Novruz Novruzbəyli

 Müstəqim siyasətin vaxtı çatıb

Qarabağ münaqişəsinin həllində tarixi gerçəkliyə əsaslanan dönüş siyasətinin vaxtı keçir. Münaqişənin (əslində Azərbaycan torpaqlarının işğalının) həlli uğrunda danışıqların tarixinə bugünkü durumun zirvəsindən baxanda nəyin səhv, nəyin düzgün olduğu daha aydın görünür. Artıq tam yəqindir ki, 90-cı illərin əvvəllərində Azərbaycan öz ərazisini itirməmək üçün siyasi və mənəvi baxımdan nə qədər güclü idisə, bu gün o dərəcədə zəifdir. Hətta bu gün Azərbaycanın müharibə etmək niyyəti və bu niyyətə düşərsə onu başlamaq cəhdi sıfra bərabərdir.

Üstəlik, nə iqtidar, nə ordu, nə də xalq müharibəyə hazırdır. Hələ 90-cı illərin əvvəllərində bu cür sülh danışıqlarının mənasızlığı tarixi təcrübədən öyrənilərək rədd edilməli idi. Yalnız bu gün biz ürək ağrısı ilə anlayırıq ki, Qarabağın qorunub saxlanılması və ya işğaldan azad edilməsi Azərbaycan iqtidarının məqsədi yox, istəyi olub. Məhz, buna görə biz danışıqları əsaslı səbəb olmadan uduza-uduza Qarabağdan düşmənlərimizin arzuladıqları məsafəyə qədər uzaqlaşmışıq. Indi yalnız ipi kəsmək qalır ki, bunun da məqamı ilbəil yaxınlaşır. Bu mənzərə nə qədər sərt və acı olsa da reallıqdır. Ancaq, mövcud reallığın acılığı və sərtliyi hələ onun qəbulu demək deyil.

Yəni, əslində bu mənzərənin qarşısında dura biləcək başqa bir reallıq da mövcuddur ki, bu da Azərbaycanın malik olduğu potensial, başqa sözlə bu potensialın işə salınmasıdır. Böyüklüyündən və kiçikliyindən, iqtisadi və hərbi gücündən asılı olmayaraq hər hansı dövlətin ərazi bütövlüyü onun fəaliyyətində cari məsələ yox, TARİXİ vəzifədir. Ancaq bu gün iqtidarlı-müxalifətli Azərbaycan xalqının “Qarabağ” fəaliyyəti TARİXİ VƏZİFƏ səviyyəsindədirmi? Bu suala müsbət cavab yalnız ritorik mahiyyət daşıyar. Vəziyyətin bu dərəcəyə enməsinin obyektiv və subyektiv səbəblərinin araşdırılması bu günün işi deyil. Bu gün buraxılmış səhvlərin aradan qaldırılması və təkrarlanmaması üçün təşəbbüskarlığı gücləndirmək gərəkdir.

Ən başlıcası, Azərbaycan rəhbərliyi Qarabağ məsələsi üzrə mövqeyini zəruriliyinə çoxdan ehtiyac duyulan sənəd şəklində, deyək ki, “Qarabağ Konsepsiyası” formasında ortaya qoymalıdır. Həmin sənəddə Azərbaycan tərəfi münaqişənin tənzimlənməsində öz məqsədinin detallarını açıqlamalı, Dağlıq Qarabağa təklif edəcəyi statusun konturlarını dəqiqləşdirməli və tarixi, coğrafi, iqtisadi və siyasi cəhətdən əsaslandırmalıdır. Eyni zamanda, bunun rədd ediləcəyi təqdirdə birtərəfli fəaliyyətinin şərtlərini göstərməlidir. Belə bir konsepsiyanın təqdimi üçün heç vaxt indiki qədər tələbat olmayıb. Belə ki, BMT çərçivəsində GUAM dövlətlərinin təklifilə dondurulmuş münaqişələrin müzakirəsi gedişində belə bir sənədin ortaya qoyulması, güclü təsir vasitəsi olmaqla yanaşı Azərbaycanın QƏTİYYƏTLİLİYİnin göstəricisinə çevrilər.

