DƏRDA Kİ, RAZİ-PÜNHAN, XAHƏD ŞOD AŞİKARA

 

 

 

 

"Dil mirəvəd zidəstəm, sahib dilan xudara!

Dərda ki, razi-pünhan, xahəd şod aşikara!"

 

Asudəlik bu saat, yerdən göyə cahanda,

Var isə vardır ancaq İranda hər məkanda:

Təbrizdə, Sərabda, Xalxalda, Xançobanda.

Qeyrətli Şahsevəndə, hər anda, hər zamanda,

Lorlarda, Şıx-Gözəldə, Keşkanda, İsfəhanda,

Tehranda, əncüməndə, qabnetdə, parlamanda.

İşlər, bütün həqiqət, sözlər bütün güvara,

"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

 

Dalma təfəkküratə, qare, ki işbu halət,

Ya kimlərin gücündən İranda etdi nəşət?

Əlyövm hər tərəfdən çarpır gözə şikayət,

Hər kəsdə vəcdü-şadi, hər yerdə əmnü-rahət,

Əhvali-daxiliyyə, bilxeyrü vəssəlamət,

Dadü-sitəddə rövnəq, şirkətlə hər ticarət,

Xoşdil bütün cəmaət, razi bütün rəiyyət,

Asudə hali-millət, dair ümuri-dövlət,

Nəzmü-nəsəq mühəyya, leşkər bütün səf ara,

"Dərda ki, razi-pünhan, xahəd şod aşikara".

 

Zənn etmə haziranın, səyilə bimühaba,

Bu rütbə, etilalıq, beş gündə oldu bərpà!

Yox, yox, xəta edirsən, haşa və sümmə haşa!....

Gərçi bular da az-çox, bir iş görüblər, əmma,

Keçmiş binayi-xeyrin asarıdır həmana,

Qaib müdəbbiranın tədbiridir ki, hala,

Etdikləri sədaqət bir-bir olur da peyda,

Açdıqları bulaqlar cari olur sərapa,

"Hatəssəbuhə həyyu, ya eyyühəssükara!"

Dərda ki, razi-pünhan xahəd şod aşikara".

 

Bunlar əbəsmi yahu, məlulə yoxmu illət?

Himmətsizin olurmu, bunca müvəffəqiyyət?!

İran səadətində, çoxlar edindi xidmət,

Çoxlar bu məmləkətdə göstərdi səyü-qeyrət....

Zoncümlə Nəsirəddin,-- haqq eyləsin də rəhmət,

Hər beşdə-üçdə etdi, hər səmtə bir səyahət,

Hər bir səyahətində, sel tək axıtdı sərvət,

Yüksəldi ərşə qarşı, xaki-diyari -- Dara....

"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

 

İştə bunun üçündür, iranlı bilməsərrət,

Dünyalara axışdı, olduqca gördü izzət ....

Hər şəhri qıl tamaşa, hər səmtə eylə diqqət:

Məşriqdə minlər ilə, məğribdə bilizafət.

Türkiyyədə ziyadə, Rusiyyədə nəhayət,

Çində, Xətadə bəh-bəh! ... həp aşinayi-qürbət,

Hər sudə biltəkəssür, hər kudə bizziyadət,

İranlıdır görürsən, amma nə şanlı röyət?!

Amma nə dadlı didar, amma nə xoş qiyafət!

Hər şəxsə zahir ikən, yox ərzi-halə hacət.

Tərif üçün və bir də yoxdur dilimdə yara,

"Dərda ki, razi-pünhan xahəd şod aşikara".

 

Hə, indi də Əhəd xan, ol mənbəi-ədalət!....

"Abadii" -- vətənçin minbabi-tabəiyyət.

Nasir tək etmək istər, isbati-qədri-millət,

Bol-bol səyahətindən məqsudu məhz ibrət,

Cudü-səxavətindən mən eyləməm hekayət

Qoy madmazellər etsin tərifini nəhayət,

İrana bənzər olsun, qoy səfheyi-Buxara.

"Dərda ki, razi-pünhan xahəd şod aşikara".