TÖMEYİ-NƏHAR

 

 

 

 

Çığırma, yat, ay ac toyuq, yuxunda çoxca darı gör!

Sus, ay yazıq, fəzadəkı üqabi-canşikarı gör!

 

Hinində daldalanma çox, həyətdə də dolanma çox,

Yiyəndəki bıçağə bax, î tiği-abdarı gör!

 

Gətirdiyin yumurtadan nəticə cücə gözləmə,

Qazanda qayqanağa bax, ocaqdakı şərarı gör!

 

Taxıl, taxıl deyib də çox çığırma zəngəzurlu tək,

Bəyin, xanın, xanın, bəyin əlində ehtikarı gör!

 

Mənəm-mənəm deyənlərin inanma çox da qövlünə,

Gərəkli gündə onların qıçındakı fərarı gör!

 

Amandır, uyma vaizin həlavəti-kəlamına,

Əba-qəbanı qovza bax, içində zəhrmarı gör!

 

Bu əğniyaların üzün görüncə ehtiyacda,

Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör!

 

Bu inteliklərin sözün gətirmə heç aralığa,

Oları görmək istəsən şərabı gör, qumarı gör!

 

Palitqadır hər işləri, alışları, verişləri,

Olarda bir əməl fəqət quru, boş iftixarı gör!