İSTİQBAL BİZİMDİR

 

 

 

 

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!

 

Hanı, dersən: "Girizandır vətəndən leyli-istibdad"?

Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?

Bu gün İrani yeksər qaplamışdır seyli-istibdad?

Yazıq! Ölçməkdədir xuni-cəhanı geyli-istibdad,

Hələ Təbrizdə var iştəhayi-meyli-istibdad!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazğanda hərgiz oynamaz kəfgiri-hürriyyət!

 

Demə: "Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır"!

De kim: təkfir üçün tiği-zəban hər yerdə bürrandır!

Deyən kafir müsəlmana sanır kəndi müsəlmandır;

Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;

Gözəl bir əsrdir: qəhti-şüurü əqlü irfandır!

Yetər, canım, çəkil get, etmə çox təxbiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!

 

"Mücahid qalxızıb, dersən, şükuhin mülki-İranın" --

Buna təmkin edərmi çakəranı şahi-İranın?

Buna razı olurmu qeyrəti, namusu əyanın?

Bu yol bir şanlı qurbangah dır insafın, imanın!

Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!

Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!

Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!

 

Əvət, "səhrayi-İran doğrudan bir odlu meydandır",

Fəqət ol odlu meydanda duran bir şiri-ğərrandır,

Vəli, min hiyləgər, tülküsifət hər yan nümayandır,

Yatıb iranlılar, nagah görərlər ölkə virandır,

Hələ qoy söyləsinlər də -- mücahid namüsəlmandır,

Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!

Desinlər də --bizə lazım deyil təmiri-hürriyyət!