Hüseyn İbrahimov

Qarabağ –siyasi tariximizin “Qordi düyünü”

Biz Azərbaycan xalqı olaraq hər birimiz uşaqlıqdan Qarabağ haqqında Vətənimizin ən gözəl və zəngin ərazisi kimi həmişə dərin təəsürata malik olmuşuq. Qarabağ hər bir Azərbaycan insanının siyasi tarixindən, həm də ona görə ayrılmazdır ki, Vətənimizin bu hissəsi mədəniyyət, incəsənət dünyamızın prioritetlərinin formalaşmasında əsaslı rol oynamışdır. Elə buna görədir ki, sovet imperiyasının dağılması zamanı düşmən qüvvələr tərəfindən Azərbaycanın gələcək problemlərinin nöqtəsi kimi Dağlıq Qarabağ hədəf düyünü seçildi.

Dünya düzümünün yeni qaydada qurulmağa başlanması sözsüz ki, bəzi dairələr üçün etnik münaqişələrin yaradılması və bundan bəhrələnməkdən keçirdi. Üstəlik Sovet İttifaqı siyasi bürosunun etnik siyasəti milli maraqların həlli deyil, ərazi ziddiyyətləri yaradaraq dondurulması üzərində qurulduğundan azsaylı xalqların ərazi iddiaları ilə silahlandırmaq onlar üçün daha asan oldu.

Ermənilər Qarabağ ərazisinə köçürüldükləri andan başlanan bu siyasət zaman-zaman Azərbaycanın tarixi ərazilərinin zəbt edilməsi üzərində qurulurdu. 1988-93-cü illər isə Azərbaycan tarixinin ən faciəli dövrü kimi yadda qaldı.

Artıq Qarabağın işğalından 15 illik bir vaxt ötür. Siyasi tarix üçün bu elə də az zaman deyil. Hətta hadisələrin bu gününü analiz etsək görərik ki, bu prosesin təşəkkül tapması və ərazilərimizin işğalı prosesində müxtəlif maraq mərkəzləri fəaliyyətlərini qurmuşlar. Yalnız Rusiyanın müəyyən dairələrinin deyil, həmçinin Qərbin qeyri-müəyyən dairələrinin Ermənistanı müdafiəsi ciddi məsələlərdən xəbər verir. Bəzi Beynəlxalq təşkilatlar hələ də bir milyondan artıq Azərbaycan məcburi köçkünün vəziyyətini böyük bir etnos hüqularının pozulması sferasından görmək istəmirlər. Bütün bu ziddiyyətlər Qarabağ probleminin ədalətli həllini mürəkkəbləşdirir və proseslərin bu istiqamətdə cərəyan etməsi Azərbaycanın qarşısında bir məqsəd qoyur: düyünü kəsmək. Bunun üçün Azərbaycan sözsüz silaha əl atmalıdır. Bunun üçün birinci növbədə Beynəlxalq biliklərin inandırılması istiqamətində işlər qurulmalıdır. Həmin inandırma metodu özündə ehtiva etməlidir:

1)Ermənistan silahlı birləşmələrinin Qarabağdan təmizlənməsi əməliyyatı zamanı Xankəndində və ətraf bir neçə kənddə yaşayan yerli sakinlərə zərər toxunmayacaq.

2) Onların təhlükəsizliyinə Azərbaycan vətəndaşı olaraq cavabdehliyi Azərbaycan dövləti daşıyacaq.

Hadisələrin qeyd etdiyimiz istiqamətdə reallaşması üçün ictimai birliklər, Qarabağın azadlığı üçün çalışan təşkilatlar institutlaşmalıdır. Qarabağ Azadlıq Təşkilatı və Dağlıq Qarabağın Azərbaycanlı icması fəaliyətlərini əlaqəli şəkildə gücləndirməlidirlər. Avropa Şurasında təmsil olunan deputatlarımızın bu adı çəkilən təşkilatları təmsil etməsi mexanizmi qurulmalıdır. Biz bir çox hallarda siyasətdə Qarabağ məsələsilə bağlı daha çox proseslərə cavab istiqamətində iş qururuq.

Prosesi yaratmaq isə daha yaxşı müdafiədir.

Beynəlxalq birliklər bilməlidir ki, əgər Azərbaycan bu gün müharibəyə əl ataraq tarixi ərazilərini qaytarmazsa, sabah həm Qafqaz, həm də region üçün təhlükəli vəziyyət yarana bilər. Dağlıq Qarabağda terrorçu qüvvələrin formalaşdırılması, bu ərazidən narkotik vasitələrin yetişdirilməsi üçün istifadə edilməsi artıq faktdır. Bu faktlar Azərbaycanda reallaşmış enerji layihələrinin gələcək inkişafına təhlükə yaradır.