UŞAQDIR

 

 

 

 

Ay başı daşdı kişi! Dinmə, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Keyfınə dəymə, söyə ya sənə, ya qardaşına,

Atavun goru üçün, boşda bu tifli başına!

İndicə-indicə ancaq yetir on bir yaşına,

Əqli kəsmir, hələ bir körpə uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Bir söyüşdən ötəri etmə əziyyət balama,

Göyərib coşma, utan, qonşuları yığma dama,

Sənə söydükləri getsin başı batmış atama,

Qışqırıb bağrını da yarma, uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Ax, nə yaxşı kişidir qonşumuz Ağcanın əri,--

Oğlu söydükcə fərəhdən açılır balü pəri;

Yoxsa, ay hərzə kişi, bir quru sözdən ötəri

Darıxırsan, deməyirsən ki, uşaqdır uşağım!?

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Kişi, az söylə mənə bir dəxi məktəb sözünü!

Yəni məktəblə uşaq kamil edərmiş özünü?

Bir söyüşdən yana az danla bu tiflin üzünü!

Sözü ləzzətli, şirin dilli uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!

 

Deyilik erməni, zaye edək övladımızı,

Oxudaq gözləri açılmamış əhfadımızı,

Görmüşəm elm oxumuş heyvərə damadımızı,

Qoymaram məktəbə, bir qabil uşaqdır uşağım!

Nə ədəb vaxtıdı, qoy söysün, ufaqdır uşağım!