PA ATONNAN, NƏ AĞIR YATDI BU OĞLAN, ÖLÜBƏ?

 

 

 

 

Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə!

Nə də tərpənməyir üstündəki yorğan, ölübə!

 

Bu qədər qışqırığa durdu qonum-qonşu təmam,

Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə!

 

Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq,

Ölülər yatmağıdır, yox buna payan, ölübə!

 

Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi,

Bədənində donuşub, laxtalanıb qan, ölübə!

 

Cumuxub canına bitlər, birələr, hiss edəmir,

Çalsa əqrəb də hənuz eyləməz amman, ölübə!

 

Hansı bir doktora ərz etdim onun illətini,

Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə!

 

Nə masaj ilə, nə məsnui-tənəffüslə bunun

Və nə dağ ilə olur dərdinə dərman, ölübə!

 

Bunu hətta düşünüb cümlə müsəlman uşağı

Íər vilayətdə deyirlər: pa atonnan, ölübə!

 

Məzəli lap bu ki, bir parə urus damaları

Qoşulub bunlara derlər ki: müsəlman ölübə!

 

Aman, ay Molla dayı, bir kitab açdır, fala bax,

Tapmasan çarəsini sən de ordan: ölübə!