Mərziyyə Nəcəfova

Famil Mehdi yaradıcılığında Qarabağ mövzusu

(“Dilən, proffessor, utanma, dilən” kitabı əsasında)

Famil Mehdi yaradıcılığından söz düşəndə onu əsasən publist kimi xatırlasaq da, son dövrdə çap olunan “Dilən professor, utanma dilən” şerlər kitabı sözün əsil mənasında Famil Mehdi poeziyasının varlığını böyük həriflərlə təsdiq etdi. Bizə məlumdur ki, şair bədii yaradıcılığla 50 ildən artıq bir vaxtdır ki, məşğul olurdu. Dəfələrlə onun poeziyası ədəbiyyatşünaslar tərəfindən qiymətləndirilib, 20-yə dək kitabı müxtəlf dillərə tərcümə olunub.

Şairin poeziyasının oxucular tərəfindən sevilməsi onun poeziyasında xalq, onun əzab-ağrıları, vətənə, torpağa bağlılığından irəli gəlir. Ancaq “Dilən professor utanma dilən” şerlər kitabında mövzular daha təsirli, düşündürücüdür.Kitaba daxil olan çerlər müəllifin içindən gələn yanğıdan qidalanır.Əsasən 90-cı illərdə yazılan bu şerlərin müvzusu,Qarabağ faciəsi- yurd-yuvasından didərgin düşmüş yurddaşlarımızın dərdi, şəhidlərimizin incik ruhu, sinəsi oğul dağlı analarımızın ah-naləsi təşkil edir. Ancaq şair bu məsələlərə tənqidi pafosla yanaşır. Bu mövzular günümüzün nəbzini tutduğu üçün daha oxunaqlıdır. Məlum mövzular bu gün poeziyamızda yüksək yer tutur. Ancaq Qarabağ mövzusuna Famil Mehdi öz həmyaşıdlarından fərqli yanaşir.Daha doğrusu daha real yanaşır. Demək istədiklərini boyasız, yalansız verir. Heç bir sətiraltı ifadələrə onun poeziyasında rast gəlinmir. “Mənim Qarabağım mənim deyilsə” başlıqlı şer bu baxımdan daha təsirlidir. Şerdə əsasən şair bu gün Qarbağsız olmamızı yuxarılarda oturanlarda görürsə də ancaq özünü də qınayır. Şerdə güclü üsyan hissi özünü göstərir. Şair, Qarabağ yoxdursa həyatın da onunçün yox olduğunu, bitdiyini üsyankarcasına söyləyir.

Mənim Qarabağım mənim deyilsə,

Yadlar tapdağında inildəyirsə,

Bəs mənim dünyada kimim, nəyim var,

Bu günüm, nə də ki, gələcəyim var.

Yoxdur havam, suyum, güyüm, yerim də?!

Yoxdur Allahım da, peyğəmbərim də?!

Şerdə hec nəylə əvəzolmaz yanğı və üsyan var. Şairi hec bir dərd bu qədər əyə, sindıra bilməzdi. Elə də oldu.Bu sətirləri yazan, şəxs yaşaya bilməzdi. Şair özü “Poeziya mənim ücün mübarizədir” adlı məqaləsində yazırdı: “Bizim ən böyük dərdimiz Qarabağ dərdidir. Mən üzümü həyata tutub dərdimi yazıram. Mənim ücün bu saat poeziya estetik tərbiyə vastəsi deyil, mənim ücün poeziya mübarizədir. Mübarizədir- birinci nüvbədə düşmənə qarşı, ikinci növbədə daxilimizdəki laqeyidliyə qarşı”. Mübarizə şairin poeziyasının ana xəttini təşkil edir. Şairin mövzularının fərqli olmasına baxmayaraq əsas ideya birdir: “Mübarizə aparıb qalib gəlmək, ya da Qarabağsız yaşamamaq. Bu baxımdan “Necə yaşayırsan, ay Famil Mehdi?” şeri düşündürücüdür. 

Dünyada varın-yoxun,

Nə azın, nə də çoxun

Bircə Qarabağdı, o da ki, getdi.

Daha Qarabağsız sən bu dünyada,

Zəhər içə-içə, dərd uda-uda

Niyə yaşayırsan, ay Famil Mehdi?! 

Şerdə simvolik olaraq yalnız özünü qınayan şair əslində üzünü bütün Azərbaycan xalqına tutaraq, Qarabağsız yaşadığları ücün onları qınayır.

Bu gün Qarabağsız yaşamasına

Nə şahın haqqı var, nə rəiyyətin.

Deyən şair bütün xalqı müttəhimlər kürsüsinə əyləşdirir. Son dövr Qarabağla bağlı hec bir poeziya nümunəsində bu cəsarətdə ifadə yoxdur. Müəllif bəzən isə kef çəkən vəzifəpərəstlərə tənqidi pafosla deyir.

