Həcər Abdallı

Erməni təcavüzü siyasi amil kimi

Qarabağ konfliktinin yaranması əvvəllər dünya birliyində birmənalı qarşılanmasa da, 1992-ci il martın əvvəlində ABŞ-ın keçmiş dövlət katibi S.Vensin Bakıya səfəri zamanı konfliktin vəziyyətini öyrənməsi və bu barədə BMT-nin Baş katibinə məruzə etməsi ilə Qarabağ problemi nüfuzlu Beynəlxalq təşkilatlar tərəfindən həlli vacib olan regional konflikt kimi tanınmış, xüsusilə cənab Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həmin konfliktin tənzimlənməsinə maraq xeyli artmışdır.

Ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarıdır. Biz bu münaqişənin həllini ATƏT-in üzərinə atırıq və vasitəçi dövlətlər axtarırıq. İndi biz ümid etdiyimiz dövlətlərə, onların bizə münasibətinə nəzər salaq. Gəlin görək ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi “Erməni soyqırımı”nı tanıyan Fransa dövləti Qarabağ məsələsində obyektiv fikir yürüdə bilərmi? Bir neçə dövlətlərlə yanaşı Türkiyə parlamenti də buna şübhə edir. 2001-ci il yanvarın 9-u Türkiyə Böyük Millət Məclisinin iclasında (TBMM) Fransa parlamentində müzakirə edilməsi nəzərdə tututlan qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi haqqında bəyanat qəbul edib.

Verilən bu bəyanatda bildirlir ki, yanvarın 18-də Fransa parlamentinin müzakirəsinə çıxarılacaq qanun layihəsi tarixin təhrif edilməsinə və qərəzli rəylərə əsaslanır. “Həmin layihə qəbul edilərsə, bundan sonra Fransada söz və düşüncə azadlığı boğulacaq, tarixçilərin həqiqəti ifadə etmək azadlıqları və səyləri qanunla məhdudlaşdırılacaqdır”.

Göründüyü kimi Fransa BMT TŞ-nın üzvü, ATƏT-in Minsk Qrupunun həmsədridir. “Qanun qəbul edilərsə, Fransa birtərəflilik prinsipinə sadiq qala bilməyəcək. Bu ölkənin istər Qafqaz regionunda, istərsə də Türkiyənin birbaşa və dolayı beynəlxalq münaqişə ocaqlarında sülhün bərqərar edilməsi, sabitliyin təmin olunması adı altında atacağı hər addım şübhəylə qarşılanacaq”.

TBMM fundamental tarixi mübahisələrdə milli parlamentlərin iştirakını düzgün saymır və hesab edir ki, bu hadisələrin təhlili tarixçilərə həvalə edilməlidir.

“Fransa parlamentinin gözlənilən qanun layihəsini müzakirə etmək cəhdləri böyük şərəfli tarixi olan Türkiyə-Fransa dostluq əlaqələrinə, iki ölkə arasındakı nümunəvi əməkdaşlığa kölgə salır”.

Bunlara baxmayaraq Türkiyədə Ermənistanla münasibətlərə yenidən baxılmasının məqsədəuyğunluğu barədə müzakirələr gedir. Xatırladaq ki, əvvəllər dəfələrlə bu məsələ gündəliyə çıxsa da Ankara güzəşt yolunu tutmayacağını bildirərək bəyan edib ki, Ermənistan münasibətləri yalnız işğal olunmuş Azərbaycan ərazilərinin qaytarılmasından sonra bərpa oluna bilər.

Lakin bəzi yayılan məlumatlar onu göstərir ki, Türkiyə Ermənistanla bağlı siyasətini dəyişmək üzərində düşünür. XİN Dağlıq Qarabağ münaqişəsini Azərbaycan və Ermənistanın daxili işi kimi qiymətləndirməyi və bu mənada Türkiyənin milli mənafelərinin nəzərə alınmasını önəmli hesab edir. Türkiyə xarici işlər nazirliyi aparatının rəhbəri Farux Loçoçlu qondarma “erməni soyqırımı”nı neytrallaşdırmaq məqsədi güddüklərini deyib.

