış etmişdir. 1918-ci ildə Irəvan və digər ərazilər milli maraqlarımız nəzərə alınmadan, “Sivil Avropa” qaydalarına uyğun olaraq ermənilərə güzəştə gedilmişdir. 1920 və 1923-cü illərdə isə milli maraqların ziddinə olaraq “proletar beynəlmiləlçiliyi” prinsipi rəhbər tutulmuş və bu prinsipə uyğun olaraq Zəngəzurdan imtina edilmiş, Dağlıq Qarabağa isə heç bir əsas olmadan muxtariyyət verilmişdir. Milli maraqlara etinasızlıq xətti yenə də davam edir. Yenə də əksəriyyət Qarabağ məsələsinin “sivil normalara, ümumbəşəri dəyərlərə” uyğun həll olunmasını tələb edir. Ermənistan Rusiya ilə birlikdə Qarabağa, Ingiltərə Folklend adalarına, ABŞ Iraqa “öz milli maraqlarını” qorumaq adı altında qoşun yeridərkən bu dəyərlərəmi söykənirdilər?

Dünya praktikasında irili, xırdalı bütün dövlətlər istənilən situasiyada ön plana öz milli, dövlət maraqlarını qoymağa, müdafiə etməyə çalışmışdır. Qarabağ məsələsinəd də maraqlı və yaxud vasitəçi dövlətlərin hamısı öz maraqlarını reallaşdırmağa cəhd göstərirlər. Ona görə də məsələ birmənalı şəkildə Azərbaycanın nəzarətindən çıxarılmışdır. Bu gün reallıq belədir ki, Yuxarı Qarabağın taleyi Rusiya və yaxud Amerikanın istəyilə, ya da onların hansısa formada razılığa gələ biləcəyi ilə şərtlənir. Məsələnin bu şəkildə beynəlmiləlləşməsi, iki superdövlətin inhisarına keçməsi Ermənistanın maraqlarına uyğun gəlir. Çünki bu ərazilərin nominal da olsa, sahibi Ermənistandır. Bu nominal sahiblik Ermənistana işğal olunmuş əraziləri faktiki nəzarətdə saxlamağa, sərvətlərini şəriksiz mənimsəməyə imkan verir. Deməli, Qarabağ məsələsi ilə bağlı yaranmış vəziyyət heç bir halda Azərbaycanın milli maraqlarına uyğun gəlmir.

Beynəlxalq təşkilatlar, ayrı-ayrı iri dövlətlər Qarabağ məsələsinin danışıqlar yolu, dinc vasitələrlə nizama salınmasında maraqlı tərəf kimi görünürlər. Bu yanaşmanın özündə də Azərbaycandan başqa hamının, o cümlədən Ermənistanın maraqları təmin olunur. Beynəlxalq təşkilatlar, regiona investisiya qoymuş xarici dövlətlər, öz məqsədinə nail olmuş Ermənistan müharibənin yenidən qızışmasını istəmirlər. Bu, aydındır. Danışıqlar yolu ilə məsələnin Azərbaycanın maraqlarına, daha doğrusu obyektiv reallıqlara uyğun həlli perspektivi isə inandırıcı deyil.

Danışıqların formatı, prinsipləri müəyyən edilərkən də Azərbaycan milli maraqlar mövqeyindən çıxış edə bilmədi. Danışıqlar formal olaraq Minsk Qrupunun, əslində isə bu Qrupun səlahiyyətlərini mənimsəmiş “həmsədrlər üçlüyü”nün vasitəçiliyi ilə aparılır. “Üçlüyün” tərkibi müəyyənləşdirilərkən də Azərbaycan milli maraqlardan deyil, mövcud reallıqdan çıxış etmişdir. 1997-ci ildə həmsədrlər institutunu yaradanda belə bir tezis əsas götürüldü ki, bu üç dövlət dünyada və regionda təsir imkanlarına malikdirlər və bu amil münaqişənin tez nizama salınmasında rol oynaya bilər. Bu gün də o təzis tez-tez təkrar olunur. Lakin on il ərzində bu məntiq özünü doğrultmadı. Ona görə də bu formatın saxlanılmasına ehtiyac yoxdur. Digər tərəfdən, Azərbaycan 3 xristian dövlətinin müsəlman və xristian ölkələri arasındakı münaqişəni ədalət prinsipi əsasında çözəcəyinə inanmaqla yanlışlığa yol verirdi. Üstəlik bu üç həmsədr dövlətinin hər birinin Ermənistanla konkret bağlılığı, təəssübkeşliyi də nəzərə alınmalı idi. Azərbaycan gec də olsa bu formatdan imtina etməlidir. Üç xristian dövləti vasitəçiliyini davam etdirəcəksə, onlara üç müsəlman dövlətinin (bu sıraya Türkiyə, Iran, Pakistan, Səudiyyə Ərəbistanı və digərləri daxil ola bilərlər) qoşulması zəruridir. Bunu ölkənin milli maraqları tələb edir. Etiraz etmək istəyənlərin nəzərinə çatdırırıq ki, Ermənistan qəti şəkildə Türkiyənin namizədliyini rədd edib, Fransanın namizədliyi üzərində təkid edəndə heç nədən, kimlərinsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, milli maraqlarından çıxış edirdi və həmin mövqedə qalır.