Üstəlik, Qarabağın hüququ mənsubluğu üzərində ABŞ dövlət departamentinin bu yaxınlarda çıxartdığı şouya və Rusiya federasiyasının ensiklopedik məlumatda etdiyi əllaməliyə tutarlı siyasi cavab olar. Dövlət tərəfindən belə bir sənəd ortaya qoyularsa, təbii ki, onun icra proqramı tərtib olunmalıdır. Proqramın həyata keçirilmə mexanizmi Qarabağ üzrə xarici siyasətin bütün aspektlərini özündə ehtiva etməklə yanaşı bütövlükdə Azərbaycan iqtidqrının QƏTİYYƏTLİLİYİnin təcəssümü olmalıdır. Çünki, regionda gözü olan əcnəbi qüvvələrin səyi ilə Qarabağ məsələsinin dünya siyasəti müstəvisinə çıxarılması bu münaqişənin çözülməsinə qeyri-adekvat siyasi çalarlar verib ki, bunlardan da ən mühümü PSİXOLOJİ amildir.

Hazırkı dövrdə qərb siyasətinin ən mürəkkəb və güclü halqası məhz, psixoloji durumla bağlıdır. Yəni, qərb cəmiyyətlərində qətiyyətlilik haqqın göstəricisi kimi anlaşılır.

Qətiyyətlilik isə müxtəlif səvviyyələrdə “lazım gələrsə torpaqlarımızı azad edərik” kimi ritorik ibarələrlə yox, əməli işlə göstərilməlidir. Söhbət ondan getmir ki, Azərbaycan bu dəqiqə müharibəyə başlamalıdır. Düzdür, Qarabağ münaqişəsinin ən qısa və haqlı yolu düşməni döyüşlə qovmaqdır. Ancaq, Azərbaycan sülh danışıqları yolu seçib və heç olmasa bu yolda hücumçu mövqeyində çıxış etməlidir, çünki, Azərbaycan haqlıdır və İDDİAÇI rolundadır.Əgər Azərbaycan iqtidarının bu gün Minsk qrupundan (yararsızlığı bir yana, Azərbaycanı təslimçiliyə sürüklədiyinə görə) imtina etməyə cəsarəti çatmırsa, amma həmin qrupun “yengəlik” funksiyasını qəbul edirsə, onda özü təşəbbüskarlıq edərək qrupun işini yönəltməyə çalışmalı, başqa sözlə, qrupa təsir edərək söz sahibi olduğunu nəzərə çatdırmaqla öz mövqeyini möhkəmləndirməlidir.

Bir sözlə, Azərbaycan Qarabağ üzərində hüquqi haqqın ona məxsus olduğunu ən kiçik səviyyələrdən başlamış, ən yüksək görüşlərədək hər yanda vəchlə nümayiş etdirməlidir. Qarabağ münaqişəsinin həllində ikinci ən mühüm şərt daxili siyasi ab-havanın yüksəldilməsi, yəni ölkə həyatının demokratikləşməsi prosesinin gücləndirilməsidir. Bu gün Azərbaycanın demokratikləşdirilməsi onun özündən başqa heç bir dövlətə gərək deyil. Çünki demokratik cəmiyyətin əsaslarını laxlatmaq, demokratik hakimiyyətə kənardan təsir edərək öz niyyətlərini qəbul etdirmək çox çətindir. Qərbdən gələn demokratik islahatlar tələbi isə sünidir və hakimiyyətə təsir etmək vasitəsindən başqa bir şey deyildir.

Elə buna görə də Qərb Azərbaycana münasibətində ikili standartlara malikdir ki, bu da onun əsl məqsədinin nədən ibarət olduğunu ortaya qoyur. Belə şəraitdə Azərbaycanın bircə düzgün yolu var: iqtidar inqilabi səviyyədə demokratik islahatları həyata keçirməli, ikili standart mövqeli dövlətləri demokratik prinsiplərə, tarixi-beynəlxalq hüquq normalarına əməl etməyə çağırmalıdır.Bizcə, bu yolla Azərbaycan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində keyfiyyət dəyişikliyinə nail ola bilər. Itirilmiş torpaqlarımızın geri qaytarılması üçün edilən səylərin indiki durumu üzrə mən bir sıra mülahizələrimi bu yazı ilə ictimaiyyətin nəzərinə çatdırmağa çalışdım. Əminəm ki, Azərbaycan xalqı öz haqqının tapdalanmamasına yol verməyəcək və gec-tez Qarabağımızı geri qaytaracağıq.