Bəli, Qarabağın ölüm çağında,

Millət Nəf dağında-keyf damağında.

Şerin sonunda yenidən şair “Necə yaşayırsan, ay famil Mehdi?”-deyə öz-özünə sual verir. Bu sualdan çox həqiqətlər aydınlaşır. Əslində Qarabağsız şair yaşamırmış.

Yaşasan yandırar, oda yanardın,

Kimsə çağırmazdı “goreşən” səni.

Yaşasan, meydanda at oynadardın,

Ölmüsən, oynadır “goreşən” səni.

Famil Mehdinin son dövr şerlərində üsyan hissi daha çox və güclüdür. Müəllif “Mənim Qarabağım mənim deyilsə”, “Zamanın üzü qaradır”, “Qaçqınlar ölməyin aman günüdür”, “Körpə qaçqın”, “Mənim qaçqın anam Bakıda öldü” şerlərində kəskin tənqidi notayla çıxış edərək hadisələri, günümüzün faciələrini üsyankarcasına əks etdirmişdir. ”Mənim Ağdamımı kim satdı Allah!” (1995) şerində müəllif Ağdamın Mədinə, Məkkə qiymətdə olduğunu, Ağdamın Azərbaycanın şöhrət tacı olduğunu yana-yana eyni zamanda qeyzlə qəzəbdən boğula-boğula qeyd eləyir.

Ağdamın qiyməti – Turan qiyməti,

Turanı yaradan, Quran qiyməti,

Qarabağ qiyməti – ölkə qiyməti,

Mədinə qiyməti, Məkkə qiyməti.

Bəs kimlər qopardı bu qiyaməti?

Kim satdı qızılı mis qiymətinə?

Kim satdı qılıncı biz qiymətinə?

Kim satdı ipəyi bez qiymətinə?

Kim satdı günəşi köz qiymətinə?

Kim satdı vicdanı öz qiymətinə?

Vuruldu özünün xəyanətinə?

1995-ci ildə onlarca suala cavab axtaran şair 1998-ci ildə “Getdi Qarabağım, haray, ay haray” şerində üsyanı ilə bərabər bir az da bədbinləşirdi, bu dünyada özünə yer tapa bilmirdi.

Çəkilin, əkilin, itilim-gedim,

Mat olum, at olum, it olum, gedim,

Açılsın qarşımda yollar, keçidlər,

Ulayım səsimə səs versin itlər.

Mənim düz işimi tərs eyləyən çox,

Ömrümü, günümü pərsəkləyən çox.

Məzarım üstündə rəqs eyləyən çox

Sırtıq nitqləri eşidənim çox...

Şürtük nitqləri eşidənim çox

Nədən harayımı eşidənim yox,

Vətən fəryadımı eşidənim yox!

Qaçqınlıq mövzusu Famil Mehdi poeziyasında fərqlidir. Müəllifin “Körpə qaçqın” (1995) “Qaçqınlar ölməyin aman günüdür”.(1995) “Mənim qaçqın anam Bakıda öldü”. (1994) şerlərində qaçqınlıq həyatı, qaçqın iztirabı, vətən həsrəti, torpaq sevgisi ön plandadır.

Şairin “Körpə qaçqın” şeri “Mənim qaçqın anam Bakıda öldü” şeri ilə səsləşir, üst-üstə düşür. Müəllif şerdə valideyinlərini itirmiş qaçqın uşağının obrazını canlandırır. O. Böyük məharətlə körpənin daxili dünyasına baş vuraraq, onun yaşantılarını, əzab, iztirablarını poetik, sadə bir dillə oxucusuna çatdırır. Dünyada elə əslində yetim, yurd- yuvasından didərgin düşənlərdi. Famil Mehdi uşağın taleyinə acıyır, özünü onunla müqayisə edir. Və əsil həqiqəti dərk edir.

Sən anasız, mən anasız-mənim anamı

Dərd öldürdü, Səninkini düşmən gülləsi,

Sən də qaçqın, mən də qaçqın- qaçqın dünyanın

Dərdi sənin, qəmi mənim, kefi özgənin.

Bu uşağ şairdən fərqqlidir, çünkü o uşağ hələ yuxulara inanır, şairinsə yuxulara da belə inamı, gümanı qalmayıb.Şairin anası daha böyök əzabdan ölüb. Şairin anasıVətən, yurd deyə ölüb.

Mənim qaçqın anam Bakıda öldü,

Öldü “Ağdam” deyə, Qarabağ deyə,

Bakı da həmin Bakı deyildi,

Bəs niyə yanmadı qara bəxtliyə?!

Ölür, vətən deyir, yurd deyir anam,

Yurd düşmən əlində, vətən dardadır.

Bəlkə, haray çəkim, ay dad, ay aman,

Bu millət hardadır, bu xalq hardadır?!

