"HƏYAT" QƏZETİNİN İKİNCİ İLİNDƏ "GOP-GOP" İMZALI "QOY MƏKTƏBƏ TƏHSİLİ ÜLUM  EYLƏSİN  OĞLUM, DAŞ   OLSA DA QƏLBİ, ONU MUM EYLƏSİN OĞLUM!" NƏQƏRATLI ŞERƏ NƏZİRƏ-TƏMƏSXÜRANƏ

 

 

 

 

Bu tifl ki, nuri-bəsərü şireyi-candır,

Tabi-tənü arami-dilü ruhi-rəvandır,

Min zəhmət ilə bəslədiyin tazə cavandır,

Göndərmə bunu məktəbə, rəhm eylə, amandır!

Qoy küçədə naz ilə xuram eyləsin oğlun!

Öz xoşladığı əmrə qiyam eyləsin oğlun!

 

Bu bülbüli-şuridə ki, pakizənəfəsdir,

Aludeyi-qəm etmə ki, bihudə həvəsdir,

Bunca ki, gedib məktəbə,--bildikləri bəsdir,

Məktəbdir adı, leyk həqiqətdə qəfəsdir;

Qoyma î dağılmışda məqam eyləsin oğlun!

Sübhün belə viranədə şam eyləsin oğlun!

 

Məktəbdə gedib dərs oxuyanları görürsən,

Nitqi çəkilən tazə cavanları görürsən,

Qətən quruyub cismdə qanları görürsən,

Arifsən, özün yaxşı-yamanları görürsən,

Qıyma ki, gedib fıkrini xam eyləsin oğlun!

Ömrün qəmi-elm ilə tamam eyləsin oğlun!

 

Bavər edəməm, elmdən olsun fərəh-aid,

Elm artıq olursa həm olur qəm mütəzaid,

İstərsən əgər oğlun edə kəsb fəvaid,

Həm sərvəti zaid ola, həm miknəti zaid,--

Tərğib elə ta kəsbi-həram eyləsin oğlun!

Bir ad çıxarıb şöhrəti-tam eyləsin oğlun!

 

Biçarə kişi, qanmağa başın hələ keydir,

Axır mənə bir söylə görüm, elm nə şeydir?

Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir?

Həvvəz, sora hütti, bu nə heydir, î nə heydir?

Qoy pul qazanıb sədri-məqam eyləsin oğlun!

Bəy, xanlar ilə dəxl-kəlam eyləsin oğlun!

 

Gop-gop kimi bifaidə əhli-qələm olma,

Ol Başıqapazlı, vəli, Bidərdü Qəm olma,

Qızdırmalı ol, Təşnələbü Didənəm olma,

Molla Mozalanlara uyuş, möhtərəm olma,

Qoy Hop-hop olub şöhrəti-tam eyləsin oğlun!

Kəsbin buraxıb şerə dəvam eyləsin oğlun!