Orxan Əlizadə

Azərbaycana yürüş ərəfəsində

I Pyotrun taktiki addımları

Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi.

Iqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzərsahili vilayətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi. Rusiya üçün bu, eyni zamanda, onu Səfəvilər dövləti ilə birləşdirən mühüm kommunikasiya xəttindən məhrum edilməsi demək idi.

XVIII əsrin əvvəllərində, Xəzər Rusiyanın azad çıxışa malik olduğu yeganə cənub dənizi idi. I Pyotr Rusiyanı Şərq-Qərb ticarətində vasitəçi dövlətə çevirməyə çalışırdı. Rusiya tarixçisi A.Komarov yazırdı: “Xəzər” dənizi vasitəsilə Şərqlə ticarətin inkişafı Rusiyanın varlanmasına, sənaye sahələrinin inkişaf etdirilməsinə xidmət edəcəkdi. Məhz buna görə Böyük Pyotr, bütün bu əlverişli imkanlardan istifadə edərək, Xəzəri “ərazi baxımdan rus dənizinə çevirməyə çalışırdı”.

Pyotrun Səfəvilər dölətinə yürüş etmək fikri hələ XVII əsrin son onilliyində meydana çıxmışdı. Artıq 1694-cü ildə o, Xəzərsahili vilayətlərə yürüş etmək qərarına gəlmişdi.

Rusiyanın iqtisadi maraqları və Səfəvilər dövləti ilə yanaşı əlaqələrin müəyyənləşməsi, rus hökumətini Xəzərin şərq və qərb sahillərinin təbii-coğrafi şəraitini dərindən öyrənməyə vadar edirdi. Bəzi məlumatlara əsasən, artıq XVII əsrin sonundan başlayaraq, Rusiya səfirləri Xəzər dənizi sahillərinin tədqiqinə cəhd gösərirdilər.

Xəzər dənizinin qərb sahillərindəki əyalətləri öyrənmək məqsədi ilə I Pyotr öz yaxın adamı polkovnik A.Volinskinin səfir kimi Səfəvilər dövlətinə göndərdi.

A.Volınskiyə rəsmi tapşırıq kimi Səfəvi hökuməti ilə ticarət müqaviləsi bağlamaq göstərişi verilmişdi. Rəsmi tapşırıqdan əlavə A.Volınskiyə gizli təlimat da təqdim olunmuşdu. Təlimatda səfirə Səfəvi dövlətinin Xəzərsahili vilayətlərinin ərazisini, ordunun irəliləməsi üçün karvan yollarını, səfəvi ordusunun, qalaların vəziyyətini və s. dərindən öyrənmək həvalə edilmişdi. Hərtərəfli hərbi-diplomatik hazırlıqdan sonra I Pyotr Səfəvilər dövlətinin Xəzərsahili vilayətlərini işğal etmək planını reallaşdırmaq üçün donanma və ordu hissələrinin yürüşə hazırlaşmasına göstəriş verdi.

Həştərxanın qubernatoru təyin edilən A.Volınski I Pyotrun tapşırığı ilə yürüşdən qabaq Qafqaz xalqlarını öz tərəfinə çəkməyə can atırdı. Diplomatik bacarığı sahəsində qubernator kabardinləri, braqunları, aksayları, tarkov şamxalını, qaraqaytaqları, Dərbənd və Tabasaran xanlarını öz tərəfinə çəkməyə nail oldu. Lakin, V.P.Listsovun fikrincə, Şimali Qafqaz xalqlarının çoxu Rusiya hökmdarının ali hakimiyyətini tanımaqlarına baxmayaraq, tez-tez gizli şəkildə türkiyəpərəst Krım xanı, Kuban sultanı, Kabardin knyazları və Qumıq şamxalı ilə danışıqlara girirdilər. Hətta A.Volınski I Pyotra məktubunda, Qafqazın qeyri-xristian xalqlarının hakimləri ilə yaxınlaşmağı məsləhət görmür, onları qorxu altında saxlamaq və Rusiya maraqlarına tabe etmək üçün yeganə etibarlı vasitə kimi silaha arxalanmağa üstünlük verirdi.

Bundan əlavə, A.Volınski Kartli çarı VI Vaxtanq və Azərbaycanın erməni əhalisi ilə də danışıqlar apardı. Pyotrun ermənilərlə əlaqələri Xəzər sahilinə yürüşdən çox-çox əvvəllər başlanmışdı.

