MƏŞRUTƏÇİLƏRİN MƏCBURƏN HACI MİRZƏ HƏSƏN İMAM CAMEİNİ

İXRAC-BƏLƏD ETDİKLƏRİNDƏ İMAM CAMENİN ZƏBAN HALI

 

 

 

 

Mən bilməz idim bəxti də bu nikbət olurmuş,

İzzət dönüb axır belə bir zillət olurmuş,

Çərxin, əcəba, seyri də min babət olurmuş,

Millət ayılıb, talibi-hürriyyət olurmuş,

Millətdə də, yahu, belə bir qeyrət olurmuş?!

Yalqız, nə deyim, getdi mənim millət əlimdən,

Torpaq başıma, çıxdı bütün izzət əlimdən!

 

Təbrizdə gər olmuş idim cümə imamı,

Gizlin ki, deyil yaxşı bilir mətləbi hamı,

Pul ilə satın almış idim mən bu məqamı,

Uydurmuş idim kəndimə bilcümlə əvamı,

Əbd etmiş idim şəhrdə hər püxtəni, xamı,

Xud, mən nə bilim sübh dönüb şam olacaqmış,

İranda da hürriyyəti-islam olacaqmış?!

 

Tədric ilə salmışdım ələ bunca dehatı,

Bir parça çörək nökəri etmişdim elatı,

Artırmış idım məzrəəni, ilxını, atı,

Rəncbər eləmişdim özümə çöllünü, tatı,

Dərkar idi xeyrimdə ümumin hərəkatı,

Birdən-birə getdi hamı kərrü fərim, ey vay!

Çıxdı boşa sərvət qazanan əllərim, ey vay!

 

Təbrizdə rahət yeyib, asudə doyardım,

Möminləri hər töhmətə olsaydı qoyardım.

Hər axmağı, xamı quzu cildində soyardım,

Həq söz deyənin canın alıb, çeşmin oyardım,

Neylərdim edərdim, necə rəng olsa boyardım,

Səd heyf, gözəl hökmi-şəriət tələf oldu!

Qanuni-əsasi də bir əngəl-kələf oldu!

 

Bilməm arılar mənzilinə kim çöp uzatdı.

İllərcə təğafüldə yatan xəlqi oyatdı,

Fitnə ağacın əkdi, hökumət yasa batdı,

Mən hərçi çalışdım ki, kəsəm, qol-budaq atdı,

Əhli-qərəz öz istədiyi mətləbə çatdı;

Əhkami-şəriət dəxi bir kar görərmi?

Bundan sora bir buğdanı anbar görərmi?

 

Lal olsa nolur Mirzə Cavadın dili, ey kaş!

าเ ağzın açıb eylədi hər gizli sözü faş!

Bir yanda yığıb Mirzə Hüseyn başına yoldaş

Cığ-mığ edib axır başıma saldıla bir daş,

Təbrizdə ta oldu bərəngixtə pərxaş,

İndi həsəbülxahişi-əhli-həsəd oldum,

Bir dadrəsim olmadı, xaric-bələd oldum.

 

Divanə edibdir məni Təbriz xəyalı,

Məclisdə təvazödəki nimxiz xəyalı,

Mətbəx iyi, süfrə qəmi, dəhliz xəyalı,

Sədri düyünün buyi-fərəhbiz xəyalı,

Qəndablə pürkaseyi-ləbriz xəyalı.

Bir də ๎ gözəl günləri, ya rəb, görərəm mən?

Bu xam xəyalı edib axır ölərəm mən!

 

Ya rəb, nola bir də edəm ol şəhri ziyarət!

Naz ilə xüramə gələm -- arxamda cəmaət!

Gördükdə məni yol verə bu əhli-vilayət,

Təzim edə, baş endirə, qol bağlaya millət,

Bir kimsədə bir söz deməyə olmaya cürət,

Əyanları dindirsəm edə fəxrü mübahat;

Heyhat və heyhat və heyhat və heyhat!!!

Get at və get yat və get at və get at!!!