Mərziyyə Nəcəfova

Əflatun Saraclı poeziyasında vətən mövzusu

Bəşəri ideyalara çatmaq üçün öz milli varlığını dərk etmək, millətinin, xalqının siyasi-mədəni həyatının həqiqi tarixini araşdırmaq gərəkdir.Hər bir xalqın varlığı onun azadlığı, vətənpərvərliyi,mübarizliyi ilə ölçülür.

XX əsrin sonu Azərbaycan xalqının müstəqillik əldə etməsi, 20 Yanvar hadisələri, Qarabağ torpaqları uğrunda mübarizənin ədəbiyyatımızda əks olunması bir daha onu göstərdi ki,bu xalq öz milli varlığını qoruyub, inkişaf etdirməyə qadirdir.

Müasir poeziyamızın ayrı-ayrı nümayəndələri,müasir ədəbiyyatımızda məlum mövzuları 90-cı illər poeziyasının başlıca mövzularına çevirdilər. Belə poeziya nümayəndələrindən biri də Əflatun Saraclı (Məmmədovdur).

Əflatun Saraclı poeziyasından söhbət açarkən X.Rza Ulutürkün böyük poeziya haqqında fikirləri yadıma düşür.

“Böyük poeziyanı mütləq və mütləq böyük xarakter sahibləri yarada bilərlər. Bütün xarakterlər isə birdən-birə göydən düşmür, insan fikrindəki saflığın, qüdrətin və haqqsevərlik duyğusunun zaman keçdikcə cəmiyyətdə öz antipodları ilə toqquşması və təslim edilməsi sayəsində başa gəlir”.

Bu fikri xatırlamağım əsassız deyil.

Müasir dövrümüzdə yaranan poeziya nümunələri və müraciət olunan mövzular belə demək mümkünsə böyük poeziya nümunəsi kimi qiymətləndirilməyə əsas verir.

1988-ci il hadisələri ədəbiyyatçılarımızı, alim və ziyalılarımızı sınağa çəkdi. Hər zaman kəsiyində olduğu kimi ədəbiyyat bu sınaq illərində xalqının dərd –sərini,sevinc-kədərini yazmalı idi. Çox təəssüflər olsun ki, bu sınaqdan hər şair, hər alim çıxa bilmədi.Bu gün ədəbiyyat şünaslarımızın vəzifələrindən biri də Vətən mövzusunu müasir ədəbiyyatımızın aparıcı mövzularına çevirən yazarları təhlil etmək, yaranan ədəbiyyata münasibət bildirməkdir.

Bu baxımdan “Dünya həmən dünyadı” şerlər kitabına daxil olunan poeziya nümunələri Ə.Saraclı poeziyasının səviyyəsindən xəbər verir. Saraclı poeziyası oxunaqlıdı, şirindir. Bu təbilik şairin vətənə, el-obaya, torpağa sevgisindən, məhəbbətindəndir. Şairin torpağa bağlılığı genişmənada işlənilir. Şair torpağlalarımızı itirəndən çox-çox əvvəl torpaq itkisini hiss edir və poeziyaya gətirirdi. Azərbaycan övladlarını torpağa dönməyə, onu əkib-becərməyə səsləyirdi. Bu çağırışda ağsaqqal sədaları var idi. Bu şer nümunəsində şairin uzaqgörənliyi hiss edilirdi.

Bu torpaq nə yaman çat-çatdı, bala!?

Onu kim incitdi, kim atdı bala!?

Tanrımız bizləri onu becərmək,

Gömülüb yatmaq üçün yaratdı, bala!?

Bu nümunədə xalq hikməti var. Atalar sözlərinə bənzərlik var. Bu misralarda Dədə Qorqud deyimi var.

Əflatun müəllimin poeziyasında çoxlarını düşündürən “Vətən bizə nə verib”suallarına cavab açıqlanır. Əqli kamil varlıq hər zaman vətənə borclu olduğunu, onun üçün qurub-yaratdığını dərk edir. Şair vətən torpağının becərilməsini, qayğısının keşikçiləri olduğunu qeyd edərək sonda vətən torpağının əbədi yerimiz, yatağımız olduğunu xatırladır. Və o da hiss olunur ki, şair unutduğumuz bu həqiqəti yada saldığı üçün qürurlanmır, əksinə təssüf hissi keçirir. Çünki, bu xalq vətən torpağının dəyərini onun müqəddəs olduğunu, onun pay verilə bilməyəcəyini unutmamalıdır. Digər bənddə isə şair daha təsirli vasitələrdən istifadə edir. Şair bunları ədəbiyyatımızda artıq dəb halını alan özünü isyankar göstərməklə ifadə etmir. O, özünü reklam edərək oxucusuna göstərmir. Əsil ağsaqqal kimi Vətən övladının əlindən tutub yaşantılarımızı ona göstərir, barsız, bərəkətsiz ağacların faciəsini, səbəblərini açmağa,anlamayanlara anlatmağa çalışır.

Bu ağac nə yaman əyilib, bala,

Barı- bərəkəti yeyilib, bala,

Ya çəkə bilməyib yiyə dərdini,

Ya yiyəsiz qalıb, döyülüb, bala!?

Əyilən, barı-bərəkəti yeyilən ağac əslində ümumiləşdirilmiş obrazdır. Burada Azərbaycan xalqının son dövrlərdə yaşadığı faciələr də əksini tapır. Bu ağacların əyilməsində, barsız olmasında sahiblərin günahı çoxdur. Bu sahiblər, yiyələr isə bizik. Məhz bu şeir eləVətən müdafiəsinə ən böyük çağırışdı.