Azərbaycanın Qarabağ bəylərbəyliyində yaşayan ermənilər yaxşı başa düşürdülər ki, Rusiyanın və başqa xristian ölkələrinin yardımı olmadan Azərbaycanın ərazisində öz dövlətlərini yarada bilməyəcəklər. Öz məqsədlərinə çatmaq üçün ermənilər bütün imkanlardan istifadə etməyə çalışırdılar. Erməni tarixçisi P.T.Arutyunyan tamamilə döğru göstərir ki, “1699-cu ildən 1711-ci ilə qədər Israil Orinin (erməni nümayəndəsi-O.Ə.) bütün fəaliyyəti müstəqil və ya Rusiya himayəsi altında yarımmüstəqil erməni dövlətinin yaradılmasına yönəldilmişdi”.

Lakin, Israil Ori vasitəsi ilə XVII əsrin sonunda ermənilərin Avropa dövlətlərinə müraciətləri heç bir nəticə vermədi. Qərbi Avropada nəticəsiz axtarışlardan sonra, 1701-ci ildə Israil Ori və onun katibi Qandzasar monastırının arximandriti Minas Tiqranyans Moskvaya gəldi. Pyotrla əlaqəyə girən erməni nümayəndələri, Zaqafqaziyaya daxil olacaq rus ordusuna, səfəvilərə qarşı mübarizədə böyük saylı erməni qoşunu ilə yardım etmək vədini verdilər. Qeyd etmək lazımdır ki, öz məqsədlərinə çatmaq üçün, ermənilərin nümayəndəsi Minas Tiqranyans hətta bir neçə dəfə öz dini etiqadını dəyişməli olmuşdu. P.T.Arutyunyanın məlumatına görə, Qərbi Avropaya gələn Minas, ehtimal ki, katolik kilsəsi və Qərbi Avropanın katolik dövlətlərinin başçıları ilə əlaqə yaratmaq üçün katolikliyi qəbul etmişdi. Sonralar Rusiyaya qayıtmış Minas yenidən erməni dini etiqadına dönmüş, ömrünün sonuna yaxın isə pravoslavlığı qəbul etmişdi.

VI Vaxtanqla əlaqələrin yaradılması isə 1720-ci ildə başlanmışdı. A.Volınskiyə, Pyotr tərəfindən, gürcü çarını öz tərəfinə çəkmək tapşırığı verilmişdi.

Yesai Həsən Cəlalyan qeyd edirdi ki, Osmanlı imperiyası və Rusiya Vaxtanqı öz tərəflərinə çəkməyə çalışırdılar. I Pyotr deyirdi: “sən mənim dindaşımsan, sən mənə qulaq asıb yanıma gəlməlisən”.

Pyotrun göstərişini yerinə yetirən Volınski gürcü çarını Rusiyaya tərəf sövq etmək üçün bir neçə dəfə emissarlar göndərmişdi. A.Volınskinin Vaxtanqa müraciəti cavabsız qalmamışdı. Kartli çarı öz hakimiyyətini saxlamaq ümidi ilə 1721-ci ildə Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirdi.

I Pyotr gürcü və ermənilərin nümayəndələri ilə yazışmaları zamanı onları Səfəvi hakimiyyəti altından azad etməyə, Kartli çarı VI Vaxtanqa isə osmanlılar tərəfindən işğal edilmiş gürcü torpaqlarını qaytarmaq vədini verirdi. Gürcü və erməni nümayəndələri isə öz növbəsində rus ordusu Səfəvi dövlətinin sərhədlərini keçən kimi Pyotra canlı qüvvə ilə yardım göstərməyə söz verirdilər.

Erməni və gürcüləri ruhlandırmaqla I Pyotr onları lazımi vaxtda rus ordusuna kömək göstərmək üçün təşkilatlandırırdı. Erməni və gürcülərin birləşmiş hərbi qüvvələri döğrudan da rus ordusunun Şamaxıya hücum edəcəyi təqdirdə şəhərə daxil olmağa hazırlaşırdılar. Bu tədbirlər Azərbaycanın Rusiya tərəfindən işğalını asanlaşdırmaq üçün olduqca vacib hesab edilirdi. Lakin Azərbaycanın şimal-şərq rayonlarında baş verən hadisələr Rusiyanı çox narahat edirdi. Hacı Davud, Surxay xan və qaytaqlı Əhməd xanın rəhbərliyi altında üsyançılar bölgənin şəhərlərinə basqınlar edirdilər. Əlbəttə ki, Hacı Davudun Səfəvi hakimiyyətini devirərək özünü müstəqil hökmdar elan etmək istəyi Pyotrun şərq siyasətinə zidd idi. Rusiya hökuməti üsyançıları öz tərəfinə cəlb etmək məqsədi ilə Hacı Davuda müraciət etmək qərarına gəldi.

