ELEKTRON KİTABXANA

ELEKTRON KATALOQ VƏ ELEKTRON KİTABXANA

AÇIQ KİTABXANA

ELEKTRON MƏLUMAT BAZALARI

MUSİQİ KİTABXANASI

XƏBƏRLƏR

Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Ulduz Sönməzin həyat və yaradıcılığına həsr olunmuş “Ulduz Sönməz: Mən belə yaşadım” adlı kitabın təqdimat mərasimi

06.03.2018

6 mart 2018-ci il tarixində Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və Azərbaycan Milli Kitabxanası birgə Prezident təqaüdçüsü, Əməkdar Mədəniyyət İşçisi, Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü Ulduz Sönməzin həyat və yaradıcılığına həsr olunmuş “Ulduz Sönməz: Mən belə yaşadım” adlı kitabın təqdimat mərasimini keçirmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlamış, Aşıq Ulduzun aşıq sənətinin görkəmli qadın nümayəndələrindən biri olduğunu söyləmiş, onun Azərbaycan aşıq sənətinin, aşıq havalarının, klassik aşıqlarımızın yaradıcılığının, dastanlarımızın öyrənilməsi və təbliğindəki rolunu yüksək qiymətləndirmişdir. O, qeyd etmişdir ki, Aşıq Ulduz “Aşıq Pəri” məclisinin yaradıcılarından və fəal üzvlərindən biri olmuşdur. Professor aşığın zəngin yaradıcılığı haqqında ərsəyə gəlmiş bu kitab münasibətilə Aşıq Ulduzu təbrik etmişdir. 

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev son illərdə aşıq sənətinin xeyli inkişaf etdiyini, çoxlu sayda alim aşıqların meydana gəldiyini, Aşıq Ulduz Sönməzin qadın aşıq sənətinin inkişafında mühüm rol oynadığını söyləmiş, aşıq xanımı kitab münasibətilə təbrik etmiş, yeni yaradıcılıq uğurları arzulamışdır.
Professor Kərim Tahirov tədbiri aparmaq üçün sözü Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlıya vermişdir. Əməkdar elm xadimi Aşıq Ulduzun 50 illik fəaliyyəti haqqında danışmış, aşıq haqqında bir neçə kitabın olduğunu, onun yaradıcılığının daim diqqət mərkəzində olduğunu vurğulamış, zil, şaqraq səsli aşıq xanımın yüksək ifaçılıq mədəniyyətinə malik olduğunu söyləmişdir. Kitabda müxtəlif tanınmış aşıqların Aşıq Ulduz haqqında şeirlərinin olduğunu deyərək, onu Azərbaycan aşıq sənətinin bütün zövqü ilə öndə olan qəhrəmanı adlandırmışdır.
Azərbaycan tar sənətini dünya miqyasına çıxaran Xalq artisti, professor Ramiz Quliyev çıxış edərək Aşıq Ulduzu sazı, sözü, şeiri, gözəlliyi ilə seçilən aşıq adlandırmış, tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Kitabxanasına təşəkkürünü bildirmiş, aşığa can sağlığı arzulamışdır.

Professor Qəzənfər Paşayev Aşıq Ulduzun qadınlar arasında sazı ilk Bakıya gətirən və ilk təhsilli aşıq qadın olduğunu, hələ 1984-cü ildə “Sazçı qızlar” ansamblını yaratdığını, qadın aşıq məktəbini formalaşdırdığını söyləmiş, zil səsi ilə seçilən sənətkarı həmçinin yaxşı şair hesab etdiyini vurğulamışdır.

Tibb üzrə fəlsəfə doktoru Rəşid Mahmudov Aşıq Ulduz Sönməzi ozan və bəşəri aşıq adlandırmış, kitabı hazırlayan Musa Nəbioğluna təşəkkürünü bildirmiş, aşığı ürəkdən təbrik  etmişdir.

Kərküklü türkmən şair Fərrux Köprülü bu cür tədbirdə iştirakdan məmnun olduğunu qeyd edərək bayatılarını səsləndirmişdir.

Əməkdar mədəniyyət işçisi Aşıq Gülarə Azaflı, Aşıq Ələsgər Muzeyinin yaradıcısı Hüseyn Hacıqulu oğlu, Milli Kitabxananın əməkdaşı şairə Fəridə Hacıyeva Aşıq Ulduza sazının sinəsindən heç vaxt əksik olmamasını arzu etmişlər.

Kitabın tərtibçisi Əməkdar mədəniyyət işçisi, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu kitab haqqında ətraflı məlumat vermiş, gələcəkdə aşığın yaradıcılığı ilə bağlı yeni kitabların ərsəyə gələcəyini söyləmiş, Aşıq Ulduzun Azərbaycan qadın aşıq sənəti tarixində ilklərə imza atdığını, Ulduz İctimai Birliyini, “Qopuz” jurnalını təsis etdiyini qeyd etmişdir.

Aşıq İlham Aslanbəyli (“Şah sarayı” havası), Aşıq Könül Bayramova (“Ruhani”), Aşıq Şaiq İncəli (“Təbriz dübeytisi”) ifaları ilə çıxış etmiş, Aşıq Ulduz öz şeirlərindən söyləmiş, Aşıq Qələndər Gədəbəyli ilə Aşıq İmranın “Ulduz” dastanından bir parşanı səsləndirmişdir.

Aşıq Ulduz Sönməz tədbirin təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Aşıqlar Birliyinə, Azərbaycan Milli Kitabxanasına, iştirak edən bütün qonaqlara təşəkkürünü bildirmişdir.

Sonda qonaqlar Milli Kitabxananın fondunda olan aşıq yaradıcılığı ilə bağlı geniş sərgi ilə tanış olmuşlar.

Share