CƏHD EYLƏ, SƏN ANCAQ NƏZƏRİ-XƏLQDƏ ÐÀÊ OL

 

 

 

 

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,

Məxluqu inandır;

Xasiyyətin od olsa da, ətvardə xak ol,

Sök aləmi, yandır;

Xalqın nəzərin cəlb elə qurşağa, qəbayə,

Məclubi-üyun ol;

Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,

İmanə sütun ol;

Səy eylə ki, saqqal uzanıb üç çərək olsun,

Papaq ona nisbət;

Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,

Təfsilə nə hacət....

 Qoyma yerə təsbihini, əl çəkmə duadən,

Övrad oxu daim;

Məclisdə çəkib tut özünü, ol nücəbadən,

Söz söylə mülayim;

İştə geyinib məzhəbi, imanı büründün,

Pək möhtərəm oldun;

İndi nəzəri-xalqda sən pak göründün,

Əhli-kərəm oldun;

Başdan-ayağa əmnü əman oldu vücudun,

Zöhd ilə bitişdin;

Nolmaq diləyirdinsə haman oldu vücudun,

Məqsudə yetişdin!

Vəqt oldu ki, indi edəsən aləmi talan,

Tut, qoyma qaçanı!

Hökm indi sənindir, dəxi çək işlərə saman,

Yığ müşkül açanı;

Dul övrətə bidad elə, eytamə xəyanət,

Xovf etmə əcəldən;

Məkr isə özün qıl, oxu şeytana da lənət!

Şad ol bu əməldən,

Əl çəkmə hiyəldən,

Təzvirü dəğəldən,

İmanı da versən,

Vermə pulu əldən!