Politoloqların fikrincə Türkiyə Ermənistanla əlaqələrə “yaşıl işıq” yandırsa, o zaman Yerevanı sülhə vadar edən mexanizm əldən çıxır. Türkiyənin bu addımını “konyuktur istək” kimi qiymətləndirən politoloqlar bu məsələlərin ortaya çıxmasının “genosid” faktoru ilə əlaqələndirilməsini doğru sayır. Əslində isə belə bir fikrə gəlmək olar ki, bu bəyanat Avropa ölkələrində Türkiyəyə yönələn təzyiqləri yumşaltmaq məqsədilə verilib. “Düzdür, Ermənistan bu məsələdən kənarda qalır və bildirir ki, “genosid” barədə müzakirələr Fransa və ya ABŞ-da olan ermənilərin təsirinin nəticəsidir. Ancaq hamı bilir ki, bu məsələlərə başçılıq Yerevandan edilir. Bu mənada Türkiyə Yerevanı şirnikləndirmək istəyir. Yəni bu prosesi cilovlamağın əvəzinə Türkiyə Ermənistanla diplomatik əlaqələr qurub, münasibətləri normalaşdıra bilər. Lakin, qısa bir müddətdə Ermənistan-Türkiyə münasibətlərinin qaydaya salınacağına inanmıram”.

Lakin millət vəkili Asim Mollazadənin fikrincə, “Türkiyə hakimiyyəti hər zaman olduğu kimi münaqişədə işğalçı simasında olan Ermənistanla, bir milyona yaxın Azərbaycan türklərini öz evlərindən didərgin salmış ölkə ilə öz münasibətlərini məhz söylənilən müstəvidə formalaşdırmayacaq”.

Biz də Azərbaycan ərazisi işğaldan azad olunmayınca, Ermənistan özünün təcavüzkar siyasətinə son qoymayınca Türkiyənin Cənubi Qafqaz bölgəsi ilə bağlı siyasətində köklü dəyişikliyin olacağına inanmırıq.

Daha sonra ATƏT-in Minsk qrupunun üzvü olan Almaniya dövlətinə və onun bizə olan münasibətinə nəzər salaq.

Ermənistanın “Kopenhagen diplomatiyasını” mətbuat səhifəsində təhlil edilərkən göstərilmişdir: “...Danışıqları faktiki olaraq pozmağa görə məsuliyyəti Lissabon sammitinin prinsiplərinin üzərinə yıxmağa açıq-aşkar cəhd edilir ki, bu da Azərbaycanın mövqeyini sərtləşdirmişdi.

Dünya ictimaiyyətinə davranışının yeni ssenarisi təklif olunur: Lissabon prinsiplərinə yenidən baxılsın. Belə ki, guya bu Ermənistana “təzyiq göstərməkdən” də səmərəlidir”.

Daha sonra belə şərh edilmişdir... “Dağlıq Qarabağdakı münaqişə problemi müzakirə edilərkən Lissabon sammitinin prinsiplərini təsdiq etməli və danışıqların mərhələli metodunun bərpasını təsbit etməli olan qərarın qəbulu təklif olundu. Bu təklif Ermənistanın nümayəndə heyəti tərəfindən rədd olundu. Bunun ardınca alternativ, qismən də demək olar ki, oxşar məzmunlu başqa, bu dəfə ATƏT-də sədrlik edənin bəyanatı qismində bir mətn təklif edildi ki, bu da Ermənistanın nümayəndə heyəti tərəfindən rədd edilıdi”. Aydın göründüyü kimi, Kopenhagen görüşünün gedişi bir daha təsdiq etmişdir ki, Ermənistandan ciddi kompromis gözləməyinə dəyməz. 2001-ci ilin yanvarın 7-də Respublika prezidenti Heydər Əliyevlə Almaniya Federativ Respublikasının nümayəndə heyəti Falker Ruhenin görüşü olmuşdur.

