NEÇİN VERMƏYİR?

 

 

 

 

Bircə bu məşrutəni şah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?

 

Gərçi bu gün şah bizim başımıza sayədir,

Nami-hümayunu hər mətləbə pirayədir,

Leyk bu ancaq həman gördüyünüz qayədir,--

Hər səsə bir səs verir, kəndisi bimayədir,

Yoxsuza olmaz demək -- var ... neçin verməyir?

Bircə bu məşrutəni şah neçin verməyir?

 

Hərzə danışma, kişi, gözlə ədəbi zinhar,

Şahımızı bilmə çox oylə səfahəti-şiar,

Əqli-səlim əhlidir büsbütün ali-Qacar,

Verməyir, əlbəttə, bir hikməti var, sirri var,

Yoxsa bu keyfıyyətə rah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?

 

Yox bu işin başqa bir hikməti, ya mikməti,

Əyri otur, düz danış, vazeh edək söhbəti,

Bir kərə al boynuna var yazığın nikbəti.

Şah cəvanbəxt isə bəs nə səbəb milləti

Həftədə bir aldadır, gah neçin verməyir?

Bircə bu məşrutəni şah neçin verməyir?

Gah verir filməsəl, gah neçin verməyir?