Danışıqlarda müzakirə olunan prinsiplər, konkret məsələlər Azərbaycanın milli maraqlarından çox uzaqdır. Maraqlıdır ki, Azərbaycanın milli maraqları, obyektiv reallıqla yanaşı, beynəlxalq hüququn da tələbləri bir kənara atılır. Vasitəçilər Qarabağ məsələsini işğala məruz qalan tərəfin hüquqlarının bərpa olunmasının vacibliyi, beynəlxalq hüququn tələbləri mövqeyindən deyil, “mövcud reallıqlar və qarşılıqlı güzəştlər” prizmasından həll etməyə çalışırlar. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrində dolayısı ilə, Avropa Şurası və Avropa Ittifaqının qətnamələrində, ABŞ Dövlət Departamentinin illik rəsmi hesabatında, Islam Konfransı Təşkilatının qərarlarında və digər sənədlərdə birbaşa Azərbaycanın ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu təsdiq edilir. Ilk baxışdan beynəlxalq hüququn hərəkətə gəlməsi, təcavüzkar ölkəyə qarşı sanksiyaların tətbiq olunması üçün heç bir maneə yoxdur. Amma beynəlxalq hüquq hələ də susur, cəngəllik qanunları fəaliyyət göstərir. Deməli, beynəlxalq hüquq bizim üçün ölüb, yoxdur! Belə olmasaydı, beynəlxalq təşkilatlardan birinin nümayəndəsi təklif etməzdi ki, “Azərbaycan status, Ermənistan isə ərazi məsələsində güzəştə getməlidir.”

Azərbaycan milli maraqlarından geri çəkilərək danışıqlarda işğal faktının deyil, “Dağlıq Qarabağın statusu” deyilən məsələnin müzakirəsinə razılaşmışdır. ”Praqa prosesi” adlandırılan uzunmüd­dətli danışıqlar bu razılaşma üzərində aparılır. Praqada başlanan danışıqlar Varşava, Paris, Kazan, Moskva, London, Rambuye, Vaşınqton, Istanbul görüşləri ilə davam etdirilmiş və mahiyyət etibarı ilə Azərbaycanın öz milli maraqlarından çox uzaq olan bir varianta razı salınmasına yönəldilmişdir. Bu danışıqların məzmunu ilə bağlı rəsmi açıqlama verilməsə də, nələrin müzakirə olunduğu artıq heç kəs üçün sirr deyil. Danışıqların taleyi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Rambuye, Azərbaycan və ABŞ prezidentlərinin Vaşinqton görüşləri, Minsk Qrupu həmsədrlərinin son səfərləri və verdikləri açıqlamalar həlledici məqamlar kimi götürülür. Əksər mənbələr danışıqlarda aşağıdakı məqamların müzakirə olunduğunu bildirir:

1. Dağlıq Qarabağ ətrafındakı 5, yaxud 6 rayondan Ermənistanın silahlı qüvvələri çıxarılır. Rambuyedə boşaldılacaq royonların sayı mübahisə mövzusu olub. Ermənistan Kəlbəcər və Laçını hələlik öz nəzarətində saxlamağa çalışıb. Buradan aydın görünür ki, beynəlxalq hüquq heç bir nəzakət-filan gözlənilmədən kənara atılıb. Işğal faktına göz yummaqla, işğalçıdan sanki heç nə olmamış kimi öz qoşunlarını geri çəkməyi xahiş etməyin başqa adı yoxdur.

