QORXURAM

 

 

 

 

Payi-piyadə düşürəm çöllərə, --

Xari-müğilan görürəm, qorxmuram.

 

Seyr edirəm bərrü biyabanları, --

Quli-biyaban görürəm, qorxmuram.

 

Gah oluram bəhrdə zövrəqnişin, --

Dalğalı tufan görürəm, qorxmuram.

 

Gah çıxıram sahilə, hər yanda min

Vəhşiyi-ğürran görürəm, qorxmuram.

 

Gah şəfəq tək düşürəm dağlara, --

Yanğılı vulkan görürəm, qorxmuram.

 

Gah enirəm sayə tək ormanlara, --

Yırtıcı heyvan görürəm, qorxmuram.

 

Üz qoyuram gah neyistanlara, --

Bir sürü aslan görürəm, qorxmuram.

 

Məqbərəlikdə edirəm gah məkan, --

Qəbirdə xortdan görürəm, qorxmuram.

 

Mənzil olur gah mənə viranələr, --

Cin görürəm, can görürəm, qorxmuram.

 

Xarici mülkündə də hətta gəzib

Çox tuhaf insan görürəm, qorxmuram.

 

Bu küreyi-ərzdə mən, müxtəsər,

Müxtəlif əlvan görürəm, qorxmuram.

 

Leyk, bu qorxmazlıq ilə, doğrusu,

Ay dadaş, vallahi, billahi, tallahi,

Harda müsəlman görürəm, qorxuram!....

 

Bisəbəb qorxmayıram, vəchi var:

Neyləyim axır, bu yox olmuşların

 

Fikrini qan-qan görürəm, qorxuram,

Qorxuram, qorxuram, qorxuram!....