Almaniya Federativ Respublikası Parlamentinin üzvü, Xristian Demokrat ittifaqı xristian sosial ittifaqı Fraksiyasının sədr müavini Falker Ruhe ilə Azərbaycan prezidentinin arasında Almaniya ilə Azərbaycan dostluğunun, iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsi məsələlərinə toxunuldu və hər iki dövlətlər arasında bir-birinə qarşı çox yaxşı münasibət olduğunu bildirdilər.

Görüşdə daha sonra Ermənistan-Azərbaycan münaqişəsindən də danışıldı. Bu məsələnin sülh yolu ilə həll olunması üçün 1992-ci ildə ATƏT-in Minsk qrupu təşkil olunub, Almaniya da Minsk qrupunun üzvüdür. Lakin, indi Minsk qrupunun fəaliyyətinin əsasən həmsədrlər-Rusiya, ABŞ, Fransa həyata keçirirlər.

Azərbaycan prezidenti H.Əliyev həmişə olduğu kimi indi də Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsini bildirdi. Yalnız unutmaq lazım deyil ki, bu beynəlxalq normalar, Helsinki Paktı, ATƏT-in və BMT-nin prinsipləri əsasında olmalıdır deyərək azərbaycan xalqının sülhsevər olduğunu qeyd etdi.

Ona görə də Azərbaycan ərazi bütövlüyü təmin edilməlidir. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş qərar əsasında Azərbaycanın tərkibində Dağlıq Qarabağa yüksək dərəcəli özünüidarə hüququ verilə bilərdi. Əfsuslar olsun ki, Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutduğuna görə, hələ də bu məsələ həll olunmamış qalır. Əgər Ermənistanla Azərbaycan arasında sülh yaransa, yollar açılıb ticarət başlansa Ermənistan bundan çox şey qazanar. Bu sülhün yaranması üçün Avropanın və o cümlədən də Amaniyanın bizə kömək göstərməsinə böyük ehtiyacımız vardır.

Bəli, danışıq zamanı hər bir şəxs yaxşı fikir deyə bilər. Neçə illərdir ki, kimlərin və necə köməklik etdikləri göz qabağında deyilmi?

Görək kömək umduğumuz Almaniya Federativ Respublikasının nümayəndəsi bizə nə vəd edir?

Vasitəçilik fəaliyyətilə məşğul olan başqa dövlətlər kimi Almaniya dövləti də yalnız ən başlıcası Dağlıq Qarabağ münaqişəsinin həllini Ermənistan və Azərbaycan prezidentlərinin kompromis yollu ilə həllində görürlər. Biz isə hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bütün dünyaya çatdırsın və ədalət öz yerini tapsın. Təəssüflər olsun ki, Ermənistan hər vəchlə Azərbaycanın ərazisini zaman –zaman qoparıb özünə birləşdirməyə çalışıb.

Münaqişənin həllini iki dövlət rəhbərlərinin görüşlərindən arxayınlaşan, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar. Onlar öz fəaliyyətlərində “prezidentlər nə zaman razılığa gəlsələr, bu ATƏT üçün məqbul olacaqdır” prinsipini əsas tutmuşlar. Bu faktdır ki, Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı işğal edərək, nəinki Dağlıq Qarabağı, hətta onun hüdudlarından kənarda olan neçə-neçə Azərbaycanın iri inzibati rayonlarını zəbt etdilər. Bu gün dünyada bir dövlətin başqa bir ərazini işğal etməsi, orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyildir. Təəssüflər olsun ki. hələ də Dünya Birliyi bu faciəni seyr etməklə kifayətlənir.

Lakin, bu münaqişəyə son qoyaraq Ermənistana bir dəfəlik bildirmək lazımdır ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin ayrılmaz bir hissəsi olaraq Azərbaycan dövlətinə məxsusdur. Azərbaycan dövləti çalışır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın. Əlbəttə, bu mümkün olmasa Azərbaycan xalqı torpağını düşmənlərdən azad etmək üçün silaha sarılmağa, özlərini Vətən uğrunda şəhid etməyə hazırdır.