"TAZƏ HƏYAT" QƏZETİNDƏ "MƏHƏMMƏDZADƏ" İMZALI "SƏN DEYƏN OLDU, MƏN DEYƏN" NƏQƏRATLI ŞERƏ CAVAB

 

 

 

 

Lovğalaşıb, a görməmiş, çox da belə fırıldama!

Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!

Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?

Sübh tülu etməmiş vaxtı-nahar olurmu ya?

Bir gül açılmaq ilə də fəsli-bahar olurmu ya?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram.

Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?

Köhnə qapı bu tezliyə tazələşə inanmıram....

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?

Bəhri-əmiq hərbdə kəştiyi-cənginiz hanı?

Əski hamamdır, əski tas, bəs yeni rənginiz hanı?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Söylə mənə: vəzarəti-milliyyəniz düzəldimi?

Ya uzun əl, uzun papaq qıssalaşıb güdəldimi?

Ölkənizə şəməndefer yol tapa bildi, gəldimi?

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Dari-şəfayi-Tehranın get elə bir səyahətin,

Mirzə Əbülhəsən xanın gör rəvişi-təbabətin,

Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin....

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

 

Mülki-İraqı adbaad saysam əgər kəlal olur,

Tul tapar kəlamımız, qareə həm məlal olur,

İşbu səbəblə şerimiz müxtəsər ərzi-hal olur,

Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!

Arxa su dolmayıb hələ!

Köhnə idarəniz durar,

Rəngi də solmayıb hələ!