Şairin fəlsəfi düşüncəsini Nizami Saraclı özünəməxsus duyumla dəyərləndirir..

“Şairin dünyaya, həyata, cəmiyyətə bir fəlsəfi baxışı var. Bu da ona imkan verir ki, poetik təfəkkürün əsaslı söykənəcəyini, özülünü yaratsın, qanadlı fikirlərin havalandığı və qonacağı yeri dürüst müəyyənləşdirsin. Bu konteksdən yanaşanda biz Əflatun Saraclı yaradıcılığında bərqərar olmuş fundomental bir konsepsiya görürük. Bu konsepsiya birbaşa yaşadığımız mühitin, zamanın və zəmanənin taleyüklü məsələlərilə zəngin olduğundan, bizi müşkül problemlərin həllinə doğru istiqamətləndirir”.

Əflatun müəllimin yaradıcılığında Vətənpərvərlik marşları önəmli yer tutur. Onun qələmə aldığı marşlarda Vətən vahidliyini təmin etmək üçün birliyə, mübarizəyə çağırış motivləri əsas yer tutur. Onun “Marş” adlı şeri Türk əsgərini döyüşlərə səsləyir, onda qalibiyyət əzmini gücləndirir.

Al əlinə tüfəngi,

Açılsın göyün rəngi,

Ucalsın “Misri”, “ Cəngi”,

"Şur”, mənim türk əsgərim.

Şair şerinin bu bəndində Azərbaycanın qəhrəmanlıq nəğmələrini yada salmaqla döyüşçü və əsgərlərimizə keçmişimizi xatırladaraq, onlarda mübarizə əzmini artırır, keçmişimizlə bu günümüz arasında bir körpü yaradır. Onun marş tipli şerləri haqqında fikirlər müxtəlifdir. S.Şərifova yazır. "Ə. Saraclının poeziyasında Vətən uğrunda, onun vahidliyi və istiqlaliyyəti uğrunda mübarizənin daimi aparılmasına dair mülahizələr geniş əksini tapmışdır. Bu baxımdan, “Marş” adlı şer milli mübarizənin zərurilliyini özündə əks etdirən, millətə ünvanlanmış müraciət kimi qəbul oluna bilər. Şer marş formasında qələmə alınmış, döyüş və mübarizə əhval- ruhiyəsini ifadə edir”.

Şairin “Ya Qarabağ, ya ölüm” şerində də mübarizlik əzmi, döyüş ruhu güclüdür. Yalnız şairin ölkənin ayağa qalxması üçün allaha müraciət etməsi təəssüf hissi doğurur. Bu bir həqiqətdir ki, ölkənin ayağa qalxması üçün güclü ordunun olması ilə yanaşı, şüurların formalaşması, vəzifə pərəstlərin azacıq vətəni, onun gələcəyini düşünməsi lazımdır. Ancaq bəndlərin birinin son misrası şerin təsir gücünü lazımı məqama çatdırır.

Bu millət qol qoymaz şərəfsiz sülhə,

Bu qədər alçalmaz vətənim, elim;

Ya Allah, ayağa qalxsın qoy ölkə:

Ya doğma Qarabağ, ya da ki, ölüm!.... 

Son anda şair bu millətin şərəfsiz sülhə qoymayacağını xatırlatması yerinə düşür.

“Dünya həmən dünyadı” kitabına daxil olan şerlər mövzü baxımından müxtəlifdir. Ancaq, torpaqlarımızın alınması ilə bağlı mövzular Saraclı yaradıcılığının əsasını təşkil edir. Müəllif narahatçılığını hər dəfə bir kəsə müraciətlə ifadə edir. Bu baxımdan “Ağla, qara örpəkli qız, sən ağla!” başlıqlı şeri daha təsirlidir. 

Öldürüblər xalqın cəsarətini,

Ruhunu, hissini, dəyanətini;

Qoruya bilmədik ləyaqətini,

Ağla, qara örpəkli qız, sən ağla! 

Şairin “qoruya bilmədik ləyaqətini” ifadəsi bir çox məqamları açıqlayır. Bu məqamlardan biri də Əflatun müəllimin çox cəsarətlə söylədiyi “Öldürüblər xalqın cəsarətini, ruhunu hissini, dəyanətinin” ifadəsidir. Sonrakı bəntdə şairin həyacanı, üsyanı son həddə çatır.

Yenik adla yaşamaqdan bezmişik,

Yüz ildir ki, döz deyiblər-dözmüşük;

Şəhidləri yan-yanaşı düzmüşük,

Ağla, qara örpəkli qız, sən ağla!

Əflatun Saraclının “Dünya həmən dünyadı” kitabı başdan-başa dərdlərimizin, problemlərimizin, faciələrimizin yaşantısıdır. Nizami Saraclı demişkən “Dünya həmən dünyadı” kitabı dünyanın özü kimi gecəli-gündüzlü, axşamlı-səhərli, aylı-ulduzlu, dağlı-düzlü olmaqla rəngarəngdir, cəlbedici və düşündürücüdür. Və şair bu dünyanın övladı olaraq ona qayğılanır, dərdinə-kədərinə yanır, Vətən övladlarını onu qorumağa səsləyir.

Yurdumuz olsun azad,

Göz dikməsin bizə yad;

Öz əlinlə bir həyat

Qur, mənim türk əsgərim!