ÀÍ EYLƏDİYİM NƏŞEYİ-QƏLYANIN ÜÇÜNDÜR

 

 

 

 

Ah eylədiyim nəşeyi-qəlyanın üçündür,

Qan ağladığım qəhveyi-fıncanın üçündür;

 

Vəz eylədiyim hədyəvü ehsandan ancaq

Ümdə qərəzim kisəvü həmyanın üçündür;

 

Sərkəştəliyim xirməni-buğdalar ucundan,

Aşiftəliyim sərvətü samanın üçündür;

 

Fərş eylədiyim sinəmi hər gün qədəmində,--

Kəskin təməim süfrədəki nanın üçündür;

 

Bimar tənim küftəvü bozbaş ələmindən,

Xunin ciyərim dolma-badımcanın üçündür;

 

Ağzım dolusu neməti-firdovs dedikdə,--

Boşqabda qara gözlü fisincanın üçündür;

 

Vəsf eylədiyim zövqlə ənhari-behişti,--

Kövsər məzəli şərbəti-reyhanın üçündür;

 

Gördüm ki, plov bişmədədir, aclığa dözdüm,

Bildim bu tədarük şəbi-ehsanın üçündür.

 

Ax, bircə görəydim səni, ey sevgili varis,

Meylim sən ilə dəsti-zərəfşanın üçündür!

 

Münimlərə can ver, könül, uyma füqərayə,

Sinəmdə səni bəslədiyim anın üçündür.

 

Ahın şərəri etməz əsər bir kəsə, Hop-hop,

Bu od sənin ancaq alışan canın üçündür....

 

Yan, dinmə, sən allah!

Qan, dinmə, sən allah!

Həq söyləmiş olsan,

Dan, dinmə, sən allah!