MÜƏLLİMLƏR SİYEZDİ

 

 

 

 

Baş tutdu müəllimlərin iclasi-siyezdi,

Ey vay, uçitellər yenə dərkar olacaqdır!....

 

Zənnimcə mənim, işbu yığıncaqda həmana

Bildirki məsail yenə təkrar olacaqdır.

 

Təşkil edəcəklər kişilər məktəbi-nisvan,

Qızlar oxuyub cümlə şərəfdar olacaqdır.

 

Hər şəhrdə bir məktəbi-sənət açacaqlar,

Oğlanlar alıb həndəsə, memar olacaqdır.

 

Tətbiq edəcəklər yazını şiveyi-türkə,

Sibyan da sühulətlə xəbərdar olacaqdır.

 

Təsnif olunub tazə kütüb türk dilində,

Hər kəs oxuyub elmlə bidar olacaqdır.

 

Bu bir, iki, üç məsələdə yox î qədər bak,

Olsun, bəcəhənnəm, necə rəftar olacaqdır?!

 

Lakin bu yamandır ki, iki məzhəbə rəğmən

Bir məsələ üstündə də güftar olacaqdır.

 

Sünnilik ilə şiəliyi qaldıracaqlar,

İslamə yetib rəxnə, xələldar olacaqdır.

 

Qardaş biləcək, bir-birini şiə və sünni,

Hər əmrdə həmrəyü, həməfkar olacaqdır.

 

Məzhəbləri biryanlıq edib bu uçitellər,

Ancaq yavan islam adı təzkar olacaqdır.

 

Əfsus!.... Səd əfsus sənə, ey gözəl islam!

Kimlər sənə gör indi tərəfdar olacaqdır?!

 

Baş saçlı, ayaq çəkməli, mırt-mırt danışanlar

Din qədri bilib möminü dindar olacaqdır....