BƏHRİ-TƏVİL
UZUN DƏRYA
I
Ey fələk, zülmün əyandır, bu
necə dövri-zamandır ki, işim
ahü-fəğandır, məni yandırma amandır,
gözümün əşqi rəvandır, ürəyim
dopdolu qandır, hamı qəmdən bu yamandır ki,
neçə əhli-qələmlər, buraxıb canıma
qəmlər, qarışıb dərd-bəhəmlər,
ürəyim indi vərəmlər, qəzetə, jurnala bu
küfri-şiyəmlər necə cürətlə
rəqəmlər yazıb islamə sitəmlər
eləyirlər ki, gərək aləmi-islamda, hər
ölkədə, hər şəhrdə,
dinarü-dirəmlər saçılıb,
məktəbi-nisvan açılıb, qız balalar məktəbə
hazır olalar, elmdə mahir
olalar, fəzldə bahir olalar, başdan-ayağa geyələr
don, gedələr məktəbə on-on, dutalar
şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar
dərsi-təbabət, bilələr cümlə kitabət,
edələr yazmağa adət, itə ismət, bata iffət,
aman, ey vah! Ay allah, bu qövm oldu nə gümrah, bu nə
şiveyi-ikrah! Bu nə zümreyi-bədxah!
Salıb aləmə pərxaş, bular lal ola,
ey kaş, düşə başlarına daş! Xüdaya, bu
nə güftar, nə rəftar, nə murdar, nə biar,
fənakarə bizi sövq eləmək fikrinə amadə
olublar! Qıza lazımdır əgər bilmək: î da ev
işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq,
səhnü-səranı süpürüb, kasanı qabı
üfurüb, küftə, kələm dolması, mət
halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi
təndir lavaşı eyləməyindəndir ibarət ki,
əgər bunları da bilməsə eyb eyləməz, ancaq
qıza ən lazıməli bir, iki, üç məsələni
bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki,
gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya
çımxıra bilsin ki, ona söz deməyə
etməyə bir kimsə də cürət, biri də
qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir
kim, ona dair edə hiylət ki, beş-üç gündə
çox ildən qazanılmış bu qədər
mehrü-məhəbbət, ola təbdili-ədavət, biri
həm axırı ən ümdəsi damdabacanın, həm
xoxunun, xortdanın adlarını bilməkdə gərək
səy edə övrət, nə qədər faidəsı
var bu işin gər ola diqqət ki, əgər ağlaya,
yainki dəcəllik edə bir tifl, nəhayət, anası
söyləsə bu adları filfövr edər
övladını rahət və qalar əqli səlamət,
başı çəkməz də məlamət....
Budur aləmi-nisvan!
Budur hali-müsəlman!
Gərəkdir
edə məhdud
Öz
övladını insan!
Sən,
əmma, hələ qanma!
Inanmırsan
inanma!
Fərəhlən
əməlindən!
Utanmırsan,
utanma!
II
Ey
əzizim, xələfım, mayeyi-izzü şərəfim,
ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım
ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız
demirəm dinimi, imanını, insafımı,
vicdanımı, irfanımı, həm canımı da,
cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə
vəqf eləyib, şamü səhər, hər nə
qədər rəncü kədər, xeyrü zərər,
fitnəvü şər səndən ötər
dövri-qədərdən yetişibdirsə mənə,
canıma minnətlə qəbul etmişəm, ancaq atalıq
həqqimin ifası üçün, mehrü məhəbbətlə,
nə izzətlə, nə halətlə sənə
tərbiyə, təlim edərək, sərv-qədin
bəsləmişəm, canü dilimdən səni çox
istəmişəm, bir para sırf axmaq olub öz
gözünün nura olan sevgili övladını tədrislə təzyi və
təzyiq eləyən cahilü gümrah atalar tək səni
zindani-mədarisdə müqəyyəd eləyib, elmü
maarif deyilən boş, əbəs, insana cəfəng
işlər ilə fıkrini, həm əqlini,
vicdanını məhdud qılıb ruhunu
incitməmişəm, zəhmətinə
bitməmişəm, küçədə, bazarda öz
qəsdinə iqdam edərək, hər günü bayram
edərək, günləri axşam edərək,
xoşladığın tək dolanıb, gəzməyinə
razı olub, mən səni bir sənətə də
qoymamışam, hər gecə hər yerdə qonaq
qalmağını, zövqü səfa almağını,
zurna, qaval çalmağını xoşlamışam, öz
başına boşlamışam, həmd xudayə ki, olubsan
belə qüvvətli, məhabətli, şücaətli
cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt î
zamandır dəxi bundan belə bir ad
çıxarıb, iş bacarıb, ilxı qovub, mal
aparıb, dəhrə qiyamət qoparıb, yolları
məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud
eləyib, sən məni xoşnud eləyib adəti-quldur
olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda
tutulmaq da var, əmma, onu fikr eyləmə əsla ki, dutulsan,
ələ düşsən də
tərəhhümlüdür ərbabi-hökümət,
sənə eylər hamı
hörmət, olasan həbsdə rahət, çörəyin
gərm, suyun saf, yerin künci-fərağət, sənə
bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir
gün düşə fürsət qaçasan qurtarasan
həbsdən; əlbət ki, əgər qaçmağa da
olmaya imkan, işini qət edə divan, olasan əhli-pasilyan,
nə qəmin var, sənə qurban ki, î yerlərdə nə çoxdur
sən özün xoşladığın Sonya kimi
qünçə-dəhən, sim-bədən,
rəşki-çəmən, zülfü səmən,
gözləri ahuyi-xütən, göpgözəl, ağappaq,
î ismətli,
vəcahətli, səbahətli, məlahətli madamlar, birin
əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir,
olarsan, dəxi bir xaç da salarsan, bu əməldən
ucalarsan....
İvan
namın alarsan,
Amilyanov
olarsan,
Nə qədər olsa da ömrün
Î yerlərdə qalarsan.