Tarixi ədəbiyyatda bununla bağlı ziddiyyətli faktlar mövcuddur. Rus tədqiqatçılarının əksəriyyəti Hacı Davudun ilk olaraq kömək üçün Osmanlı hökumətinə müraciət etdiyini bildirərək, onu türkpərəst hesab etmiş, hətta bəzən Osmanlı imperiyasının cəsusu adlandırmışlar. Bir sıra müəlliflər isə bunun əksini isbat etməyə çalışmışlar. Onların fikrincə, Bakı, Dərbənd və Qubanın alınması cəhdləri puça çıxdıqdan sonra, Hacı Davud kömək üçün ilkin olaraq Rusiyaya müraciət etmişdi.

Bu məsələ ilə bağlı müxtəlif məlumat və faktları araşdırdıqdan sonra, biz, vəziyyətin tamamilə başqa cür olması fikrinə gəldik. Faktlar göstərir ki, əslində, Kartli çarı Vaxtanq kimi, Hacı Davuda da birinci olaraq Rusiya hökuməti özü müraciət etmişdi. Belə ki, Səfəvilər dövlətinin süqutunu sürətləndirmək üçün bütün imkanlardan istifadə etmək, o cümlədən Qafqaz xalqlarını ayağa qaldırmaq tapşırığı almış A.Volınski Hacı Davuda məktub yazaraq, ona Rusiya təbəəliyini qəbul etmək təklifi ilə müraciət etmişdi.

Bu hadisələrə toxunan V.Lıstsov, Həştərxan qubernatorunun Hacı Davudun yanına nümayəndə göndərdiyini göstəmişdir. Bu, Hacı Davudun Həştərxan voyevodası İ.V.Kilkinə göndərdiyi 22 aprel 1721-ci il tarixli məktubundan da aydın olur. Məktubda rusların göndərdiyi “çapar”dan danışılır. Bir müddət keçdikdən sonra 1721-ci ilin yayında Hacı Davud A.Volınskinin müraciətinə yalnız müəyyən şərtlər daxilində razılıq verəcəyini bildirdi. Lakin, Hacı Davudun Rusiya imperiyasına xidməti müqabilində irəli sürdüyü şərtləri Volınski qəbuledilməz hesab etmişdi. Bu şərtlər haqqında Volınski I Pyotra yazırdı: “Hacı Davud bəy mənə cavabında Sizin böyüklüyünüzə xidmət etmək istədiyini bildirir, lakin əvəzində sizdən ordu və kifayət qədər top göndərməyi xahiş edir ki, onların köməyi ilə İran (Səfəvi imperiyası-O.Ə) şəhərlərini alsın, lazım olanlarını özünə götürüb,qalanlarını sizə versin...”.

Şirvanda Hacı Davudun nüfuzunun güclənməsi Rusiya hakim dairələrinin təşvişinə səbəb olmuşdu. Hacı Davudun yardımından faydalanaraq cəhdlərinin uğursuzluqla nəticələnməsinə baxmayaraq, Rusiya Səfəvi dövlətinə yürüşə hazırlığı davam etdirirdi.

Hadisələrin belə inkişaf etməsi Şirvanda da narahatçılıq doğururdu. Rusiya ilə toqquşmaya davam gətirə bilməyəcəyini başa düşən Hacı Davud, öz müstəqilliyini qoruyub saxlamaq məqsədilə 1721-ci ilin sonunda kömək üçün Rusiya və Səfəvi dövlətləri ilə düşmənçilik edən Türkiyəyə müraciət etdi. Lakin Hacı Davud sultandan hərbi yardım istəyərək, daxili muxtariyyətini saxlamaq şərti ilə Türkiyədən vassal asılılığının qəbul etməyə vəd verdi.

 Gördüyümüz kimi Hacı Davud, yalnız daxili muxtariyyatı saxlamaq şərti ilə, osmanlı imperiyasından asılılığı qəbul edirdi. Bu da, bizim fikrimizcə, bir daha Hacı Davudun müstəqillik uğrunda mübarizə apardığını göstərir və hər hansı bir dövlətə meylli olması haqqında fikirlərin yanlış olduğunu sübut edir.