NƏDİR AYA, YENƏ ÜSYANLARI İRANLILARIN?

 

 

 

 

Nədir aya yenə üsyanları iranlıların?

Başladı cünbüşə tüğyanları iranlıların,

Nəqzi-əhd eylədi əyanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Yansın iranlıların arxası, yandı ciyərim!

Î yetim Məmdəlidən var yenə bir pis xəbərim:

Belə derlər ki, qoyub təxti qaçıb taci-sərim,

Sığınıb konsula xaqanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Əhli-İran bu qədər bişərəf olsun, nə üçün?

Düşməni-tərzi-ümuri-sələf olsun, nə üçün?

Yeni Osmanlı kimi naxələf olsun, nə üçün?

Bata, ya rəb, görüm İranları iranlıların!

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Üçcə il qoymadılar təxtidə rahət yaşasın,

Bir doyunca çıxarıb kef, edib işrət yaşasın,

Òà onun sayeyi-ədlində bu millət yaşasın,

Olsun asudə müsəlmanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Neyləmişdi sizə, yahu, bu başıdaşdı yetim?

Ya nə vicdanə dəyər bir işə çulğaşdı yetim!

Hərə bir hoqqa çıxartdız, karıxıb çaşdı yetim,

Dedi, çıxsın dəxi qoy canları iranlıların!

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Sizə öz şəninə şayəstə kərəm etmədimi?

Hökm məşruteyi-İranı rəqəm etmədimi?

Xətti-quranı öpüb yadi-qəsəm etmədimi?

Niyə bəs olmadı imanları iranlıların?

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Bilmirəm, andıra qalmış bu nə hürriyyət idi?

Haradan çıxdı bu söz, ya bu necə söhbət idi?

Ölkəmiz altı min ildən bəri bir cənnət idi,

İndi qan-qan deyir insanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Hələ iranlıların bir î Sipəhdarına bax!

Bəxtiyari elinin rütbəli Sərdarına bax!

Bir, sən allah, buların şah ilə rəftarına bax!

Bu da əyanları, ərkanları iranlıların!

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Başına cəm eləyib hər biri bir xeyli sipah

Ki, nə var? Məmdəli, düş təxtdən, olma bizə şah!

Etdilər üç günün ərzində bütün əmri təbah,

Qaçdı, -- ax-vay! -- deyə sultanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Bundan əvvəl bu gözəl ölkədə canlar var idi,

Yaxşı-yaxşı qocalar, adlı cəvanlar var idi,

Şahı haq zilli bilən sevgili xanlar var idi,

İndi Yefremlər olub xanları iranlıların,

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Bir də, yahu, nə gərək el qarışa şah işinə?

Göz açıb diqqət edə gah özünə, gah işinə?

Şah olan kəs olur ancaq özü agah işinə --

Yoxsa hər silsiləcünbanları iranlıların?

Dərhəqiqət pis imiş qanları iranlıların!

 

Şah bilər ölkədə hər nə götürər, hər nə qoyar,

Gah cibin, gah dərisin hər kimin istərsə soyar,

Baş kəsər, ev dağıdar, can çıxarar, göz də oyar --

Min də cıxsa göyə əfğanları iranlıların....

Bəcəhənnəm ki, yanır canları iranlıların!

Şahın öz əbdidir insanları iranlıların!      

Dərhəqiqət pis imiş qanları iranlıların!