2. Azərbaycan 15 və yaxud daha çox ildən sonra Dağlıq Qarabağda referendum keçirilməsinə razılıq verir. Azərbaycan tərə­findən Dağlıq Qarabağda hətta 100 ildən sonra da referendum keçirilməsinə razılıq verilməsi bu ərazinin itirilməsi deməkdir. Re­ferenduma razılıq verməklə, Azərbaycan bütün dünya qarşısında Dağlıq Qarabağla bağlı hüquqlarından imtina edir.

3. Referenduma qədərki dövr ərzində Dağlıq Qarabağda indiki oyuncaq recimin hakimiyyəti saxlanılır. Bu şərt birmənalı şəkildə Dağlıq Qarabağdakı recimin legitimləşdirilməsinə xidmət edir.

4. Azərbaycanlı köçkünlər daimi yaşayış yerlərinə qaytarılır. Planın bu bəndinin uğursuzluğa uğrayacağını, faktiki nəticəsinin olmayacağını indidən də söyləmək çətin deyil. Əhali yeniden erməni silahlılarının daim təhlükə altında saxlandıqları ərazilərə qayıtmaqdan imtina edəcəkdir. Qayıdıb yaşayanlar isə növbəti erməni təxribat və terrorunun girovuna çevriləcəklər.

5. Münaqişə zonasına, yəni Laçın və Dağlıq Qarabağla Azərbaycanın digər ərazilərinin arasında sülhməramlı qüvvələr yerləşdirilir. Tərkibindən asılı olmayaraq, sülhməramlı qüvvələr faktiki olaraq Dağlıq Qarabağdakı oyuncaq recimin qayğısız mövcudluğunun təminatçısı olacaqlar. Azərbaycan situasiyanı dəyişmək üçün bütün imkanlardan məhrum ediləcəkdir.

6. Regionda iqtisadi və hətta siyasi əməkdaşlıq üçün şərait yaradılır, kommunikasiyalar bərpa olunur. Bu, iqtisadi cəhətdən ciddi çətinliklər içərisində olan Ermənistanın hərtərəfli inkişafı, regiona gedən proseslərə, regional böyük layihələrə qoşulması, geniş miqyasda mənfəət götürməsi üçün şərait yaradır. Göründüyü kimi, danışıqlar birtərəfli qaydada Ermənistanın maraqlarının təmin olunmasına yönəlmişdir. Azərbaycanın maraqları isə qətiyyən nəzərə alınmır. Deməli, Azərbaycan lap əvvəldən danışıqların milli maraqlarımıza və obyektiv reallıqlara, baş vermiş hadisənin mahiyyətinə uyğun müstəvidə aparılmasına nail ola bilməmişdir. Biz danışıqların əleyhinə deyilik, danışıqlar yolu ilə də milli maraqların təmin edilməsinə nail olmaq mümkündür. Amma bu gün aparılan danışıqlara ümid etməklə özümüzü aldatmış olarıq.

Hər bir dövlət, o cümlədən Azərbaycan öz milli maraqlarını, təhlükəsizliyini təmin etməyi bacarmalıdır. Bacarmırsa, deməli, öz əsas funksiyalarından birini yerinə yetirmir. Azərbaycan hakimiyyəti Qarabağ məsələsində milli maraqlarını danışıqlar yolu ilə təmin etmək istəyirsə, onda dərhal danışıqların milli maraqlarımıza uyğun müstəviyə keçməsinə nail olmalıdır. Əgər bu, baş vermirsə, onda milli maraqların təmin olunması üçün radikal formanın, hərb yolunun seçilməsinə zərurət yaranır. Azərbaycanın milli maraqları ölkənin ərazi bütövlüyünün, bütün ərazilərində suveren hüquq­larının dərhal bərpa olunmasını tələb edir. Bu, danışıqlar, “sülh” yolu ilə mümkün olmadığına görə, BMT Nizamnaməsinin 51-ci maddəsinə, yəni zəruri mudafiə hüququna uyğun olaraq hərbi yolla həyata keçirilməlidir.