(Mənim qaçqın anam Bakıda öldü)

Şair bu misrası ilə minlərcə anaların,didərginlərin vətən həsrəti ilə can verənlərin əzabını əks elətdirir, bəzən isə üsyan edirdi.

Elçin Mehrəliyev “Mənim Qaçqın anam Bakıda öldü” şeri haqqında yazır: “Famil Mehdi ocağından uzaqda dünyadan köçən ana haqqında da çox təsirli yazmışdır. Başqa sözlə, şair konkret, çox tipik həyat hadisəsindən təsirlənərək yazdığı şerdə qaçqın ananın doğma yurd həsrəti, doğma ocaq nisgili faktı vasitəsi ilə ümumxalq kədərini ifadə edə bilmişdir. Lakin şerin məziyyəti yalnız bu cəhət ilə izah edilə bilməz. Onun başqa bir mühüm məziyyəti də vardır ki, bu da ananın yurd həsrəti fonunda şairin torpaq itkilərimizin böyüklüyünü, sonsuzluğunu ifadə edə bilməsindən ibarətdir. Bu mənada da dünyadan köçən ana obrazı Famil Mehdi şerində son dərəcə təsirli və mündərəcəlidir; burada ana həsrəti nəyinki vətən dərdidir, həm də ümumbəşəri bir kədər və həsrətdir: Ölür, Vətən deyir, yurd deyir Anam,

Yurd düşmən əlində, Vətən dardadır.

Bəlkə haray çəkim: ay dad, ay aman,

Bu millət hardadır, bu xalq hardadır?!

Şer qaçqın ananın ölümünün doğurduğu kədərin ovunmaz, sağalmaz bir kədər olması fikri ilə başa çatır.

Sonuncu qaçqın da bu yer üzündə

Doğma od-ocağa qayıtsa belə,

Qaçqın ürəyində, qaçqın gözündə

Sərvlər göyərib boy atsa belə,

Mənim sərvlərim boy atmayacaq,

Mənim qaçqın anam qayıtmayacaq.

Mənim köçkün anam qayıtmayacaq.

Şairin qaçqın həyatını əks etdirən şerləri çoxdur. Və şerlərin hər birində müəllif qaçqınların ağır dərdlərini duyub, özününkiləşdirərək, daha doğrusu bu həyatın içərisində olduğu və yaşadığı üçün daha təbii, daha rial əks etdirə bilmişdir. “Qaçqınlar, ölməyin, aman günüdür” şerində müəllif içindəki odu, alovu sözlərə sığdıra bilmir. “Yamandır yaşamaq, urvatsız ölmək, yurd- yuvasız ölmək, elatsız ölmək” ifadəsilə ən dözülməz məqama toxunur.

Özünüz didərgin, yol yorğunları,

Qəbriniz didərgin düşməsin barı.

Kəsib canı-cana calamaq niyə?

Calamaq, can verib, can almaq niyə?

Yamandır yaşamaq, urvatsız ölmək,

Yurd-yuvasız ölmək, elatsız ölmək.

Urvatsız ölənin yeri dar olur,

Yeri dar olanın ruhu xar olur.

Şerdə şairin əsas ideyası isə yenə də yalnız mübarizə aparmaqdır. Bu xalqın mübarizə aparıb, qalib gəlməkdən başqa əlacı yoxdur. Çünkü bu xalqın “varlığı odlara qalanıb”.

Varlığı odlara qalananların,

Ağlamaq haqqı yox, gülmək haqqı yox.

Şuşası, Ağdamı talananların

Yaşamaq haqqı yox, ölmək haqqı yox!

Qaçqınlar, ölməyin, aman günüdür,

Ölməyin millətin yaman günüdür!

Deyərək, bu gün heç kəsin söz verməyə haqqı olmadığını bir daha hər kəsə xatırladır. “Artıq o günlər geridə qalıb, kim isə gözləməsin ki, özgələr bizi xilas edəcək. Qalx Azərbaycan övladı”-, deyə digər “İrəli, irəli ancaq irəli!” başlıqlı şerində hiddətindən yerə-göyə sığmır.

Qalx. Namus, qeyrət də ayaqlanıbdır,

Düşmən üstümüzə ayaq alıbdır.

Niyə dünya bizi nacis tanısın,

Ya qorxaq tanısın, acis tanısın.

Qalx, düşmən əlində vətən çırpınır.

Qayaya çırpılır, daşa çırpılır,

Qalx, qovaq göylərdən bu qara yeli,

İrəli, irəli, ancaq irəli!

Şairin yaradıcılığının son nidası da İrəli, yalnız irəli -Qarabağa, Şuşaya ifadəsi oldu. Heç olmasa şairin son sözlərini unutmayaq.

Vətənli ölülər, ölüykən diri,

Vətənsiz dirilər, diriykən ölü.